Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-370/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş Zülfiyev Vüqar Söhbətəli oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş –X2 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zülfiyev Vüqar Söhbətəli oğlu X3 və sonuncunun qohumu Samir barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə vermiş olduğu xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zülfiyev Vüqar Söhbətəli oğlu tərəfindən məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilərək Zülfiyev Vüqar Söhbətəli oğlu X3 və sonuncunun qohumu Samirin AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X4 və onun qohumu Samir dəfələrlə onu və onun bacısı Zülfıyeva Vüsalə Söhbətəli qızını təhqir etmişlər, telefonda zəng edərək bacısını əxlaqsız adlandırmışlar. X1 ona zəng edərək guya bacısını zorlayıb atmışlar. Bu zaman o, rusiyada olmuşdur. Təhqir edici sözləri Samir adlı şəxs də demişdir. Bütün bunlar ona məxsus telefonunda olan whatsapp yazışma sistemi vasitəsi ilə yazılmışdır. O, hələ rusiyada olarkən dəfələrlə onlara bildirmişdir ki, onunla və onun bacısı ilə də işləri olmasın. Lakin buna baxmayaraq onlar öz çirkin və təhqir edici hərəkətlərini davam etdirmişlər. Bu hərəkətləri onların uzun müddət davam etdiyinə görə barələrində cinayət işi başlanması üçün yaşadığı ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Araşdırmalardan sonra Nərimanov RPİ-nin 17-ci PB-dən ona məktub gəlmiş və xx.xx.2020-ci il tarixli həmin məktubla qeyd edilən şəxslər barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanması barədə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Qeyd eymişdir ki, tərəfindən Nərimanov RPİ-nin 17-ci PB-nə müraciət xx.xx.2020-ci il tarixdə ünvanlanmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş Zülfiyev Vüqar Söhbətəli oğlu çıxış edib şikayəti tam müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini, həmçinin təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, hazırkı xüsusi ittiham qaydasında şikayətin verilməsinə səbəb olan əməl kimi, təhqir xarakterli hərəkətlər “whatsapp” ani mübadilə mesajlaşma sistemində əks olunması ilə əlaqədar olmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə,müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X3 və onun qohumu X8 Söhbətəli oğlunun arasında baş vermiş hadisə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə bildirmişdir. Qanunvericiliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Digər tərəfdən şikayətdə CPM-nin 293.3.2-ci maddəsinin tələblərinə də əməl edilməyərək, şikayətin nə vaxt törədilməsi göstərilməmişdir. Halbu ki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, kim tərəfindən törədilməsi bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. AR CPM-nin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd olunmalıdır. Hazırki şikayət ərizəsində isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, həmçinin həmin şəxsin şəxsiyyəti müəyyən edilməmiş, törədilməsi ehtimal olunan hadisədə onun rolu, soyadı, atasının adı və yaşayış yeri barədə hər-hansı məlumat əlavə edilməmiş, habelə şikayətdə göstərilməmişdir. Qeyd edilənlərə əsasən şikayət əsassızdır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və sonuncunun qohumu Samir barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında Zülfiyev Vüqar Söhbətəli oğlu tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-370/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-370/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver