Məhkəmə qərarları › İş №1(005)-363/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-363/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-363/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində 01 (bir) ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,229 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 02 mart 2024-cü il tarixdə saat 04:55 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığına görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 83 A ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,229 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən1 həftə əvvəl öz istifadəsi üçün “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata 01 ədəd bükümdə psixotrop maddə olan “patını” alıb özündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 04:55 radələrində ünvan 5 ünvan ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, daha sonra onu 16-cı PŞ-nə gətirmişlər. Xidməti otaqda üzərinə baxış keçirilməsi təklif edilmişdir. O, əynində olan göy rəngli şalvarının sağ cibindən üzərində “Samsung A32” markalı mobil telefonu, şalvarının sağ kiçik yan cibindən isə siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. İçərisində psixotrop maddə olan büküm qablaşdırılmış, o da imza etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04:55-də Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə olarkən ünvan 5 ünvanın qarşısında bir şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görmüşlər və bu səbəbdən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PŞ-nin əmkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitənin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnib onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onun, əməliyyat müvəkkili Şahid2 və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “Samsung A 32” markalı mobil telefonu, əynində olan göy rəngli şalvarının sağ kiçik cibində saxladığı içərisində spesifik qoxuya malik kristalşəkilli ağ rəngli maddə olan siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə hesab olunan metamfetamindir, onu bir həftə bundan qabaq “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 16-cı PŞnin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 15-16-cı vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 02 mart 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ 16-cı PŞ-nin təhqiqatçısı X7 Azərbaycan Respublikası CPM-in 51-ci və 246.2.1-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olundu. xx.xx.2024-cü il tarixdə saat 04:55 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 05:15 radələrində şübhəli şəxs qismində 16-cı PŞ-nə gətirilmişdir. 16-cı PŞ-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Nərimanov RPİ-nin 16-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və vəkil X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən üzərində 050 *** ** ** nömrəsi olan “Samsung A32” markalı mobil telefonu, əynində olan göy rəngli şalvarının sağ kiçik cibində saxladığı içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki psixotrop maddə hesab olunan “metafetamin” adı ilə tanınan psixotrop maddədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 1 həftə bundan qabaq Nəsimi rayonu, “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 10 manata almışdır. Həmin psixotrop maddəni öz istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il saat 04:55 radələrində ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 37-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 218” möhür əksi, “Şübhəli şəxs: ... Təqsirləndirilən şəxs..” və s. soyadlar olan zərfdəki bükümdə təmiz çəkisi 0,229 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 91-93-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimlinin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 107-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 2167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı İsgəndərov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 126-127-ci vərəqələrində olan “Maddi sübut kimi tanınma haqqında” 04 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş 0,229 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD diskin və Azercell” MMC-dən götürülmüş 01 ədəd CD diskin öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddənin qalan qalığı, yəni 0,179 qram çəkidə olan psixotrop maddə metamfetaminin nəzərə alınması, tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,179 qram çəkidə olan psixotrop maddə metamfetaminin Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, 01 ədəd DVD diskin və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metafetaminin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,229 qram qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1). o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “DE FENDO” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0.179 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “DE FENDO” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “DE FENDO” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar