Məhkəmə qərarları › İş №1(005)-370/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-370/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-370/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X5 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1987-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan və həbs edilənədək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 102 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarında psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,193 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 0,506 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 12 may 2024-cü il tarixdə saat 18:00 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66/68 ünvanının qarşısında saxlanılaraq, ünvan 3 yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nin inzibati binasında üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində qara rəngli şalvarın sağ yan cibindən çıxardığı “FESKO” markalı kibrit qutusunun içərisindən 01 ədəd bükümdə xeyli miqdarda ümumi çəkisi 0,193 qram olan ağ rəngli kristallik şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,506 qram olan tünd rəngli qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən iki il olar ki, o, narkotik vasitədən istifadə edir. 11 may 2024-cü il tarixdə axşam saatlarında Akşin adlı şəxsə zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Ulduz metrostansiyasının yanında onunla görüşmüş, Akşinə 20 manat pul verib ondan öz istifadəsi üçün 01 ədəd kağız bükümdə psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə heroin alıb, həmin maddələri “FESKO” markalı kibrit qutusunun içərisinə qoyub şalvarının sağ yan cibinə qoymuşdur. 12 may 2024-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66/68 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona suallar verməyə başlayarkən o, suallardan yayındığından onu polis əməkdaşları 18-ci Polis Şöbəsinə dəvət edərək, şöbəyə getdikdən sonra üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd “FESKO” adlanan kibrit qutusunu və sol yan cibində olan 11 manat əskinası çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində 01 ədəd kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə metamfetamin olduğunu bildirmişdir. O, ifadəsini davam etdirərək göstərdi ki, narkotik vasitələri heç vaxt satmamış, yalnız öz tələbatını ödəmək üçün əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 12 may 2024-cü il tarixdə saat 18:00 radələrində digər əməkdaş Şahid1 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66/68 ünvanının qarşısında xidmət apararkən bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona suallar verərkən suallardan yayındığını gördüklərindən onu 18-ci Polis Şöbəsinə dəvət edərək apararaq şöbədə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun şalvarının sağ yan cibindən “FESKO” adlanan kibrit qutusunu və sol yan cibindən isə 11 manat əskinası çıxarıb təqdim etdiyini, həmin qutunun içərisində isə 01 ədəd kağız bükümdə metamfetamin, 01 ədəd bükümdə isə heroin olduğu aşkar olunaraq qablaşdırılaraq götürüldüyünü bildirdi. İstintaq orqanı tərəfindən dindirilmiş Şahid1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 12 may 2024-cü il tarixdə saat 18:00 radələrində digər əməkdaş Şahid2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66/68 ünvanının qarşısında xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin vaxt ona yaxınlaşıb ona suallar verərkən suallardan yayındığını gördüyündən onu 18-ci Polis Şöbəsinə dəvət etmiş, şöbədə raportla məruzə etdikdən sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun şalvarının sağ yan cibindən “FESKO” adlanan kibrit qutusunu çıxarıb təqdim etdiyini, həmin qutunun içərisində isə 01 ədəd kağız bükümdə metamfetamin, 01 ədəd bükümdə isə heroin olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 12 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 23-24) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2024-cü il tarixli protokoldan görünür ki, 12 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 18-ci PŞ-də video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardığı “Fesko” yazısı olan kibrit qutusunun içərisindən 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminin aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1 i.v 36-38) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olubolmamasını müəyyən etmək üçün məhkəmə-kimyəvi ekptertizası təyin edilmiş, ekspertizanın xx.xx.2024-cü il tarixli 6/2690 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,506 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,193 qram olan ağ rəngli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. (Cild 1 i.v 46-51) Təqsirləndirilən şəxs aşkar olunaraq gptürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,193 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,506 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,143 qram çəkidə psixotrop maddə metamfetamin, 0,406 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1 i.v 121-128, 133) Məhkəmə-Narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3258 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v 118-119) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən çıxardığı “Fesko” markalı kibrit qutusunun içərisindən 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,506 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (Cild 1 i.v 67-68) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (Cild 1 i.v 121-128) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 alınmış xx.xx.2024-cü il tarixli, 1/2459 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. (Cild 1 i.v 99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Psixiatriya Xəstəxanası” X4 alınmış xx.xx.2024-cü il tarixli, 7239 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 102 ünvanında yerləşən fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v 110) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1 i.v 100-109) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v 86-87) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəməyə dəfələrlə gəlməkdən boyun qaçırdığına görə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbsli axtarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsi 18-ci PŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu ərazisində müəyyən olunaraq 18-ci PŞ-nə gətirilmiş və araşdırılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 1(005)-436/2023 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın 12 gün çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 il 05 ay 14 gün təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 27 iyun 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskin sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halın olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metamfetamin təmiz çəkisi 0,193 qram, heroinin təmiz çəkisi 0,506 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 5 (beş) ay, 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay, 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli(CM-67.1, 68.1.1-1), həbsdə saxlanıldığı 02 gün (12-14 may 2024-cü il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - heroinin və metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-436/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay, 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 09 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 0, 406 qram olan heroin, 0,143 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həbib Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar