Məhkəmə qərarları › İş №1(005)-360/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-360/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-360/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1965-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi 2600,00 ABŞ dolları məbləğində pul borcunu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzini Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 aprel 2017-ci il tarixli, 2(005)-1629/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərildikdən sonra icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi ilə əlaqədar ona verilmiş vaxtda icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb olunması barədə icra orqanının verdiyi 11 oktyabr 2019-cu il və 13 fevral 2020-ci il tarixli inzibati xəta haqqında protokolları ilə həmin məhkəmənin 3(005)- 2392/2019 saylı və 3(005)-544/2020 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iki dəfə 500,00 manat məbləğlərində inzibati cərimələr edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 02 mart 2020-ci il tarixdə bildiriş təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə 2010,00 ABŞ dolları məbləğdə zərər çəkmiş şəxsə ziyan vuraraq qanuni qüvvədə olan məhkəmə aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər ticarətlə məşğul olmuşdur. Tanışı Zərərçəkmiş şəxs 2011-ci ildə özünə məxsus olan 3000,00 ABŞ dolları məbləğində qızıl-zinət əşyalarını ona verərək satmasını və dəyərinin ona qaytarmasını xahiş etmişdir. O, isə əşyaları başqa bir qadına nisyə satmış, bir müddət sonra həmin qadın törətdiyi cinayət nəticəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən əşyaları, yaxud onların dəyərini qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs borcun qaytarılmasını tələb edərək ona qarşı 2017-ci ildə iddia qaldırmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ondan 2600,00 ABŞ dolları məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar icra məmuru ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmişdir. İcra məmuru qətnamənin icrasının təmin edilməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iki dəfə 500,00 manat məbləğlərində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildiriş təqdim etsə də o, maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra edə bilməmişdir. Lakin bu ilin avqust ayında borcundan 200 manat ödəniş etmişdir. Sonda Təqsirləndirilən şəxs qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əvvəllər ticarətlə məşğul olanda tanışı Təqsirləndirilən şəxs 08 aprel 2010-cu ildə ondan 4000,00 ABŞ dolları məbləğində nisyə qızıl-zinət əşyaları götürərək dəyərini qısa müddətə ödəyəcəyinə vəd vermişdir. Bir müddət sonra əşyaların dəyərindən 1375,00 ABŞ dollar məbləğini ödəsə də, borcunun qalan hissəsini qaytarmaqdan boyun qaçırdığına görə ona qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmişdir. Məhkəmənin 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək ondan 2600,00 ABŞ dolları məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcuya bildirişlər təqdim edilməsinə baxmayaraq sonuncu qətnamənin icrasını təmin etməkdən imtina etdiyindən, həmin məhkəmənin 11 oktyabr 2019-cu il tarixli və 13 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası lXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iki dəfə 500,00 manat məbləğlərində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmuru qətnamənin icrası ilə bağlı ona bildirişlər təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını icra etməmiş, uzun müddətdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan xeyli miqdarda gəlir əldə etməsinə baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2600,00 ABŞ dolları məbləğində pul borcu ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə və 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 aprel 2017-ci il tarixli qətnaməsi icra edilməsi ilə əlaqədar Nərimanov Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra sənədi icraata qəbul edilərək 22 may 2017-ci il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi könüllü icra müddətində icra olunmadığından aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə Nərimanov Rayon İcra Şöbəsinə dəvət olunaraq izahatlar alınmış, izahatlarında fərdi əmək fəaliyyəti ilə məşğul olsa da, qətnamənin icrasını təmin etməmişdir. Üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərzəli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından, həmin məhkəmənin 11 oktyabr 2019cu il tarixli və 13 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iki dəfə 500,00 manat məbləğlərində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayındığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 10-cu vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(005)-1629/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 12-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(005)-1629/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 17-ci vərəqində olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, iş üzrə icraata başlanılması, borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü təmin etməsi üçün bildiriş göndərilməsi, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. Cinayət işinin 18-ci vərəqində olan 22.05.2017-ci il tarixli, 17/69-155019-7 nömrəli bildirişin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1629/2017 saylı, 06.04.2017-ci il tarixli İcra sənədində göstərilmiş tələbin könüllü icrası üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq “10” gün müddətində vaxt verilməsinə dair bildirişin surəti borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Cinayət işinin 34-37-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7527/2017 nömrəli, 17 iyul 2017-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1629/2017 saylı iş üzrə 06 aprel 2017-ci il tarixli qətnaməsinin Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cinayət işinin 39-cu vərəqində olan Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş 24 yanvar 2018-ci il tarixli “Borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1629/2017 saylı, 06.04.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və saxlanılaraq Nərimanov Rayon İcra Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 53-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2019-cu il tarixli, 2(102)-3794/2019 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin 70-ci vərəqində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli, 8(005)-699/2019 nömrəli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.04.2017-ci il tarixli, 2(005)-1629/2017 saylı icra sənədi ilə ondan tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli, 3(005)-2392/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin 91-93-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 3(005)-544/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs İXM 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Cinayət işinin 134-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 31.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 168-169-cu vərəqələrində olan “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın 09.08.2021-ci il tarixli, 751 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs təyinatı üzrə 200 manat ödəmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və məhkəmə baxışının gedişatında tədqiq edilmiş digər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1629/2017 saylı, 06.04.2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli, 3(005)-2392/2019 saylı və 13 fevral 2020-ci il tarixli 3(005)-544/2020 saylı qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib barəsində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qərəzli olaraq icra etməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsüf olunmuş, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi cinayət işinin materialları ilə sübuta yetirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.”. Sözü gedən qərarda həmçinin qeyd edilir ki, «CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs vurulmuş ziyandan bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli, 2(005)-1629/2017 nömrəli icra vərəqəsi üzrə müəyyən olunmuş borcun ödənilməmiş hissəsinin tələbkar şəxsin xeyrinə ödəməsi vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar