Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-372/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam qətimkan" tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında ona verdiyi qızıl-zinət əşyalarını satıb pulunu gətirəcəyinə dair yalan vəd verərək aldadıb ünvan 3 ünvanda yerləşən “X7” adı altında fəaliyyət göstərən gözəllik salonunda sonuncuya məxsus, 01 ədəd 6000 manat dəyərində 27.5 qram 750 əyyarlı ağ qızıldan olmaqla üzərində 5.40 karat brilliant qaşları olan boyunbağı və 01 ədəd 4000 manat dəyərində 16.95 qram 750 əyyarlı ağ qızıldan olmaqla üzərində 2,29 karat brilliant qaşları olan qolbaqdan ibarət ümumi 10000 manat dəyərində qızıl dəstini ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-4 il olar ki, İradəni tanıyır. ünvan 4 ünvanda yerləşən “X7” gözəllik salonunda işlədiyi zamandan İradə ora gəlib onlar ona xidmət göstərmişlər. Biriki dəfə onların arasında qızılla bağlı söhbətlər olmuşdur. O, İradədən əvvəllər də qızıl dəsti alıb sataraq pulunu vermişdir. Sonuncu dəfə 2021-ci ilin iyun ayının əvvəlləri o, İradədən ümumilikdə hazırda karatını və çəkisini dəqiq xatırlamadığı brilliant qaşlı ağ qızıldan ibarət qızıl dəstini almışdır ki, sataraq pulunu qaytarsın. Onların arasında razılıq belə olmuşdur ki, qızılı satdıqdan sonra 3-4 ay ərzində pulunu ona verəcəkdir. Həmin qızıl dəsti bir ədəd boyunbağıdan və bir ədəd qolbaqdan ibarət olmuşdur. Lakin, hazırda həmin qolbağın və boyunbağının ayrı-ayrılıqda çəkilərini xatırlamır. O, boyunbağını və qolbağı İradədən götürərək üzərinə də müəyyən miqdarda pul qoyaraq satmağı fikirləşmişdir. İradə qızılları ona verərkən boyunbağı və qolbağın ikisinin birlikdə 7000 manat olması barədə demişdir. Bu məqsədlə qızılları İradədən almış və xalasına satmaq barədə fikirləşmişdir. Xalası qızılın qiymətinin baha olması səbəbindən almaq istəməmişdir. Bundan sonra o, qızıl dəstini Elçin adlı tanışına göstərmişdir. Elçin qızıllara baxaraq 3900 manat qiymət təyin edərək ona həmin məbləğdə nağd pul vermişdir. Həmin ərəfələrdə onun pula ehtiyacı olduğundan qızılların pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Bu barədə İradəyə deməmişdir. O, qızılları Elçinə satdıqdan təxminən 2-3 ay sonra İradə xanım qızılların pulunu tələb etdikdə o, İradəyə qızılları satdığını, lakin pulunu özünə götürdüyünü bildirmişdir. Bundan sonra İradə ondan polisə şikayət etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və dəymiş ziyanın bir hissəsini ödəməyə cəhd göstərsə də, zərərçəkmiş şəxs bununla razılaşmamışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında qardaşı qızı X1 icarə əsasında işlətdiyi ünvan 5 ünvanda yerləşən “X8” gözəllik salonunda yerləşən saç ustası işləyən Təqsirləndirilən şəxs yanında saçını düzəltdirdiyi zaman söhbət əsnasında qızıl brilliant komplektini satmaq istədiyini bildirmişdir. Bundan sonra Ülviyyə söhbət əsnasında ona bildirmişdir ki, həmin qızıl dəstini xalasına göstərə bilər. Xalası almaq istəsə, satar. Aralarında söhbət belə olmuşdur ki, nağd olaraq 7000 manat versə qızıl dəstini verə bilər. Lakin, əslində həmin dəstin qiyməti 10000 manatdır. Dəsti aldığı zaman qiymətini təsdiq edən qaimələri ifadəsinə əlavə etmişdir. Həmin zaman o, Ülviyyəyə qızıl dəstini xalasına göstərib satmaq üçün vermişdir. Uzun müddət o, Ülviyyədən nəticəni maraqlandıqda Ülviyyə ona deyirmiş ki, “qızıllar xalasındadır pulu verəcək”. Lakin, bir neçə müddət sonra ona məlum olmuşdur ki, Ülviyyə qızılları qızıl alverçisi Elçin adlı şəxsə satmışdır. Bundan sonra o, Ülviyyəyə zəng edərək nə üçün ona məlumat vermədən qızıl dəstini başqa şəxsə satması barədə soruşmuşdur. Ülviyyə isə ondan vaxt istəyərək qızılları və ya pulunu qaytaracağını demişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda işləyir. Qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur. 2021-ci ilin iyun ayının əvvəllərində Ülviyyə adlı şəxs ona yaxınlaşaraq özünə məxsus olan qolbaq və boyunbağını satmaq istədiyini bildirmişdir. O, həmin qızılların çəkisinə və üzərində olan qaşlarına baxdıqdan sonra qızılları 3900 manata ala biləcəyini bildirmişdir. Ülviyyə də razılaşaraq həmin qızılları ona təqdim etmişdir. O da 3900 manat pulu verərək alğısatqı sənədləşməsini aparmışdır. Təxminən iki gün sonra mağazaya yaxınlaşan bir nəfər kişi həmin qızıl-zinət əşyalarını bəyənmiş və ondan almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 21 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 9/1563 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin iyun ayınına olan orta bazar qiyməti ilə ümumi dəyəri (750 əyar-100,0 manat olması nəzərə alınmaqla) nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir:
1. 01 ədəd 27,5 qram 750 əyarlı ağ qızıldan olmaqla üzərində 5,40 karat brilliant qaşları olan boyunbağı – 2750,0 manat
2. 01 ədəd 16,95 qram 750 əyarlı ağ qızıldan olmaqla üzərində 2,29 karat brilliant qaşları olan qolbaq – 1695,0 qram Qeyd 1: Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd 2: Qızıl-zinət əşyalarının üzərində olan qaşların mənşəyi, çəkisi, sayı, keyfiyyəti və s. barədə məlumat olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. AZ-İV № 002589 və AZ-İV № 390027 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 dekabr 2016-cı il təvəllüdlü X2 və 30 oktyabr 2019-cu il təvəllüdlü X3 adlı iki övladı vardır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 30 aprel 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqnda iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı məhkəməyə mülki iddia ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh Təqsirləndirilən şəxs onu aldadaraq satmaq adı altında çəkisi 42 qram qızıldan və 6 karat brilyantdan ibarət boyunbağını və 1 ədəd qolbağını ələ keçirib satıb və ona 10.000 manat ziyan vurub. Dəfələrlə müraciət etsə də, mülki cavabdeh Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəməyib. Buna görə də o, məcbur olub polisə müraciət etmişdir. Mülki cavabdeh dəfələrlə bildirmişdir ki, o, 10.000 manat dəyərində qızıllarını, “Gənclik” univermağında Elçin adlı şəxsə cəmi 3900 manata satıb və əldə etdiyi pulu da mənimsəmişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs 10.000 manat zərərin və 100 manat dövlət rüsumunun alınıb verilməsi barədə hökm qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsə ümumilikdə 10000 (on min) manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ümumilikdə 10000 (on min) manat olmaqla dələduzluq etməsinə dair verilmiş ittihamın həcmi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İstintaq orqanı tərəfindən verilmiş ittihamda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi təqsirli bilinmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 2021-ci ilin iyun ayında ona verdiyi qızıl-zinət əşyalarını satıb pulunu gətirəcəyinə dair yalan vəd verərək aldadıb ünvan 3 ünvanda yerləşən “X7” adı altında fəaliyyət göstərən gözəllik salonunda sonuncuya məxsus, 01 ədəd 6000 manat dəyərində 27.5 qram 750 əyyarlı ağ qızıldan olmaqla üzərində 5.40 karat brilliant qaşları olan boyunbağı və 01 ədəd 4000 manat dəyərində 16.95 qram 750 əyyarlı ağ qızıldan olmaqla üzərində 2,29 karat brilliant qaşları olan qolbaqdan ibarət ümumi 10000 manat dəyərində qızıl dəstini ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Lakin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 9/1563 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızılzinət əşyalarının 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri (750 əyar- 100,0 manat olması nəzərə alınmaqla) nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 01 ədəd 27,5 qram 750 əyarlı ağ qızıldan olmaqla üzərində 5,40 karat brilliant qaşları olan boyunbağı – 2750,0 manat; 2. 01 ədəd 16,95 qram 750 əyarlı ağ qızıldan olmaqla üzərində 2,29 karat brilliant qaşları olan qolbaq – 1695,0 qram müəyyənləşdirilmişdir. Qeyd olunan 2 məhsulun ümumi dəyəri 4445 manat müəyyən olunur. Göründüyü kimi ekspertiza rəyində qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin iyun ayına olan orta bazar qiymətləri müəyyən edilmişdir. İstintaq orqanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2022-ci il tarixli, 9/1563 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirməmiş, yalnız əsassız olaraq əşyaların dəyərini zərərçəkmiş şəxsin ifadəsi əsasında 10000 manat olmasını müəyyən etmişdir. Halbuki, əmlakların dəyəri barədə zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi qiymətlər digər sübutlarla təsdiq edilməmiş, əksinə mötəbərliliyi şübhə doğurmayan xüsusi biliklərə əsaslanmış ekspert rəyi ilə təkzib edilmişdir. Ekspertiza rəyinin obyektivliyini şübhə altına almaq üçün heç bir əsas olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş ittihamın həcmi 10000 manatdan 4445 manatadək azaldılmalı, məbləğin azaldılması Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişiyindən onun törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədilməsi müəyyənləşdirilməmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı övladının olmasını, cinayət nəticəsində vurulmuş ziyanın bir qismini ödəməsinə cəhd etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər; 183.3-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsindən görünür ki, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilsə də, 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki bu məbləğ 120 manat olmalı idi. Məhkəmə hesab edir ki, mülki iddia qanunvericiliyin tələblərinə uyğun olaraq verilməmişdir və bu səbəbdən də həmin ərizə baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 50,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim Hafiz Kamranov