Məhkəmə qərarları › İş №1(005)-361/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-361/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-361/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə, Müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə, saat 06:02-də «B D C E» kateqoriyalı sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz vəziyyətdə olan, AD 780254 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus yük avtomobili üçün yol vərəqəsi əsasında idarə etdiyi “X19 4140B” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri “Koroğlu” metrostansiyası istiqamətindən Ziya Bünyadov prospekti ilə hərpəkətdə olub “Santral Elektrik” mağazasının qarşısından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsi istiqamətində 20 km/saat sürətlə sola dönmə əməliyyatı yerinə yetirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə riayət etməyərək idarə etdiyi avtomobilin qabaq orta hissəsi ilə yolun sol tərəfindən sağ tərəfinə hərəkət edən piyada X2 ehtiyatsızlıqdan vuraraq ona baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, kəllə qapağı və əsası sümüklərinin qəlpəli basılmış sınıqları, başın sağ ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə kəllə qapağı və əsası sümüklərinin qəlpəli basılmış sınıqları, baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma nəticəsində Səltənət Hüseynovanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də sürücü işləyir, həmin MMC-yə məxsus "xxxx" Axor 4140 B markalı **-JU-*** nömrəli betonqarışdıran yük maşınını MMC tərəfindən verilən yol vərəqəsi əsasında idarə edir. Qeyd olunan yük maşını ilə işlədiyi zavoddan betonu yükləyib sonra tikinti işləri aparılan ünvanlara boşaldır. Adətən tikinti yerlərinə lazım olan betonu gecələr aparır, betonu tikinti yerinə boşaldaraq maşınla zavoda qayıdıb maşının beton yerini təmizlədikdən sonra zavodun həyətində saxlayaraq yaşadığı evə gedir. 03 fevral 2024-cü il tarixdə Neftçilər ərazisindəki dəqiq bilmədiyi ünvanda yerləşən yaşayış binası tikilən inşaya sifariş verilmiş betonu aparmaq üçün idarə etdiyi qeyd olunan yük avtomobili ilə saat təxminən 05 radələrində işlədiyi zavoda getmiş və orada tikintiyə lazım olan betonu idarə etdiyi yük avtomobilinə yükləmişdir. Bundan sonra tək idarə etdiyi yük avtomobili ilə Neftçilər ərazisində tikilən yaşayış binasına gedərək yük avtomobilində olan betonu həmin tikintiyə boşaltmışdır. Həmin gün saat təxminən 06 radələrində tikintidə olan işlərini qurtardıqdan sonra işlədiyi zavoda qayıtmaq üçün saatda təxminən 60 km/sürətlə idarə etdiyi yük avtomobili ilə Ziya Bünyadov prospekti ilə “Koroğlu” Metrostansiyası istiqamətindən “20 yanvar” Metrostansiyası istiqamətinə hərəkətdə olan zaman yolun sağ kənarında yerləşən «Santral Elektrik» adlanan mağazanın yaxınlığına çatdıqda işlədiyi zavoda getmək üçün hərəkətdə olduğu yolun əks qarşı istiqamətində yerləşən avtomobil yoluna dönmək üçün nəzərdə tutulmuş yerə çatdıqda yük avtomobilinin surətini azaldaraq saatda 20 km/sürətlə hərəkət etmiş və yük avtomobilini sola döndərərək digər yola çıxmaq üçün dönmə əməliyyatını aparmağa başlamışdır. Həmin vaxt hərəkəti üçün əks istiqamətdən yəni, Ziya Bünyadov prospekti ilə “Koroğlu” Metrostasiyasına doğru hərəkət edən avtomobil yoluna baxmış və buna görə həmin vaxt idarə etdiyi yük avtomobilinin qarşı tərəfinə diqqət yetirməmişdir. Digər yola çıxmağa az qalmış yük avtomobilinin qarşı tərəfinə diqqət yetirdikdə bir nəfər şəxsin idarə etdiyi yük avtomobilinin qarşı tərəfində olduğunu görmüş, həmin şəxsi ani bir vaxtda gördüyündən qadın və ya kişi olduğunu dəqiq bilməmişdir. O, idarə etdiyi yük avtomobilinin qarşı tərəfində həmin şəxsi görən kimi həmin şəxsi vurmamaq üçün dərhal yük avtomobilinin əyləcini sıxmış və avtomobil dərhal dayanmışdır. Lakin buna baxmayaraq o, həmin vaxt idarə etdiyi yük avtomobilinin qabaq sol hissəsi ilə avtomobilin qarşısında olan şəxsi vurmuş və nəticədə həmin şəxs zərbənin təsirindən bir neçə metr aralı məsafədə yük avtomobilinin qarşı tərəfinə yerə düşmüşdür. O, avtomobilindən düşərək həmin şəxsə yaxınlaşdıqda görmüşdür ki, maşınla vurduğu şəxs əvvəllər tanımadığı orta yaşlı qadın adını sonradan bildiyi X3r. Diqqət yetirmişdir ki, həmin qadının baş nahiyyəsindən qan axır və hərəkət etmir. Buna görə 103 Təcili Tibbi yardım xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və yük avtomobili ilə vurduğu şəxsə tibbi yardım göstərilməsi üçün hadisənin baş verdiyi ünvana dəvət etmişdir. Bir az keçmiş hadisə yerinə Təcili tibbi yardım avtomobili gəlmiş və tibb işçiləri xəsarət almış Səltənət Hüseynovanın aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, polis əməkdaşlarına hadisəni onun törətdiyini bildirmişdir. Polis əməkdaşları onun və digər şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirmiş, bu barədə tərtib olunmuş protokolun və çəkilmiş sxemin doğruluğu iştirakçılar tərəfindən oxunduqdan sonra imzalarla təsdiq olunmuşdur. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və dəymiş ziyanın ödənilməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi Nümayəndə ifadəsində göstərdi ki, X5 onun bacısıdır. Bacısı Səltənətin ailəsi olmadığına görə ünvan 3 ünvanında tək yaşamış, X6 adına Respublika Kliniki Uroloji Xəstəxanasında sanitarka işləmişdir. Bacısı Səltənət hər gün səhər saat 06:00-da işə getmiş və saat 17:00-da işdən çıxaraq evə qayıtmışdır. Bacısı Səltənət tək yaşasa da o, mütəmadi olaraq bacısının yaşadığı evə gedərək ona baş çəkmiş və ya Səltənət onun yaşadığı evə gəlmiş, gündəlik əlaqə saxlamışlar. 03 fevral 2024-cü il tarixdə səhər saat saat 07 radələrində ailə üzvləri ilə yaşadığı evdə olan zaman istifadəsində olan mobil nömrəsinə bir nəfər zəng vuraraq özünü Nərimanov rayon 17-ci Polis Şöbəsinin əməkdaşı kimi təqdim etdikdən sonra bildirmişdir ki, bacısı Səltənət Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən «Santral Elektrik» adlanan mağazanın bərabərliyindəki avtomobil yolunu keçərkən onu bir nəfər sürücü idarə etdiyi yük maşını ilə vuraraq xəsarət yetirmiş və bacısı Səltənət aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Zəng vuran polis əməkdaşı hadisə baş vermiş yeri izah etdikdən sonra o əri X12 ilə evdən çıxaraq hadisə baş vermiş yerə getmişlər. Hadisə yerinə çatanda həmin yerdə çoxlu sayda tanımadığı insanların, polis əməkdaşlarının olduğunu və bacısı Səltənətin meyitinin avtomobil yolunda olduğunu görmüşdür. Polislər hadisə yerinə baxdıqdan sonra bacısı Səltənətin meyiti polis əməkdaşlarının hadisə yerinə dəvət etdiyi «Ford Tranzit» markalı avtomobil ilə tibbi müayinə etdirmək üçün 5 saylı xəstəxanada yerləşən meyitxanaya aparılmışdır. Hadisə yerində olarkən ona məlum olmuşdur ki, 03 fevral 2024-cü il tarixdə səhər saat 06:03 radələrində bacısı Səltənət işə gedərkən «Santral Elektrik» mağazasının bərabərliyində yerləşən avtomobil yolunu keçən zaman onu əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs idarə etdiyi “X19 4140 B” yük markalı betonqarışdıran maşın ilə vurmuş, hadisənin baş verməsi nəticəsində bacısı Səltənət Hüseynova aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. O, baş vermiş yol nəqliyyat hadisəsini görməmiş, hadisə barədə ona hadisə yerinə gəldikdə orada olan polis əməkdaşlarının bildirdiklərindən məlum olmuşdur. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam olaraq ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işinin 4-18-ci vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsindəki 10 saylı Cəzaçəkmə Müəssisəsinin bərabərliyindəki yoldur. Yolun hərəkət hissəsi – üfüqi, düz, örtüyün növü – asvalt beton, örtüyün vəziyyəti – quru, yol örtüyünün eni – 14.4 metr, hərəkət zolaqlarının sayı -2, hərəkət hissəsinin eni – 14.4 metr. Cinayət işinin 47-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli rəydən görünür ki, 1963-cü il təvəllüdlü X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi: baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma, kəllə qapağı və əsası sümüklərinin qəlpəli basılmış sınıqları, başın sağ ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarət həyati olub, S.Q.Hüseynovanın ölümündən az əvvəl küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 03 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan yük maşınının onu vurması nəticəsində əmələ gəlməsi mümkündür, bilavasitə ölümlə səbəbli əlaqəlidir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin sınıqları, baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salislatlar aşkar edilməmişdir. Cinayət işinin 57-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 60-cı vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 18 may 2024cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X13, həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 236-cı maddələrinə əsasən tərtib etmişdir ki, Daxili İşlər Nazirliyi X7 Xidmətindən xx.xx.2024-cü il tarixdə 3-13-3/2-9041/2024 nömrəli məktubla daxil olmuş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd DVD diskdə 5 ədəd qovluq vardır, həmin qovluqlar Aşkarlama, DYPŞ YPX 652, RPİ PPX 6970, toqquşma, TŞ6-077 1(03-fev-24 07 _09_06 AZST) adları ilə qeydə alınmışdır. DVD diskinə köçürülmüş Aşkarlama və DYPŞ YPX 652, RPİ PPX 6970 adı ilə qeydə alınmış videogörüntülərində əks olunan təsvirlərdə Bakı şəhəri, Nərimanov rayonu, «Santral Elektrik» mağazanın bərabərliyində baş vermiş yol nəqliyyat qəzası hadisəsi öz əksini tapmış, həmin videogörüntülərdə yol nəqliyyat hadisəsindən sonrakı anlar fiksə edilmişdir. Həmin görüntülərə baxış zamanı hadisə yerində çoxlu sayda avtomobillərin olduğu, eyni zamanda hadisə yerinə gəlmiş post patrul xidməti, eyni zamanda yol patrul xidməti avtomobillərində xidmət aparan polis əməkdaşlarının hadisə yerini mühafizə etdikləri müəyyən edilmişdir. Təqdim edilmiş digər 5-ci «toqquşma» adı ilə qeydə alınmış götüntü xx.xx.2024-cü il tarixdə, saat 06:02:00 saniyədən saat 06:02:15 saniyəyədək olan anları fiksə etmişdir. Həmin görüntüyə baxışı fiksə edən kamera hadisə yerindən uzaq məsafədə quraşdırılmış, həmin kameranın qeyd olunan radələrdə əhatə dairəsi uzaq məsafədən hadisə yerini fiksə etmişdir. Belə ki, görüntüdə "xxxx" betonqarışdıran yük avtomobilinin Bakı şəhəri, Koroğlu Metrostansiyası istiqamətindən Ziya Bünyadov prospekti ilə şəhərin mərkəzi istiqamətinə doğru hərəkətdə olub «Santral Elektrik» mağazanın bərabərliyindən qarşı əks hərəkət yoluna, yəni 10 saylı CÇM istiqamətində dönmək istəyir və əks istiqamətli yola daxil olmağa az məsafə qalmış yolun ortasında olan piyadanı vurur, həmin anda da yük avtomobili dayanır, daha sonra yük avtomobili bir neçə metr arxaya doğru hərəkət edib dayanır. Yük avtomobili 06:02:00 saniyədən saat 06:02:10 saniyəyədək dönmə əməliyyatı yerinə yetirməklə həmin anda da piyadanı vurmuşdur. Cinayət işinin 69-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli 8/1713-4/948 nömrəli rəydən görünür ki, videoyazıdakı görüntülərdə tədqiqatı tələb olunan yol-nəqliyyat hadisəsi - nəqliyyat vasitəsinin piyadanı vurması hadisəsi müəyyən olunmadığından videoyazıların məhkəmə ekspertizası qarşısında qoyulmuş sualar üzrə tədqiqat aparılmadı. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “X19 4140B” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyul 2016-cı il tarixli, AZ-İ seriyalı 000102 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 247 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Həmçinin, 3 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş 03 noyabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı 418411 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 4522 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 79-84-cü vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təhlükəsizlik Şəhər Xidmətinin video müşahidə kameralarının xx.xx.2024-cü il tarixdə saat 05:50-dən 06:50-dək olan müddət ərzində Z.Bünyadov prospekti “Santral Elektrik” adlanan mağazanın yaxınlığında Koroğlu metrostansiyası istiqamətində TŞ6-77 nömrəli kamera vasitəsi ilə əks olunmuş görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R diski və “X19 4140B” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması və bir ədəd DVD-R diskin iş materiallarına əlavə edilməsi, “X19 4140B” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Nümayəndə notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərzəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı həlak olmuş X1 dəfn ilə bağlı xərcləri xx.xx.1986-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir, onunla barışmışlar, ona qarşı heç bir şikayəti yoxdur və gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi olmayacaq. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan - baş vermiş yol-nəqliyyat hadisəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Xidmətindən xx.xx.2024-cü il tarixdə 3-13-3/2- 9041/2024 nömrəli məktub ilə istintaqa təqdim olunmuş Z.Bünyadov prospekti “Santral Elektrik” adlanan mağazanın yaxınlığında Koroğlu metrostansiyası istiqamətində TŞ6-77 nömrəli kamera vasitəsi ilə videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – “X19 4140B” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - baş vermiş yol-nəqliyyat hadisəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X7 Xidmətindən xx.xx.2024-cü il tarixdə 3-13-3/2- 9041/2024 nömrəli məktub ilə istintaqa təqdim olunmuş Z.Bünyadov prospekti “Santral Elektrik” adlanan mağazanın yaxınlığında Koroğlu metrostansiyası istiqamətində TŞ6-77 nömrəli kamera vasitəsi ilə videogörüntülərin əks olunduğu DVD-R formatlı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – “X19 4140B” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar