Məhkəmə qərarları › İş №1(005)-371/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-371/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-371/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Astara rayonu, Pəlikəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vərəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara rayonu, Pəlikəş kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının 09-da, saat 10:30 radələrində yaşadıqları ünvan 2 ünvandakı evin qonaq otağında qeyri-rəsmi ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruq və təpiklə Zərərçəkmiş şəxs baş, sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sol almacıq nahiyyəsinin flüktuasiya ilə müşayiət olunan hematoması, burun belinin şişkinliyi, sağ alt göz qapağının qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildən qeyri-rəsmi evlidirlər və üç yaşında Elvira adlı övladları vardır. Təxminən 4-5 ay bundan əvvəl Şahnazın bacısı Telnazdan 500 manat pul borc almışdır. O, həmin pulu Telnaza vaxtında qaytarmadığından və Şahnaz da buna zamin durduğu üçün aralarında bir müddətdir ki, soyuq münasibət olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində evə gəlmişdir. Şahnaz süfrə açmış və onlar yemək yeməyə başlamışlar. O, spirtli içki olan arağı süfrəyə qoymuş və yeyib-içməyə başlamışdır. Şahnaz bacısı Telnazın borcunu qaytarmağını tələb etdikdə o da demiş ki, imkan olan kimi qaytaracaqdır. Şahnaz onun, ailəsinin və digər arvaddan olan 13 yaşlı qızının barəsində nalayiq sözlər demiş, o da Telnazı fahişə adlandırmışdır. Bu zaman Şahnaz ona “sən şam tutan idin? Peysər oğlusan” demişdir. O, bu sözdən çox əsəbiləşmiş və yumruqla Şahnazın sifətinə zərbə vurmuşdur. Şahnaz yerə yıxılmış və sonra yerdə onun başına yumruq zərbələri vurmuşdur. Şahnaz polisə məlumat verəcəyini deyib, ondan evi tərk etməyini tələb etmiş, o da məcbur qalıb, çıxıb getmişdir. Həmin vaxt o, sərxoş vəziyyətdə olmuş və Şahnazın sözləri onu çox əsəbiləşdirmişdir. Belə ki. Şahnaz belə ifadələri ona qarşı əvvəllər də demişdi, lakin o, səbrini basıb vurmamışdır. Bu dəfə Şahnaz onu buna vadar etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildən qeyri-rəsmi evlidirlər və üç yaşında Elvira adlı övladları vardır. Təxminən 4-5 ay bundan əvvəl Ətraf bacısı Telnazdan 500 manat pul borc almışdır. Ətraf bacısının pulunu vaxtında qaytarmadığından və o da buna zamin durduğu üçün aralarında bir müddət idi ki, soyuq münasibət yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində Ətraf sərxoş vəziyyətdə evə gəlmişdir. O, süfrə açmış və yemək yeməyə başlamışlar. Ətraf özü ilə gətirdiyi spirtli içki olan arağı süfrəyə qoymuş və yenə içməyə başlamışdır. Sonra bacısı Telnazın arxasınca danışaraq onu fahişə adlandırmışdır. O, Ətrafa demiş ki, bacısı haqqında belə danışmasın. Qonaq otağında süfrə arxasında yemək yedikləri zaman Ətraf qəflətən yumruqla burnunun üstünə zərbə vurmuş və o, yerə yıxılmışdır. Sonra Ətraf üstünə gəlib, yerdə onun başına yumruq zərbələri, eyni zamanda təpiklə qarın nahiyyəsinə vurmağa başlamışdır. Onun burnundan qan axmağa başlamış və özünü itirmişdir. O, yerdə sürünüb, birtəhər eyvana tərəf getmiş, arxası üstə yerdə uzanmış ki, burnunun qanı dayansın. O, əlavə etmişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş və nə etdiyini bilməmişdir. Azyaşlı qızı Elvira ağlayaraq atasından onu döyməməsini xahiş etmişdir. Bundan sonra Ətraf çıxıb evdən getmişdir. O, həmin gün özündə olmadığı üçün polisə məlumat verməmiş, lakin bir gün sonra DİN-in 102 xidmətinə zəng edib, bu barədə məlumat vermişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçsı X1 vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında ünvan 1 ünvanına baxış keçirmişdir. Qeyd olunan mənzil 9 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşir. Mənzilə dəmir qapıdan daxil olmuş, dəhlizdən sağ tərəfdə uşaq otağı, sanitar qovşaq və mətbəx yerləşir. Dəhlizdə giriş qapısı ilə üzbəüz qonaq otağı, sol tərəfdə isə yataq otağı yerləşir. Qonaq otağında qapı ilə üzbəüz divar boyu divan, sağa tərəf küncdə dolab vardır. Sağ tərəfdə eyvana çıxış qapısı, onun sağ küncündə termo-dolab vardır. Otağa giriş qapısından sağ divarda yemək masası və stullar vardır. Vət. Zərərçəkmiş şəxs həmin masanın yanında yemək yeyən zaman qeyri-rəsmi həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülmüşdür. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 xx.xx.2022-ci il tarixli, 462 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol almacıq nahiyyəsinin flüktuasiya ilə müşayiət olunan hematoması, burun belinin şişkinliyi, sağ alt göz qapağının qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 51-52-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini Zeynal Usubovun 20 mart 2020-ci il tarixli qərarından görünür ki, ********* №-li məhkəməyədək icraat material üzrə cinayət qanunu (Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi) ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon prokurorunun müavini Zeynal Usubovun 20 mart 2020-ci il tarixli qərarı ilə ********* №-li məhkəməyədək icraat material üzrə cinayət qanunu (Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi) ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmişdir (iş vər.: 51-52). Azərbaycan Respublikası CM-nın 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Eyni Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Nərimanov RPİnin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nın 128 maddəsi ilə istintaq edilmiş ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat materialına 20 mart 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsasla xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Bununla da, hazırki işdə Azərbaycan Respublikası CM-nın 73.2-ci maddəsində göstərilən əsaslar mövcud olsa da, Qanunun imperativ tələbi Təqsirləndirilən şəxs yenidən cinayət məsuliyyətindən azad edilməsinə imkan vermir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 34.2-ci maddəsinə əsasən ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası haqqında məhkəmənin hökmünün surətini və müvafiq göstərişinin icra məmuru tərəfindən alındığı gündən sonra on beş gün müddətində cəzanın çəkilməsinə cəlb olunurlar. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın müddəti saatla hesablanır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun ictimai işlərə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 08 iyun 2022-ci il – 28 iyun 2022-ci il tarixlərdə keçirilmiş 4 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar