Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-359/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə, Əliyeva Sevinc Sarif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında, açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Əliyeva Sevinc Sarif qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 şəhərndə yaşayır və fərdi əməklə məşğul olur. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs Əliyeva Sevinc Sarif qızı sosial şəbəkələrdə, bir sıra internet resurslarında onu və ailə üzvlərinə qarşı əsassız iddialarla çıxış edir, onu dələduzluq cinayətində ittiham edir, X3 və valideynlərinin ünvanına təhqiramiz söyüşlər yazaraq onları təhqir edir, şərəf və ləyaqətin, işgüzar nüfuzunu ləkələyən, təhqir edən, həqiqətə uyğun olmayan məlumatlar yayır, onu şərləyərək külli miqdarda pulunu alacağı ilə, hansı yolla olur olsun həbs etdiricəyi ilə hədələyir. Əliyeva Sevinc Sarif qızı AR DİN-nin 102 xidmətinə müraciət edərək və sonradan ərizə ilə Nəsimi RPİ-nin 19-cu Polis bölməsinə müraciət edərək təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərindən guya X4 maldarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 30 000 manat pul və 15 000 manat dəyərində olan qızıl-zinət əşyalarının ünvan 1 ünvanında verdiyini, lakin guya vədinə əməl etməyib ony aldatmağını göstərmişdir. Sevinc Əliyavanı 4 ildən çoxdur ki, tanıyır, onunla birlikdə Xırdalan şəhərində, Bakı şəhərində 4-cü mikrorayonda və daha sonra isə Bakı şəhəri Nəsimi rayonu ərazisində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında birlikdə kirayədə yaşamış, həmin zamanlar müxtəlif yerlərdə ticarətlə məşğul olmuş, bütün kirayə pullarını, evin dolanışıq pullarını X5 ödəmiş və yaxın münasibətləri olduğundan 4 ildə Sevinc Əliyavaya külli məbləğdə pul xərcləmişdir. Lazım olanda Sevincdən borc pul da almış və yenə də onun borcunu qısa müddətdə artıqlaması ilə qaytarmışdır. Qeyd olunan müraciət Nəsimi RPİ-nin 19-cu Polis şöbəsində qeydə alınaraq ilkin araşdırma aparılmış və və qanuni qərar qəbul edilməsindən ötrü toplanmış material Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Nəsimi RPİ-nin İstintaq Şöbəsində toplanmış material üzrə araşdırma aparılmış, onun və Sevinc Əliyevanın izahatları alınmış, digər araşdırmalar aparılmış, əməlində cinayət tərkibi olmadığına görə 13 fevral 2024-cü il tarixdə Nəsimi RPİ- nin İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Şübhan Zeynalov tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2, 85., 207.5.2 və 212.1 -ci maddələrinin tələblərinə əsasən barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X1 Sevinc Sarif qızının müxtəlif qanunsuz hərəkətlərini görüb ondan ayrılmaq qərarına gəlmişdir. Bunu görən Sevinc Əliyeva ona və ailəsinə şər, böhtan ataraq, məni həbs etdirməklə və şantaj edəcəyi ilə hədələməyə başladı. Belə ki, guya X3 ondan külli miqdarda pul və qızıl əşyaları alaraq qaytarmamağı barədə Bakı şəhəri Nəsmi RPİ-nə və Respublikanın müxtəlif yüksək instansiyalarına müraciətlər etməyə başladı. Ona görə də Sevinc Əliyevanın şər və böhtanından özünün və ailə üzvlərinin yaxa qurtarmalarından ötrü ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyim, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1988-ci ildə anadan olmuş, hazırda Bakı şəhəri Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 9 mənzil 36-dayaşayan, subay, Əliyeva Sevinc Sarif qızı Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həmin maddələrlə ittiham hökmü çıxarılması, ittiham olunduğu maddələrin sanksiyası həddində cəzalandırılması xahiş olunmuşdur. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun çıxış etdi. Həmçinin, o, şikayəti məktubun üzərində qeyd etdiyi kimi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərdiyini və hadisənin Nəsimi rayonunda baş verdiyini bildirmiş, eyni zamanda xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əliyeva Sevinc Sarif qızı məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, hazırlıq iclasının qeyd edilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, Əliyeva Sevinc Sarif qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, iş materiallarından və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsindən görünür ki, Əliyeva Sevinc Sarif qızının yaşayış yeri ünvan 2 ünvanıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəməyə ünvanlandığı məktubdan görünür ki, o, xüsusi ittiham qaydasında verdiyi şikayəti baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmiş, lakin həmin məktub səhvən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): CPM-in 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.. Şikayətə və iş materiallarından görünür ki, Əliyeva Sevinc Sarif qızı tərəfindən X5 barədə böhtan və təhqir hesab edilən məlumatlar “TİK-TOK” sosial platformasında yayımlanmışdır. Buna görə də, hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin sosial şəbəkənin hüquqi ünvanı və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin yaşayış ünvanıdır. Belə ki, sosial şəbəkənin hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. İş materialları ilə müəyyən olunur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Əliyeva Sevinc Sarif qızı ünvan 2 ünvanında yaşayır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. “TİK-TOK” sosial platformasının hüquqi ünvanı xaricdə yerləşdiyindən, hazırkı materiala barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən, yəni, aidiyyəti üzrə Əliyeva Sevinc Sarif qızının yaşayış yeri ünvanı üzrə ümumi məhkəmə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir . Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, “TİK-TOK” sosial platformasıda yerləşdirilmiş və xaricdə yerləşdiyindən, hazırkı materiala barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəməyə ünvanlandığı məktubdan görünür ki, o, xüsusi ittiham qaydasında verdiyi şikayəti baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmiş, lakin həmin məktub səhvən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Odur ki, Əliyeva Sevinc Sarif qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əliyeva Sevinc Sarif qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-359/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-359/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver