Məhkəmə qərarları › İş №1(005)-372/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-372/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-372/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1986-cı ildə Rusiya Federasiyası, Kransnodar Diyarında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıları”na salınmış, təmiz çəkisi 0,469 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin əldə edib saxlamaqla daşıyarkən, 12 may 2024-cü il tarixdə, saat 06:00 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılıb, ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nə gətirildikdən sonra, həmin Polis İdarəsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümündə, xeyli miqdarda - 0,469 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi adlanan yerdən adını bilmədiyi şəxsdən 10 manata psixotrop maddə olan “patı”nı öz istifadəsi üçün alıb üzərində saxlamış və həmin gün saat 06:00 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib, Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirib adını, soyadını, harada yaşadığını soruşmuşlar.O isə polis əməkdaşlarına öz adını və soyadını demək istəməmiş, polis əməkdaşları isə onun narkotik vasitə gəzdirməyindən şübhələndiklərini bildirib, onlarla Nərimanov RPİ-nə getməyi xahiş etmişlər. O, da onlarla birlikdə Nərimanov RPİ-nə getmiş, idarədə ona bildirmişlər ki, şübhələndiklərinə görə üzərində şəxsi axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər və vəkil gəldikdən sonra onun və polis əməkdaşlarının iştiraklan ilə üzərində axtarış və götürmə aparmağa başlamazdan əvvəl təklif etmişlər ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi həmin maddəni qablaşdırıb, möhürləyib götürərək bu barədə protokol tərtib etmiş, sonra isə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu o və iştirakçılar imzalamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, səhər saat 06 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasından şübhələnib ona yaxınlaşıb özlərini təqdim edib, ona da özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxsin danışarkən suallardan yayınmağa və oradan uzaqlaşmağa çalışdığını görüb, onu saxlayaraq Nərimanov RPİ-nə gətirib şəxsiyyəti müəyyən edilən zaman onun Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onun barəsində araşdırma aparılması üçün raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması təhqiqatçı Toğrul Məmmədova tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməyə başlamazdan əvvəl ona hüquq və vəzifələrini izah edib vəkil dəvət etmiş və şəxsi axtarışın videoçəkiliş vasitəsilə keçiriləcəyi izah olunmuş və şəxsi axtarış keçirilməyə başlamazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində olan əşyaları könüllü olaraq təqdim etsin. Bundan sonra o, şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülüsünü könüllü olaraq çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki “patı” adı ilə tanınan psixotrop maddədir, həmin maddəni 12 may 2024-cü il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində adını bilmədiyi şəxsdən 10 manata özünün istifadəsi üçün alıb saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü zərfə qoyularaq iştirak edən polis əməkdaşlarının və onun özünün iştirakı ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs götürülmüş maddənin hansı narkotik vasitələrə aid olmasını və dəqiq çəkisini müəyyən etmək məqsədilə baş təhqiqatçı tərəfindən qərarla ekspertizaya göndərilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 13-14-cü vərəqələrində olan “Tutma haqqında” 12 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 22-23-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 12 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X3 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 246.2.1-ci maddələrinin tələbinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddəni təqdim etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən isə 1 (bir) ədəd açıq bənövşəyi göy rəngli “Samsung A32” markalı mobil telefon cihazı könüllü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana, bükülmüş içərisində ağ rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək tərəfindən qablaşdırıldı və Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndi. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2024-cü il tarixli, 3-16-16/2-6/2684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksi olan, “Şübhəli: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,469 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 59-61-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 61-62-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsində cəzasını çəkdiyi üçün orada saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2 və 69.3-cü maddələri nəzərə alınmaqla 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 80-86-cı vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-407/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinməsi və onun CM-nin 263.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 264-cü maddəsinə əsasən 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin olunmuş əlavə cəzaları tam toplamaq və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü nisbəti ilə hesablanaraq alınan 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını, CM-nin 66.2-ci maddəsinə əsasən əsas cəzaları qismən toplamaq yolu ilə, ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanıldığı 2 (iki) günün ona təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını X13 müəssisəsində çəkməsi, çəza çəkmə müddətinin əvvəlinin məhkumun məntəqə tipli çəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 87-96-cı vərəqələrində olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 566539 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 3414 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Həmçinin, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı 939455 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 2758 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Həmçinin, 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 854946 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 6897 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 4140 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-103-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,469 qram çəkidə psixotrop maddə metamfetaminin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,419 qram) iş üçün müstəsna əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1986-cı ildə Rusiya Federasiyasının Krasnodar vilayətində anadan olmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Penitensiar Xidmətin 2 saylı X13 müəssisəsində cəza çəkir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2, 264, 66.2, 66.4, 68.1.1-1, 69.3-cü maddələri ilə təqsirli bilinərək, cəzanın əvvəli: xx.xx.2022-ci il, cəzanın sonu: xx.xx.2026-cı il olmaqla 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. xx.xx.2024-cü il tarixinə cəzanın çəkilməmiş qalan hissəsi 1 il 2 ay 4 gün təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümündə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkisi 0,469 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan və 1 (bir) azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsində cəza çəkdiyi dövrdə törətmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-407/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən, əlavə cəza isə tam birləşdirilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 məhkəmədə iştirak etdiyi 33 (otuz üç) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-407/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası isə tam birləşdirilməklə Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,419 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 33 (otuz üç) iş saatına görə 198 (yüz doxsan səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar