Məhkəmə qərarları › İş №1(005)-365/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-365/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-365/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxil olan 8,292 qram çəkidə narkotik vasitə qurudulmş marixuananı və 0,667 qram çəkidə narkotik vasitə tiryəki əldə edib bükümlərə bölərək üzərində saxlamaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sülh küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə saat 15:10-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2 edilmiş və orada xidməti otaqların birində həmin tarixdə saat 18:00-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol ön cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 10 ədəd kağız bükümündə və 01 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 0,353 qram, 0,326 qram, 0,328 qram, 0,275 qram, 0,320 qram, 0,283 qram, 0,338 qram, 0,358 qram, 0,331 qram, 0,299 qram və 5,081 qram olmaqla, ümumilikdə təmiz çəkisi 8,292 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,320 qram və 0,347 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,667 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 7-8 ildir ki, el arasında ot və ya nəşə kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Bəzi hallarda narkotik vasitə tiryəkdən də istifadə edir. İstifadə etdiyi marixuana və tiryəki Sumqayıt şəhərində fərqli-fərqli şəxslərdən əldə edir. 14 iyun 2021-ci il tarixdə saat 15:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər, o, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə marixuana və tiryək var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən “Samsung” markalı telefonu, sol arxa cibindən 50 manat pulu, həmçinin həmin şalvarın sol ön cibindən on ədəd kağız bükümü, bir ədəd kibrit qutusunu və iki ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi on ədəd kağız büküm və bir ədəd kibrit qutusunun içində narkotik vasitə marixuana, iki ədəd sellofan bükümün içində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin bükümlər və kibrit qutusu tərəflərin iştirakı ilə açıldıqda onların içərisində narkotik vasitə marixuana və tiryək aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş həmin maddələri 2 gün əvvəl Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindən öz istifadəsi üçün Rövşən adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddələr polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və qablaşmanın üzəri iştrakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə heç vaxt məşğul olmadığını, onu yalnız özünün şəxsi məqsədləri üçün, həmçinin üzərindən çıxan narkotik maddəni öz istifadəsi üçün əldə etdiyi bildirərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və həmin maddə ilə məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. 14 iyun 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sülh küçəsində yerləşən “Linkoil” YDM-in yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 15:10-da “Linkoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O da etiraz etmədən onlarla Baş idarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Rüstəm Diniyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən mobil telefonu, sol arxa cibindən pul vəsaitini, həmçinin həmin şalvarın sol ön cibindən 10 ədəd kağız bükümü, 01 ədəd kibrit qutusunu və 02 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 10 ədəd kağız büküm, 01 ədəd kibrit qutusu və 02 ədəd sellofan bükümə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı 10 ədəd kağız büküm və 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddələr və 02 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddələr aşkar edilmişdir. Bundan sonra 01 ədəd mobil telefona baxış zamanı onun “Samsung J2” markalı mobil telefon olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirilmiş, 50 manat pul olduğu müəyyən edilməklə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs 10 ədəd kağız büküm, 01 ədəd kibrit qutusu içində narkotik vasitə olan marixuana, 02 ədəd sellofan bükümün içində narkotik vasitə olan tiryək olduğunu və 2 gün əvvəl Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindən satış məqsədi ilə tanımadığı “Rövşən” adlı şəxsdən 100 manata aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-33-cü vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə 14.06.2021-ci il tarixdə saat 18:00-da «Sony» markalı mobil telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmış, şübhəli şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şübhəli şəxs etiraz etmədikdən sonra qərara əsasən ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən mobil telefon, sol arxa cibindən pul vəsaiti, həmçinin həmin şalvarın sol ön cibindən 10 ədəd kağız bükümü, 01 ədəd kibrit qutusunu və 02 ədəd sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlandı. Təqdim olunan 01 ədəd mobil telefonlara baxış zamanı onun “Samsung J2” markalı mobil telefon olduğu müəyyən edilmiş, şübhəli şəxs telefonun özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonlar sübut əhəmiyyəti kəsb edə biləcəyindən saxlanılmışdır. Ardınca təqdim olunan pul vəsaitinə baxış keçirildi, 50 manat pul olduğu müəyyən edilməklə şübhəli şəxsin özünə qaytarılmışdır. Bundan sonra 10 ədəd kağız büküm, 01 ədəd kibrit qutusu və 02 ədəd sellofan bükümə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs 10 ədəd kağız büküm, 01 ədəd kibrit qutusu içində narkotik vasitə olan marixuana, 02 ədəd sellofan bükümün içində narkotik vasitə olan tiryək olduğunu və 2 gün əvvəl Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindən satış məqsədi iə tanımadığı “Rövşən” adlı şəxsdən 100 manata aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 ədəd kağız büküm və 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuanaya bənzər maddələr və 02 ədəd sellofan qükümdə narkotik vasitə olan tiryəkə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 6 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə 14.06.2021-ci il tarixdə saat 18:14-də başa çatmış və videoçəkiliş dayandırılmışdır. Baxış keçirilməsi zamanı çəkilmiş videogörüntü bir ədəd DVD disk daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyun 2021-ci il tarixli, 7/557 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr” yazılar və imzalar olan kağız paketdə 10 (on) ədəd kağız bükümdə (9 ədəd qırmızı, 1 ədəd gümüşü rəngli), bir ədəd sellofan bükülüdə 1 (bir) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 0,353 qram, 0,326 qram, 0,328 qram, 0,275 qram, 0,320 qram, 0,283 qram, 0,338 qram, 0,358 qram, 0,331 qram, 0,299 qram, 5,081 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi – 8,292 qramdır. Təqdim olunmuş 10 (on) ədəd kağız bükümdə və bir ədəd sellofan bükülüdə kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir. Cinayət işinin 51-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyun 2021-ci il tarixli, 6/2426 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,320 qr., 0,347 qr., ümumi təmiz çəkisi 0,667 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-tiryəkdir. Cinayət işinin 103-107-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-589/2021 saylı, 16 iyun 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 14 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 108-109-cu vərəqlərində olan “Maddi sübut hesab edilməsi haqqında” 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8,072 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,567 qram olan narkotik vasitə tiryəkin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələləri həll edilənədk saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 120-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 18.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 133-cü vərəqində olan Sumqayıt Şəhər İH-in 9 saylı MKS tərəfindən verilmiş 01.07.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 136-cı vərəqində olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 12 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin müstəntiqi X6 həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 fevral 2021-ci il tarixdən 14 iyun 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zaman müəyyən edilmişdir ki, məlumatlar "xxxx" MMC-nin 06.07.2021-ci il tarixli, 13697 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk istifadəsində olan “Toshiba” markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluqlar vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Baxış zamanı ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 137-ci vərəqində olan “Mobil telefona baxış keçirilməsi barədə” 26 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinn Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, X6 icraatında Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon aparatına baxış keçirib həmin protokolu tərtib etmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd gümüşü-qara rəngli “Samsung Galaxy J2” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin, sol yan tərəfində isə səs tənzimi düymələrinin olması müəyyən edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirələrək daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 142-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin 10 avqust 2021-ci il tarixli, 007-10370-1221 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə qurudulmuş marixuana və tiryəki onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Sumqayıt şəhərində aldığı “Rövşən” adlı şəxsin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilib-keçirilməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir. Cinayət işinin 143-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 09.08.2021-ci il tarixli, 2763 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 145-157-ci vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 8,292 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0,667 qram narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitələri heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, 19-cu qrafasına əsasən tiryək 0,5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 8,292 qram, tiryək 0,667 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitələri öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilər bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitələr məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 14 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 8,072 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,567 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən video görüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 148,28 (yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar