Məhkəmə qərarları › İş №1(005)-357/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-357/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-357/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də ofis meneceri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 85 ünvanında yerləşən X6 həyətində ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, özünü digər şəxslərin şəxsiyyəti fovqündə qoyub, vətəndaşlar üzərində zor tətbiq etməklə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs döyərək ona qəsdən sağ bazu oynağının postravmatik hemartrozu, sol körpücükaltı nahiyənin, sol saidin, sağ bazunun, sağ əlin arxa səthinin, sağ budun qançırları, sağ mil-bilək oynağında yumşaq toxumaların əzilməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, sonuncuya məxsus “İphone 11” markalı mobil telefonu sındıraraq yararsız hala salaraq 1700 (min yeddi yüz) manat məbləğində ziyan vuraraq əsaslı səbəb olmadan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X7 ilə 05 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, 2022-ci ilin iyul ayında isə məhkəmə qaydasında rəsmi şəkildə ayrılmışlar. Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs ona zəng vurub əri Siyavuşla uzun müddətdən bəri münasibətlərinin olduğunu söyləyərək tezliklə Siyavuşla ailə quracaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs etiraz edərək bir daha ona zəng etməməsini tələb etmiş, lakin Gülnar müntəzəm olaraq ona zəng vurmağa və SMS-lər yazmağa başlamışdır. Həmin ərəfələrdə bununla əlaqədar evdə Siyavuşla danışaraq Zərərçəkmiş şəxs ilə nə kimi əlaqə və münasibətinin olduğunu soruşmuşdur. Siyavuş Gülnarla əlaqə və münasibətinin olduğunu inkar edərək belə bir şəxsi tanımadığını demişdir. Gülnar ona tez-tez təhqiramiz SMS-lər yazaraq narahat etdiyi üçün 2021-ci ilin sentyabr ayında mobil telefon nömrəsini dəyişmişdir. Gülnara görə münasibətləri pozulduğu üçün əri Siyavuş 2022-ci ilin mart ayında nikahın pozulmasına dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və 2022-ci ilin iyul ayında rəsmi qaydada boşanmışlar. Buna baxmayaraq, keçmiş əri Siyavuş və onun valideynləri ilə bir ünvanda yaşamağa davam etmişdir. Siyavuşla boşandıqdan sonra da Gülnar ona təhqiramiz xarakterli SMS-lər yazmağa davam etmişdir. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs “X13”nin qeydiyyat bölməsində işlədiyini öyrənmişdir. 21 sentyabr 2022ci il tarixdə saat 11 radələrində qaynanası Hüsniyyə Əliyevanın qan təzyiqi normadan yuxarı qalxdığı üçün onu müayinə etdirmək məqsədi ilə qonşuluqda yaşayan X3 ilə birlikdə taksi ilə X11 getmişlər. O, həyətdə gözləmiş, qaynanası isə müayinə olunmaq üçün qeydiyyatdan keçmək məqsədi ilə X11 daxil olmuşdur. Saat 11:40 radələrində birinci mərtəbənin girişində qaynanasını gözləyən zaman onun Gülnar və qonşuluqda yaşayan Nərminə ilə birlikdə ikinci mərtəbədən düşdüyünü görmüşdür. Həmin vaxt onu birinci mərtəbədə görən Gülnar ona işarə edərək Hüsniyyədən “Bu çaxotka və transı bura niyə gətirmisən” deyə soruşmuşdur. Qaynanası Gülnara irad tutaraq danışığına fikir verməsini tələb etmişdir. Gülnarın Hüsniyyə və Nərminə ilə birlikdə həyətə çıxdığını görüb onların ardınca hərəkət etmişdir. Mərkəzin həyətində giriş qapısından təxminən 10-15 metr aralıdı qaynanası Hüsniyyəyə yaxınlaşıb Gülnara əhəmiyyət verməməsini xahiş etmişdir. Bu zaman Gülnar qəflətən üstünə cumub əlləri ilə yaxasından tutaraq dartmağı başlamışdır. Sonra Gülnar əlləri ilə onun sinəsinə, çiyininə və sağ qoluna zərbələr vuraraq ona müxtəlif xəsarətlər yetirmişdir. Bu zaman özünü toparlamağa macal tapmamış Gülnarın iş yoldaşı Südayə tibb mərkəzindən çıxıb “Az, bilirsən səni mən nə edərəm” deyib üstünə cumaraq sol qolunu tutub sıxmışdır. Hadisəni görən tanımadığı iki nəfər kişi yaxınlaşaraq onu Gülnarla Südayənin əlindən almışlar. Bundan sonra mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq döyülməyi ilə bağlı məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək sənədləşdirmə aparmışlar. Elə həmin gün polis əməkdaşlarının dəvəti ilə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə gedib hadisə ilə bağlı ərizə yazaraq izahat vermişdir. Həmin vaxt Gülnarı döyməmiş, ona və Südayəyə heç bir xəsaret yetirməmişdir. Həmçinin həmin vaxt Gülnara məxsus hər hansı mobil telefonu sındırmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “X13”nin Xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. 2020-ci ildə Nərimanov rayonu ərazisində X7 ilə tanış olmuş və münasibəti yaranmışdır. Siyavuş Əliyevin evli olduğunu və arvadından ayrılacağı barədə məlumatlı olmuşdur. 2022-ci ilin iyun ayında Siyavuş arvadı Təqsirləndirilən şəxs məhkəmə qaydasında boşandıqdan sonra ona rəsmi nikaha daxil olub ailə qurmağı təklif etmişdir. Siyavuşun bu təklifi ilə razılaşmış, lakin rəsmi nikaha daxil olmamışlar. 2021-ci ilin dekabr ayında Siyavuşla münasibətlərindən xəbər tutan Nigar ona zəng vuraraq əri Siyavuşla aralarında intim münasibətlərin olduğunu iddia edərək onu söyüb təhqir etmişdir. Nigardan özünü tərbiyəli aparmasını və bir daha onu narahat etməməsini tələb etsə də, Nigar onun dediklərinə əhəmiyyət verməyib həmin vaxtdan başlayaraq müntəzəm olaraq ona təhqiramiz məzmunlu mesajlar yazmağa başlamışdır. Səbirli davranaraq Nigarın təhqiramiz mesajlarına əhəmiyyət verməmişdir. 21 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində “X13”nin Xəstə xidmətləri şöbəsinin ikinci mərtəbəsində yerləşən qeydiyyat bölməsində işdə olan zaman Nigar qaynanası Hüsniyyə və qonşusu Nərminə ilə birlikdə şöbəyə gəlib içəri daxil olmuşlar. Həmin vaxt o, qeydiyyat bölməsində həmişə olduğu kimi kompyuter arxasında əyləşib ambulator və stasionar müalicə üçün şöbəyə müraciət edən vətəndaşların qeydiyyatı ilə məşğul imiş. Hüsniyyə və qonşusu Nərminə bir neçə dəqiqə kənarda dayanıb onu müşahidə etdikdən sonra Hüsniyyə ona yaxınlaşıb onunla birlikdə çölə çıxmasını tələb etmişdir. Hüsniyyədən kim olduğunu və nə məqsədlə ondan çölə çıxmasını tələb etdiyini soruşduqda Hüsniyyə Siyavuşun anası olduğunu söyləyib onunla söhbət etmək istədiyini demişdir. Həmin vaxt qeydiyyat bölməsində təxminən 20-25 (iyirmiiyirmi beş) nəfər vətəndaş olduğundan Hüsniyyəyə iş başında olduğunu söyləyib gözləməsini xahiş etmişdir. Hüsniyyə Nərminə ilə birlikdə kənara çəkilib gözləməyə başlamışdır. Hüsniyyə 35-40 (otuz beş-qırx) dəqiqə ərzində bir neçə dəfə ona yaxınlaşıb kobud şəkildə onunla birlikdə çölə çıxmasını tələb etdiyi üçün onun içəridə səs-küy salacağından qorxub nəhayət saat 11:40 radələrində məcburiyyət qarşısında qalaraq qeydiyyat bölməsini tərk edib Hüsniyyə və Nərminənin müşayiəti ilə birinci mərtəbəyə düşüb çölə çıxmışdır. Birinci mərtəbəyə düşərkən dəhlizdə Təqsirləndirilən şəxs ilə rastlaşıb onun Hüsniyyə və Nərminə ilə birlikdə onun ardınca gəldiyini başa düşmüşdür. Gözləmədiyi halda Nigar birinci mərtəbədə ona yaxınlaşıb qolundan tutaraq onu nalayiq söyüşlərlə söyüb çölə çıxmasım tələb etmişdir. Nigardan danışığına fikir verməsini tələb edib onların nə istədiyini aydınlışdarmaq üçün çölə çıxmışdır. Nigar da qaynanası Hüsniyyə və qonşusu Nərminə ilə birlikdə onu müşayiət edərək onun ardınca çölə çıxmışlar. Mərkəzin həyətində giriş qapısından təxminən 15-20 metr aralıda Nigar nə üçün onun ailəsini dağıtdığını soruşub onu fahişə adlandıraraq qəflətən üstünə hücum çəkərək əlləri ilə saçından tutub özünə doğru dartmışdır. Ağrının şiddətindən qışqıraraq Nigardan aralanıb sağ əlində tutduğu “İPhone 11” markalı mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmək istəyən zaman Nigar cəld tərpənib əlindən telefonu alaraq yerə çırpıb sındırmışdır. Nigardan aralanıb şöbəyə doğru getmək istəyən zaman Nigar yenidən üstünə hücum çəkərək onu nalayiq söyüşlərlə söyüb təhqir etməklə əlləri ilə sinəsinə, qollarına və ayaqlarına vuraraq onu döyməyə başlamışdır. Heç cür Nigardan aralana bilməyib qışqıraraq kömək istəmişdir. Nigarın nalayiq söyüşlərini və səs-küyünü eşidən mərkəzin birinci mərtəbəsindəki qeydiyyat bölməsində qeydiyyatçı işləyən Südayə, habelə mühafizəçilərdən Təyyar, Emin və Cavid cəld çölə çıxıb Nigara mane olmaq üçün onlara doğru qaçmışlar. Lakin Nigar heç kəsə əhəmiyyət verməyib onu söyməyə və vurmağa davam etmişdir. Mühafizəçilər çətinliklə də olsa, Nigarı ondan aralayıb kənara çəkmişlər və məhz bundan sonra o, özünü toparlayıb oradan uzaqlaşaraq mərkəzə daxil olmuşdur. Nigarın onu döyməsi nəticəsində müxtəlif xəsarətlər aldığından mərkəzdə tibb bacısı işləyən Gülyanə ona ilkin tibbi vardım göstərmişdir. Hadisədən təxminən 5-6 dəqiqə sonra Südayə özünə məxsus mobil telefonla Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub hadisə ilə bağlı məlumat vermişdir. Təxminən 20-25 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək sənədləşdirmə aparmışlar. Həmin vaxt mərkəzin həyətində özünə məxsus “İPhone 11” markalı mobil telefonunu axtarıb tapmış və Nigarın ona məxsus telefonu yerə çırparaq sındırması nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyünü görmüşdür. Sonra polis əməkdaşlarının dəvəti ilə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə gedib hadisə ilə bağlı ərizə yazaraq izahat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs başqa digər hər hansı şəxs, o cümlədən X5 və X3 tərəfindən ona qarşı hər hansı formada zor tətbiq olunmamış və ya xəsarət yetirilməmişdir. Nigarın nəlayiq hərəkətləri nəticəsində həmin vaxt mərkəzin həyətində çoxlu adam toplaşsa da, müxtəlif xəsarətlər aldığından onların əksəriyyətinə diqqətlə fikir verə bilməmiş və Nigar ətrafda toplaşanlara əhəmiyyət verməyərək onu söyüb döyməkdə davam etmişdir. Nigarın ona qarşı nalayiq hərəkətlər edib zor tətbiq etməsi ümumilikdə 10- 15 dəqiqə ərzində davam etmişdir. Nigarın nalayiq hərəkətləri nəticəsində qeydiyyat bölməsinin normal iş fəaliyyəti 10-15 dəqiqə ərzində tamamilə pozulmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt ona məxsus “iPhone 11” markalı mobil telefonu sındıraraq yararsız hala salmaqla ona 1700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “X15"nin Təhlükəsizlik bölməsində mühafizəçi vəzifəsində işləyir. 21 sentyabr 2022-ci il tarixdə saat 11 radələrində mərkəzdə onunla birgə mühafizəçi vəzifəsində işləyən iş yoldaşı Şahid3 ilə birlikdə X10 Xəstə xidmətləri şöbəsinin birinci mərtəbəsində yerləşən qeydiyyat bölməsində vətəndaşların qeydiyyatına nəzarət edən zaman Təqsirləndirilən şəxs iki nəfər təxminən 55-60 (əlli beş altmış) yaşlarında qadınla birlikdə əsəbi vəziyyətdə içəri daxil olub növbə gözləmədən və qeydiyyat bölməsində olan digər vətəndaşlara əhəmiyyət vermədən Zərərçəkmiş şəxs harada olduğunu soruşmuşdur. Bu zaman qeydiyyatçı Südayə Təqsirləndirilən şəxs və onunla birlikdə gəlmiş qadınlara səslənib növbə gözləmələrini və maneçilik törətməmələrini xahiş edib Zərərçəkmiş şəxs ikinci mərtəbədə yerləşən qeydiyyat bölməsində işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə olan Hüsniyyə adlı qadın ona birinci mərtəbədə gözləməsini söyləyib yanındakı digər qadınla birlikdə tələsik ikinci mərtəbəyə qalxmış, Təqsirləndirilən şəxs isə birinci mərtəbədə gözləməyə başlamışdır. Həmin vaxt qeydiyyat bölməsində təxminən 20 (iyirmi nəfər) vətəndaş olduğundan o, həmin qadınlara fikir verməyib öz işinə davam etmişdir. Təxminən saat 11:40 radələrində ikinci mərtəbədə qeydiyyat bölməsində işləyən Zərərçəkmiş şəxs Hüsniyyə və onun yanında olan digər orta yaşlı qadının müşayiəti ilə birinci mərtəbəyə düşmüşdür. Bu vaxt birinci mərtəbədə dəhlizdə gözləyən Təqsirləndirilən şəxs Gülnarı görən kimi əsəbi vəziyyətdə onun üstünə cumub qolundan tutmuş və onu fahişə adlandırıb nalayiq söyüşlərlə söyərək çölə çıxmasını tələb etmişdir. Gülnar özünü itirərək Təqsirləndirilən şəxs danışığına fikir verməsini tələb edib Təqsirləndirilən şəxs və onunla birlikdə olan həmin iki qadınla birlikdə çölə çıxmışdır. Həmin vaxt o, iş yoldaşı Təyyarla birlikdə vətəndaşlara qeydiyyat üçün köməklik göstərdiyindən nə baş verdiyini aydınlaşdırmaq üçün dərhal onların ardınca çölə çıxa bilməmişdir. Təxminən 2 (iki) dəqiqə sonra Gülnarın mərkəzin həyətindən qışqıraraq kömək çağırdığını eşitmişlər. Bu zaman Südayə qeydiyyat işlərini saxlayıb çölə qaçmışdır. O, digər mühafizəçi Təyyarla birlikdə qeydiyyat bölməsində olan vətəndaşlardan gözləmələrini xahiş edib nə baş verdiyini aydınlaşdırmaq üçün cəld çölə çıxmışdır. Bu vaxt Təqsirləndirilən şəxs mərkəzin həyətində, giriş qapısından təxminən 20 metr aralıda əlləri ilə Gülnarın saçından tutaraq dartdığını və Gülnarın əlindəki mobil telefonu alaraq yerə çırpdığını görmüşdür. Gülnar çətinliklə Təqsirləndirilən şəxs aralanıb mərkəzə doğru gedərkən Təqsirləndirilən şəxs yenidən onun üstünə cumaraq nalayiq söyüşlərlə söyüb əlləri ilə müxtəlif nahiyələrinə zərbələr vurmaqla onu döyməyə başlamışdır. Həmin vaxt digər mühafizəçilərlə birlikdə yaxınlaşıb bir neçə dəfə Təqsirləndirilən şəxs nizam-intizama dəvət etsələr də, Nigar onların üstünə qışqırıb kənara çəkilmələrini tələb edərək əlləri ilə Gülnara zərbələr vurmaqda davam etmişdir. Təqsirləndirilən şəxs sakitləşmədiyini və daha da azğınlaşdığını görüb digər mühafizəçilərlə birlikdə çətinliklə də olsa, onu Gülnardan aralayıb kənara çəkmişlər və yalnız bundan sonra Gülnar oradan uzaqlaşaraq mərkəzə daxil ola bilmişdir. Gülnar müxtəlif xəsarətlər aldığından mərkəzdə ona ilkin tibbi yardım göstərilmişdir. Bir neçə dəqiqə sonra Şahid1 Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə ilə bağlı verdiyi məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirərək sənədləşdirmə aparmışlar. Təqsirləndirilən şəxs həmin gün hansı səbəbdən Gülnara qarşı bu cür nalayiq hərəkətlər etməsini bilmir. Həmin vaxt Təqsirləndirilən şəxs nalayiq hərəkətləri ümumilikdə təxminən 15 dəqiqə ərzində davam etmiş. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 9-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 85 ünvanında yerləşən X6 həyətidir. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş 1000 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - sağ bazu oynağında postravmatik hemartrozu, sol körpücükaltı nahiyənin, sol saidin, sağ bazunun, sağ əlin arxa səthinin, sağ budun qançırları, sağ mil-bilək oynağında yumşaq toxumalarının əzilməsi - hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığla qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətləri xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü - özünə yetirə bilməsi və yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Cinayət işinin 107-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 119-cu vərəqində olan AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Əliyev Yusifin atası Əliyev Siyavuş, anası isə Təqsirləndirilən şəxsdır. Cinayət işinin 120-ci vərəqində olan AA4171174 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə anadan olmuşdur. Cinayət işinin 122-ci vərəqində olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7684 - 5/1306 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, «İphone 11» markalı, «A2221» model, «**********38863» İMEİ kodlu, zavod üsulu ilə hazırlanmış mobil telefonun zədələnməmişdən əvvəl, normal vəziyyətdə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2022ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 550.00 manat, hazırki təyinatı üzrə istifadəyə yararsız ehtiyat hissəsi kimi 50,00 manat müəyyən olunur. Cinayət işinin 202-203-cü vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 235-236-cı vərəqələrində olan “Mülki iddiaçı qismində tanınma haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınması qərara alınmışdır. Cinayət işinin 250-264-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hadisə zamanı ona məxsus “İphone 11” markalı mobil telefonun sındırılaraq yararsız hala salınması nəticəsində ona vurulmuş maddi ziyanın miqdarının 1700 (min yeddi yüz manat təşkil etməsinin əsas götürülməsi, öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı mobil telefonun maddi sübut hesab edilməsi və Nərimanov RPİ-nə saxlanışa verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş mülki iddiaçı (zərərçəkmiş şəxs) – Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 2700 (iki min yeddi yüz) manat və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində, ümumilikdə 12.700 (on iki min yeddi yüz) manat məbləğində pulun, həmçini ödənilmiş 129 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbizndən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə (iddia qiyməti 10.000 manatadək olduqda) 129,40 manat ödəniş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və iş yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut və Bakı şəhər Nərimanov RPİ-nə saxlanışa verilmiş Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 2700 (iki min yeddi yüz) manat və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində, ümumilikdə 12.700 (on iki min yeddi yüz) manat məbləğində pulun, həmçini ödənilmiş 129 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmənin mövqeyi aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə onu qeyd etməyi zəruri bilir ki, iddiaçının mənəvi ziyanla bağlı tələb etdiyi məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən mənəvi zərərlə bağlı pul məbləğində tam təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq hesab edir ki, mülki iddiaçı “İphone 11” markalı mobil telefonun alınması üçün öz hesabına vəsait xərcləmiş, cinayətin nəticələrindən mənəvi sarsıntı keçirmiş və buna görə də, maddi və mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, mülki iddiaçı maddi ziyanın əvəzi olaraq müalicəsinə xərclədiyi 1000 (bir min) manat məbləğində vəsaitə dair məhkəməyə hər hansı bir sübut (çek, qəbz və s.) təqdim edə bilməmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, maddi zərərin əvəzi kimi 1700 (min yeddi yüz) manat, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumuna görə ödənilmiş 129 manatın 22 manat 40 qəpik hissəsi mülki iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi zərərə görə 1700 (min yeddi yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, dövlət rüsumuna görə 22 manat 40 qəpik tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və Bakı şəhər Nərimanov RPİ-nə saxlanışa verilmiş Zərərçəkmiş şəxs məxsus “İphone 11” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi zərərə görə 1700 (min yeddi yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat, dövlət rüsumuna görə 22 manat 40 qəpik tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin, mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar