Məhkəmə qərarları › İş №1(005)-369/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-369/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-369/2022 09.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Yardımlı rayonunun Telavar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində sərnişin qismində tanışı X2 idarə etdiyi «Toyota-Prius» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai yer hesab olunan ünvan 5 «Villa İnn» hotelin qarşısındakı hərəkət növbəliliyi tənzimlənməyən yolda hərəkətdə olan zaman həmin yolla qarşıdan əks istiqamətdə hərəkətdə olan «Daewoo Nexia» minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 onlara yol verməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan Nicat Zahidovla bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, sükan arxasında olan sürücü Zərərçəkmiş şəxs1 qəsdən yumruqla bir zərbə vurub zor tətbiq edərək avtomobili tərk etməsini tələb etmiş və təpiklə qəsdən bir zərbə vuraraq Zərərçəkmiş şəxs1 məxsus «Daewoo Nexia» minik markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının zədələnməsi nəticəsində sonuncuya 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Nicat Zahidov isə bu zaman onların bir qrup şəxs halında qərəzli hərəkətləri səbəbindən həmin avtomobildə olan sərnişin – İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 avtomobili tərk etmək məcburiyyətində qalıb onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün araya girərək onları sakitləşdirməsinə məhəl qoymayaraq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək xuliqanlıq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 çənə nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin çənə sümüyünün sağ oynaq çıxıntısının yerdəyişməyən sınığı və çənə nahiyəsinin şişkinli hematoması ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə xuliqanlıq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 06 dekabr 2021-ci il tarixdən etibarən tanıyır. 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsində olan zaman Nərimanov rayonuna getmək məqsədi ilə tanışı X2 mobil telefonuna zəng vurub 20 Yanvar dairəsində olduğunu və taksi lazım olduğunu bildirərək onu Nərimanov rayonuna aparmasını xahiş etmişdir. Nicat Sumqayıt şəhərindən Bakı şəhərinə yola düşdüyünü və bir neçə dəqiqə sonra 20 Yanvar dairəsinə çatacağını bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Nicat idarə etdiyi «Toyota Prius» minik markalı avtomobillə Sumqayıt şəhərindən gəlib metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən «Bravo» marketin qarşısından onu götürmüş naviqatorun köməkliyi ilə Nərimanov rayonu, R.Muxtarov küçəsi 129 ünvanına doğru hərəkətə başlamışlar. ünvan 5 «Villa İnn» hotelin qarşısındakı yolda hərəkətdə olan zaman həmin yolla qarşıdan əks istiqamətdə hərəkətdə olan «Daewoo Nexia» minik markalı avtomobillə qarşılaşmışlar. Bu zaman Nicat siqnal verib uzaqvuran işıqları yandırıb-söndürməklə sonradan adını bildiyi «Daewoo Nexia» minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yol verməsini istəmişdir. Lakin «Daewoo Nexia» minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 onlara yol verməmişdir. Bu səbəbdən əsəbiləşib Nicatla birlikdə avtomobili tərk etmiş və «Daewoo Nexia» minik markalı avtomobilin sürücüsü Tariyelə yaxınlaşıb üstünə qışqıraraq avtomobilini yoldan kənara çəkməsini tələb etmişlər. Bu zaman Tariyelin onlara laqeyd yanaşdığını və avtomobilini kənara çəkməyə tələsmədiyini görüb əsəbiləşərək Nicatla birgə nalayiq söyüşlərlə onu söyməyə başlayıb avtomobildən düşməsini tələb etmişlər. Tariyelin qorxduğunu və avtomobildən düşmək istəmədiyini görüb hiddətləndiyi üçün Tariyelin «Daewoo Nexia» minik markalı avtomobilinin qabaq sol qapısını açaraq onun sol qoluna yumruqla zərbə vurmuşdur. Bu an Nicat Tariyelin «var-yoxu»nu söymüşdür. O, əsəbi vəziyyətdə olduğu üçün Tariyeli nalayaq söyüşlərlə söyüb bir daha avtomobildən düşməsini tələb etmiş, lakin Tariyelin qorxduğunu və avtomobildən düşmək istəmədiyini görüb təpiklə onun avtomobilinin qabaq sol qapısına bir zərbə vuraraq Nicata yaxınlaşıb onunla yanaşı Tariyelin avtomobilinin qarşısında dayanmaqla onun hərəkət etməsinə imkan verməmişlər. Bu an Tariyelin avtomobilində olan sərnişin, sonradan adını bildiyi İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 avtomobildən düşüb Nicatla ona yaxınlaşaraq söyüş söyməmələrini, sakitləşmələrini xahiş etmişdir. Bu vaxt qəflətən Nicat Zərərçəkmiş şəxs2 üstünə cumub nalayiq söyüşlərlə söyərək yumruqla onun çənə nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs2 çətinliklə müvazinətini saxlayıb bərk qorxduğu üçün kənara çəkilmişdir. Ətrafa boylandıqda yaxınlıqda və ətrafda 10-15 nəfər şəxsin toplaşaraq onlara tamaşa etdiklərini, bir neçə avtomobil sürücüsünün isə hərəkətə davam etmək üçün Nicatla onun yoldan çəkilmələrini gözlədiklərini görmüşdür. Ətrafda camaatın toplaşdığını görüb polis əməkdaşlarının da hadisə yerinə gələ biləcəklərini düşünərək hələ də Tariyeli və onun avtomobilində olan iranlını söyməyə davam edən Nicata səslənərək oradan uzaqlaşmaq lazım olduğunu söyləmiş və cəld Nicatla birlikdə onun avtomobilinə əyləşib oradan uzaqlaşmışlar. Son olaraq zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşayan İran İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 təxminən 2-3 ildir ki, tanıyır. Zərərçəkmiş şəxs2 zərurət olduqda taksi sürücüsü kimi onun xidmətindən istifadə edir, normal münasibətləri vardır. 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs2 iş yerinə aparan zaman idarə etdiyi avtomobillə ünvan 2 ünvanda yerləşən «Villa İnn» hotelin qarşısından keçən ara küçə ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan «Toyota Prius» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ondan öndə gedən avtomobilə yol versə də, ona yol verməmişdir. Nəticədə dayanmaq məcburiyyətində qalıb siqnal verərək uzaqvuran işıqları yandırıb söndürməklə həmin avtomobilin əvvəllər tanımadığı, sonradan adını bildiyi sürücüsü X1 yol istəmiş, lakin Nicat ona yol verməyib ünvanına nalayiq sözlər deyərək ona yol verməsini tələb etmişdir. Sonra Nicat idarə etdiyi «Toyota Prius» markalı avtomobildə olan sərnişin, əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə avtomobildən düşüb idarə etdiyi avtomobilə yaxınlaşaraq ətrafdakılara əhəmiyyət vermədən uca səslə onu nalayiq söyüşlərlə söyməyə başlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb avtomobildən düşməsini tələb etmiş, lakin onu döyəcəklərindən qorxduğu üçün avtomobili tərk etməyib «102» xidmətinə zəng vurmaq qərarına gəlmişdir. Bu an Təqsirləndirilən şəxs əlini qabaq sol pəncərədən içəri salıb avtomobildə oturduğu vəziyyətdə üz nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin an əllərini qabağa verərək özünü müdafiə etdiyi üçün yumruq zərbəsi yüngül formada ona toxunmuş və həmin zərbədən heç bir xəsarət almamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs daha da əsəbiləşərək təpiklə avtomobilinin qabaq sol qapısına zərbə vurmuşdur. Bütün bunları görən Partovi X4 Cəbiyevlə Nicat Zahidovun əl çəkmədiklərini görüb avtomobildən düşərək onları sakitləşdirməyə çalışmışdır. Bu zaman Nicat Zərərçəkmiş şəxs2 üstünə cumub nalayiq söyüşlər söyməklə yumruqla onun çənəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs2 müvazinətini saxlaya bilməyib əlləri ilə çənəsini tutaraq aşağı oturmuşdur. Nicatla Eldayağın daha da azğınlaşdığını görüb oradan uzaqlaşmaq üçün avtomobilini sağa döndərib ünvan 3 ünvanında yerləşən «Villa İnn» otelin həyətinə doğru sürmək istəmiş, lakin Nicatla Eldayaq avtomobilin qarşısını kəsib onu söyməyə davam edərək bir neçə dəqiqə hərəkət etməsinə imkan verməmişlər. Ətrafda camaatın toplaşdığını və digər sürücülərin də narazılıq etdiyini görən Eldayaq və Nicat nəhayət sonuncunun idarə etdiyi «Daewoo-Nexia» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Bundan sonra cəld Zərərçəkmiş şəxs2 yaxınlaşıb tibbi yardıma ehtiyacı olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 çənə nahiyəsində şiddətli ağrı olduğunu bildirib öz mobil telefonu ilə «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 «102» xidmətinə zəng vurub hadisə barədə məlumat verdiyi üçün o, daha «102» xidmətinə zəng etməyə lüzum görməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ilə birgə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi verərək izahat yazmışdır. Hadisə zamanı Eldayaq ona xəsarət yetirə bilməsə də, avtomobilinə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Nicat Zahidov isə yumruqla vuraraq Zərərçəkmiş şəxs2in çənə nahiyəsinə xəsarət yetirmişdir. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Həmin vaxt Nicata və yanındakı sərnişin Eldayağa heç bir zor tətbiq etməmiş və xəsarət yetirməmişlər. Ətrafda toplaşan tanımadığı şəxslər hadisəni görsələr də, qorxduqları üçün müdaxilə etməmişlər. Həmin vaxt Nicatın yol verməməsi səbəbindən yolda tıxac yarandığından bu digər sürücülərin də haqlı narazılığına səbəb olmuşdur. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanında yerləşən ofisdə işlərini yekunlaşdırıb ofisin qarşısında müntəzəm olaraq taksi kimi xidmətindən istifadə etdiyi tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi «Daewoo Nexia» minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadığı ünvana yola düşmüşdür. ünvan 5 «Villa İnn» otelin qarşısından keçən yolda hərəkətdə olan zaman qarşıdan əks istiqamətdə hərəkət edən «Toyota Prius» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onlardan öndə gedən avtomobilə yol versə də, onlara yol verməmişdir. Bunu görən sürücü Tariyel siqnal verərək həmin avtomobilin sürücüsündən yol istəmişdir. Lakin «Toyota Prius» markalı avtomobilin sonradan adını bildiyi sürücüsü X5 onlara yol verməyərək Tariyeli söymüşdür. Sonra həmin sürücü idarə etdiyi avtomobildə olan sərnişin, sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə avtomobili tərk edib onlara yaxınlaşaraq ətrafdakılara əhəmiyyət vermədən uca səslə Tariyeli nalayiq söyüşlərlə söyməyə başlamışlar. Bu zaman Eldayaq Tariyelə yaxınlaşıb avtomobildən düşməsini tələb etmişdir, lakin Tariyel avtomobildən düşmədiyi üçün Eldayaq əlini qabaq sol pəncərədən içəri salıb avtomobildə oturduğu vəziyyətdə onun üz nahiyəsindən yumruqla zərbə vurmuşdur. Tariyel həmin an cəld tərpənib əllərini qabağa verərək özünü müdafiə etdiyi üçün xəsarət almamışdır. Eldayaq Tariyelin avtomobildən düşmədiyini görüb təpiklə onun avtomobilinin qabaq sol qapısına zərbə vurmuşdur. Eldayaqla Nicatın əl çəkmədiklərini görüb avtomobildən düşərək Onları sakitləşdirməyə çalışaraq söyüş söyməmələrini xahiş etmişdir. Bu an gözlənilmədən Nicat üstünə cumub nalayiq söyüşlər söyməklə yumruqla çənəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirib ayaq üstə dura bilməyərək çənəsini tutub aşağı oturmuşdur. Tariyel avtomobilini sağa döndərib Nərimanov rayonu, R.Muxtarov küçəsi, 129 ünvanında yerləşən «Villa İnn» otelin həyətinə doğru hərəkət etmək istəsə də, Nicatla Eldayaq avtomobilin qarşısını kəsib onu söyməyə davam edərək bir neçə dəqiqə hərəkət etməsinə imkan verməmişlər. Zərbənin təsirindən çənə nahiyəsində şiddətli ağrı oluğundan tibbi yardım üçün Eldayağın avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmiş, lakin özünü pis hiss etdiyi üçün bir neçə dəqiqə sərbəst şəkildə ayağa qalxa bilməmişdir. Ətrafda camaatın toplaşdığını və digər sürücülərin də narazılıq etdiyini görən Eldayaq və Nicat nəhayət sonuncunun idarə etdiyi «Daewoo-Nexia» minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Bundan sonra sürücü Zahid cəld ona yaxınlaşıb tibbi yardıma ehtiyacı olub-olmadığını soruşmuşdur. Zahidə çənə nahiyəsində şiddətli ağrı olduğunu bildirib öz mobil telefonu ilə «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonra Zahidlə birlikdə onun idarə etdiyi avtomobillə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi verərək izahat yazmışdır. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Ətrafda toplaşan tanımadığı şəxslər qorxduqları üçün hadisəyə müdaxilə etməmişlər. Həmin vaxt Nicatın yol verməməsi səbəbindən yolda tıxac yaranmış, lakin heç kim cürət edib Eldayaqla Nicata yaxınlaşmamışdır. Növbəti gün, yəni 07 dekabr 2021-ci il tarixdə X8 gedib müayinə olunan zaman çənə sümüyündə sınıq xəsarəti aşkar olunmuşdur. Hadisə zamanı məhz «Toyota Prius» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 yumruqla vuraraq ona xəsarət yetirmişdir. Son olaraq məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs həbs olunduqdan sonra ona məlum olmuşdur ki, 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs əslən Qubadlı rayonundan olan və Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1, mənzil 67-də yaşayan dostu X2 idarə etdiyi «Toyota Prius» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, R.Muxtarov küçəsi 129 ünvanının yaxınlığında hərəkətdə olan zaman qarşıdan əks istiqamətdə hərəkətdə olan «Daewoo Nexia» minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə Nicat arasında mübahisə olmuş, sonra «Daewoo» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 maşından düşüb onlara yaxınlaşdıqda qaynı Eldayaq da maşından düşüb yanlarına getmiş, aralarında yaranmış mübahisə zamanı Nicat yumruqla İran İslam Respublikası vətəndaşı olan Zərərçəkmiş şəxs2 çənəsindən vurub sındırmış, Eldayaq isə təpiklə «Daewoo» markalı avtomobilin qabaq sol qapısından vurub zədələmişdir. Lakin qaynı Eldayaq dost olduqlarına, eləcə də Nicat ailəli olduğuna görə polisdə ifadə verərək Zərərçəkmiş şəxs2 çənə nahiyəsindən bir dəfə zərbə ilə vurub sındırmasını bildirərək Nicat Zahidovu müdafiə etməklə məsuliyyəti öz üzərinə götürmüşdür. Bütün bunları Nicat Zahidov ona danışmış, qaynı Eldayaq həbsdən azad edildikdə sonra isə həqiqəti etiraf etmişdir. Sonradan Zərərçəkmiş şəxs2 telefon nömrəsini tapıb onunla əlaqə saxlamış, həmin vaxt Zərərçəkmiş şəxs2 da Eldayağın onu vurmadığını, məhz Nicatın yumruqla onun çənəsindən vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Yardımlı rayonu, Telavar kəndində qeydiyyatda olmaqla 1998-ci il təvəllüdlü övladı Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 1-də kirayədə yaşayır. X3 Eldayağın yaxın dostu kimi tanıyır. Nicat hərdən yaşadıqları evə gəlir və adətən Eldayaqla bir yerdə olurlar. 15 mart 2022-ci il tarixdə oğlu Eldayaq Nərimanov polisi tərəfindən həbs olunduqdan sonra ona məlum olmuşdur ki, Eldayaq 06 dekabr 2021-ci il tarixdə axşam saatlarında Nicatla birlikdə Nərimanov rayonu ərazisində İran vətəndaşı ilə dalaşmışdır. Bununla əlaqədar Nicata zəng vurub çağıraraq onunla görüşüb hadisə barədə soruşmuşdur. Nicat cavabında idarə etdiyi «Toyota-Prius» markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu ərazisində yerləşən otelin qarşısında hərəkətdə olan zaman qarşıdan gələn «Daewoo Nexia» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onlara yol vermədiyi üçün həmin sürücü və yanında olan iranlı sərnişinlə aralarında mübahisə olmasını, bu zaman yumruqla iranlının çənəsindən vurub sındırdığını, Eldayağın isə təpiklə «Daewoo Nexia» markalı avtomobilin qapısına vurduğunu, lakin dost olduqlarına görə, həmçinin Nicat ailəli olduğu üçün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Bununla əlaqədar Nicatı danladıqda Nicat polisə həqiqəti etiraf edərək iranlını vurduğunu bildirmək istəməsini, lakin iki azyaşlı uşağı olduğu üçün Eldayağın buna imkan verməməsini söyləmişdir. Bundan sonra Nicatın anası Namidə ilə görüşmüş və Nicata görə oğlu Eldayağın həbsə düşməsini bildirmişdir. Nicat həmin vaxt bir daha anasına həqiqəti danışaraq hadisə zamanı iranlıya xəsarət yetirdiyini bildirmişdir. Bu səbəbdən Namidə ondan üzrxahlıq edərək oğlu Nicatı danlayıb polisə gedərək həqiqəti etiraf etməsini tapşırmışdır. Eldayaq həbsdən azad olunduqdan sonra ona həqiqəti etiraf edərək hadisə zamanı iranlı Saeidi məhz Nicatın vurduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi" barədə 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baş vermiş xuliqanlıq hadisəsi ünvan 6 ünvanda qeydə alınmışdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 09 dekabr 2021-ci il tarixli, 925 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət – çənə sümüyünün sağ oynaq çıxıntısının yerdəyişməyən sınığı və çənə nahiyəsinin şişkinli hematoması küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki, həmin xəsarəti şəxsin özü boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gələ bilməsi və özü-özünə yetirə bilməsi inandırıcı deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7- Təcrübi və Tədris Birliyinin 30 dekabr 2021-ci il tarixli, 1002 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2022-ci il tarixli, 9/805 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2010-cu il buraxılışlı, “Daewo Nexia” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 200,00 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 30,00 manat, təmir-bərpa işlərinin qiyməti – 170,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 17 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin təmin edilməsindən imtina edilməsi və onun, dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 mart 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” 11 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-yə gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 557/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və məhkəmə iclas zalından dərhal azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin dəyişdirilməsinə dair” 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, “Daewo Nexia” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-369/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 20 sentyabr 2022-ci il tarixli, xx/xx-4467 nömrəli məktubundan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında təqdim etdikləri ərizələrdən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur, onunla barışmışlar. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, o cümlədən yuxarıda sadalanan yüngülləşdirici halların olması və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsinə zərurətin olmadığı qənaətinə gələrək CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı, cəmi 02 ay 26 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut – “Daewo Nexia” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 02 ay 26 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində yaşayış yerindən axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – “Daewo Nexia” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50,0 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar