Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-363/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “PRESEDENT” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində « başqa yerə getməmək haqqında iltizam » növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən binanın dəhlizində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları»na salınmış, şəxsi istehlak miqdarından artıq olmaqla təmiz çəkisi 0,748 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib saxlamaqla daşıyarkən 13 aprel 2023-cü il tarixdə saat 06 radələrində Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 2 ünvanında qarşısına şübhəli şəxs qismində saxlanılıb, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirildikdən sonra həmin Polis Şöbəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli polietilen bükülüsünün içərisində şəxsi istehlak miqdarından artıq olmaqla, 0,748 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür . Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittihamda təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, 13 aprel 2023- cü il tarixdə saat təxminən 03 radələrində heroin əldə etmək üçün tanımadığı İran vətəndaşının kartına 70 manat pul köçürmüş və həmin şəxsin verdiyi məlumata əsasən Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsində yerləşən 212 saylı orta məktəbin yanındakı 5 mərtəbəli binanın blokuna daxil olmuş, oradan 1 ədəd qara rəngli bükümdə heroin götürmüş və sonradan istifadə etmək məqsədi ilə əynində olan açıq boz rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Həmin tarixdə saat 06:00 radələrində Təqsirləndirilən şəxs ünvan 5 ünvanı qarşısında piyada yol gedərkən post-patrul xidmətinin avtomobili yaxınlaşmış və 2 nəfər polis əməkdaşı avtomobildən düşərək yaxınlaşmışlar, özlərini təqdim edərək ondan haradan gəldiyini və hara getdiyini soruşdular. O, isə bildirmişdir ki, dostları ilə görüşmüş və yaşadığı evə gedir. Həmin əməkdaşlar ondan özünü təqdim etməyini və harada yaşadığını soruşarkən üzərində narkotik vasitə olduğuna görə özünü itirmiş, cavab verməkdən yayınmaq istəmişdir. Bu zaman həmin şəxslər onun narkotik vasitə istifadəçisi olubolmadığını soruşmuşlar və istifadəçi olduğunu demişdir. Bundan sonra onu Nərimanov RPİ-nin 17ci PŞ-nə dəvət etmişlər, sonuncuda razılaşaraq onların xidməti avtomobilinə əyləşmişdir. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o da əynində olan açıq boz rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd qara rəngli bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Sonra təqdim etdiyi həmin 1 ədəd bükümdə olan heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Verilən suallara cavab olaraq üzərində aşkar olunmuş heroini 13 aprel 2023-cü il tarixdə saat təxminən 03 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində məktəbin yanında tanımadığı iran vətəndaşından 70 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadə üçün üzərincə saxladığını, özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin Post-Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. 13 aprel 2023-cü il tarixdə saat 06 radələrində polis nəfəri Elşən Allahverdiyev ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən, özünü şübhəli aparmasından şübhələnib ona yaxınlaşıb özlərini təqdim etmiş, ona da özünü təqdim etməsini təklif etmişlər və ondan şəxsiyyət vəsiqəsini və harada yaşamasını soruşduqda onlara yalan məlumat verərək yayınmağa çalışmışdır. Söhbət əsnasında həmin şəxs səmimi olaraq onlara bildirmişdir ki, narkotik vasitədən istifadə etmişdir. Həmin şəxsi avtopatrul maşınına mindirərək 17ci PŞ-nə gətirib raport yazaraq növbətçi hissəyə təhvil vermişlər.Onun şəxsiyyəti müəyyən edilən zaman onun xx xxxx 1993-cü il təvəllüldlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun barəsində araşdırma aparılması şöbənin təhqiqatçısı Fazil Osmanova tapşırılmışdır. Təhqiqatçı vəkil dəvət etmiş və üzərinə baxışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah edilmişdir. Baxış keçirilməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin, bundan sonra o, əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli bükülünü könüllü olaraq çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki heroindir, həmin narkotik vasitəni 13 aprel 2023-cü il tarixdə, 03 radələrində Nərimanov rayonu ərazisində yerləşən məktəbin yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından 70 manata alıb özündə saxlamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitənin hansı narkotik vasitələrə aid olmasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə baş təhqiqatçı tərəfindən qərarla ekspertizaya göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:50-də şübhəli şəxs qismində tutulmuşdur; 13 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və həmin şəxsi axtarış istintaq hərəkətinin gedişatı çəkilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd qara rəngli bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya,maddə və ya predmet aşkar edilmədi. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlə içərisi ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-ın 219 saylı möhürü ilə möhürləndi, üzəri müdafiəçi və tərəfimdən imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan kütləni 13 aprel 2023-cü il tarixdə saat təxminən 03 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən məktəbin yanında şəxsi istifadəsi üçün tanımadığı İran vətəndaşından 70 manat müqabilində əldə etdiyini, 2- 3 ildir narkotik vasitələrdən istifadə etdiyini anılan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 6/2186 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,748 qram maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağın edilən narktik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir.Heroinin təmiz çəkisi-0,748 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq - 0,698 qram. Ekspertiza tədqiqatının dəyəri 55 manat təşkil edir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 iyun 2023-cü il tarixli, 3711 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və psixo aktiv maddələrin birgə qəbulu edilməsi nəticəsində yaranan müayinə zamanı (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “sübutların qiymətləndirilməsi” haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,748 qram narkotik vasitəheroinin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd DVD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi, heroindən ekspertiza tədqiqatına 0,5 qram sərf edildikdən sonra qalan 0,698 qram hissəsinin məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və MSY-yə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə qərarı ilə müdafiəçisi Müdafiəçi şifahi vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,748 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 7 (yeddi) gün (13-14 aprel 2023-cü il 1 sutkadan çox, 09 sentyabr-14 sentyabr 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “Həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin 0,698 qram qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “PRESEDENT” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 5 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 7 (yeddi) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay, 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,698 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 55 (əlli beş ) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən “PRESEDENT” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-363/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-363/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver