Məhkəmə qərarları › İş №1(005)-372/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-372/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-372/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Praym Leqal” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla təmiz çəkisi 0,447 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla 23 may 2025-ci il tarixdə ünvan 2 ünvanın qarşısına daşımış, 23 may 2025-ci il tarixdə saat 20:22-də ünvan 3 ünvanın qarşısında saxlanılıb üstü yoxlanılarkən üzərində olan əynində olan qara rəngli idman şalvarın sağ cibindəki bir ədəd ağ rəngli kağız bükümündən xeyli miqdarda olmaqla 0,447 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, hadisə günü evində divanda uzanmışdır. 23 may 2025-ci il tarixdə günorta saat 15 radələrində Murtuz Nağıyev 14A/54 ünvanındakı evində olarkən qapını 3 nəfər polis döymüş və onun ev sakini olması ilə bağlı imza çəkməsi üçün polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərdən birinin adı Müşviq olmuş, digərlərinin adını isə bilməmişdir. Həmin vaxt tək yaşadığından hadisəni heç kim görməmişdir. Daha sonra onu şöbəyə gətirmişlər və axşam saatlarında CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair sənədlərə imza çəkərək geri qayıtmışdır. Şöbədə koridorda olarkən bir nəfər polis əməkdaşı əlini onun şalvarının sağ cibinə salmışdır. Həmin şəxs Müşviq adlı polis olmuşdur. Bu zaman ona etiraz edərək, niyə əlini cibinə saldığını bildirdikdə cibindən yerə bir maddə düşmüşdür. Daha sonra onu otağa salmışlar. Həmin vaxt otaqda polislər onun şalvarını aşağı çəkməsini bildirmişlər. Bu zaman ona qarşı qeyri-etik hərəkətlə ediləcəyini başa düşərək polis əməkdaşları ilə razılaşmışdır. Daha sonra yaxınlıqda bir yerə gedərək çəkiliş etmişlər və polis əməkdaşlarının dediyini təsdiq etmişdir. Qeyd etmişdir ki, hazırda ağciyər və qaraciyəri, o cümlədən mədəsi xəstədir. Qeyd etmişdir ki, 10 ildir ki, narkotik vasitə istifadə edir və dəfələrlə məhkum olmuşdur. Sonuncu dəfə məhkəmə iclasından 5 gün əvvəl narkotik vasitə istifadə etmişdir. Hadisə günü üzərində narkotik vasitə olmamış, mütəmadi heroin adlı narkotik vasitədən istifadə etmişdir. Lakin, şöbədə ona təqdim edilən narkotik vasitə metamfetamin olmuşdur. Verilmiş suallara cavab olaraq, 10 ildir ki, marixuana və heroin istifadə etdiyini, həmin maddələri tanımadığı şəxslərdən əldə etdiyini, saxlanılma səbəbəbini 4-cü mərtəbədəki qonşu qadın Tanyanın ondan polisə şikayət etməsi ilə bağlı olduğunu, hadisə günü narkotik vasitə heroin istifadə etdiyini, evi ilə 18-ci polis şöbəsi arasında 150-200 metr məsafə olduğunu, üzərindən çıxan narkotik vasitəsinin çəkiliş zamanı 0.1 qram olduğunu, lakin ekspert rəyində miqdarının çox olduğunu, ibtidai istintaqda adını çəkdiyi Qəzənfər adlı şəxsdən narkotik vasitə əldə etməsi ilə bağlı xüsusatları özünün fikirləşdiyini, qorxması səbəbindən buraxıldıqdan sonra Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət etmədiyini, polis əməkdaşları tərəfindən aparılarkən hadisəni qapı qonşusu Baxışın gördüyünü bildirmişdir. Lakin, həmin şəxsin kimliyi barədə məhkəmə tam məlumat verməmişdir. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və məhkəmə iclasında tədqiq edilmişdir. Müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 20:22 radələrində ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və video kamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamini (şüşə) könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılıb möhürlə möhürlənmişdir. Bundan sonra onlar Nərimanov RPl-nin 18-ci Polis Şöbəsinə gəlmişlər. Orada ondan aşkar olunan psixotrop maddə təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. O, bildirmişdir ki, həmin şalvarının sağ cibindən aşkar olunan ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamin onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov parkında adını Qəzənfər kimi təqdim edən şəxsdən 10 manata özü istifadə etmək üçün almışdır. Təqdim olunan psixotrop maddə təhqiqatçı tərəfindən yenidən qablaşdırılmış möhürlə möhürlənərək bu barədə protokol tərtib olunmuş iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa o, üzərində olan psixotrop maddədən yaxutda narkotik vasitədən hər hansı bir şəxsə istifadə etmək üçün vermədiyini, yalnız özü istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, hər hansı bir şəxslə bir yerdə istifadə etmədiyini, bundan başqa heç yerdə heç bir cinayət etmədiyini bildirmişdir. Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatında «Zaur» adlı şəxs Nərimanov rayonu, M.Nağıyev küçəsi 12 ünvanının qarşısında olacağı və üzərində narkotik vasitə olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edib, Nərimanov rayonu prokuroruna və rayon məhkəməsinin sədrinə məlumat verilmişdir. xx.xx.2025-ci il tarixdə saat 20:22 radələrində polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nərimanov rayonu M.Nağıyev küçəsi 12 ünvanının qarşısında «Zaur» adlı şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə keçirilən yoxlama zamanı ona məxsus olan əynindəki qara rəngli idman şalvarının sağ cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Təqdim olunan maddə polis əməkdaşları tərəfindən elektorn tərəzi vasitəsi ilə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin metamfetamini xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov parkında özünü Qəzənfər kimi təqdim edən şəxsdən 10 manata özü qəbul etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ- nin inzibati binasına gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs aşkar olunan psixotrop maddə təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə həmin maddəyə baxış keçirilmiş və bu barədə protolol tərtib olunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində üzərinə baxış keçirilən zaman onun tərəfindən və ya başqa bir şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir göstərən olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təkzib edərək, onu evindən aparmadıqlarını, küçədə saxlanıldığını, həmin yerin evinə yaxın yer olduğunu, qonşuların mütəmadi ondan şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, sonuncunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Salahov X1 Müşfiq Sabir oğlu və Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə verişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Şəxsin saxlanılması və üstünün yoxlanılması” protokolundan və DVD diskə baxış zamanı görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd bükümdə “metamfetamin” adlandırılan maddəni təqdim etmişdir. Həmin kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kağızkəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənın metamfetamin olduğunu və tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq 224 saylı möhürlə möhürlənmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan maddəyə baxış və götürmə aparılması haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan və polis əməkdaşları tərəfindən qablaşdırılan bükümə baxış keçirilmişdir. Həmin kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənın metamfetamin olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin olan büküm zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2025-ci il tarixli, 3-16/16/2-6/1939/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azrərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs Tahir oğlu (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir. 25 may 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “CD-diskə baxış keçirilməsi haqqında” 25 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd bükümdə “metamfetamin” adlandırılan maddəni təqdim edir. Həmin kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs kağızkəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənın metamfetamin olduğunu və tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Aşkar edilmiş maddə qablaşdırılaraq möhürlənir. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 02 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında Qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmış və xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. “Maddi sübut kimi tanıma haqqında” 06 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdan aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,447 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,397 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 26 may 2025-ci il tarixli, 3128 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da F19x2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 26 may 2025-ci il tarixli, 1668 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 12 avqust 2025-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd CD disk və AR DİN Baş İnformasiya- Kommunikasiya İdarəsindən alınmış 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün saxlanılarkən üzərində hər hansı narkotik vasitənin olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, işgəncə tətbiq ediləcəyi hədəsi səbəbindən həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin fundamental tələblərini rəhbər tutaraq, cinayət işi üzrə toplanmış hər bir sübutu onun aidiyyəti, mümkünlüyü və mötəbərliyi nöqteyi-nəzərindən, bütün sübutların məcmusunu isə ittihamın həlli üçün onların kifayət etməsi baxımından qiymətləndirir. Bu prosesdə məhkəmə, qanunu və vicdanını rəhbər tutaraq, sübutların hərtərəfli, tam və obyektiv tədqiqinə əsaslanan daxili inamına görə yekun qənaətə gəlir. Hazırkı cinayət işi üzrə məhkəmə istintaqının əsas predmeti Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib-törətməməsi məsələsinin müəyyən edilməsindən ibarətdir. Məhkəmə, ittiham və müdafiə tərəflərinin təqdim etdiyi sübutların qarşılıqlı əlaqədə və məcmu halında təhlilini apararaq belə qəti nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsiri, yəni satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, saxlaması və daşıması faktı özünün tam və birmənalı sübutunu tapmışdır. Təqsirləndirilən şəxsin müdafiə xarakterli dəlilləri isə iş üzrə toplanmış mötəbər sübutlar sistemi ilə təkzib edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərində hər hansı narkotik vasitənin olmadığını, metamfetaminin polis əməkdaşları tərəfindən onun şalvarının cibinə qoyulduğunu, ibtidai istintaqa verdiyi etirafedici ifadəsinin isə ona qarşı qeyri-etik hərəkətlər ediləcəyi hədəsi altında alındığını iddia etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin bu mövqeyini onun müdafiə hüququnun təzahürü kimi qiymətləndirsə də, həmin dəlilləri tənqidi təhlil edərək onları əsassız və işin faktiki hallarına zidd hesab edir. Birincisi, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və cinayətin törədilməsi hallarını ətraflı təsvir etdiyi ilkin ifadəsi ilə ziddiyyət təşkil edir. Həmin ifadəsində Təqsirləndirilən şəxs metamfetamini könüllü təqdim etdiyini, onu Nərimanov parkında "Qəzənfər" adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını səmimi şəkildə bildirmişdir. Məhkəmə iclasında ifadəsindəki bu ziddiyyətin səbəbini polis əməkdaşlarının təzyiqi ilə izah etməyə çalışsa da, bu iddiası heç bir obyektiv sübutla möhkəmləndirilməmişdir. Bu xüsusda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci və 26-cı bəndlərinin hüquqi mövqeyinə əsasən, məhkəməyədək icraatda qaldırılmayan və heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılıqla alındığına dair iddia, özü-özlüyündə sübutun yolverilməzliyinə səbəb olan əsaslı şübhə yaratmır. Təqsirləndirilən şəxs 25 may 2025-ci il tarixdən, yəni barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçildiyi andan etibarən azadlıqda olmasına baxmayaraq, məhkəmə istintaqına qədər olan uzun müddət ərzində ona qarşı hər hansı təzyiq göstərilməsi ilə bağlı səlahiyyətli orqanlara (Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və s.) müraciət etməmişdir. Bu isə onun məhkəmədəki iddiasının sonradan formalaşdırılmış müdafiə mövqeyi olmasını və həqiqətə uyğun olmadığını göstərən mühüm haldır. İkincisi, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən küçədə deyil, yaşadığı mənzildən aparıldığını və bu hadisəni qonşusu "Baxış" adlı şəxsin gördüyünü iddia etmiş, həmin şəxsin şahid qismində dindirilməsi barədə vəsatət qaldırmışdır. Məhkəmə, CPM-in 121-ci maddəsinin tələblərinə əsasən vəsatəti müzakirə edərək onun təmin edilməməsi barədə qənaətə gəlmişdir. Bu qənaət aşağıdakı dəlillərlə əsaslandırılır: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Murtazaliyeva Rusiyaya qarşı işi üzrə Böyük Palata qərarında formalaşdırdığı üçmərhələli testə əsasən, müdafiə tərəfinin şahidinin dindirilməsi barədə vəsatət kifayət qədər əsaslandırılmalı və onun ifadəsinin işin nəticəsi üçün potensial əhəmiyyəti göstərilməlidir. Təqsirləndirilən şəxs, ibtidai istintaqın gedişində və məhkəməyə hazırlıq mərhələsində kifayət qədər vaxta malik olmasına baxmayaraq, bu şahidin mövcudluğu barədə ilk dəfə məhkəmə istintaqının sonunda məlumat vermiş, onun kimliyini təsdiq edən məlumatları tam şəkildə təqdim etməmişdir. Bu, vəsatətin kifayət qədər əsaslandırılmaması və müdafiə tərəfinin öz dəlillərini vaxtında təqdim etmə vəzifəsini pozması kimi qiymətləndirilir. Ən əsası isə, hətta fərz edilsə belə ki, "Baxış" adlı şahid təqsirləndirilən şəxsin evindən aparıldığını təsdiq edəcəkdi, bu hal özü-özlüyündə ittihamın mahiyyətini dəyişmir və onu təkzib etmir. Belə ki, ittihamın predmeti Təqsirləndirilən şəxs harada saxlanılması deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasıdır. Həmin maddənin onun üzərindən aşkar edilməsi faktı isə digər mötəbər sübutlarla, xüsusilə də hadisənin gedişatını əks etdirən videoçəkilişlə təsdiqini tapmışdır. Bu səbəbdən, qeyd olunan vəsatətin təmin edilməsi cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün həlledici əhəmiyyət kəsb etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən evindən aparılması digər tarixlərdə də baş vermiş ola bilər ki, bu təkzib edilmir. Hətta məhkəmə iclasında iştirak edən əməliyyatçı Müşviq Süleymanov təqsirləndirilən şəxsin barəsində oğurluq xüsusatı ilə bağlı araşdırma olmasına istinad etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin təqsirliliyinə toxunmadan, mümkün ehtimallardan birini sadalayır. Nəticə etibarilə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəni, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə, iş üzrə toplanmış digər obyektiv və mötəbər sübutların məcmusuna zidd olması, daxili uyğunsuzluğu və məntiqsizliyi səbəbindən cinayət məsuliyyətindən yayınmaq məqsədilə seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və onu sübutlar siyahısından xaric edir. Məhkəmə, Təqsirləndirilən şəxs müdafiə mövqeyini rədd edərək, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqı zamanı hərtərəfli tədqiq olunmuş sübutları təhlil edərək belə nəticəyə gəlir ki, həmin sübutlar öz məcmusunda həm ayrılıqda, həm də qarşılıqlı əlaqədə Təqsirləndirilən şəxs təqsirliliyini hər hansı əsaslı şübhədən kənar (beyond reasonable doubt) sübuta yetirmək üçün kifayət qədər mötəbər və tutarlıdır. Belə ki, məhkəmə iclasında dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Müşviq Süleymanov və eyni məzmunlu ifadə vermiş digər polis əməkdaşı Şahid1 (habelə ibtidai istintaqda eyni məzmunlu ifadə vermiş Şahid2) ifadələri bir-biri ilə tamamilə uzlaşır, ardıcıl və məntiqlidir. Onlar daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs M.Nağıyev küçəsi 12 ünvanının qarşısında saxlanıldığını, videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən onun könüllü olaraq idman şalvarının cibindən metamfetamini çıxararaq təqdim etdiyini birmənalı şəkildə təsdiq etmişlər. Şahidlərin ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə və ya təzyiqə yol verilməsi barədə heç bir məqam yoxdur. Məhkəmə, həmin şahidlərin təqsirləndirilən şəxsi əvvəlcədən tanımadıqlarını, ona qarşı hər hansı qərəzli münasibətlərinin olmasını istisna edən halları nəzərə alaraq, onların ifadələrini peşə fəaliyyətlərinin icrası ilə bağlı verdikləri obyektiv və etibarlı məlumatlar kimi qiymətləndirir. "Şəxsin saxlanılması və üstünün yoxlanılması" protokolu və ona əlavə edilmiş DVD diskdə iş üzrə həlledici və təkzibedilməz sübutlardan biridir. Həmin sübutların tədqiqi zamanı aydın şəkildə müəyyən edilir ki, qanunun tələblərinə uyğun, videoçəkilişlə fasiləsiz qeydə alınmaqla aparılmışdır və Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya maddə olub-olmaması barədə sual verilərkən o, heç bir məcburiyyət olmadan, könüllü şəkildə əlini qara rəngli idman şalvarının sağ cibinə salaraq oradan ağ kağız bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Videoçəkilişdə təqsirləndirilən şəxsin cibinə kənar şəxs tərəfindən hər hansı bir əşyanın qoyulması və ya ona qarşı hər hansı fiziki təzyiq göstərilməsi əks olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddənin metamfetamin olduğunu və onu tanımadığı şəxsdən 10 manata aldığını sərbəst şəkildə bildirir. Məhkəmə bu videoçəkilişi qiymətləndirərək, onun təqsirləndirilən şəxsin məhkəmədəki "narkotik vasitənin üzərinə qoyulması" barədə iddiasını tamamilə təkzib etdiyi qənaətindədir. Bu sübut, Avropa İnsan Hüquqları Məhkəməsinin Əl-Xavaca və X5rşı işi üzrə qərarında formalaşdırılan mövqeyə uyğun olaraq, təqsirləndirilən şəxsin sonradan imtina etdiyi ibtidai istintaqdakı etirafedici ifadəsini gücləndirən mühüm kompensasiyaedici və tarazlaşdırıcı amil kimi çıxış edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 may 2025-ci il tarixli, 3-16/16/2-6/1939/2025 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bükümdəki maddə təmiz çəkisi 0,447 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bu çəki "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetamin üçün müəyyən edilmiş 0,15 qramdan artıq olan "xeyli miqdar" həddini əhəmiyyətli dərəcədə üstələyir. Habelə, Məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də Təqsirləndirilən şəxs “Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu”nun olmasını və onun məcburi müalicəyə ehtiyacının olduğunu təsdiq edir ki, bu da onun psixotrop maddələri əldə etməkdə və saxlamaqda motivini dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar təkcə təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafına deyil, bir-birini tamamlayan, qarşılıqlı əlaqədə olan və hər biri ayrılıqda mötəbərliyini qoruyan sübutlar zəncirinə əsaslanır. Bu sübutların məcmusu Təqsirləndirilən şəxs təqsirliliyini heç bir əsaslı şübhəyə yer qoymadan sübuta yetirir və onun barəsində ittiham hökmünün çıxarılması üçün kifayət edir. Məhkəmə, cinayət prosesi tərəflərinin təqdim etdiyi və məhkəmə istintaqı zamanı bilavasitə tədqiq olunan sübutların məcmusunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı əsasında qiymətləndirərək bu qəti qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə təqsiri tam və birmənalı şəkildə sübuta yetirilmişdir. İttiham tərəfindən irəli sürülmüş dəlillər sistemi müdafiə tərəfinin yaratmağa cəhd etdiyi şübhələri tamamilə aradan qaldırmaq üçün kifayət qədər mötəbər və tutarlıdır. Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret ictimai təhlükəli əməl, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, saxlaması və daşımasında ifadə olunur. Bu elementlər aşağıdakı sübutlarla təkzibedilməz şəkildə təsdiqlənir. Cinayətin subyektiv cəhəti, birbaşa qəsd formasında olan təqsirlə xarakterizə olunur. Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli xarakterini tam dərk etmiş və məhz bu nəticələrin baş verməsini arzu etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 26 may 2025-ci il tarixli rəyi ilə onda "Asılılıq Sindromu"nun aşkar edilməsi, cinayətin törədilməsi üçün daxili motivin mövcudluğunu göstərir. Təqsirləndirilən şəxsin özü də məhkəmə iclasında dəfələrlə narkotik vasitələrdən istifadə etdiyini səmimi şəkildə etiraf etmişdir. Hətta o polis əməkdaşları tərəfindən evindən aparılmasından əvvəl də sözügedən narkotik vasitədən istifadə etdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin məhkəmədəki imtina mövqeyi isə, yuxarıda təhlil edildiyi kimi, sübutlar məcmusu ilə tam təkzib edildiyindən, məhkəmə tərəfindən cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirilir. CPM-in 21.2-ci maddəsinin tələbinə görə, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Lakin hazırkı iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar sistemi - şahid ifadələri, videoçəkiliş, ekspert rəyləri və digər yazılı sənədlər bir-biri ilə ziddiyyət təşkil etmir, əksinə, bir-birini tamamlayaraq vahid və möhkəm sübutlar zənciri yaradır. Müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə heç bir obyektiv sübutla təsdiqlənməyən, deklarativ xarakter daşıyan mülahizələrdən ibarət olmaqla, ittihamın əsasını təşkil edən mötəbər sübutlar sistemi qarşısında hər hansı əsaslı şübhə yaratmağa qadir deyildir. Bütün bunları nəzərə alaraq məhkəmə yekun qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Onun əməli düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyəti daşımalıdır. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini və narkoloji dispanserdə qeydiyyatda olmasını nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə iclasında verdiyi ifadədən və iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs uzun müddətdir ki, mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir və müalicəyə ehtiyacı vardır. Uzun müddət azadlıqda olmasına baxmayaraq, könüllü müalicə almamış, əksinə istehlaka davam etmişdir. Qeyd olunan hal onun barəsində cəza təyin edilərkən mütləq nəzərə alınır. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. Məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından CM-nin 69.3.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər) çıxılmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli müəyyən edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-də F19x2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X2 saxlanılan psixotrop maddənin qalığı – 0,397 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 65 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Praym Leqal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdən 25 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzdə F19x2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X2 saxlanılan psixotrop maddənin qalığı – 0,397 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 65 manat vəsait Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. “Praym Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Praym Leqal” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar