Məhkəmə qərarları › İş №1(005)-362/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-362/2025

04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-362/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2, müdafiəçi – Bakı şəhər “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, biri yetkinlik yaşına çatmayan 2 övladı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 23, mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.1 və 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs tərəfindən Şahid direktoru olduğu "xxxx" MMC-nin nəzdində yükdaşıma fəaliyyəti ilə məşğul olan “X9” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını üçün verilmiş AZ 235786 seriya nömrəli yüklərin daşınması hüququnu verən, ingilis dili, fransız dili və alman dilində olmaqla 3 nüsxədə “İstismara yaradılıq” sertifikatından istifadə etməklə, Şahid direktoru olduğu "xxxx" MMC-nin nəzdində yükdaşıma fəaliyyəti ilə məşğul olan digər “X9” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını üçün AZ 235786 seriya nömrəli, rəsmi sənəd olaraq yüklərin daşınması hüququnu verən “İstismara yararlılıq” sertifikatını ingilis dili, fransız dili və alman dilində olmaqla 3 nüsxədə 2024-cü ilin sentyabr ayının sonlarında istintaqa məlum olmayan yerdə saxtalaşdırmaqla qanunsuz hazırlayıb həmin sənədləri 100 manat müqabilində Şahid sataraq, 27 sentyabr 2024-cü il tarixdə "xxxx" MMC-nın ünvan 1 ünvanında yerləşən ofisinə çatdırıb, bilə-bilə həmin saxta sənəddən istifadə etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsindən imtina edərək cinayət təqibinin təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsi ilə davam etdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə Nəqliyyat Nazirliyinin Avtonəqliyyat Servis departamentində mütəxəssis işləməyə başlamışdır. Sonradan həmin qurum X4 xidməti adlandırılmış və orada X1 Beynəlxalq əməkdaşlıq sektorunda məsləhətçi vəzifəsində işləmişdir. Bir müddət sonra sturuktur dəyişikliklərinə əsasən çalışdığı qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi adlandırılmış, lakin sturuktur dəyişiklikləri aparılarkən xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin qərarı qanunsuz hesab etdiyinə görə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, hazırda şikayəti üzrə məhkəmə baxışı davam edir. Buna görə də Agentliyin onunla qərəzli münasibəti vardır. "xxxx" MMC-nin direktoru Şahid 2020-ci il tarixdən tanıyır. Onunla yalnız mobil telefonla danışmışlar, üzbə-üz görüşləri olmamışdır. Belə ki, X4 xidmətində X1 Beynəlxalq əməkdaşlıq sektorunda məsləhətçi işləyən zaman xarici ölkələrə yük daşıma ilə məşğul olan şirkətlərə yol icazə vərəqələrinin verilməsi onun səlahiyyətlərində idi. Buna görə də, bu işlə məşğul olan müxtəlif şirkətlərin rəhbərləri və digər əməkdaşları onunla mütəmadi olaraq əlaqə saxlamışlar. Orxanı da bu kimi işlərin görülməsi ilə bağlı qiyabi olaraq tanımışdır. 2024-cü ilin sentyabr ayının sonlarında Orxan onunla əlaqə saxlayıb AZ235786 seriya nömrəli **-AF-*** qeydiyyat nişanlı yük avtomaşınına istismara yararlılıq sertifikatı lazım olduğunu bildirmiş, bundan sonra Orxan ona özündə olan başqa bir yük avtomobilinə məxsus sertifikatın fotoşəklini göndərmiş, onun göndərdiyi sertifikatın fotoşəklində avtomobilin ban nömrəsini və qeydiyyat nişanını mobil telefonunda olan “CamScan” adlı proqram vasitəsi ilə dəyişib Orxana göndərmişdir. Orxana göndərməkdə məqsədi o olmuşdur ki, nümunə formasına uyğun hazırlayıb Agentliyə təqdim etsin. Həmin sənədlərin açıq formada nümunələri mövcuddur. Özü heç bir saxta sənəd hazırlamamış və təqdim etməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, həmin sənəd nümunələri beynəlxalq sənədlərdə mövcuddur. Hər kəs həmin nümunələrdən istifadə edə bilər. Qanunsuz heç bir hərəkət etməmişdir. Həmin vaxt işsiz olduğu üçün məsləhət verməsi və köməklik etməsi məqsədilə Orxan ona 100 manat göndərmişdir. Həmin 100 manatı sənədin düzəldilməs məqsədilə almamışdır, sadəcə köməklik etdiyi üçün göndərmişdir. Həmin 100 manatı qəbul etdiyi üçün peşmandır, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan övladının olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə AYNA-nın Yük daşımaları departamentinin direktoru Sübhan Əbilovun “İstismara yararlılıq” sertifikatının saxtalaşdırılmasına əsaslı şübhələrin olmasına dair xidməti məktub əsasında tərəfindən araşdırma aparılmağa başlanılmışdır. Belə ki, verilən məlumata əsasən dövrü yoxlamalardan "xxxx" MMC-nin mülkiyyətində olan “X9” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə xx.xx.2023-cü il tarixdə verilmiş və xx.xx.2024-cü il tarixdə etibarlılığı bitməsi göstərilmiş AZ235786 nömrəli “istismara yararlılıq” sertifikatı verilmişdir. Eyni seriya nömrəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həmin şirkətin eyni markalı **-AF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə üzərində Rəqəmsal İnkişaf Nazirliyinin icazələr üçün möhürü və Yük Daşımaları departamentinin direktoru Sübhan Əbilovun imzası olan saxta “istismara yararlılıq” sertifikatı aşkar edilmişdir. Həmçinin seriya nömrəsi AZ235786 olmasına baxmayaraq sertifikatda göstərilən avtomobilin qeydiyyat nişanı başqadır və sistemdə həmin sənəd çıxmır. Bundan başqa həmin sertifikatda olan Sübhan Əbilova məxsus imza və möhürün saxtalaşdırılması müəyyən edilmişdir. Araşdırma zamanı Şahid demişdir ki, sertifikatı 100 manat müqabilində Təqsirləndirilən şəxs almışdır. Daha sonra bu barədə Agentlik tərəfindən rəsmi olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən əvvəllərdə bu cür saxta sənədlərin təqdim edilməsi halları olmuş və bu barədə aidiyyəti qurumlara müraciət edilmişdir. Ümumiyyətlə yük daşımaları ilə bağlı sənədləşmə beynəlxalq konvensiyalarla və daxili qanunvericiliklə tənzimlənir. Elmar Yusifov tərəfindən təqdim edilmiş sənəd saxta olduğu öz təsdiqini tapmışdır. Şikayətçi olduqlarını bildirərək qanunvericiliyə uyğun qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, 2017-ci ildən "xxxx" MMC-ni təsis etmiş və hazırki vaxtadək həmin MMC-nin direktoru işləyir. MMC-nin fəaliyyəti həm ölkə daxilində, həm də müxtəlif ölkələrdən idxal olunmuş malların daşınmasından ibarətdir. Rəhbəri olduğu "xxxx" MMC-nin ofislərindən biri Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi 51A ünvanında yerləşir. Həmin MMC-nin balansında 4 ədəd Mercedes markalı yük avtomaşını var. Həmin avtomaşınlar digər ölkələrin ərazisinə daxil olan zaman xarici gömrük idarələri tərəfindən hər avtomaşın üçün BNF (Beynəlxalq yük daşımalar) icazə kitabçası tələb olunur. Həmin icazə kitabçasını almaq üçün isə hər avtomobil üçün istismara yararlılıq sertifikatı tələb olunur. Həmin sertifikat isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Elman Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində işləyirdi və əvvəllər MMC-yə məxsus yük avtomaşınlarının Beynəlxalq daşınmalar üçün lazım olan müvafiq sənədlərin alınmasında Elmanla əlaqə saxlamışdır. Həmişə onunla telefon vasitəsi ilə əlaqə saxlamışdır. xx.xx.2024-cü il tarixdə “Mercedes Attego” markalı **-AF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi almış, qeyd olunan avtomaşının beynəlxalq yük daşınmasında istifadə edilməsi üçün AYNA-dan Beynəlxalq yük daşımaları üçün icazə blankı və ya alternativ BNF icazə kitabçası almalı idi. Həmin icazə kitabçasının alınması üçün texniki baxış sənədi yəni, istismara yararlılıq sertifikatı tələb olunurdu. Həmin vaxt yük avtomaşını Naxçıvan Muxtar Respublikasında olduğu üçün xx.xx.2024-cü il tarixdə Elmana zəng edib, “Mercedes Attego” markalı **-AF-*** qeydiyyat nişanlı avtomaşınına istismara yararlılıq sertifikatı lazım olduğunu, lakin avtomaşını Bakı şəhərinə gətirə bilməyəcəyini demişdir. Həmçinin ona MMC-yə məxsus “Mercedes Attego” markalı **-AF-*** qeydiyyat nişanlı yük avtomaşını üçün əvvəllər aldığı texniki baxış sənədini “Whatsapp” tətbiqi vasitəsilə göndərib bildirmişdir ki, qeyd olunan sənəddən “Mercedes Attego” markalı **-AF-*** qeydiyyat nişanlı avtomaşını üçün də lazımdır. Elman isə ona bildirmişdir ki, 100 manat ona pul versin, avtomaşınının Bakı şəhərinə gətirilməsinə ehtiyac olmadan özü həmin avtomaşın üçün istismara yararlılıq sertifikatı alıb verəcəkdir. Təxminən bir neçə saat keçdikdən sonra Elman “Mercedes Attego” markalı 75- AF-923 qeydiyyat nişanlı avtomaşını üçün istismara yararlılıq sertifikatının şəklini Whatsapp proqramı vasitəsi ilə ona göndərmişdir. Lakin, göndərdiyi həmin şəkildə sertifikatın tarixi düzgün yazılmamış, Elman ona demişdir ki, sertifikatın özünü Ağa Neymətulla küçəsində AKKORD-un binasının yaxınlığından götürə bilər. Lakin, həmin vaxt Naxçıvanda olduğu üçün ondan xahiş etmişdir ki, hazırladığı sertifikatı Nərimanovda yerləşən ofisinə versin. Elman isə 100 manat pulu onun kartına vurmağını istəmiş və sertifikatı özü ofisə verəcəyini bildirmişdir. Təxminən bir saat sonra Elman hazırladığı istismara yararlılıq sertifikatını ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə təqdim etmiş, bundan sonra kart hesabına 100 manat pul göndərmişdir. Bundan sonra avtomobil ilə yük daşıması həyata keçirilməsi üçün BNF icazə kitabçası alınması məqsədilə AYNA-nın yük daşımaları departamentinə aparmışlar, həmin vaxt ona deyilmişdir ki, avtomaşın üçün istismara yararlılıq sertifikatı portalda yoxdur. Sonra isə sənədi yoxlamışlar və ona saxta olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təqdim edilmiş CD diskə baxış keçirilməsi barədə” 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, CD diskə baxış zamanı diskin içərisində 01 ədəd video fayl, 05 ədəd səsyazma faylları və 04 ədəd fotoşəkillər vardır. Həmin video fayllara və fotoşəkillərə baxış zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Şahid aralarında olan "Whatsapp" yazışmaları zamanı Təqsirləndirilən şəxs özünün hazırladığı “İstismara yararlılıq" sertifikanının fotoşəklini göndərir və Nərimanov rayonunda “Akkordun” yanında olacağını, gəlib ordan götürülə biləcəyini, 100 manat pulun da qaldığını bildirir. Şahid isə sertifikatı öz ofisinə verməyini bildirir, daha sonra Təqsirləndirilən şəxs pulu karta vurmasını, sonra sertifikatı ofisinə verəcəyini deyir. Bundan sonra Şahid Təqsirləndirilən şəxs kart hesabına 100 manat pulu göndərməsilə bağlı qəbzi göndərməsi müəyyən olunmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il, saat 18:55-də tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “13 iyun 2025”-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən 14 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işindən başqa heç bir məlumata rast gəlinməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 5/662 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmis ingilis, fransız və alman dillərdə tərtib edilmiş 17 oktyabr 2023-ci il tarixdən 17 oktyabr 2024-cü il tarixədək və 21 sentyabr 2024-ci il tarixdən sentyabr 2025-ci il tarixədək müddətlərə verilmiş "X9 816" markalı nəqliyyat vasitəsinin istifadəyə yararlığı barədə AZ 235786 nömrəli sertifikatlarında olan möhür əksləri relyef klişe vasitəsilə sənədlərin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş ingilis, fransız və alman dillərdə tərtib edilmiş 17 oktya 2023-ci il tarixdən 17 oktyabr 2024-cü il tarixədək və 21 sentyabr 2024-ci il tarixdən ma sentyabr 2025-ci il tarixədək müddətlərə verilmiş nəqliyyat vasitəsinin istifadəyə yararlığı barədə AZ 235786 nömrəli sertifikatlarında olan imzalar faksimile klişe vasitəsilə əks olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014 təvəllüdlü X7 adlı yetkinlik yaşına çatmayan və xx.xx.2004 təvəllüdlü X5 adlı iki övladı vardır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 320.2-ci maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısının imtina etməsi nəzərə alınmalı və CM-in 320.2-ci maddəsi ona verilmiş ittihamdan çıxarılmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir.Cinayət Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır.Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır.Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu cinayət əməli idarəetmə qaydası əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi idarəetmə faəliyyətini predmetləri vəqisə və ya digər rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların hazırlanmasını, onlardan istifadənin və həmin predmetlərlə davranışın qanunverciliklə müəyyən olunmuş qaydası çıxış edir. Nəzərə alınmalıdır ki, dövlət əleyhinə olan cinayətlər ictimai təhlükəli əməllər hesab olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin və şahid ifadələri, ekspert rəyləri, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməyərək heç bir saxta sənəd hazırlamaması, eləcə də əvvəllər Nəqliyyat Nazirliyinin əməkdaşı olduğu üçün işlədiyi sahəyə dair xarici ölkələrə yük daşıma ilə bağlı sənədlər barədə məlumatlı olduğundan bu barədə Şahid məsləhət verdiyini və köməklik etdiyi üçün ona 100 manat pulun göndərilməsini bildirməsinə dair ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş bu ifadə məsuliyyətdən boyun qaçırmaq məqsədi daşımaqla özünü müdafiə xarakterli ifadə hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, “DVD” diskdə olan məlumatlar, ekspertiza rəyi istintaq hərəkəti protokolları və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə heç bir saxta sənəd hazırlamadığını bildirsə də, həm məhkəmədə tədqiq edilmiş CD diskdə olan yazışmalardan, həmçinin ifadəsində "xxxx" MMC-nin direktoru Şahid avtomobil üçün istismara yararlılıq sertifikatının şəklini göndərdiyini bildirmiş, bundan başqa Şahid 100 manat müqabilində pulun onun kartına köçürüldüyünü etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında özünü təqsirli bilməməsi barədə olan ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, o, istintaqa belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində biri yetkinlik yaşına çatmayan iki övladının olmasını, ailəsinin yeganə gəlir mənbəyi olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut – bir ədəd CD disk və yük daşıması hüququnu verən saxta “İstismara yararlılıq” sertifikatı cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – bir ədəd CD disk və yük daşıması hüququnu verən saxta “İstismara yararlılıq” sertifikatı cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrası məhkumun yaşayış yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar