Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-360/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 inam və etibarını qazandıqdan sonra ona məxsus qızıl zinət əşyalarının lombarda girov qoyub 3 gün ərzində pulunu ödəyərək çıxarıb özünə qaytaracağını bildirməklə yalan vəd verib aldadaraq 2024-cü ilin fevral ayının ortalarında qızıl zinət əşyalarını Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansıyasının yaxınlığında fəaliyyət göstərən lombarda girov qoydurmaqla götürülən 4000 manat pulu həmin lombardın qarşısında ələ keçirmiş, sonradan verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2na 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 inam və etibarını qazandıqdan sonra avtomobil alıb gündəlik icarəyə verməklə birgə qazanc əldə edəcəklərinə və işlədiyi "xxxx" MMC-yə şərik edəcəyinə dair yalan vəd verib aldadaraq 2024-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında 17000 manat pulu ələ keçirmiş, sonradan verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda 17.000 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin ortalarından Binəqədi rayonu, Atatürk prospekti 58 ünvanında yerləşən ofisi icarəyə götürüb orada müxtəlif fərdi şəxslərə məxsus avtomobilləri gündəlik icarəyə verməklə qazanc əldə etmişdir. "xxxx" MMC-nin direktorudur. 2023-cü ilin sonlarında Türkiyə vətəndaşı olan “Hakan” adlı adının sonradan Nesim olduğunu öyrəndiyi şəxs onunla əlaqə saxlayıb Zahid adlı şəxsin telefonunu ona verdiyini, Bakı şəhərinə yeni gəldiyini, icarəyə avtomobil istədiyini demişdir. Bundan sonra işlədiyi ofisə gəlmişdir. İcarəyə verilən avtomobillərlə bağlı şərtləri barədə məlumat vermiş, Nesim qane olmadığı üçün avtomobil götürməmişdir. Bir neçə gün keçdikdən sonra Nesim yenidən iş yerinə gəlib “BMW” markalı avtomobili bir neçə günlük icarəyə götürmüşdür. Bundan sonra Nesim bir neçə dəfə icarəyə avtomobil götürmüşdür. Nesim onunla danışıq zamanı tikinti işlərini həyata keçirdiyini söyləmişdir. Aralarında münasibət get-gedə daha yaxın olmağa başlamış və onun həyat yoldaşı Vüsalə adı ilə müraciət etdiyi Zərərçəkmiş şəxs2 ilə də tanışlığı yaranmışdır. Artıq Nesim ilə asudə vaxtlarında Bakı şəhərində görüşməyə başlamışlar. Bu hal bir neçə dəfə təkrarlanmışdır. Aralarındakı münasibət sıx olduğundan onu ailəsinin yaşadığı evə də qonaq kimi dəvət etmişdir. İlk dəfə Nesimdən 3000 ABŞ dolları məbləğində borca pul istəmişdir. Nesim həmin pulu ona borc vermiş və işlərini yoluna qoyduqdan sonra ondan götürdüyü borcu geri qaytarmışdır. Sonradan ona 5000-10000 manat məbləğində pul lazım olduğu üçün yenidən Nesimə müraciət etmişdir. Nesim həmin pulları borc olaraq vermiş və borcunu hissə-hissə olmaqla qaytarmışdır. 2023-cü ilin dekabr ayının sonlarında “Porşe” markalı avtomobilin satıldığını və ilkin olaraq 10.000 manat ödəniş edilərək lizinqə salınması nəzərdə tutulduğu üçün həmin avtomobili alıb bir qədər üzərinə xərc qoymaqla baha qiymətə gündəlik icarəyə verə biləcəyini düşünmüşdür. İşlədiyi yerdə olan avtomobillərdə də bəzi nasazlıqlar olduğundan və həmin avtomobillərin də üzərinə pul qoymaqla daha çox gəlir əldə edəcəyini düşünmüşdür. Qeyd etdiyi işləri həll etməkdən ötrü 20.000 ABŞ dolları, yəni 34.000 manat məbləğində pul lazım olduğu üçün Nesimdən həmin pulu borc istəmişdir. Nesim isə aralarında pul ilə bağlı problem olmadığını, işlərini həll etməkdən ötrü ona kömək edəcəyini, işləyib qazandıqdan sonra borcunu qaytarmağını demişdir. 2023-cü ilin dekabr ayının sonlarında Nesim ilə Xutor qəsəbəsi ərazisində yerləşən restoranda olan zaman o, ona 34.000 manat məbləğində pulu borca vermişdir. Təşəkkürünü bildirib həmin pulu götürmüşdür. Babək prospektində yerləşən “Avtocell” lizinq şirkətinə gedib orada 10.000 manat ilkin ödəniş etməklə “Porshe” markalı avtomobili almışdır. Qalan məbləğin bir hissəsini isə aldığı avtomobilin bəzi xərclərinə, bir hissəsini icarəyə verdiyi digər avtomobillərin xərclərinə sərf etmişdir. Bir neçə gün keçdikdən sonra Nesimin həyat yoldaşı İlayda Nesimdən 34.000 manat pulu heç bir sənədləşmə aparmadan borca almağını və Nesimin həmin məbləği verməsi ilə bağlı rəsmi sənəd verməyini istəmişdir. O, artıq pulu xərclədiyini bildirib lazım gələrsə “Porşe” markalı avtomobilin Nesimin adına keçirə biləcəyini demişdir. Nesim bununla razılaşmışdır. Avtolizinqin işçilərinə zəng edib həmin pulun Nesimə məxsus olmasını və sənədləşmənin onun adına edilməsini istəsə də, Türk vətəndaşı olduğu üçün sənədləşmə apara bilmədiklərini söyləmişlər. Sonra onun həyat yoldaşının adına sənədləşmə edilməsini istəsə də, lizinq olduğu üçün VÖEN tələb edilmişdir. Birlikdə işlədiyi ofisin yaxınlığında yerləşən notariat kontoruna gedib borc müqaviləsi bağlamaq istəsələr də, verilən məbləğin ortada olması və xəzinəyə girməli olduğu bildirilmişdir. Pulu avtomobilə ödədiyi üçün həmin pul ortada olmadığından qeyd olunan əməliyyatı həyata keçirə bilməmişlər. Bundan sonra yenidən lizinq şirkətinə yığmışdır. Oradan kağızda əlyazma ilə nümunə verilmiş və bildirilmişdir ki, həmin kağızda qeyd olunanları notariata təqdim edib həmin formada etibarnamə versin. Həmin formada etibarnaməni İlaydanın adına vermişdir. Daha sonra aralarındakı münasibət əvvəlki qaydada davam etmişdir. Həmin ərəfələrdə dəfələrlə Zərərçəkmiş şəxs1 avtomobilləri təmannasız sürmək üçün vermişdir. O, həmin avtomobillər ilə həyat yoldaşının yaşadığı Şirvan şəhərinə bir neçə dəfə getmişdir. Aldığı “Porşe” markalı avtomobil ilə anası, Nesim və onun yoldaşı ilə birlikdə yaşadıqları Masallı rayonuna getmişlər. Orada Nesimgili 3-4 gün qonaq etmişdir. Bundan sonra birlikdə Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərində də görüşləri davam etmişdir. 2024-cü ilin fevral ayının ortalarında icarəyə verdiyi avtomobillərin bəzilərində texniki nasazlıqlar yarandığından və cərimələr yazıldığı üçün həmin avtomobilləri icarəyə verə bilməmişdir. Buna görə ona təcili 4000 manat məbləğində pul lazım olmuşdur. Nesimdən pul istəsə də, o pulunun-olmadığını bildirmişdir. Nesimin həyat yoldaşı Zərərçəkmiş şəxs2na özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub ona 4000 manat pul götürməsini, 3 günün tamamında həmin lombardın pulunu tam ödəməklə ona məxsus qızıl zinət əşyalarını çıxarıb özünə qaytaracağını bildirmişdir. O da təklifi ilə razılaşmışdır. Belə ki, birlikdə Nərimanov rayonu, “Gənclik” metrostansıyasının yaxınlığında yerləşən lombarda getmişlər. Orada Zərərçəkmiş şəxs2 özünə məxsus olan 6000 manat dəyərində qızıl zinət əşyalarını lombarda qoymaqla 4000 manat pul götürmüşdür. Lombarddan götürdüyü 4000 manatı lombardın qarşısında ona vermişdir. Pulu götürdüyündən 3 gün keçsə də, işlərində olan problemlər ilə əlaqədar pulu ödəyə bilməmişdir. Təxminən 1 həftə keçdikdən sonra Nesimlə görüşən zaman ona bu işlərin tək idarə edilməsinin çətin olmasını, onu özünə şərik etmək istədiyini və qazancını onunla tam yarı bölmək istədiyini, 17.000 manat verəcəyi halda avtomobillərin icarəsində hər hansı bir çətinlik qalmayacağını, bütün avtomobillərin saz vəziyyətə gətiriləcəyini, gündəlik olaraq qazanc əldə edəcəklərini söyləmişdir. Nesim isə bu barədə düşünüb ona bir söz deyəcəyini söyləmişdir. Nesimə şərik olduqdan sonra hansı formada qazanc əldə edəcəklərini demişdir. Ondan götürdüyü 34.000 manat borcu avtomobillərin bəzilərinin mühərriklərinin yararsız hala düşmə səbəbindən ödəyə bilmədiyini, artıq belə bir problemlərin qalmadığını və 10.000 ABŞ dolları, yəni 17.000 manat pul qoyduğu halda gündəlik demək olar ki, hərəsinə 100-200 manat pul götürə biləcəklərini demişdir. Səhəri gün Nesimlə yenidən “Gənclik” metrostansıyasının yaxınlığında görüşmüşlər. Nesim orada ona 17.000 manat pul verib artıq şərik olduğunu, lakin 17.000 manatı ona verməyindən həyat yoldaşı İlaydanın xəbərinin olmamasını xahiş etmişdir. Həmin pulu götürüb avtomobillərin xərclərini ödəmişdir. Bir qədər işləyib Nesimə borca götürmüş olduğu puldan 5000-10000 manat qaytarmışdır. Lakin onun pulunu tam şəkildə ödəyə bilməmişdir. 2024-cü ilin mart ayının əvvəllərində Nesim onunla əlaqə saxlayıb onun pulunu təcili qaytarmalı olduğunu söyləmişdir. Onunla görüşüb söhbət etmək istədiyini, Ə.Rəcəbli küçəsində yerləşən hoteldə olmasını bildirmişdir. O da Aris və Elvin adlı tanışları ilə gəlib Nesimi hoteldən götürüb “Paxlava” restoranına gətirmişdir. Orada Nesimə aralarında bu qədər haqq-hesab olmasını və pulunun hazırda olmadığını, işləyib qaytaracağını, narahat olmamağını söyləmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxslərə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (videokonfrans vasitəsilə) Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayında müdiri Mesut Tekeli ilə danışan zaman Azərbaycanın inşaat üçün çox yaxşı qazanc gətirə bilən ölkə olduğunu, insanların dürüst olduğunu və vergilərin aşağı dərəcədə olmasını bildirib Azərbaycana yatırım etməyini təklif etmişdir. O da təklifini qəbul edib Azərbaycana gəlib araşdırmaya başlamağını və hansı sahəyə pul qoyub qazanc əldə edəcəyini öyrənib ona deməyini tapşırmışdır. Onun dediklərinə uyğun olaraq 2023-cü ilin dekabr ayının ortalarında Azərbaycana gəlmək qərarına gəlmişdir. Həyat yoldaşı İlayda övladları ilə birlikdə ondan 2-3 ay öncə Azərbaycana gəlmişdir. 2023-cü ilin dekabr ayında Türkiyədən Azərbaycana gələn zaman hava limanında bir nəfər azərbaycanlı ilə təsadüfən tanış olmuş, həmin şəxslə söhbət zamanı ona Bakıya çatdıqda icarəyə avtomobil götürmək istədiyini bildirmişdir. Həmin şəxs avtomobil icarəsi ilə məşğul olan Ülvi adlı tanışının olduğunu bildirib istədiyi təqdirdə nömrəsini verə biləcəyini və onunla əlaqə saxlayıb istədiyi avtomobili götürə biləcəyini demişdir. O da Ülvinin nömrəsini həmin şəxsdən alıb telefonuna qeyd etmişdir. Azərbaycana gəldikdən 1 gün sonra həmin nömrə ilə əlaqə saxlayıb avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Həmin Ülvi adlı şəxs ona watsapp proqramı vasitəsi ilə məkanın ünvanını (konum) göndərmişdir. Taksi ilə qeyd olunan ünvana Atatürk prospektində yerləşən Ülviyə məxsus avtomobil salonuna gəlmişdir. Görüş zamanı aralarında səmimi münasibət yaranmış, Təqsirləndirilən şəxs məxsus “Renta Car” dan “Bmw” markalı avtomobili icarəyə götürmüşdür. Bundan sonra Ülvidən bir neçə dəfə avtomobil icarəyə götürmüşdür. Ülvi ilə artıq dostluq münasibətləri yaranmağa başlamışdır. Hətta günün çox vaxtını birlikdə keçirmişlər. 2023-cü ilin dekabr ayının ortalarında Ülvi ondan 3000 ABŞ dolları borc pul istəmişdir. Ona etibar edib 3000 ABŞ dolları pul vermişdir. Təxminən 10 gün sonra Ülvi həmin pulu özünə qaytarmışdır. Bundan sonra o, bir dəfə də borc pul alıb qaytarmışdır. Artıq Ülvi onu həyat yoldaşı ilə birlikdə öz yaşadığı ünvana dəvət etməyə başlamışdır. Həyat yoldaşı İlayda ilə onun ailəsinin yaşadığı “20 Yanvar” metrostasiyasmın yaxınlığında yerləşən yenitikili binaya getmişdir. Orada Ülvinin anası və atası ilə görüşmüşlər. Aralarında münasibət daha da istilənməyə başlamış və valideynləri Masallı rayonuna dəvət etmişlər. Ülvinin yanına gedən zaman o hər dəfə bu işdə yaxşı qazanc olmasını bildirib yüksək məbləğdə yatırım olarsa, yeni avtomobillər alıb qazanc əldə edə biləcəyini söyləmişdir. 2023-cü ilin dekabr ayının sonlarında artıq Ülvi ona birlikdə iş görüb qazanc əldə etmələrini, yəni avtomobillər alıb yuxarı məbləğə icarəyə verməklə qazanc əldə etməyi təklif etmişdir. O, hətta bu işdə uduzma şansının olmadığını, pulu geri istədiyi təqdirdə avtomobillərdən birini satıb pulunu verəcəyini demişdir. Hansı məbləğdə pul lazım olmasını soruşduqda Ülvi ilkin olaraq 50- 100.000 manat verəcəyi təqdirdə onunla bu işə ortaq girəcəyini demişdir. Hazırda böyük məbləğdə pulunun olmadığını, hissə-hissə olmaqla pul düzəltdikcə ona verəcəyini söyləmişdir. Ülvi də bununla razılaşmışdır. 2023-cü ilin dekabr ayının sonlarında Ülvi ilə Binəqədi rayonu, Xutor adlanan ərazidə adını xatırlamadığı restoranda görüşüb orada 34.000 manat məbləğində pulu avtomobil alıb birlikdə icarəyə verib qazanc əldə etmək məqsədi ilə Ülviyə vermişdir. Ülvi həmin pul ilə “Porşe” və digər avtomobillərə ilkin ödəniş etməklə lizinqə avtomobil alacağını demişdir. Pulu Ülviyə verdikdən sonra həyat yoldaşı İlayda bildirmişdir ki, pulun ona verilməsi ilə bağlı Ülvidən bir sənəd alsın. Ülviyə 34.000 manatı verdikdən bir neçə gün sonra ondan həmin pul ilə bağlı notariat kontoruna gedib pulu verməsini təsdiq edən sənəd verməsini tələb etmişdir. Ülvi isə bu işlərin Azərbaycanda fərqli olmasını, yəni notariat kontoruna həmin məbləğ göstərilmədiyi halda sənədləşmə işi aparılmadığını bildirmişdir. Ülvi icarəyə verib qazanc əldə etməkdən ötrü lizinqə “Porşe” markalı avtomobili aldığını söyləmişdir. Ondan bir sənəd verməsini, yəni Porşeni adına keçirməsini istədikdə o, avtomobilin lizinqdə olmasını və VÖEN olmayan şəxsə avtomobilin verilməyəcəyini demişdir. Təkidlə ondan sənəd istədikdə Türk vətəndaşı olduğu üçün adına hər hansı bir sənəd verilmədiyini, lakin həyat yoldaşı Zərərçəkmiş şəxs2na öz adından etibarnamə verə biləcəyini söyləmişdir. O, öz adından həyat yoldaşı Zərərçəkmiş şəxs2na ümumi etibarnamə vermiş və həmin etibarnamədə “Porşe” barədə hər hansı bir qeyd aparılmamışdır. Bir neçə gün keçdikdən sonra özü, həyat yoldaşı İlayda, Ülvi və onun anası Xoşgül ilə “Porşe” markalı avtomobillə Masallı rayonundakı evlərinə getmişlər. Masallı rayonunda 4 gün qaldıqdan sonra Bakıya qayıtmışlar. Aralarında münasibət normal olaraq qalmış və tez-tez görüşmüşlər. 2024-cü ilin fevral ayında Ülvi ondan və həyat yoldaşından yenidən bu işlə bağlı pul istəmişdir. Ona pulunun olmadığını bildirmişlər. Ülvi isə onlara “Rent a Car” da olan hansısa avtomobilin sənədləşmə işi üçün təcili 3 günlük 4000 manat məbləğində pul lazım olmasını demişdir. Bir daha pulunun olmadığını dedikdə o, həyat yoldaşına səslənib ondan xahiş etmişdir ki, qızıllarını lombarda qoyub onu vəziyyətdən çıxartsın. Bu barədə bir söz deyə bilməyəcəyini, həyat yoldaşına bacı dediyi üçün onunla özünün danışmasını, razı olduğu təqdirdə etirazı olmadığını demişdir. Ülvi İlaydaya özünə məxsus olan 6000 manat dəyərində qızıl zinət əşyalarını lombarda qoyub 4000 manat pul götürüb ona verməsini xahiş etmişdir. Həyat yoldaşı İlayda onun xahişini nəzərə almışdır. Ülvi lombardın pulunu 3 gün ərzində ödəyib qızılları İlaydaya qaytaracağına dair söz vermişdir. Həmin günün səhəri İlayda özünə məxsus qızılları “Gənclik” metrostansıyasının yaxınlığındakı lombarda qoyub 4000 manat pul götürüb orada Ülviyə vermişdir. Təxminən 10 gün sonra 2024-cü ilin fevral ayının sonlarında Ülvi ona bildirmişdir ki, əlavə 10.000 ABŞ dolları, yəni 17.000 manat verəcəyi halda icarədə olan avtomobillərin nasazlıqları tam aradan qaldırılacaq və həmin avtomobillərin icarəsi əsasında gündəlik qazancları daha da artıq olacaqdır. Onda 34.000 manatının olmasını, həmçinin yoldaşına məxsus qızıl zinət əşyalarını lombarda qoydurub pul götürməsini, həmin pulların da tez bir zamanda qayıtması və əlavə gəlir əldə etməkdən ötrü 17.000 manat pul düzəldib 2024-cü ilin fevral ayının sonlarında Ülvi ilə görüşüb ona vermişdir. Mart ayının 7-də Ülviyə zəng edib Türkiyəyə qayıtmaq istədiyini bildirib pulu qaytarmasını tələb etmişdir. Bu zaman Ülvi ona bildirmişdir ki, qaldıqları hotelə gəlib pulu verəcəkdir. Təxminən 1-2 saatdan sonra Ülvi “Toyota Prado” markalı avtomobillə hotelin qarşısına gəlib onu avtomobilə mindirmişdir. Avtomobilin içərisində Ülvidən başqa 2 nəfər tanımadığı kişi cinsli şəxs də olmuşdur. Bir nəfər şəxs də arxalarınca digər avtomobil ilə hərəkət etmişdir. Onlar Bakı şəhərində ünvanını xatırlamadıqları bir kafeyə getmişlər. Bu zaman Ülvinin yanında daha 3 nəfər şəxs də var idi və xatırladığına görə, onlardan birinin adı Ariz Əsgərov idi. Orada onlar uca səslə danışmağa başlamışlar. Ülvi ona bildirmişdir ki, onun qohumları Azərbaycanda rəhbər vəzifələrdə çalışırlar və əgər ondan həmin pulu istəsə, özü və ailə üzvlərinin problem yaşayacağını, onu həbs etdirəcəyi ilə hədələyib “əmim səndən həmin pulun 100 qatını” alacaq ifadəsini işlədib 51.000 manatdan imtina etməyini tələb etmişdir. Daha sonra o, “get hara istəsən şikayət et, mən o pulu sənə qaytarmayacağam” ifadəsini işlətmişdir. Həmin gün gecə saatlarında hotelə qayıtmış və başına gələn hadisələri İlaydaya danışmışdır. Yoldaşı ilə belə qərara gəlmişdir ki, dərhal ölkəni tərk etsin. Həmin günün səhəri saat 4 radələrində Azərbaycanı tərk edib Türkiyəyə getmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (videokonfrans vasitəsilə) Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2014-cü ildə Zərərçəkmiş şəxs1 ilə ailə qurmuşdur. Həmin tarixdən birlikdə Türkiyənin Denizli şəhərində yaşamağa başlamışlar. Tez-tez valideynlərini görmək üçün Azərbaycana gəlmişdir. 2023-cü ilin dekabr ayında həyat yoldaşı iş görmək üçün Bakı şəhərinə gəlmişdir. Həyat yoldaşının hava limanında olan zaman kiminləsə tanışlığı yaranmış, həmin şəxs ona “Rent a Car” işlədən tanışının nömrəsini vermiş və lazım olduğu təqdirdə həmin şəxsdən avtomobil götürə biləcəyini demişdir. Bakıya gəldikdən bir gün sonra həmin “Rent a Car”ı işlədən Ülvi adlı şəxs ilə əlaqə saxlayıb ondan “BMW” markalı avtomobili icarəyə götürmüşdür. Bundan sonra Ülvidən bir neçə dəfə avtomobil icarəyə götürmüşdür. Ülvi ilə artıq dostluq münasibətləri yaranmağa başlamışdır. Hətta günlərinin çox vaxtını birlikdə keçirmişlər. Bir neçə dəfə Ülviyə borc vermiş və sonradan Ülvi onun pulunu qaytarmışdır. Artıq Ülvi ilə münasibətləri daha yaxın olduğundan Ülvi onları öz yaşadığı ünvana dəvət etmişdir. Birlikdə Ülvinin ailəsinin yaşadığı evə getmişlər. Orada Ülvinin anası və atası ilə görüşmüşlər. Aralarında münasibət daha da istilənməyə başlamış və valideynləri onları Masallı rayonuna dəvət etmişlər. Onların təklifini qəbul edib gələcəklərini bildirmişlər. 2023-cü ilin dekabr ayının sonlarında həyat yoldaşı Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Ülviyə 34.000 manat məbləğində pul vermişdir. O da həyat yoldaşına bildirmişdir ki, pulun ona verilməsi ilə bağlı Ülvidən bir sənəd alsın. Bu sözdən sonra Nesim Ülviyə 34.000 manatı verdikdən bir neçə gün sonra ondan həmin pul ilə bağlı notariat kontoruna gedib pulu verməyini təsdiq edən sənəd verməsini tələb etmişdir. Ülvi isə bu işlərin Azərbaycanda fərqli olmasını, yəni notariat kontoruna həmin məbləğ göstərilmədiyi halda sənədləşmə işi aparılmadığını bildirmişdir. Həmin pulun da üzərinə pul qoymaqla “Rent a Car“ üçün Porşe markalı avtomobili aldığını söyləmişdir. Nesim ondan bir sənəd verməsini, yəni Porşeni adına keçirməsini istədikdə o, avtomobilin lizinqdə olmasını və VÖEN, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobilin verilməyəcəyini demişdir. Təkidlə ondan sənəd istədikdə Türk vətəndaşı olduğu üçün adına hər hansı bir sənəd verilmədiyini, lakin ona öz adından etibarnamə verə biləcəyini söyləmişdir. Ülvi öz adından ona ümumi etibarnamə vermiş və həmin etibarnamədə “Porşe” barədə hər hansı bir qeyd aparılmamışdır. Bir neçə gün keçdikdən sonra özü, həyat yoldaşı Nesim, Ülvi və onun anası ilə “Porşe” markalı avtomobillə Masallı rayonundakı evlərinə getmişlər. Onlar Masallı rayonunda 4 gün qaldıqdan sonra Bakıya qayıtmışlar. Aralarında münasibət normal olaraq qalmış və tez-tez görüşmüşlər. 2024-cü ilin fevral ayının ortalarında Ülvi Nesimdən yenidən pul istəmişdir. Nesim ona pulunun olmadığını bildirmişdir. Ülvi isə onlara “Rent a Car”da olan hansısa avtomobilin sənədləşmə işi üçün təcili 3 günlük 4000 manat məbləğində pul lazım olmasını demişdir. Bir daha pul olmadığını dedikdə Ülvi ona səslənib xahiş etmişdir ki, qızıllarını lombarda qoyub onu vəziyyətdən çıxartsın. O da Ülvinin xahişini nəzərə almışdır. Ülvi lombardın pulunu 3 gün ərzində ödəyib qızılları qaytaracağına dair söz vermişdir. Həmin günün səhəri özünə məxsus qızılları Gənclik metrostansiyasının yaxınlığında fəaliyyət göstərən lombarda qoyub 4000 manat pul götürüb Ülviyə vermişdir. Bir neçə gün keçdikdən sonra Ülvi həyat yoldaşı Nesimi aldadıb yenidən 17.000 manat məbləğində pul almışdır. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-95-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2024-cü il tarixli, 4(005)-487/2024 nömrəli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 113-cü vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildmişdir, Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikyət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinin 115-ci vərəqində olan Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarı heç bir şikyət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinin 119-cu vərəqində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 121-130-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 9735 nömrəli və xx.xx.2024-cü il tarixli, 25388 nömrəli qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş zərərin 25 faizi olaraq 1000,00 (min) manat məbləğində vəsait və Zərərçəkmiş şəxs1 dəymiş zərərin 25 faizi olaraq 4250,00 (dörd min iki yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən eyni əməllər təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; Azərbaycan Respublikası CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; Azərbaycan Respublikası CPM-nin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-360/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-360/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver