Məhkəmə qərarları › İş №1(005)-361/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-361/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-361/2022 05.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Ağsu rayonunun Girdə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 avqust 2020-ci il tarixdən başlayaraq 04 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə hər ay bir uşağa 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2020-ci il tarixli, 2(057)-1208/2020 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 3(005)-1092/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 20 may, 19 oktyabr 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 04 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 2080,00 manat aliment borcunu zərər çəkmişə ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qəsdən qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərimişdir ki, hərbi təqaüdçüdür, aylıq təqaüdü 383,00 manat təşkil edir, əlavə olaraq fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni usta işləyir və oradan da aylıq gəliri 400.0 manat təşkil edir. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə olan qeyri-rəsmi münasibətdən X3 anadan olmuş, bir müddət sonra Zərərçəkmiş şəxs ona qarşı aliment tələbinə dair Salyan Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 11 sentyabr 2020-ci il tarixli, 2(057)- 1208/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay, bir uşağa 150,00 manat sabit pul məbləğində aliment tutularaq 04 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru qətnamə üzrə olan aliment borcunun ödəməməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli. 3(005)-1092/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrası ilə bağlı ona bildiriş təqdim etməklə yeni müddət təyin etsə də o, məhkəmənin məlum qətnaməsini icra etməmişdir. Hazırda müəyyən qədər ödənişlər həyata keçirdiyini və maddi imkanının zəif olduğunu nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə olan qeyri-rəsmi münasibətlərindən X3 doğulmuş, Təqsirləndirilən şəxs övladının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Salyan Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 11 sentyabr 2020-ci il tarixli, 2(057)-1208/2020 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanmaqla hər ay bir uşağa 150,00 manat sabit pul məbləğində aliment sonuncudan tutularaq 04 yanvar 2013-cü il təvəllüdlü İnci Bədəlovanın yetkinlik yaşlarına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, o isə alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 3(005)-1092/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. İcra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən 2080 manat puldan 1070 manat ödəniş edilmişdir. Lakin məbləğ tam ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanmaqla 04 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə hər ay, bir uşağa 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 sentyabr 2020-ci il tarixli, 2(057)-1208/2020 saylı qətnaməsi icra edilməsi ilə bağlı Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə daxıl olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o. isə izahatlarında hərbi təqaüdçü olduğu üçün hər ay 383,00 manat təqaüd aldığını və əlavə olaraq fərdi əməklə məşğul olduğunu bildirsə də, alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-cı il tarixli, 3(005)- 1092/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, müdafiə tərəfinin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixdə AR ƏN İstintaq İdarəsinin rəisinə ünvanlanmış təqdimatdan görünür ki, “İcra haqqında” AR Qanununun 82.3-cü maddəsinin tələblərini rəhbər tutaraq icra sənədlərinin icrasından qərəzli olaraq yayınan borclu Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələyə baxılması üçün təqdimat verilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1208/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı atalığın müəyyən edilməsi, aliment və əlavə xərclərə cəlb etmə tələbinə dair iddiasının qismən təmin edilməsi, milliyyəti azərbaycanlı olan xx.xx.1973-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs 04 yanvar 2013-cü il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, 04 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cavabdehdən 150 manat sabit pul məbləğində alimentin cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment tələbi ilə bağlı hissədə dərhal icra edilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1208/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 04 yanvar 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay cavabdehdən 150 manat sabit pul məbləğində alimentin cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddianın aliment tələbinə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” Ağsu Rayon İcra və Probasiya Şöbəsinin 29 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1208/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 29 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1208/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra olunması Təqsirləndirilən şəxs xahiş olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 25 yanvar 2021-ci il tarixli, 153562/2020-15-23-002 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2021-ci il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir. “Borclunun axtarılması haqqında” 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov Rayon İcra Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 06 may 2021-ci il tarixli, 153562/2020-15-23-003 nömrəli xəbərdarlıqdan görünür ki, 10 gün ərzində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1092/2021 saylı, 06 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin 06 may 2021-ci il tarixdən, saat 17:45-dən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 20 may 2021-ci il tarixli, 153562/2020-15-23-004 nömrəli xəbərdarlıqdan görünür ki, xx.xx.2021-ci il tarixdə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-514/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1208/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə xx.xx.1973-cü il təvəllüdlü ünvan 3ində anadan olmuş, ünvan 3i ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 19 oktyabr 2021-ci il tarixli, 153562/2020-15-23-005 nömrəli xəbərdarlıqdan görünür ki, qısa müddət ərzində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gəlib icra sənədi üzrə tələbi təmin etməsi Təqsirləndirilən şəxs tələb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 172 və 255-ci maddəsinin B bəndi ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən, şəxsi zaminlik iltizamla azad olunub; Azərbaycan Respublikası CM-nin 193-cü maddəsinin 1-ci hissəsi, 172, 255-ci maddənin B bəndi, 194, 241-ci maddənin B bəndi, 38-ci maddələrlə təqsirli bilinərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.1998-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, xx.xx.2002-ci il tarixdə CM-nin 77-ci maddəsinə əsasən, cəzası 02 il 06 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. AZ-İİİ № 209267 nömrəli və AZ-İV 335573 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq 12 oktyabr 2013-cü il təvəllüdlü X2 adlı və 14 avqust 2019-cu il təvəllüdlü X5 adlı 2 qız övladı vardır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 29 aprel 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir; Həmin qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda həmçinin qeyd edilir ki, CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olubolmamasını müəyyən etməlidir. Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə hökmü ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1208/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən icra sənədi üzrə 29 sentyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, keçən müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, yalnız iki dəfə tələbkara ümumilikdə 1070 manat məbləğində ödəniş etmişdir. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə düşən öhdəliyi qərəzli olaraq icra etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, borcun ödənilməsinə laqeyd münasibət göstərilməklə icra sənədinin icrasını tam təmin etməkdə hərəkətsizlik nümayiş etdirmiş, dəfələrlə rəsmi xəbərdarlıq edilmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, icra sənədi üzrə müəyyən məbləğdə ödəniş etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar