Məhkəmə qərarları › İş №1(005)-37/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-37/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-37/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi -Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Tovuz rayonunun Yanıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 18, mənzil 61-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 özünü hərracda olan avtomaşınların satışı ilə məşğul olan şəxs kimi təqdim edib onunla birlikdə avtomaşınların hərracda alaraq yaxşı qazanc əldə edəcəklərini yalandan vəd edib inandırmaqla və etibardan sui-istifadə etməklə aldadaraq Zərərçəkmiş şəxs1 15.000 manat dəyərində “MERCEDES-BENZ E 240” markalı avtomaşınını 10.000 manata sataraq həmin məbləğdə pula guya hərracdan müxtəlif avtomaşınlar alıb sataraq qazanc əldə edəcəklərini yalandan vəd edib aldadaraq həmin məbləğdə pulu ələ keçirmiş, bir neçə gün sonra guya “WOLKSVAGEN” markalı **- JJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın hərracdan çıxarılması üçün 3.000 manat, 2019cu ilin iyun ayının 10-da guya Zərərçəkmiş şəxs1 satmaq üçün hərracdan “VAZ 21120” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını hərracdan alıb satacaqları adı ilə aldadaraq Bakı şəhəri Nərimanov rayonu “Rich” otelin qarşısında 2.500 manat, sonuncu dəfə isə guya bankdan hərraca çıxarılmış 90 qram qızıl-zinət əşyalarını satış qiymətindən daha ucuz qiymətə ona satacaqlarını yalandan vəd verib aldadaraq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Şövkət Məmmədova 2 ünvanında yerləşən “Kəmalə Nərmin” şadlıq evinin qarşısında 2.400 manat pulu alaraq vahid niyyətlə əhatə olunmuş ələ keçirib, Zərərçəkmiş şəxs1 cəmi xeyli miqdarda 22.900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin sentyabr ayında tanış olduğu Zərərçəkmiş şəxs3 özünü hərracda olan avtomaşın və qızıl-zinət əşyalarının satışı ilə məşğul olan şəxs kimi təqdim edib ona hərracda olan qızıl-zinət əşyalarını ucuz qiymətə satacağını yalandan vəd edib inandırmaqla aldadaraq hissə-hissə olmaqla 01 oktyabr 2019-cu ildə 450 manat pulu "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında, sonra isə 07 oktyabr 2019-cu il tarixdə yenə həmin ünvanda 250 manat, sonuncu dəfə isə 17 oktyabr 2019-cu ildə Külək” MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında 2.800 manat pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 cəmi 3.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs2 özünü hərracda olan avtomaşınların satışı ilə məşğul olan şəxs kimi təqdim edib ona “HYUNDAİ ELANTRA” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşını guya 12.500 manat hərracdan Zərərçəkmiş şəxs2 satаcağını yalandan vəd edib inandırmaqla aldadaraq 20 noyabr 2019cu il tarixdə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən inzibati binasının qarşısında 1.500 manat, 18 yanvar 2020-ci il tarixdə yenə həmin ünvanda 1.000 manat pulunu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 cəmi 2.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən bir ildən artıqdır ki, Mahir adlı ümumi tanışlarının vasitəsilə tanımış və bu hadisəyə kimi aralarında normal münasibətləri olmuşdur. Həmin ərəfələrdə о, işlənmiş avtomobillərin alqı-satqısı ilə məşğul olmuş və Zərərçəkmiş şəxs1la da bununla əlaqədar tanış olmuşlar. Alim ondan avtomobil aldıqdan sonra onun bu işlə məşğul olduğunu bilib təklif etmişdir ki, müəyyən miqdarda pul versin və onlar birlikdə bu işlə məşğul olub pul qazansınlar. Həqiqətən də, 2018-ci ilin oktyabr ayının əvvəllərində aralarında şifahi şəkildə olan razılığa əsasən Alimlə şərikli şəkildə banklarda girovda olan işlənmiş avtomobil alıb-satmağa başlayıb birlikdə pul qazanmışlar. Bu işi birlikdə görmək üçün ilk olaraq oktyabr ayının əvvəlində «VAZ 21015» markalı avtomobil almaq üçün Alimdən 2.200-manat pul almış, lakin həmin maşın restruktrizasiya düşdüyü üçün çıxarda bilməmiş, sonra «Volksvaqen» markalı avtomobil üçün 800 manat pul almış, lakin avtomaşını Alim bəyənməmişdir. Sonra isə “Mercedes” markalı avtomobil almaq üçün borc olaraq ondan 850 manat pul almışdır. Bir neçə gün sonra isə «KİA» markalı mikroavtobus alarkən 500 manat borc pul almış, sonra “Volksvaqen” və «VAZ 2107 markalı avtomobil almaq üçün Alimə məxsus olan “Mercedes Benz E240” markalı **-SA-*** nömrəli avtomobili tanışı olan “Mənsurə” adlı qadına girov qoyaraq faizə 10.000 manat pul götürmüşlər. Həmin maşına görə 10.000 manat pulun 8400 manatını o, “Mercedes” və “VAZ 2107” markalı avtomobilləri almaq üçün götürmüşdür. Təxminən 4-5 gün sonra avtomobilləri satıb 13.500 manat pulu Şamaxinka adlanan ərazidə Аlimə vermiş, lakin Alim işləməyi təklif etmiş, və öz növbəsində ona maşını girovdan çıxarmağı təklif etmişdir. Lakin Alim kiməsə pul verməli olduğunu bildirmiş, “Memar Əcəmi” metrosunun yanına gedib kiməsə orada pul vermişdir. Sonra “Azadlıq” metrosunun yаnınа gedib orada Alim kiməsə aldığı “Azsamand” markalı avtomоbil üçün pul vermiş, bundan sonra Alimdən “BMW” markalı avtomaşın üçün 2.700 manat, “Volsvaqen Transporter” markalı avtomobil üçün 2.700 manat, “Şеvralet” markalı avtomobil üçün 900 manat, “VAZ 012” markalı avtomobil üçün 2.400 manat və “VAZ 2107” markalı avtomobil üçün 500 manat pul almışdır. 2019-cu ilin mart ayında restruktrizasiya olunması barədə qanun qəbul edildiyi üçün bankda olan işlənmiş və dəyəri az olan avtomobillərin hərraca çıxarılaraq satılması dayandığı üçün Alimin pulunu qaytara bilməmişdir. Munis Əfəndizadəni bir neçə ildir ki, tanıyır, onunla razılaşıb ondan 3.500 manat pul alаraq 116 qram hərracdan qızıl alıb ona satacağına söz vermiş, lakin hərracın keçirilməsi təxirə düşdüyünə görə söz verdiyi qızılı alıb verə bilməmişdir. Ondan aldığı 3.500 manat pul ilə hərracdan maşın almışdır. Munis pulu geri istədikdə ona 500 manat pul və özünə məxsus qarajın sənədlərini girov qoymuş, qalan 3.000 manat borcu qaytardıqda sənədləri geri götürmək niyyətində olmuşdur. Lakin işləri düz getmədiyi üçün ona olan 1.000 manat borcu qaytara bilməmişdir. Munisə sənədlərini girov qoyduğu qarajı satıb ona olan 3.000 manat borcu verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs2 «Ekspres Bank»da işləyən Vidadinin vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs2 “Hyundai Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşını 12.500 manata satacağına söz verib ondan 2.500 manat pul almış, lakin pandemiya ilə əlaqədar hərrac keçirilmədiyi üçün həmin avtomaşını alıb оnа verə bilməmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyinin nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında iş yoldaşı Səfərli Vidadi demişdir ki, «Beynəlxalq Bank» da hərracda maşınlar var, almaq istəyirsə Təqsirləndirilən şəxs ilə onu tanış etsin və onun vasitəsilə hərracdan maşın alsın. Beləcə o, Təqsirləndirilən şəxs ilə Vidadi Səfərlinin vasitəsilə tanış olmuşdur. 2019-cu ilin noyabr ayının əvvəlində Təqsirləndirilən şəxs ilə görüşüb 2012-ci il buraxılışlı, **-RE-*** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobilə baxmış və həmin avtomobilin 12.500 manata ən geci 1 ay müddətinə hərracdan ala biləcəyi barədə razılaşmışlar. Aralarında razılıq əldə edildikdən sonra xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs 1.500 manat pul vermiş, daha sonra 2020-ci ilin yanvar ayının əvvəlində yenə də növbəti «Hyundai Elantra» markalı avtomobilə baxmışlar və həmin avtomobilin də hərracdan ən geci 1 ay ərzində ala biləcəyi barədə razılığa gəldikdən sonra, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 1.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs verdiyi cəmi 2.500 manat məbləğində pulu Nərimanov rayon ərazisində Hərracın qarşısında vermiş. Vidadi ilə aralarında əldə olunmuş razılaşmaya görə, hər iki avtomobil ən geci 2020-ci ilin fevral ayının 10-a qədər "xxxx" MMC-də hərraca çıxarılmalı və alınmalı idi. Lakin Təqsirləndirilən şəxs tərəfindən verilmiş bütün vədlər boşa çıxmışdır. Son olaraq Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir və onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2018-ci ilin təxminən oktyabr ayında tanışı Mahir adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vidadi həmin vaxt bankda girovda olan avtomobillərin satışı ilə məşğul olurdu. 2018-ci ilin oktyabr ayının əvvəllərində Vidadi ona banklarda girovda olan avtomobilləri hərrac yolu ilə alaraq daha sonra isə satıb qazanc əldə etmələrini təklif etmişdir. Vidadi ilə birlikdə Xırdalan dairəsində yerləşən cərimə meydançasına getmiş, Vidadi 2 ədəd «VAZ 21154» markalı avtomobil göstərib bildirmişdir ki, həmin avtomobillər hərracdadır, həmin avtomobillərin hər birini 4.000 manata hərracdan çıxardıb hər birini 7.000 manata sata bilərlər. Vidadinin sözlərinə görə 2 avtomobil üçün ilkin sənədləşmə və hərracdan qiymətlərini aşağı salınması üçün hər bir avtomobil üçün 1.200 manat olmaqla cəmi 2.400 manat pul lazımdır və ona görə də Vidadiyə «Elit» Ticarət Мərkəzinin arxasında yerləşən avtoservisdə pul vermişdir ki həmin avtomоbilləri hərrac üçün sənədləşdirsin. Vidadiyə pul verdikdən sonra o, inandırmağa başlamışdır ki, həmin avtomobillər üçün pulları guya hərracda işləyən şəxslərə verməlidir. Təxminən 1 ay ərzində Vidadi ilə mütamadi olaraq əlaqə saxlamış, Vidadi müxtəlif bəhanələr gətirərk guya sənədləşdirmə işlərinin getdiyini bildirmiş, həmin ərəfədə Vidadi bildirmişdir ki, «VOLKSVAQEN» markalı avtomobil var, hazır maşındır həmin avtomobili 7.000 manata alıb, 2.000 manat hərrac üçün “Şapka” verib 2.300 manatа təmir etdirib yaxşı qiymətə sata bilərlər. Odur ki, Vidadi ilə birlikdə gedib, əmisi oğlu Camal Əsgərovla Bakı şəhəri, Badamdar qəsəbəsində görüşərək ondan 7.000 manat pulu götürüb öz maşınında Vidadiyə vermişdir. Təxminən 2018-ci ilin noyabr ayının sonlarında həmin 7.000 manat verdiyi «Volksvagen» markalı avtomobilin sənədləşdirilməsi üçün «Montin» yaşayıış massivində İ.Hidayətzadə küçəsində yerləşən hərrac mərkəzinin qarşısında 2.000 manat pulu Vidadiyə vermiş, «Dəmir Bank»ın həyətindən həmin avtomaşını götürüb 2.300 manat təmirinə xərcləmiş və həmin avtomaşını «Ekspress Bank»a 15.500 manata satmışlar. Avtomaşının satışından Vidadi ilə она 4.200 manat xeyir qalmışdır. Bundan sonra Vidadi inandırmışdır ki, hərracda yenə «Volksvagen» markalı avtomaşın var, xeyirlərindən əlavə 1.800 manat pul versə 6.000 manat hərracdan «Volksvagеn» markalı avtomaşın çıxarıb yenə satıb əlavə qazanc əldə edəcəklər. Ona inanıb qazancdan əlavə yenə Vidadiyə 1.800 manat pul verib Vidadinin «Volksvagen» markalı avtomaşını hərracdan alaraq çıxarmasını gözləməmiş, Vidadi ilə həmin maşını hərracdan çıxarıb 15.500 manata satsa dа, Vidadi ona pul verməmişdir. Vidadi ona bildirmişdir ki, əlavə yaxşı avtomaşınlar var, bankdan hərracdan çıxarıb yaxşı qiymətə satacaq. Vidadi həmin vaxta qədər onun 4.200 mant pulunu özündə saxlamış, ona hər hansı məbləğdə qazanc verməmişdir. Bundan sonra 2018-ci ilin təxminən dekabr ayının əvvəllərində Vidadi «Dəmir Bank»da 1 ədəd «VAZ 2104» markalı, yaşıl rəngli avtomobil olduğunu bildirmiş, birlikdə gedib həmin avtomaşına baxdıqda Vidadi orada demişdir ki, həmin avtomaşını hərracdan çıxarmaq üçün “Şapka” ilə birlikdə 5.000 manat pul lazımdır və о, Vidadiyə 5.000 manat pul vermişdir ki, hərracdan həmin avtomaşını çıxarаrаq, guya 6.600 manata satıb xeyir götürməli idilər. Lakin Vidadinin deməsinə görə guya həmin satılan avtomaşına görə оnа 5.000 manat pul verilibdir. Vidadidən ilkin olaraq «VAZ 21154» markalı avtomaşınlar üçün verdiyi 2.400 manat puldan nə xəbər olduğunu soruşmuş, Vidadi isə həmin avtomaşınların artıq hərracda olduğunu, sənədləşdirmə işlərinin getdiyini və yaxın günlərdə hərracdan çıxaraq yaxşı xeyir əldə edəcəklərini bildirmişdir. Vidadi hərracda 1 ədəd «Mercedes» markalı avtomaşın olduğunu, 5.000 manat pula həmin avtomaşını hərracdan çıxara biləcəyini, qalan xərclərini guya özü çəkəcəyini, həmçinin 1 ədəd «BMW» markalı avtomaşın olduğunu, 3.000 manata hərracdan çıxara biləcəyini, həmin avtomaşınları hərracdan çıxarıb özü də xərc qoyduqdan sonra satıb yaxşı xeyir əldə edəcəklərinə inandırmışdır. Vidadiyə artıq pulunun olmadığını, bütün pullarının onda olduğunu demiş, Vidadi isə təkidlə guya hərracda 5-6 maşınlarının olduğunа inanadırmağa çalışmışdır. Vidadi demişdir ki, guya onun Mənsurə adlı tanışı var, ona məxsus «Mercedes Benz E240» markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomaşını Mənsurəyə 1 aylıq girova qoyub 10.000 manat pul götürüb, həmin pulun 8.000 manatını o, hərracda avtomaşınların sənədləşdirmə işlərini həll edəcək, 10.500 manat Mənsurəyə pul ödəyib girova qoyulan avtomaşınını geri qaytaracaqdır. Vidadi ilə razılaşmasa da, Vidadi götürəcəyi 10.000 manat puldan 2.000 manat ona xərclik pulu verəcəyini, qalan hərrac məsələsini və satılacaq avtomaşınların sənədləşdirmə işlərini görəcəyini, 1 aydan sonra avtomaşını qaytaracağınа söz vermişdir. Vidadiyə inanıb, həmçinin artıq оnа verdiyi pulun da batmaması üçün həmin avtomaşınların hərracdan çıxarılaraq satılması üçün Vidadi ilə birlikdə BDYPİ-nə getmiş, həmin vaxt Mənsurənin qohumu dа gəlmiş, həmin avtomaşını Mənsurənin qohumunun adına sənədləşdirdikdənн соnrа pulu Vidadi Mənsurənin yaşadığı «Şamaxinka» deyilən ərazidə olan mənzililində götürmüşdür. Vidadi həmin puldan 2.000 manat pul vermiş, sonra Arif «Volksvaqen» markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını hərracdan çıxarıb satacağını bildirmiş, həmin maşın üçün 3.000 manat pul almışdır. Vidadi həmin avtomaşını hərracdan çıxarıb satdığını, həmin şəxsin pulu bir neçə günə verəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, Vidadi həmin maşını 10.000 manat borcunun əvəzinə veribdir. Bundan sonra Vidadi ilə mütamadi olaraq əlaqə saxlamış, Vidadi işlərin yaxşı getdiyini, bir neçə avtomaşının hərracdan çıxardığını, dövriyyənin yaxşı getdiyini bildirmişdir. 2019-cu ilin iyun ayının 10-da Vidadi guya «VAZ 21120» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşını hərracdan çıxarıb 1-2 günə оnа «Mercedes» markalı avtomaşını girovdan çıxarıb yaxşı xeyir verəcəyini vəd edib «RİCH Hotel»in qarşısında 2.500 manat pul alıb demişdir ki, avtomaşın 1-2 günə Arifin köməkliyi ilə hərracdan çıxır. Bundan əlavə Vidadi Gəncədə yerləşən bankdan hərraca çıxarılan 90 qram qızıl olduğunu, həmin qızıl üçün 2.400 manat pul lazım olduğunu, həmin qızılın bazar qiymətinin 70-75 manat olduğunu, hərracdan isə 28-30 manata Arifin köməkliyi ilə çıxaracağını və ona verəcəyini bildirmişdir. Söhbət zamanı Vidadiyə demişdir ki, artıq inamı azalıb, оna 20.000 manatlıq avtomaşınını və 10.000 manatdan çox pul vermiş, lakin hələ bir nəticəsi yoxdur. Bundan sonra Vidadi yenə inandırıb bildirmişdir ki, qızıl məsələsi və “VAZ 21120” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərracdan çıxarılması hazırdır, 2.400 manat pul ver, uzağı bir həftəyə qızılları və maşını özü təhvil verəcəkdir. Ona yenə inandığı üçün pullarının və avtomaşının batmaması üçün 2019-cu ilin iyun ayının sonlarında Vidadi ilə «Kəmalə-Nərmin» şadlıq sarayının yaxınlığında yerləşən çayxanada görüşmüş və orada 2.400 manat pulu оna vermişdir Bundan sonra Vidadi ilə dəfələrlə əlaqə saxlasa da, o hər dəfə müxtəlif bəhanələr gətirib, gah maşınların məhkəmə qərarlarının gözlənilməsini, qızılı isə guya inkasator maşını ilə gələcəyini bildirmiş və bu minvalla təxminən 2019-cu ilin oktyabr ayınadək Vidadi ilə görüşüb pullarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Vidadi onu aldadıb 22.900 manat pulunu ələ keçirmişdir. Lakin son olaraq Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir və onunla barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, dostu Rüfət adlı şəxs onun işsiz olduğunu nəzərə alaraq yaxşılıq olsun deyə 2019-cu ilin sentyabr ayında оnunla görüşdüyü zaman Vidadi adlı bir şəxsin banka girov qoyulmuş olan və sonra hərraca qoyulub satılan qızıl zinət əşyalarının alınmasındа kömək edə biləcəyini, həmçinin Vidadi qızılın hərrac yolu ilə satılacağını əvvələcədən bildiyini, onun kömək ola biləcəyini demişdir. Rüfət оnun nömrəsini vermiş, onun istifadəsində olan ***- ***-**-** nömrəsinə zəng vuraraq onunla danışmış, Vidadi telefonda demişdir ki, əvvəlcədən bir az pul vermək yolu ilə satılası qızılı behləmək olur. Оnunla danışanda ona inanmış, ilk dəfə hərracın yerləşdiyi binanın qarşısında оnunla görüşəndə onun istədiyinə görə 1 oktyabr 2019-cu il tarixdə ilkin olaraq 450 manat, daha sonra, təxminən 07 oktyabr tarixdə 250 manat pulu yenə həmin ünvanda, təxminən bir həftə sonrа, 17 oktyabr tarixdə isə 2.800 manat pulu ona yenə həmin ünvanda vermişdir. Vidadi vəd vermişdir ki, satışa çıxarılacaq 106 qram qızıl zinət əşyalarını beh edibdir. Vidadinin deməsinə görə xx.xx.2019-cu il tarixdə hərrac keçiriləcək. 2.800 manat pulu o, onun qardaşı oğlu kimi özünü təqdim edən Şahəddin adlı şəxsə vermiş, Vidadi və Şahəddin ilə bir yerdə hərracın qabağında çayxanada oturduqları zaman Vidadi onun şəxsiyyət vəsiqəsini alıb getmiş, demişdir ki, hərraca gedir, zəng vurub deyəndə pulu Şahəddinə ver, o, pulu gətirib verəcək. Bir az sonra Vidadi zəng vurmuş, o pulu Şahəddinə vermiş, Şahəddin də pulu götürüb getmişdir. Vidadi demişdir ki, iki gündən sonra şəxsiyyət vəsiqəsini və hərracın protokollarını verəcək. İki gün keçəndən sonra Vidadi vaxtı uzatmağa başlamış, hər dəfə bir bəhanə gətirərək aldatmağa başlamışdır. Bu barədə Rüfətə demiş, o da maraqlanıb demişdir ki, polisə ərizə yazmaq lazımdır və bundan sonra o, polisə ərizə yazmış, bundan sonra isə Vidadini görməmişdir. Bütün pulları və sonuncu dəfə onun qohumuna Nərimanov rayonu, «Funda» Klinikasının yanında yerləşən hərrac binasının həyətində vermiş, Vidadi bir dəfədə qaraj sənədi gətirib verib demişdir ki, iş düzələcək, lakin yalan çıxmış, sonradan isə özü hərracın rəhbəri ilə görüşüb danışmış, məlum olmuşdur ki, ümumiyyətlə qızıl zinət əşyaları hərrac yolu ilə satılmır, satılması üçün göndərilmir. Artıq onda başa düşmüşdür ki, Vidadinin niyyəti aldadıb pulu ələ keçirmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 il olar ki tanıyır. Belə ki, həmin vaxt Vidadinin özünə məxsus evi bankda girovda olduğu üçün Vidadi onun işlədiyi Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi idarəsində həmin evin qiymətləndirilməsi getdiyi ilə əlaqədar tez-tez idarəyə gəlib-getmiş, elə həmin vaxtdan onu tanımışdır. Bundan sonra Vidadini işlədiyi Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi idarəsində görmüş, Zərərçəkmiş şəxs1 2018-ci ildə Vidadinin yanında görmüş, onlar idarəyə hərraca gəlib getmişlər. Alimlə yalnız Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsi 156(20A) 1933-cü məhəllədə Hərracın binasında görüşmüş, Alimlə başqa yerlərdə görüşməmişdir. Onunla görüşü ancaq Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi idarəsinin binasında olubdur, ondan nə maşın və yaxud qızıl üçün pul almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 20 may 2021-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin xx.xx.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 may 2021-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(060)-181/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-346/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yer getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, həbs qismində qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə qədər və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci X2 Rayon Məhkəməsinə ünvanlandığı 24 dekabr 2021-ci il tarixli, 080-21452 nömrəli cavab məktubundan görünür ki, 1(005)-346/2021 nömrəli qərar əsasında barəsində axtarış işi olan Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 23 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı X1 Rayon Məhkəməsinə ünvanlanmış 28 dekabr 2021-ci il tarixli, xx/xx-5370 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq 27 dekabr 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Zərərçəkmiş şəxs2 Əsgər oğlunun notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Bununla bağlı heç bir iddia və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona qarşı şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdədə bu işlə bağlı iddia və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək və 23 dekabr 2021-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı, cəmi 04 ay 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 08 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 09 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar