Məhkəmə qərarları › İş №1(005)-367/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-367/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-367/2025 10.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Presedent” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Goranboy rayonu Dəliməmmədli qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla təmiz çəkisi 0,796 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 26 may 2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısına daşımış, 26 may 2025-ci il tarixdə saat 21:37-də ünvan 3 ünvanın qarşısında saxlanılıb üstü yoxlanılarkən üzərində olan cins şalvarın sol yan cibindəki bir ədəd ağ rəngli kağız bükümündən xeyli miqdarda olmaqla 0,796 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, uzun müddət Bakı şəhər Nərimanov rayonu Montin qəsəbəsi ərazisində avtoyuma məntəqəsində işləmişdir. Son bir aydır ki, narkotik vasitə metamfetamin istifadə edir. Sonuncu dəfə 10 manata narkotik vasitə metamfetamin əldə etmiş, onu bir neçə dəfəyə istifadə etmişdir. Hadisə günü tutulmamışdan 3-4 saat əvvəl də qalan hissəni istifadə etmişdir. Axşam saat 23 radələrində gecə növbəsində avtoyuma məntəqəsində çalışarkən rəngini tam xatırlamadığı metallik rəngli bir avtomobil yaxınlaşmış, daxilindən 4 nəfər mülki geyimli polis əməkdaşı enmişdir. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim edərək, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu şöbəyə dəvət etmişlər. Daha sonra nəqliyyat vasitəsinin arxa oturacağına əyləşmiş, sağ və sol tərəfində iki nəfər, qabaq tərəfdə isə 2 nəfər polis əməkdaşı əyləşmişdir və onlarla birlikdə şöbəyə getmişlər. Həmin vaxt əynində köynək olmuş, bu zaman maşında olarkən polislərdən biri əlini onun boynuna atmışdır. Bu zaman hiss etməmişdir, lakin sonradan onların cibinə narkotik vasitə yerləşdirdiyini anlamışdır. Şöbədə onu xidməti otaqlardan birinə yerləşdirmişlər. Orada onun ciblərini boşaltması tələb edilmişdir. Bu zaman əynində olan köynəyin yaxa cibindən ağ böyük kağızda bir maddə çıxmışdır. Həmin maddənin necə oraya yerləşdirildiyini bilməmişdir. Buna etiraz etsə də, daha sonra polis əməkdaşları ilə razılaşmış və etiraz etməmişdir. Həmin vaxt narkotik vasitə çəkilmiş və 79 milliqram gəlmişdir. Lakin, sonra ona bildirilmişdir ki, kənara getsinlər və orada onu yerində tutmuş kimi çəkiliş etsinlər. Daha sonra polis əməkdaşları ilə idarədən 150 metr məsafədə bir yerə gedilmiş və polis əməkdaşlarının dediyi kimi çəkiliş etmişlər. Həmin çəkilişdə narkotik vasitələrin özünə məxsus olduğunu könüllü şəkildə etiraf etmişdir. Daha sonra müvafiq maddə sənədləşdirilmiş və imzalamışdır. Həmin vaxt üzərində mobil telefon olmamamış və polis əməkdaşlarının onu aparmasına Hakim və İsaq şəxslər şahid olmuşdur. İsaq adlı şəxsi tapa bilməsə də, Hakim adlı şəxsi məhkəməyə gətirə biləcəyini bildirmişdir. Qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı heç bir hüquq mühafizə orqanına şikayət etməmişdir. Verilmiş suallara cavab olaraq, sözügedən özünə məxsus narkotik vasitəni avtoyuma məntəqəsində saxladığını, digər iş yoldaşları bundan məlumatlı olmadığını bildirmişdir. Həmin narkotik vasitəni 1 həftə iş yerində saxlamışdır. Özünün işlədiyi yer ilə bölmə arasında 1 km-dən az məsafə olmuş, bölmədən çəkiliş aparılan yerə kimi məsafə isə 150 metr təşkil etmişdir. Məhkəmənin suallarına cavab olaraq, həmin günü gecə növbəsində çalışdığını, kənarda Hakim və İsaq adlı digər avtoyuyan şəxslərin hadisəni gördüyünü, həmin yerdə çoxsaylı avtoyuma məntəqəsi olduğunu, çəkilişin 1 saat çəkdiyini, avtoyuma məntəqəsindən çəkiliş başlayan yerə kimi təxminən 2 saat vaxt getdiyini, şöbədən çəkiliş yerinə kimi isə 4 dəqiqə vaxt getdiyini bildirmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilmiş və tədqiq edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 10 ildir Nərimanov rayonu, Çemyayevski küçəsində avtoyuma məntəqəsində avtoyuyucu işləyir. Təxminən bir aydır ki, psixotrop maddə olan patıdan istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsi iş yerinin yaxınlığında görüb ondan şəxsi istifadəsi üçün bir büküm “patı” almışdır. Qarşılığında da 10 manat pul vermişdir. Aldığı maddəni üzərində saxlamışdır ki, ürəyi istədikdə istifadə etsin. xx.xx.2025-ci il tarixdə saat 00:50 radələrində iş yerinin yaxınlığında piyada hərəkətdə olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra onu saxlayıb narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. O istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o üzərində olan əşyaları və kağız kəsiyinə bükülmüş psixotrop maddəni təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi bükümdə olan maddə "metamfetamin,,dir. Üzərindən aşkar edilmiş həmin maddə polis əməkdaşları tərəfindən zərflərdə qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun düzgünlüyü tərəfindən imzalanmışdır. Sonra isə onu polis şöbəsinə gəlirmişlər. Orada ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Şöbədə xidməti otaqların birində dəvət edilmiş vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə baxış keçirmişlər. Zərf açılmaqla içərisindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını bir daha etiraf etmişdir. O maddəni əldə etdiyi şəxsin anket məlumatlarını bilmir. Üzərindən əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor tətbiq olmamışdır. Hadisə zamanı üzərində mobil telefon olmamışdır. Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinin müxtəlif rayonlarında, eyni zamanda Nərimanov rayonu, A.Heydərov küçəsi ətrafında qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, özündə saxlamaqla istifadə etməsi və daşıması qərəzsiz və etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Bu məlumat şöbənin rəhbərliyinə raportla məruzə edilmiş, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, şöbənin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və şöbənin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 26 may 2025-ci il tarixdə onlara Təqsirləndirilən şəxs ünvan 4 ünvanın qarşısında olmasını müəyyən etmişlər. Saat 21:50-də ona yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Novruzdan üzərində qanunla qadağan olunmuş narkotik maddə olub olmaması soruşulan zaman sonuncu olmasını bildirərək əynində olan şalvarın sol yan cibindəki bir ədəd bükümü təqdim etmişdir. Həmin bükümün içərisinə baxılan zaman orada psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “şüşə”, yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Novruz həmin maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını bildirmişdir. Novruz narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Bundan sonra onlar tərəfindən Novruzun üzərindən aşkar edilmiş içərisində maddə olan bir ədəd büküm müvafiq qaydada bir ədəd zərfin içərisində qablaşdırılaraq möhürlənib götürülmüşdür. Zərfin tamlığı Novruz və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman üzərində başqa qanunsuz predmet aşkar edilməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs oğlıı birlikdə polis şöbəsinin inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümü qablaşdırdıqları zərf təqdim edilmişdir. Təhqiqatçı tərəfindən videoçəkilişlə müdafiəçinin, Təqsirləndirilən şəxs və digər polis əməkdaşlarının iştirakları ilə zərfə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin özünə məxsus olmasını bir daha etiraf etmişdir. Həmin maddə yenidən təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Məhkəmənin suallarına cavab olaraq, hadisə günü Təqsirləndirilən şəxs saxlayarkən onun avtoyuma məntəqəsində olduğunu, özlərinin metallik rəngli avtomobil ilə hadisə yerinə getdiklərini, onu saxladıqları yerin kənarında üzərinə baxış keçirdiklərini və narkotik vasitənin şəxsin yaxa cibindən yox şalvarının sol cibindən çıxdığını, həmin günü ətrafda heç kimin olmadığını, şöbədən hadisə yerinə kimi 5 dəqiqəlik avtomobil yolu məsafəsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oğlu Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır. Vaxtilə onunla birlikdə yanaşı avtoyuma məntəqəsində çalışmışlar. Belə ki, sözügedən küçədə 3 yanaşı avtoyuma məntəqəsi mövcuddur. Özünün işlədiyi məntəqə orta hissədə yerləşmişdir. Sözügedən hadisə günü axşam saat 21 radələrində iş yerində olmuş, bu zaman oraya ağ rəngli “Nissan” olduğunu ehtimal etdiyi bir avtomobil yaxınlaşmışdır. Avtomobil yolun hərəkət istiqamətinin əksinə keçərək arxası onun işlədiyi məntəqəyə olmaqla saxlamış, bu zaman Novruzu soruşmuşlar. Həmin vaxt maşını yuduğu üçün qurutmağa başlamışdır. Digər məntəqədə isə İsa adlı şəxs olmuş, polis ondan Novruzu soruşduqdan sonra İsa içəri getmişdir. Özünün olduğu məntəqədə çalışan digər əməkdaş həmin vaxt yatmışdır. Həmin vaxt axşam növbəsində Novruz ilə birlikdə çalışmışlar. Bu zaman ona yaxınlaşan polislərdən biri biri arxa qapını açaraq Novruzun ora maşına baxmasını istədikdə, həmin şəxslər Novruzu maşının içərisinə itələmiş və iki nəfər cavan əməkdaş olması ehtimal etdiyi şəxslər Novruzun yanında, digər iki yaşlı əməkdaş isə ön tərəfdə əyləşərək sürüb getmişlər. Həmin günü Novruz gəlmədiyindən onun işlədiyi məntəqəni özü bağlamışdır. Daha sonra hadisə barədə məlumat almışdır. Qeyd etmişdir ki, Novruzu aparan əməkdaşları adbaad tanımasa da, onlardan biri polisə ictimai dəstək əməkdaşı olmuş, həmin şəxsi mütəmadi ərazidə görmüşdür. Həmin vaxt saat 21 radələri olmuşdur. Verilmiş suallara cavab olaraq, Novruzun narkotik vasitələrdən istifadə etməsinə şahid olmadığını, onu aparan şəxslərdən birinin sarışın olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Şəxsin saxlanılması və üstünün yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 01 ədəd ağ rəngli kağız kəsiyində bükümü təqdim etmişdir. Həmin kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Əynində olan qara rəngli cins şalvarın sağ cibindən 28 manat pul və alışqan aşkar edildi. Təqsirləndirilən şəxs kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənın metamfetamin olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan maddəyə baxış və götürmə aparılması haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan və polis əməkdaşları tərəfindən qablaşdırılan bükümə baxış keçirilmişdir. Həmin kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənın metamfetamin olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin olan büküm zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2025-ci il tarixli, 3-16/16/2-6/1989/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azrərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan, “Tərtib etdi - ə/m Şahid2 “imza”; Saxlanılan şəxs – Təqsirləndirilən şəxs “imza”; İştirak etdi - ə/m Şahid3 “imza”; İştirak etdi - ə/m Şahid1 “imza”; Qablaşdırıldı: “imza” V.Ələkbərli” yazıları qeyd edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,796 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil edir. 28 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 10 iyun 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən 01 ədəd ağ rəngli kağız kəsiyində bükümü təqdim edir. Həmin kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilir. Əynində olan qara rəngli cins şalvarın sağ cibindən 28 manat pul və alışqan aşkar edilir. Təqsirləndirilən şəxs kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənın metamfetamin olduğunu və tanımadığı şəxsdən aldığını bildirir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,796 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,746 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 Şəxsinin 29 may 2025-ci il tarixli, 3192 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2023-cü il tarixdən Goranboy rayon Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Müdafiə tərəfi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış istintaq hərəkətinin keçirilməsi ehtimal edilən yerin fotoşəkilinə baxış zamanı görünür ki, həmin yerdəki divarlar suvaqsızdır. İş materiallarına əlavə edilmiş şəxsin üzərində şəxsi axtarış aparılmasının əks etdirildiyi videoçəkilişdəki divarlara baxış zamanı həmin divarların suvaqlı olması müşahidə edilir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində narkotik vasitə olmadığını, lakin köynəyinin yaxa cibindən narkotik vasitə aşkar edildiyini, həmin vasitənin köynəyinə necə düşdüyünü bilmədiyini, daha sonra polis şöbəsində edilmiş təzyiq nəticəsində həmin narkotik vasitələrin özünə məxsus olduğunu etiraf etməyə məcbur qaldığını göstərmişdir. Müdafiəçi məhkəməyə aradakı məsafələrin yaxın olması səbəbindən istintaq ekspertimentinin keçirilməsi və Şahid4 tanıması üçün polis əməkdaşlarının fotoşəkillərinin tanınmaya təqdim edilməsi ilə bağlı vəsatətlə məhikəməyə müraciət etmiş, lakin həmin vəsatətlər məhkəmənin əsaslandırılmış qərarı ilə təmin edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması məsələsini həll edərkən, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və cinayətprosessual qanunvericiliyin fundamental prinsiplərini rəhbər tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iş üzrə toplanmış hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından, bütün sübutların məcmusunu isə ittihamın həlli üçün onların kifayət etməsi nöqteyi-nəzərindən qiymətləndirir. Bu qiymətləndirmə, hakimin qanunu və vicdanını rəhbər tutaraq, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanan daxili inamına görə həyata keçirilir. Məhkəmə, təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutaraq bəyan edir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyincə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmayınca təqsirsiz sayılır. İttihamın sübuta yetirilməsi vəzifəsi, CPM-in 25-ci maddəsinə uyğun olaraq, tam həcmdə ittiham tərəfinin üzərinə düşür və təqsirləndirilən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İttihamın sübuta yetirilməsində yaranan və digər sübutlarla aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (in dubio pro reo). Məhkəmənin yekun qənaəti, yalnız məhkəmə baxışında, tərəflərin çəkişməsi şəraitində bilavasitə tədqiq edilmiş, CPM-in 125-ci maddəsinin tələblərinə cavab verən, yəni qanuni yolla əldə edilmiş və mümkün olan sübutların məcmusunun təhlilinə əsaslana bilər. Bu prinsiplər işığında məhkəmə, həm ittiham, həm də müdafiə tərəfinin təqdim etdiyi bütün dəlilləri təhlil edərək aşağıdakı nəticələrə gəlir. İttiham tərəfinin təqdim etdiyi sübutların təhlili: Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddənin əldə edilib saxlanılması və daşınması faktı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, bir-birini tamamlayan və aralarında ziddiyyət olmayan sübutlar məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. İttihamın əsasını təşkil edən şahid ifadələri – Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələr ardıcıl, məntiqi və bir-birinə uyğundur. Onlar Təqsirləndirilən şəxs saxlanılması, üzərinə baxış keçirilməsi və onun cins şalvarının sol yan cibindən ağ kağıza bükülmüş psixotrop maddənin aşkar edilərək götürülməsi hallarını təfərrüatı ilə təsvir etmişlər. Bu ifadələr cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş prosessual sənədlərlə tam uzlaşır. Belə ki, 26 may 2025-ci il tarixli “Şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında” protokol və ona əlavə edilmiş videogörüntülər təsdiq edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı məhz onun qara rəngli cins şalvarının sol cibindən ağ kağız bükümdə kristalşəkilli maddə aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2025-ci il tarixli, 3-16/16/2-6/1989/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, götürülmüş maddə təmiz çəkisi 0,796 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu çəki "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına... dair" Azərbaycan Respublikasının Qanunu ilə metamfetamin üçün müəyyən edilmiş 0,15 qram "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir. İttiham tərəfinin sübutlar sistemində mühüm yer tutan amillərdən biri də Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsidir. Həmin ifadəsində o, təqsirini tam etiraf edərək, təxminən bir aydır psixotrop maddə olan "patı"dan istifadə etdiyini, saxlanılmasından bir gün əvvəl, 25 may 2025-ci il tarixdə, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata bir büküm metamfetamin aldığını və üzərində gəzdirdiyini, istifadə etdiyini bildirmişdir. Bu etiraf, digər şahid ifadələri və sübutlarla tam uyğunluq təşkil edir. Bundan əlavə, o məhkəmə iclasında səmimi şəkildə polis əməkdaşları tərəfindən saxlanılmasından 2 saat əvvəl həmin maddələri istifadə etdiyini və narkotik sərxoşluğu vəziyyətində olduğunu etiraf etmişdir. Bundan əlavə, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 29 may 2025-ci il tarixli, 3192 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs “Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu”nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, habelə onun 14 noyabr 2023-cü ildən Goranboy rayon Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatında olması, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Müdafiə tərəfinin dəlil və arqumentlərinin tənqidi təhlili: Məhkəmə, cinayət prosesinin çəkişmə prinsipinin tələblərinə uyğun olaraq, müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyinə dair irəli sürdüyü bütün dəlil və arqumentləri hərtərəfli tədqiq edərək, onlara ittiham tərəfinin sübutları ilə məcmuda qiymət verir. Məhkəmənin qənaətinə görə, müdafiə tərəfinin mövqeyi iş üzrə toplanmış mötəbər sübutlar sistemi ilə təkzib olunur və ittihamın əsaslılığına dair əsaslı şübhələr yaratmır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadələri onun ibtidai istintaq zamanı, müdafiəçinin iştirakı ilə verdiyi və təqsirini tam etiraf etdiyi ilkin ifadələri ilə ziddiyyət təşkil edir. Belə ki, ilkin ifadəsində o, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini səmimi şəkildə bildirsə də, məhkəmə iclasında həmin ifadəsini təkzib etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci və 26-cı bəndlərinin tələblərini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılıq altında alınması iddiası, bir qayda olaraq, hələ məhkəməyədək icraat zamanı qaldırılmalı və yoxlanılmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən məhkəməyədək icraat zamanı hər hansı bir təzyiqə məruz qalması və ya sübutların saxtalaşdırılması ilə bağlı heç bir səlahiyyətli orqana şikayət verilməmişdir. Təzyiq iddiası ilk dəfə olaraq məhkəmə baxışında irəli sürülmüş və heç bir obyektiv sübutla möhkəmləndirilməmişdir. CPM-in 125.8-ci maddəsinə əsasən, qanuni yolla əldə edilmiş sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsi mübahisə edən tərəfin, yəni müdafiə tərəfinin üzərinə düşür. Lakin müdafiə tərəfi bu vəzifəni yerinə yetirə bilməmişdir. Bu səbəbdən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmədəki ifadələrini cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir və onun işin digər obyektiv sübutları ilə təsdiqlənən ilkin etirafedici ifadəsini daha mötəbər hesab edərək ona üstünlük verir. Məhkəmə Şahid4 ifadəsini təhlil edərək müəyyən edir ki, onun ifadəsi ittihamı təkzib etmək üçün kifayət deyildir. Birincisi, şahidin ifadələrində təqsirləndirilən şəxsin özünün məhkəmədəki ifadələri ilə ziddiyyətlər mövcuddur. Belə ki, şahid polis əməkdaşlarının “ağ rəngli “Nissan” markalı avtomobillə gəldiyini” bildirdiyi halda, təqsirləndirilən şəxs və ittiham şahidləri avtomobilin “metallik” rəngdə olduğunu göstərmişlər. İkincisi, hadisənin saatı ilə bağlı şahid və təqsirləndirilən şəxsin ifadələri arasında ziddiyyət mövcuddur. Üçüncüsü və ən əsası, Şahid4 yalnız Təqsirləndirilən şəxs mülki geyimli şəxslər tərəfindən bir avtomobilə mindirilərək aparılması anına şahidlik etmişdir. O, narkotik vasitənin təqsirləndirilən şəxsin üzərinə qoyulması və ya ona hər hansı təzyiq göstərilməsi anını görməmişdir ki, Təqsirləndirilən şəxs özü də həmin fakta istinad etməmişdir. Beləliklə, onun ifadəsi yalnız təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması faktını təsdiq edir ki, bu da ittiham tərəfindən onsuz da inkar edilmir və cinayətin sübuta yetirilməsi üçün həlledici əhəmiyyət daşımır. Bundan əlavə, məhkəmə Şahid4 Təqsirləndirilən şəxs ilə münasibətinə istinad etməklə, onun hazırkı işdə maraqlı şəxs olması qənaətindədir və onun ifadəsini tənqidi qiymətləndirir. Müdafiəçi, polis əməkdaşlarının ifadələrinin həqiqətə uyğun olmadığını sübut etmək məqsədilə, şəxsi axtarış və götürmə istintaq hərəkətinin guya ki, Təqsirləndirilən şəxs işlədiyi avtoyuma məntəqəsinin yaxınlığında yox, polis şöbəsinin yaxınlığılnda çəkildiyini bildirərək müvafiq fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Müdafiə tərəfi bu fotoşəkillərə istinad edərək iddia edir ki, hadisənin baş verdiyi real məkan polis şöbəsinə cəmi 150 metr məsafədə yerləşir və bu məsafəni avtomobillə 3-4 dəqiqəyə deyil, 1 dəqiqədən də az müddətə qət etmək mümkündür. Bununla da müdafiəçi, polis əməkdaşlarının ifadələrindəki zaman və məsafə uyğunsuzluğunu əsas gətirərək, bütün istintaq hərəkətinin və əldə edilmiş sübutların saxta olmasına məhkəməni inandırmağa çalışmışdır. Lakin məhkəmə, bilavasitə tədqiqat apararaq, müdafiə tərəfinin təqdim etdiyi həmin fotoşəkilləri işin materiallarında olan və şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatını fasiləsiz qeydə almış videoçəkilişlə müqayisəli şəkildə tədqiq etmiş və onlar arasında bariz və müdafiə tərəfinin özünün də nəzərdən qaçırdığı fundamental bir ziddiyyəti aşkar etmişdir. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi fotoşəkildə divarların suvaqsız olduğu aydın göründüyü halda, cinayət işinin materiallarında olan və istintaq hərəkətinin aparıldığı məkanı əks etdirən videoçəkilişdəki divarların tam suvaqlı olması heç bir şübhəyə yer qoymayacaq şəkildə müşahidə edilir. Bununla da, müdafiə tərəfinin arqumentlərindən biri təkzib olunur. Bu obyektiv fərq, müdafiə tərəfinin hadisənin yeri ilə bağlı irəli sürdüyü versiyanın həqiqətə uyğun olmadığını birmənalı şəkildə ortaya qoyur. Müdafiə tərəfindən təqdim edilmiş fotoşəkilin sübut kimi mümkünlüyü və mötəbərliyi CPM-in 125-ci və 145-ci maddələri baxımından ciddi şübhələr doğurur. Bu, cinayət prosesinin tərəfinin subyektiv mövqeyini dəstəkləmək üçün təqdim etdiyi materialdır. Bunun tam əksi olaraq, işə əlavə edilmiş videoçəkiliş, rəsmi istintaq hərəkətinin gedişatını qeydə alan və sübut kimi tanınan sənəddir, o cümlədən daha yüksək sübuti qüvvəyə malikdir. Beləliklə, müdafiə tərəfinin bütün arqumentləri yəni, hadisə yerinin polis şöbəsinə yaxın olması, bu məsafənin qısa müddətdə qət edilə bilməsi və nəticə etibarilə polis əməkdaşlarının ifadələrinin saxta olması iddiası tamamilə əsassız qalır. Çünki bu iddiaların bünövrəsini təşkil edən “hadisənin başqa yerdə baş verməsi” versiyası məhkəmə tərəfindən təkzib edilmişdir. Bu kontekstdə, məhkəmənin istintaq eksperimentinin keçirilməsi və polis əməkdaşlarının tanınmaya təqdim edilməsi barədə vəsatətləri təmin etməməsi də tamamilə qanunauyğundur. İşin mahiyyəti üçün həlledici əhəmiyyət kəsb etməyən məsafə və zaman fərqləri üzrə, həm də yanlış məkana istinadən eksperiment keçirilməsi məqsədəuyğun deyildir. Məsafə və vaxtla bağlı ziddiyyətlərə (polis idarəsindən hadisə yerinə 3-4 dəqiqəyə və ya 30 saniyəyə çatmaq) gəldikdə isə, məhkəmə hesab edir ki, bu kimi kiçik və subyektiv xarakterli fərqlər şahidlərin hadisələri fərqli qavramasından irəli gələ bilər və cinayətin əsasını təşkil edən birbaşa sübutların mötəbərliyini şübhə altına almaq üçün kifayət deyildir. Şahid4 polis əməkdaşlarının zahiri görünüşü barədə verdiyi ümumi və qeyrimüəyyən məlumatlar isə tanınmaya təqdim etmənin səmərəli keçirilməsini qeyri-mümkün edirdi. Belə ki, tanınmaya təqdim etmə şahidin tanıya biləcəyi konkret əlamətləri göstərə bilmədiyi hallarda aparılmır. Bundan əlavə, məhkəmə iclasında dindirilmiş şəxslər arasında sarışın bir şəxs olmamış, o cümlədən Şahid4 dediyi kimi dindirilmiş polislər arasında polisə ictimai dəstək əməkdaşları olmamış, hər biri polis əməkdaşları olmuşlar. Nəticə etibarilə, Müdafiəçi Təqsirləndirilən şəxs bəraət verilməsi barədə xahişi də tamamilə əsassız qalır. Bəraət hökmünün çıxarılması üçün, CPM-in 21.2-ci maddəsinə əsasən, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olmalıdır. Lakin hazırkı iş üzrə məhkəmə belə şübhələrin mövcudluğunu müəyyən etmir. Əksinə, ittiham tərəfinin təqdim etdiyi mötəbər sübutlar - şahid ifadələri, maddi sübutlar, ekspert rəyi və təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi müdafiə tərəfinin irəli sürdüyü və məhkəmənin araşdırması ilə əsassızlığı sübuta yetirilən fərziyyələri tamamilə təkzib edir. Bu səbəbdən, bəraət verilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı şalvarının cibindən ümumi çəkisi 0,796 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi faktı ilə təsdiqlənir. Azərbaycan Respublikasının "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2025ci il tarixli, 3-16/16/2-6/1989/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddənin ümumi təmiz çəkisi 0,749 qram olmaqla, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu, qanunla müəyyən edilmiş "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir və cinayət tərkibinin predmetinin və miqdarının mövcudluğunu sübut edir. Cinayətin subyektiv cəhəti, yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, psixotrop maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manata aldığını səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdi mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Həmçinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 29 may 2025-ci il tarixli, 3192 nömrəli rəyi ilə Təqsirləndirilən şəxsda “Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu”nun aşkar edilməsi və onun məcburi müalicəyə ehtiyacının olması faktı, onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş, bir-biri ilə uzlaşan və kifayət qədər sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi peşmançılığını və himayəsində 1 azyaşlı uşağın olmasını nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən halın mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, CM-nin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 26 may 2025-ci il tarixdən 28 may 2025-ci il tarixədək, cəmi 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, CM-nin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – Bakı, Sumqayıt və Abşeron şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və xx.xx.2023-cü il tarixdən Goranboy rayon Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan psixotrop maddənin qalığı – 0,746 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 89 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 48 iş saatı üçün cəmi 528 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdən 28 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu hər gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 04 (dörd) gün), təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: Bakı, Sumqayıt və Abşeron şəhərlərinin ərazi hüdudlarını tərk etməmək; gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə F11.2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan psixotrop maddənin qalığı – 0,746 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 89 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 48 iş saatı üçün cəmi 528 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar