Məhkəmə qərarları › İş №1(005)-370/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-370/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-370/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şamaxı şəhəri. X1 küçəsi döngə 1 ev 8 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə etmiş, saxlamış və gəzdirməklə daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə Çexiya dövlətində istehsal olunmuş 7.65 mm kalibrli, texniki cəhətdən saz atəşə yararlı, yivli odlu silah hesab edilən ÇESKA ZBROYEVKA 27 modelli, 135687 nömrəli bir ədəd yivli odlu silahı və bir ədəd zavod üsulu ilə istehsal edilmiş 09 ədəd 7.65 mm kalibrli patronlar yerləşdirmək uçün nəzərdə tutulmuş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli ÇESKA ZBROYEVKA 27 modelli tapançaların komplekt hissəsi hesab edilən darağı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da ünvan 2 ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş, həmin gün saat 20 13-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan sarı rəngli şalvarın bel hissəsindən 01 ədəd 135687 nömrəli, zavod üsulu ilə Çexiya dövlətində istehsal olunmuş 7,65 mm kalibrli, texniki cəhətdən saz, atəşə yararlı, yıvli odlu silah hesab edilən ÇESKA ZBROYEVKA 27 modellı tapança və üzərində 01 ədəd zavod üsulu ilə istehsal edilmiş 09 ədəd 7.65 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan həmin kalibrli ÇESKA ZBROYEVKA 27 modelli tapançaların komplekt hissəsi - daraq aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, faktiki olaraq Şamaxı rayonu ərazisində yaşamasına baxmayaraq bir neçə gün əvvəl Bakı şəhərinə gəlmişdir. Tutulmamışdan iki gun əvvəl isə Abşeron rayonu, Hökməli dairəsi deyilən yerin ətrafından keçən zaman orada yerləşən məişət tullantıları atılan yerdə sellofan paketin içərisində dəmirdən istehsal edilmiş tapança tapmışdır. Silaha olan həvəsinə görə həmin tapançanı özündə saxlamışdır. Tapançanın sandıqçasında iki ədəd güllə də var imiş. Belə olan halda tapançanı götürüb üzərində saxlamışdır. Lakin kiməsə bu barədə məlumat verməmişdir. 04 aprel 2022-cı ıl tarixdə saat 18:30 radələrmdə o. Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan zaman ona mulki geyimdə olan şəxslər yaxınlaşaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Həmin vaxt zibillikdən tapmış olduğu tapança üstündə, yəni əynində olan şalvarının bel hissəsinə keçirmişdir. Tapançaya aid olan patronları isə hər ehtimala qarşı çıxarıb cibinə qoymuşdur .Bundan sonra həmin şəxslər ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər Sonra barəsində qəbul edilmiş Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində odlu silah hesab edilən bır ədəd tapança vardır. Bundan sonra polis əməkdaşları onu Baş İdarəyə dəvət etmişlər O buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan sarı rəngli şalvarının sağ yan cibindən ıkı ədəd patron və nağd pul, sol yan cibindən mobil telefon, şalvarın bel hissəsindən isə həmin sözügedən tapançanı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir Onun təqdim etdiyi tapança və patronlara baxış keçirilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş tapança ilə iki ədəd patronu iki gün əvvəl Abşeron rayonu 'Hökməli'' dairəsi adlanan ərazidə yerləşən zibil atılan yerdən bir ədəd sellofan paketin içərisində təsadüfən tapdığını və həmin gündən üzərində saxlayıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən cinayət xarakterli digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş tapança və patronlar polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir qablaşmanın üzəri tərəfindən imzalanmışdır. Daha sonra bütün qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər iştirakçılar protokola imza etmişlər. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 aprel 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxıl olmuş məlumatda xx.xx.1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı şəhəri. X1 küçəsi, döngə 1, ev 8 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində gəzdirməklə daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri isə həmin idarənin əməliyyat müvəkkilləri polis mayoru Şahid2 və polis mayoru Şahid3 təyin edilmişlər 04 aprel 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 18:30-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etdikdən sonra saxlanılmış şəxsin də şəxsiyyətini müəyyən etmişlər və barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin şəxs də etiraz etmədən onlarla Baş İdarəyə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Raş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah olduğunu etiraf edərək əynində olan sarı rəngli şalvarının sağ yan cibindən iki ədəd patron, 20 manat nağd pul və şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, şalvarın bel hissəsindən isə bir ədəd tapançaya oxşar dəmirdən hazırlanmış predmeti çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tapançaya oxşar dəmir predmet baxış keçirilən zaman həmin predmetin üzərində “Pistol Model 27” yazısı və "135678" rəqəmlərin yazıldığı müəyyən edilmişdir. Tapançaya bənzər predmetin üzərində sandıqçanın da olması məlum olmuş, baxış zamanı içinin boş olması müəyyən edilmişdir. Patronlara keçirilən baxış zamanı isə patronların tamlığının pozulmadığı müəyyən olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tapança ilə patronları iki gün əvvəl Abşeron rayonu ərazisində “Hökməli dairəsi” adlanan yerdə məişət tullantıları atılan yerdə sellofan paketin içərisində tapdığını, odlu silaha marağı olduğu üçün həmin tapançanı götürüb özündə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd tapança tipli odlu silaha oxşar predmet, onun sandıqçası və iki ədəd Datron özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra şəxsi axtarış və götürmənin, keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 Əlibala oğlu iş üzrə digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 04 aprel 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq xx.xx.1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı şəhəri. X1 küçəsi, döngə 1, ev 8 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs qanunsuz olaraq özündə saxladığı odlu silah və döyüş sursatının realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, odlu silah və döyüş sursatının vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitələrinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitələrinə, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbirin davam etdirilməsi, qərarın müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır; “Şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, BMCMl-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə saat 18.30-da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarının sağ yan cibindən 02 ədəd patron, şalvarının bel hissəsindən isə 01 ədəd üzərində “Pistol Model 27 yazısı və 135687 qeydiyyat nömrəsi olan tapançanı sandıqçası ilə birlikdə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 05 aprel 2022-ci il tarixli, 22/284R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 135687 №li silah, zavod usulu ilə Çexiya dövlətində istehsal olunmuş 7.65 mm kalibrli, ÇESKA ZBROYEVKA 27 modelli tapançadır, yıvli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır Silahın hissə və mexanizmlərin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 09 ədəd 7.65 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli ÇESKA ZBROYEVKA 27 modelli tapançaların komplet hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuiş 7.65 mm kalibrli olmaqla BRAUNİNQ konstruksiyalı tapançaların ştat patronlarıdır, həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərədə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararsızdırlar. “Maddi sübut kimi tanınma haqqında” 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Manət oğlundan aşkar edilərək götürülmüş 01 ədəd Çexiya dövlətində istehsal olunmuş 7.65 mm ÇESKA ZBROYEVKA 27 modelli tapança və onun daragı iş üzrə maddi sübut kimi tanınmış, 02 ədəd 7,65 mm kalibrli patronlar isə maddi sübut kimi tanınmadan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü DİN-in BMCMl-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 4(005)-407/2022 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmışdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 5(005)-432/2022 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022ci il tarixli, 27/1073 nömrəli məktubundan görünür ki, Çexiya dövlətində istehsal olunmuş 7.65 mm 135687 nömrəli ÇESKA ZBROYEVKA 27 modelli tapança Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatından keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdirr; Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CMin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: törətdiyi əməli etiraf edib peşman olmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 4(005)-407/2022 nömrəli qərarı ilə 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 04 aprel 2022-ci il tarixindən hesablanmalıdır (CPM-in 158.2.1-ci maddəsi). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM- 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd Çexiya dövlətində istehsal olunmuş 7.65 mm ÇESKA ZBROYEVKA 27 modelli tapança və onun darağı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, maddi sübut kimi tanınmamış istifadəyə yararsız 02 ədəd 7,65 mm kalibrli patronlar məhv edilməlidir (CPM-132, 132.1.4). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Müdafiəçi iştirak etdiyi 30 iş saatı üçün 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 04 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd 7.65 mm kalibrli Çexiya dövlətində istehsal olunmuş ÇESKA ZBROYEVKA 27 modelli tapança və onun darağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş və istifadəyə yararsız 02 ədəd 7,65 mm kalibrli patronlar məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar