Məhkəmə qərarları › İş №1(005)-365/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-365/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-365/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə1 Abdulla oğlunun vəkili Nümayəndə2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Nümayəndə1 Abdulla oğlunun X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru Nümayəndə1 Abdulla oğlu xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X4 bərəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, Nümayəndə1 Abdulla oğlu MESA GROUP MMC-nin təsisçisi və direktorudur. X4 tərəfindən özünün faktiki olaraq yaşadığı və fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəsbəsi ərazisindən müxtəlif sosial şəbəkələrdə (instagram, facebook, tiktok, youtube və qafqazinfo.az,patrul.az,expressxeber.az kmi saytlarında həqiqətə ayğun olmayan, şirkətin işgüzar nüfuzuna xələl gətirən, yalan, böhtan xarakterli müsahibələr vermiş, onu və şirkəti fırıldaqçı, dələduz adlandırmışdır. Şirkətə məxsus əmtəə nişanını qanunsuz istifadə edərək şirkətə böhtan atmış və yalan məlumatlar yaymışdır. X4 həmin əsassız məlumatları özünün faktiki olaraq yaşadığı və fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi ərazisində yayımlamışdır. Həmin məlumatların Bakı şəhəri Qaradağ rayonu, Müşfiq qəsəbəsi ərazisində yayımlaması onun sosial şəbəkədə yayımladığı yalan və böhtan xarakterli məlumatalardan və həmin məlumatların altında digər insanlar tərəfindən qeyd edilən rəylərdən açıq aşkar görünür. Qeyd edilən rəydə yer alan məlumatlar böhtandır, Nümayəndə1 Abdulla oğlunun şərəf və ləyaqəti alçaldılmışdır. Onun şəklini və şirkətinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilərək üzərində fırıldaqçı” və “dələduz" kimi işgüzar nüfuzə xələl gətirən ifadələr yazaraq sosial şəbəkələrdə paylaşmış, özünə yaxın olan insanlar və tanışları isə həmin paylaşılan məlumatların altında onu təhqir edən ifadələr istifadə etmişdir. Mesa Group” MMC X2 xx.xx.2023cü il tarixli lizinq müqaviləsi əsasında EPİRAY LASERCONN DUAL markalı, insan bədənində olan tüklərin təmizlənməsi üçün istifadə olunan lazer cihazını satmışdır. S.Bəkirzadə cihazı dörd ay istifadə etdikdən sonra cihazdan istifadə edə bilməməsi, cihazın tükü yandırmaması ilə bağlı xx.xx.2023-cü il tarixində şirkətin servis xidmətinə müraciət etmişdir. Şirkətin servis xidməti cavabdeh S.Bəkirzadənin müraciəti əsasında xx.xx.2023-cü il tarixində cavabdehin iştirakı ilə cihaza baxış keçirtmişdir. Cihazada hər hansı bir qüsur aşkarlanmamış və cihazın işlək vəziyyətdə olması barədə servis aktı tərtib edilmiş, S. Bəkirzadə özü şəxsən aktı imzalamış və cihazda hər hansı qüsur olmadığını təsdiq etmişdir. Şirkət tərəfindən ikinci dəfə xx.xx.2024-cü il tarixində cavabdeh S.Bəkirzadəyə əyani olaraq cihazdan istifadə qaydaları izah edilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, S. Bəkirzadə hər hansı bir bəhanə ilə cihazı geri qaytarmaq istəyir, buna görədə müxtəlif bəhanələr gətirir. Əsil niyyəti aldığı cihazı geri qaytarmaqdır. Cihazın qaytarılması ilə bağlı şirkətə müraciət edəndə şirkətin əməkdaşları ona cihazı geri qaytara bilməyəcəyini bildirmiş, geri qaytardığı təqdirdə isə cihazın amartizasiya xərcləri, vergi xərcləri, servis xərcləri və təlim xərcləri çıxılacağı bildirilmişdir. Əslində isə şirkət cihazı geri qaytamayacağını bildirmişdir. Çünki, cihazda hər hansı problem olmadığı cavabdehin öz imzası ilə təsdiq edilmişdir. Daha sonra S.Bəkirzadə faktiki olaraq yaşadığı və fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayon Müşfiq qəsəsbəsi ərazisindən müxtəlif sosial şəbəkələrdə (instagram, facebook, tiktok, youtub və qafqazinfo.az,patrul.az,expressxeber.az kmi saytlarında həqiqətə uyğun olmayan, şirkətin işgüzar nüfuzuna xələl gətirən, yalan, böhtan xarakterli müsahibələr vermiş, şirkəti fırıldaqçı, dələduz adlandırmışdır. Bununla bağlı şirkət tərəfindən cavabdeh S. Bəkirzadəyə şirkət tərəfindən rəsmi xəbərdarlıq edilmiş və şirkət haqqında yayımladığı yalan məlumatları təkzib etməyini tələb etmişdir. S.Bəkirzadə şirkət tərəfondən ona göndərilən xəbərdarlığa məhəl qoymayaraq öz qanunsuz və şirkətin işgüzar nüfuzuna xələ gətirən məlumatları yaymaqda israrla davam etmişdir. S.Bəkirzadə sosial şəbəkədə insanlara şirkətdən heç bir məhsul almamağı təklif etmiş və şirkətə baykot elan etməyə təşviq etmişdir. Bu səbəbdən şirkətdən müxtəlif növ cihaz almaq niyətində olan insanlar cihazı almaqdan imtina etmişdir. Bunu təsdiq edən sübutlar ərizəyə əlavə edilmişdir. Şikayətin təmin olunması, X4 Azərbaycan Respublikası CM-nin 147, 148 və 148-1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə altı ayadək müddətə azadlıqdan məhrum edilməsi, təqsirləndirilən şəxs Aytən Rəhman qızı Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsində nəzərdə tutulan ən ağır cəzaya, bir ilədək müddətə azadlıqdan məhrum edilməsi, Nümayəndə1 Abdulla oğluna və şirkətinə dəymiş maddi və mənəvi ziyan ödənilməsi xahiş olunmuşdur. Məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin direktoru Nümayəndə1 Abdulla oğlunun vəkili Nümayəndə2 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini və X1 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə hazırlıq iclasında "xxxx" MMC-dən aldığı avadanlığın nasaz olduğunu və bu səbəbdən ona qarşı iddia qaldırdığını bildirmişdir. O, şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Nümayəndə1 Abdulla oğlu şikayət ərizəsində özünü zərərçəkmiş şəxs kimi, X3 təqsirləndirilən şəxs kimi qeyd etmişdir. Nümayəndə1 Abdulla oğlu şikayətində doğulduğu tarixi göstərməmiş, bununla da CPM-in 293.3.1-ci maddəsinin tələbini pozmuşdur. Eyni zamanda Nümayəndə1 Abdulla oğlu X1 CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, lakin Cinayət Məcəlləsinin böhtana görə cinayət məsuliyyəti müəyyən konkret maddəsini (147.1 və ya 147.2) qeyd etməmiş, bununla da CPM-in 293.3.2 və 293.3.3-cü maddələrinin tələblərini pozmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən "xxxx" MMC-nin direktoru Nümayəndə1 Abdulla oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Nümayəndə1 Abdulla oğlunun X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar