Məhkəmə qərarları › İş №1(005)-362/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-362/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-362/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Qəhrəmanov Tural Rasim oğlunun, təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğlunun iştirakları ilə, 11 avqust 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu ev 30A, mənzil 23 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Səbail bağ evlərində yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Əliyev Ceyhun Elman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev Ceyhun Elman oğlu qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, daşımış, saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq bir ədəd keçmiş SSRİ-də 1965-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən HC-1808 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd darağı, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibri olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 05 ədəd patronu qanunsuz olaraq əldə edib, daşıyaraq, üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ceyhun Əliyev 21 sentyabr 2020-ci il tarixdə saat 15:50-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 26 ünvanının qarşısında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib, sol əlində saxladığı qara rəngli dəndən hazırlanmış kişi əl çantasının içərisində gizlədib saxlamaqla gəzdirdiyi bir ədəd keçmiş SSRİ-də 1965-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən HC-1808 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq və onun içərisindən zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlu məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl anasının qəbrini ziyarət etmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Sufi Həmid” qəbiristanlığına getmişdir. Qəbiristanlıqda olduğu zaman hasarın kənarında bir ədəd sellofan bükümün olmasını görmüş, həmin sellofan büküm maraqlı gəldiyi üçün açıb içərisinə baxdıqda içərisində 1 ədəd Makarov tipli odlu silahın, bir ədəd içərisində 05 ədəd patronları olan darağın olmasını görmüşdür. Silaha marağı olduğu üçün sellofan bükümdə olan əşyaları götürərək qəbiristanlıqdan çıxıb yaşadığı evə getmişdir. Yaşadığı evə getdikdən sonra sellofan torbadan Makarov tipli odlu silahı və içərisində 05 ədəd patronlar olan darağı götürərək yaşadığı ünvanda özünə məxsus olan dəri materialdan hazırlanmış əl çantasının içərisinə qoymuş və heç kəsin görməyəcəyi bir yerdə gizlətmişdir. Həmin əşyaları yaşadığı ünvanda saxlaması barədə ailə üzvlərinin məlumatı olmamışdır. 21 sentyabr 2020-ci il tarixdə saat 15:50 radələrində yaşadığı ünvanda gizlətdiyi içərisində 1 ədəd Makarov tipli odlu silah və içərisində 05 ədəd patronlar olan 01 ədəd darağın olduğu özünə məxsus dəri materialdan hazırlanmış əl çantasını götürərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 26 ünvanının qarşısında hərəkət etdiyi zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim edib Əliyev Ceyhun Elman oğlu olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində odlu silah hesab edilən bir ədəd “Makarov” tipli tapança, həmin tapançaya məxsus bir ədəd sandıqça və sandıqçanın içində 05 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah tapança olduğunu bildirib, sol əlində saxladığı kişi əl çantasını və əynində olan şalvarının sol yan cibində olan 20 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi əl çantasının içində bir ədəd odlu silah tapança olduğunu bildirmişdir. Həmin əl çantası onun və digər iştirakçıların şahidliyi ilə açıldıqda çantanın içindən bir ədəd tapança, bir ədəd sandıqça və sandıqçanın içindən 05 ədəd patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş tapançanı, sandıqça və 05 ədəd patronu qəbiristanlıqdan təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı götürüb özündə saxladığını bildirmişdir. Axtarış davam etdirilərkən əynində olan şalvarının sağ arxa cibindən bir ədəd “Vertu” markalı mobil telefon aşkar olunmuşdur. Axtarış zamanı üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş tapança, sandıqça və patronlar polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş və tərəfindən imzalanmışdır. Bundan başqa aşkar edilmiş 20 manat pul və kişi əl çantası onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bir ədəd “Vertu” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Himayəsində azyaşlı uşağı vardır. Yekunda barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Nağıyev Vüqar Mirdövlət oğlu ifadəsində göstərmişdir ki, 20 iyul 2020-ci il tarixdə “Ceyhun” adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ceyhun” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Əliyev Ceyhun Elman oğlu olması müəyyən edilmiş və məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən, yəni ondan, baş əməliyyat müvəkkili polis mayoru Abbasov Nəriman Mirzaman oğlundan və baş əməliyyat müvəkkili polis mayoru Kazımlı Fərid Qadir oğlundan ibarət qrup yaradılmış, həmin qrupa o, rəhbərlik etmişdir. Daha sonra onlar Ceyhun Əliyevin yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ceyhun Əliyevin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 26 ünvanının yaxınlığında olması müəyyən edilmiş və Ceyhun Əliyev xx.xx.2020-ci il tarixdə saat 15:50-də qeyd edilən ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Ceyhun Əliyev etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarədə Ceyhun Əliyevə müdafiəçi təyin edilmiş, Ceyhun Əliyevə qanunsuz olaraq üzərində odlu silah və döyüş sursatını əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi, bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla şəxsi axtarış başlanılmışdır. Ceyhun Əliyev təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra daxil olmuş məlumatla əlaqədar ona üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Ceyhun Əliyev masaya doğru yaxınlaşıb əlində saxladığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah olan tapança olduğunu bildirib, sol əlində saxladığı kişi əl çantasını və əynində olan şalvarının sol yan cibindən çıxardığı 20 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra həmin əl çantası iştirakçıların iştirakı ilə açıldıqda çantanın içərisindən bir ədəd tapançaya oxşar dəmir predmet, bir ədəd sandıqça və sandıqçanın içərisindən 05 ədəd patron aşkar olunmuşdur. Baxış zamanı tapançaya oxşar dəmir predmetin üzərində “HC-1808”, “1965” və sandıqçanın üzərində isə “7800” yazıldığı müəyyən edilmişdir. Şifahi sorğu zamanı Ceyhun Əliyev üzərindən aşkar olunmuş tapançanı, sandıqça və 05 ədəd patronu təxminən 10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Sufi Həmid” qəbiristanlığından təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı götürüb özündə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Ceyhun Əliyevin əynində olan şalvarının sağ arxa cibindən bir ədəd “Vertu” markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Ceyhun Əliyevin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Ceyhun Əliyevin üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet, bir ədəd sandıqça və 05 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş, həmin zərf üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin aşkar edilmiş 20 manat pul və əl çantası iş üzrə əhəmiyyət kəsb etmədiyindən Ceyhun Əliyevin özünə qaytarılmış, aşkar olunmuş “Vertu” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi hər kəsə izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Abbasov Nəriman Mirzaman oğlu iş üzrə digər şahid Nağıyev Vüqar Mirdövlət oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Kazımlı Fərid Qadir oğluna məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid Kazımlı Fərid Qadir oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən aydın oldu ki, o, iş üzrə digər şahidlər Nağıyev Vüqar Mirdövlət oğlunun və Abbasov Nəriman Mirzaman oğlunun ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyrimümkünlüyünü nəzərə alaraq xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 30A, mənzil 23 ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki yaşayan Əliyev Ceyhun Elman oğlunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Əliyev Ceyhun Elman oğlunun qanunsuz olaraq özündə saxladığı odlu silah və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silah və döyüş sursatının vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Əliyev Ceyhun Elman oğlunun olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Əliyev Ceyhun Elman oğlu həmin tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru Seyidov Mirata Mirmöhsün oğlu, əməliyyat müvəkkilləri Nağıyev Vüqar Mirdövlət oğlunun, Abbasov Nəriman Mirzaman oğlunun, Kazımlı Fərid Qadir oğlunun, barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - Əliyev Ceyhun Elman oğlunun, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Qasımov Süleyman Ələsgər oğlunun iştirakları ilə protokol tərtib etmişdir. İdarəyə daxil olmuş məlumat əsasında 21 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 15:50-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov küçəsi 26 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib üzərində və yaşadığı ünvanda saxlamaqda şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Əliyev Ceyhun Elman oğlunun paltarında, əşyalarında və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 sentyabr 2020-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Ceyhun Əliyev barəsində 21 sentyabr 2020-ci il tarixdə saat 17:21-də şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Əliyev Ceyhun Elman oğluna şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Ceyhun Əliyev buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Ceyhun Əliyev əlində saxladığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah tapança olduğunu bildirib, sol əlində saxladığı kişi əl çantasını və əynində olan şalvarının sol yan cibindən çıxardığı 20 manat pulu masanın üzərinə qoymaqla təqdim etdi. Ceyhun Əliyev təqdim etdiyi qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində bir ədəd odlu silah tapança olduğunu bildirdi. Həmin əl çantası iştirakçıların şahidliyi ilə açıldıqda çantanın içindən bir ədəd tapançaya oxşar dəmir predmet, bir ədəd sandıqça və sandıqçanın içindən 05 ədəd patron aşkar olundu. Baxış zamanı tapançaya oxşar predmetin üzərində “HC-1808”, “1965” və sandıqçanın üzərində isə “7800” rəqəmlər və hərflərin yazıldığı müəyyən edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Ceyhun Əliyev üzərindən aşkar edilmiş tapançanı, sandıqça və 05 ədəd patronu təxminən 10 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Sufi Həmid” qəbiristanlığından təsadüfən tapdığını, odlu silahlara marağı olduğu üçün həmin tapançanı götürüb özündə saxladığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Ceyhun Əliyevin əynində olan şalvarının sağ arxa cibindən bir ədəd “Vertu” markalı mobil telefon aşkar olundu. Şəxsi axtarış zamanı Ceyhun Əliyevin üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Ceyhun Əliyevin üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet, bir ədəd sandıqça və 05 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 20 manat pul və əl çantası iş üzrə əhəmiyyət kəsb etmədiyindən Ceyhun Əliyevin özünə qaytarıldı, aşkar olunmuş “Vertu” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 22 sentyabr 2020-ci il tarixli, 20/478R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd HC-1808 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1965-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texnki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur; “Maddi sübut kimi tanınma haqqında” 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Əliyev Ceyhun Elman oğlunun üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd HC-1808 nömrəli, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, istifadəyə və atəş üçün yararlı, döyüş sursatı hesab edilən, tədqiqatlardan sonra 02 ədəd qalan patronlar öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-in maddi sübutları saxlama yerinə təhvil verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 4(005)-1121/2020 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əliyev Ceyhun Elman oğlu barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 5(005)-816/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Nağıyev Vüqar Mirdövlət oğlu tərəfindən qəbul edilmiş və həmin İdarənin rəis müavini Fariz Vəliyev tərəfindən təsdiq edilmiş 21 sentyabr 2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli, 011-9423-1220 nömrəli məktubundan görünür ki, 01 ədəd 9 mm kalibrli, HC-1808 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli, 012-20310-1220 nömrəli məktubundan görünür ki, “Makarov” markalı, 9 kalibrli, 5885 №-li və 1965-ci ildə istehsal edilmiş HC-1808 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 05 oktyabr 2020-ci il tarixli, 15/3036 nömrəli məktubundan görünür ki, 1965-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunan HC-1808 nömrəli “Makarov” konstruksiyalı tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Əliyev Ceyhun Elman oğlu məhkumluğu olmayan şəxsdir; “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və cinayət işi materiallarından cinayət işinin ayrılması haqqında” 22 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Əliyev Ceyhun Elman oğlunun üzərində şəxsi axtarış aparılan zaman qanunsuz olaraq əldə edib, əlində saxladığı özünə məxsus olan dəri materialdan hazırlanmış kişi əl çantasının içərisində gizlədib saxlamaqla gəzdirdiyi bir ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, yivli odlu, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən HC-1808 nömrəli silah, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, texniki cəhətdən saz, bircərgəli və 8 ədəd 9x18 mm kalibrli patron tutumlu daraq və 05 ədəd patronların aşkar edilərək götürülməsinə dair 02 vərəqdən ibarət şəxsi axtarış və götürülmə aparılması haqqında protokol və şəxsi axtarış və götürülmənin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Makarov” konstruksiyalı tapançanın, tədqiqatdan sonra 02 ədəd qalmış patronların və bir ədəd darağın maddi sübut kimi tanınması haqqında 22 sentyabr 2020-ci il tarixli qərar iş üzrə nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlu tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Əliyev Ceyhun Elman oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Əliyev Ceyhun Elman oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; himayəsində yetkinlik yaşına çatmayan, xx.xx.2010-cu il təvəllüdlü uşağının olmasını (əsas: iş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surəti); yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Qaradağ rayon 129 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamə). Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Əliyev Ceyhun Elman oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Əliyev Ceyhun Elman oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Əliyev Ceyhun Elman oğluna CMin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Əliyev Ceyhun Elman oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Əliyev Ceyhun Elman oğlunun barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 4(005)- 1121/2020 nömrəli qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Əliyev Ceyhun Elman oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 21 sentyabr 2020-ci il tarixindən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlu CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd “Makarov” konstruksiyalı odlu silah, 02 ədəd patron və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir (CPM-132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Əliyev Ceyhun Elman oğlunun CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Qasımov Süleyman Ələsgər oğluna və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Səfər Gülüm oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı müdafiəçi Qasımov Süleyman Ələsgər oğlunun iştirak etdiyi 26 (iyirmi altı) iş saatı üçün 156 (yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına və Əliyev Ceyhun Elman oğlunun müdafiəçisi Hüseynov Səfər Gülüm oğluna isə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Əliyev Ceyhun Elman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əliyev Ceyhun Elman oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 21 sentyabr 2020-ci il tarixdən hesablansın. Əliyev Ceyhun Elman oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd “Makarov” konstruksiyalı odlu silah, 02 ədəd patron və 01 ədəd daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Qasımov Süleyman Ələsgər oğlu tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən şəxs Əliyev Ceyhun Elman oğlunun hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 26 (iyirmi altı) iş saatı üçün cəmi 156 (yüz əlli altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hüseynov Səfər Gülüm oğlu tərəfindən Əliyev Ceyhun Elman oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar