Məhkəmə qərarları › İş №1(005)-359/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-359/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-359/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, X4 Etibar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətini onunla əsaslandırmışdır ki, X3 şikayət ərizəsi ilə onun barəsində bir neçə orqana şər və böhtan xarakterli məlumatlar vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində guya onun uzun-uzadı təkidimdən sonra onunla tanış olmuşdur və bundan sonrada onların dostluq münasibətləri yaranmışdır. Guya özünü ona vəzifəli şəxsin sürücüsü kimi qələmə vermişdir. Bir müddət sonra guya onun işsiz olduğunu bildikdən sonra ona klinikalardan birinə həkim kimi işə düzəldəcəyi adı ilə onun etibarından sui-istifadə etməklə ondan 23 300 manat pul almışdır. Bununla bağlı hətta Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixində “xüsusi ittiham qaydasında şikayət” ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. X3 şikayətində göstərmişdir ki, “TİK-TOK” platformasında 84 000 (səksən dörd min) izləyicisi olan “@son_xeber_az” saytının olan səhifələrindən birində yerləşdirilmiş “7 yumurtaya 200 manat verdim - falçıya inanan vətəndaşın sonu” başlıqlı videogörüntünü şərh bölməsində Azərbaycan Respublikasının gerbinin şəkli olan, öz adından istifadə etməklə X7 “Taleh ” adı altında cümlələr paylaşmaqla mənim şərəf və ləyaqətimi alçaltmaqla işgüzar nüfuzuma xələl gətirmiş, cəmiyyət, ailəm və qohumlar arasında illərdir əziyyətlə qazandığım hörməti məhv etmişdir, heç bir hüquqi əsası olmadan, mənim nüfuzumu ləkələyən, yalan, böhtan, yəni yalan doğrunu bilə-bilə mənim şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu ləkələmiş və onu nüfuzdan salmışdır. Bildirirəm ki, Taleh Orucovun qeyd edilən yalan olduğunu bilərəkdən mənim şərəf və ləyaqətimi ləkələyən və məni nüfuzdan salan məlumatları, eləcə də onun guya kimlərəsə qarşı dələduzluq cinayəti törətməyi ilə bağlı bilə-bilə yalan böhtan atma paylaşımdan sonra mən uzun müddət stressdən özümə gələ biləməmişəm. Çünki, o, Elnazın barəsində hüquqmühafizə orqanlarına şikayət edəcəyi ilə əlaqədar xəbərdarlıq edib məndən dələduzluq yolu ilə aldadıb aldığı 23300 manat pulunu geri istədikdə hər dəfə onu biabır edəcəyi ilə, nüfuzumu aşağılayacağı ilə, hətta “gəlib girərəm evinə, özünü asarsan ” kimi sözlərlə hədələmişdir. Bununla bağlı istər səs yazıları, istərsə də əl yazmaları vardır. Qeyd olunan şikayətə etiraz bildirərək məhkəmədən “X3 tərəfindən xüsusi ittiham qaydasında vermiş şikayətin məhkəmə baxışının keçirilməsindən imtina haqqında qərar qəbul edilməsini” istəmişdik. Xüsusi ittihamçı tərəfindən ərazi aidiyyəti qaydaları pozulduğuna görə şikayəti təmin edilmişdir. Hal-hazırda da ona qarşı xüsusi ittiham qaydasında şikayətlə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, qeyd olunanlar tamamilə şər və böhtandır. Qeyd olunan məsələlərin isə mənimlə heç bir əlaqəsi yoxdur. Qeyd etmək istəyirəm ki, əslində X1 özü mənə qarşı “TİK- TOK” platformasında həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən və məni nüfuzdan salan yazılar yazmışdır. Belə ki, “TİK-TOK ” platformasında “@şon_xeber_az” saytının olan səhifələrindən birində yerləşdirilmiş “7 yumurtaya 200 manat verdim - falçıya inanan vətəndaşın sonu” başlıqlı videogörüntünü şərh bölməsində üzərində mənim şəklim olan, “tat 10” adından istifadə etməklə təhqir dolu cümlələr paylaşmaqla mənim şərəf və ləyaqətimi alçaltmaqla işgüzar nüfuzuma xələl gətirmiş, cəmiyyət, ailəm və qohumlar arasında illərdir əziyyətlə qazandığım hörməti məhv etmişdir, heç bir hüquqi əsası olmadan, mənim nüfuzumu ləkələyən, yalan, böhtan, yəni yalan doğrunu bilə-bilə mənim şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu ləkələmiş və məni nüfuzdan salmışdır. X3 “tat 10” adından istifadə etməklə: “@Taleh yalançı peysərdir...mənə atdığın 23 000 pulu qaytar...almamısansa yığ dostlarını demişəm hamısına neyləsinlər var yoxunu bağışla onlara o pulu sənə halal edəcəm bunu elə”, “Eləməsən peysərsən demək 23 000 pulu qaytar”, “Peysərsən, əsil peysəree”. Bundan başqa, şəklimin üzərində “onsuzda sən adını dəyişmisən sadəcə üzünə demirlər amma özündə bilirsən sənin kimi “KİŞİYƏ” nə deyirlər”, “23 000 manat pulumu qaytar” kimi yazılar yazmaqla məni təhqir etmişdir. Bundan başqa, X3 “TİK-TOK” platformasında @nikanikar4 adı ilə saxta profil açaraq mənim nüfuzumu ləkələyən məlumatlar bölüşmüş, yalan, böhtan, yəni yalan doğrunu bilə-bilə mənim şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu ləkələmiş və məni nüfuzdan salmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, barəsində şikayət verdiyi şəxsin sonuncu dəfə Yasamalda yaşadığı üçün hələ də orada yaşamasını düşünmüşdür. Bu səbəbdən onun yaşayış ünvanını Yasamal rayonu olaraq yazmışdır. Bundan əlavə xüsusi ittiham qaydasında verdiyi şikayətdə qeyd etdiyi halları sübuta yetirəcək kifayət qədər şahidlər var. Əgər şikayəti icraata qəbul edilərsə o, həmin şahidləri məhkəmə iclasına gətirə bilər. Hazırda başqa sübutu yoxdur. Yaşayış ünvanı isə şikayətdə qeyd edilən ünvan deyildir. Məhkəmənin sualına cavab olaraq, qeyd etdikləri sosial şəbəkə profillərinin sahibinin Elnaz Əlibəyova olması barədə hər hansı sübutları yoxdur. Lakin, dolayı sübutlar həmin profillərin sahibinin Elnaz Əlibəyova olduğunu təsdiq edir. Saxta profil hesabı ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiklərini, lakin hər hansı nəticə olmadığını bildirmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, o, Nərimanov rayonunda yaşayır. Eyni zamanda Tik-tok sosial şəbəkəsindən ümumiyyətlə istifadə etmir. Xüsusi ittiham qaydasında şikayət etmiş şəxsin onun barəsində qərəzli olaraq şikayət etdiyini, sözügedən paylaşımdakı rəy ilə bağlı analoji qaydada özünün də vaxtilə xüsusi ittiham qaydasında şikayət etdiyini, indi də eyni qaydada Talehin ona qarşı şikayət etdiyini, lakin sözügedən profillərlə bağlı heç bir əlaqəsinin olmadığını bildirmişdir. Talehlə aralarında olan mübahisələrlə bağlı o, öz növbəsində aidiyyəti dövlət orqanlarına müraciət etmişdir və onun dələduzluq etməsi ilə bağlı sonunadək mübarizə aparacağını əlavə etmişdir. X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər: Mesaj mətnlərinin əks olunduğu fotoşəkillərdən görünür ki, daxil olma linki və səhifə adı bəlli olmayan sosial şəbəkə platformasında “tat10” və “nikanikar4” istifadəçi adları ilə X5 münasibətdə bir neçə təhqir məzmunlu şərhlər və paylaşımlar edilmişdir. Mesaj mətnlərinin əks olunduğu “Whatsapp” sosial platformasından edilmiş çıxarışlarda Taleh İslamov ilə Elnaz Əlibəyova olması ehtimal edilən mobil nömrə arasında sevgi məzmunlu mesajlar paylaşılması əks etdirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası). 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasında səsləndirdiyi mülahizələri və dəlilləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, belə qənaətə gəlir ki, X2 xüsusi ittiham qaydasında şikayəti həm maddi-hüquqi, həm də prosessual-hüquqi baxımdan tamamilə əsassızdır və onun məhkəmə icraatına qəbul edilməsindən qəti şəkildə imtina edilməlidir. Bu nəticə, şikayətdə göstərilən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrində nəzərdə tutulan böhtan və təhqir cinayətlərinin tərkibini formalaşdırmaması, şikayətin özünün isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin imperativ normalarının kobud pozuntusu ilə tərtib edilməsi kimi bir-birini tamamlayan fundamental çatışmazlıqlara əsaslanır. İ. Maddi-hüquqi əsaslar: Cinayət tərkibinin olmaması (corpus delicti’nin yoxluğu) Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında icraatda sübutetmə yükü tamamilə və qeyd-şərtsiz olaraq şikayət verən şəxsin, yəni xüsusi ittihamçının üzərinə düşür (CPM, Maddə 21.3 və 88.4.1). X2 şikayətində istinad etdiyi bütün hallar – əməlin məhz X3 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayətdə əks etdirilməmişdir. Bu, CPM-nin 293.3.4-cü maddəsinin birbaşa pozuntusudur. Məhkəmənin hazırlıq iclası, həmçinin, şikayətdə təsvir olunan əməlin prima facie (ilk baxışda) cinayət tərkibi yaradıb-yaratmadığını da müəyyən etməlidir. Polisə və Məhkəməyə müraciətlərin "kütləvi yayım" olmaması: Şikayətçi iddia edir ki, Elnaz Əlibəyova onun barəsində Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon Məhkəməsinə müraciət etməklə ona böhtan atmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndinə görə, "Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması ... kütləvi çıxış şəklində yayılması sayılmır". Şəxsin hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur və bu, böhtan və ya təhqir cinayətlərinin "kütləvi yayım" elementini yaratmır. Bu səbəbdən, şikayətin bu hissəsi tamamilə əsassızdır və cinayət tərkibindən məhrumdur. “TikTok” profillərinin Elnaz Əlibəyovaya mənsub olmasının sübut edilməməsi: Şikayətin əsasını təşkil edən iddia "@son_xeber_az" səhifəsindəki videogörüntüyə "@tat10" və “@nikanikar4” adlı profillərdən təhqir və böhtan xarakterli şərhlərin yazılmasıdır. Lakin şikayətçi bu profillərin məhz Elnaz Əlibəyova tərəfindən idarə edildiyini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Həmin profillərin Elnaz Əlibəyovaya aid olduğunu müəyyən etmək üçün heç bir ekspertiza rəyi, şahid ifadəsi və ya digər mötəbər sübut yoxdur. Bu isə CPM-nin 302.1.7-ci maddəsinə ("şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə") əsasən, şikayətin icraata qəbulundan imtina üçün növbəti əsasdır. İddia və sübutlar arasında ziddiyyət: Şikayətçi tərəfindən təqdim edilən "Whatsapp" yazışmaları onun iddiaları ilə kəskin ziddiyyət təşkil edir. Yazışmalar ("Məni evdar edəcəksən?", "Sən mənim ömrümsən nə olur olsun o istədiyin uşağı doğub sənin qucağına verəcəm") tərəflər arasında yaxın və səmimi münasibətlərin olduğunu göstərir. Bu, şikayətdə təsvir olunan birtərəfli təzyiq və böhtan kampaniyası ilə uyğun gəlmir və mübahisənin cinayət-hüquqi deyil, sırf şəxsi-emosional zəmində yarandığını ehtimal etməyə əsas verir. Prosessual-hüquqi əsaslar: Şikayətin qanunun tələblərinə uyğunsuzluğu Təqdim edilmiş şikayət cinayət-prosessual qanunvericiliyin bir sıra imperativ normalarının pozuntusu ilə tərtib edilmişdir ki, bu da onun icraata qəbulundan imtina üçün kifayət edən müstəqil əsasdır. Şikayətçi, Elnaz Əlibəyovanın "@nikanikar4" və “@tat10” adlı saxta profillərdən istifadə etdiyini iddia edir. Məhkəmə qeyd edir ki, əgər bu əməllər sübuta yetirilərsə, CMnin 148-1-ci maddəsinin tərkibini yarada bilər. Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında təqib yalnız CM-nin 147, 148, 165.1 və 166.1-ci maddələri üzrə həyata keçirilir. CM-nin 148-1-ci maddəsi isə CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlərin siyahısına daxildir. Bu o deməkdir ki, saxta profillərlə bağlı iddialar üzrə cinayət təqibi prokurorluq orqanları tərəfindən aparılmalıdır və məhkəmə birbaşa xüsusi ittiham qaydasında bu işə baxa bilməz. Bu, şikayətin bu hissədə icraata qəbulundan imtina üçün müstəqil və mütləq prosessual əsasdır (CPM, Maddə 302.1.1). Bundan əlavə, şikayət ərizəsi CPM-nin 293.3-cü maddəsində nəzərdə tutulan bəzi formal tələblərə cavab vermir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinin tələblərinə riayət etməyərək şikayət ərizəsində özünün məşğuliyyət növünü göstərməmiş və yaşayış ünvanını yanlış göstərmişdir. Bundan başqa, şikayət ərizəsinin sonunda şikayətin verildiyi yer və tam tarix (gün, ay, il) göstərilməmişdir (CPM-nin 293.3.6-cı maddəsi). Halbuki, Azərbaycan Respublikası CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərilir. Məhkəmə xüsusilə qeyd edir ki, şikayətdə barəsində şikayət verilmiş şəxsin CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, X3 barəsində yazılmış məlumatın hansının və ya hansı hissəsinin CM-nin 147.1 və ya 148-ci maddələrinin tərkibini yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatlardan hansındakı konkret hansı əməlinin CM-nin 147.1 və ya 148-ci maddələrinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin həm CM-nin 147.1, həm də 148-ci maddəsinin tərkibini yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Bu, sadəcə texniki bir qüsur deyil, ittihamın qeyri-müəyyənliyi prinsipinin pozulmasıdır. Məhkəmə ittiham tərəfinin əvəzinə ittihamı konkretləşdirə bilməz. Bu, birbaşa olaraq CPM-nin 302.1.3-cü maddəsində nəzərdə tutulmuş imtina əsasıdır. Bununla yanaşı, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs hələ məhkəmənin hazırlıq iclası keçirilmədən, şikayət ərizəsi icraata qəbul edilməklə xüsusi ittihamçı statusu əldə etmədən verdiyi ərizəsində özünü xüsusi ittihamçı kimi göstərmişdir ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə həmin şəxs xüsusi ittiham qaydasında şikayət vermiş şəxs statusundadır. Yuxarıda şərh edilənlərin məcmusuna əsasən, məhkəmə hesab edir ki, X2 xüsusi ittiham qaydasında verdiyi şikayət hüquqi baxımdan əsassızdır, qanunun tələblərinə cavab vermir və cinayət təqibinin başlanması üçün maddi və prosessual əsas mövcud deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar