Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-373/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, Astara rayonunun Səncərədi kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini, külli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 aprel 2022ci il tarixdə istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından sosial şəbəkə vasitəsi ilə əlaqəyə girib 300 (üç yüz) manat pulu onlayn ödəyib şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, daşıyaraq özündə saxlamış, 04 aprel 2022 ci il tarixdə saat 01:30 radələrində Nərimanov RPİ-nin əməkdaşları tərəfində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 117 ünvanının qarşısında saxlanılaraq Bakı şəhər Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən hər biri şəffaf rəng sellofana bükülmüş 05 ədəd bükümdə ümumi təmiz çəkisi 2,046 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,542 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 4-5 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təxminən 1 il öncə instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, özünü ona Mikayıl kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu öyrənmiş, bir neçə dəfə ona müraciət edib, pulunu onlayn ödəmək üsulu ilə ondan metamfetamin və heroin şəxsi istifadəsi üçün əldə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Mikayıldan, pulunu onlayn ödəmək üsulu ilə 300 manat müqabilində bir neçə, büküm metamfetamin və bir neçə büküm heroin əldə etmişdir. Həmin maddələrin bir qismini istifadə edərək, 05 ədəd büküm metamfetamini və 02 ədəd heroini gələcəkdə istifadə etmək üçün gödəkçəsinin cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Daha sonra polis əməkdaşları onu Nərimanov rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni və psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə 01:30 radələrində inzibati ərazidə gəzinti aparərkən ünvan 4 ünvanın qarşısında 1 nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görmüş və bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə o, danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib onu Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. İnzibati binada məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü ildə Astara rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. Bu barədə polis idarəsinin rəisinin adına raport tərtib edilmiş, idarə rəisinin göstərişi əsasında Təqsirləndirilən şəxsı Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədova təhvil vermişlər. X1 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilmiş, X2 şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, onların iştirakı ilə, videoçəkiliş aparılmaqla Məcidov Məcidin şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən hər biri şəffaf rəngli sellofana bükülmüş içərilərində ağ rəngli, kristal hissəciklərdən ibarət maddələr olan 05 ədəd bükümü və hər biri şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddələr olan 02 ədəd bükümü çıxardıb təqdim etmişdir. Sorğu sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, 05 ədəd bükümün içərisində olan maddə psixotrop maddə metamfetamin, 02 ədəd bükümün içərisində olan maddə narkotik vasitə heroindir. Həmin maddələri xx.xx.2022-ci il tarixdə pulunu onlayn ödəmək üsulu ilə Mikayıl adlı İran İslam Respublikasının vətəndaşından 300 manata almışdır, həmin maddəni əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş büküm iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilmiş, iştirakçılara imzalanması üçün təqdim edilmiş, hamı tərəfindən, o cümlədən onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2022ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən, hər biri, şəffaf rəngli sellofana bükülmüş, içərilərində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 05 (beş) büküm və hər biri şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 02 (iki) ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 05 (beş) ədəd bükümün içərisində olan maddələrin metamfetamin, 02 (iki) ədəd bükümün içərisində olan maddələrin isə heroin olduğunu bildirmişdir. O, həmin maddələri xx.xx.2022-ci il tarixdə, pulunu onlayn ödəmək üsulu ilə Mikayıl adlı İran islam Respublikasının vətəndaşından 200 manat pulun müqabilində alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2022-ci il tarixli, 6/1795 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №44” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr..” və s sözlər, imzalar olan zərfdəki 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,429 qram, 0,434 qram, 0,401 qram, 0,393 qram, ümumi təmiz çəkisi 2,046 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 5 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,830 qram, 0,712 qram, ümumi təmiz çəkisi 1,542 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manatdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin istintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimlinin xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2022-ci il tarixli, 1833 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyənləşdirilmişdir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 02 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən, hər biri, şəffaf rəngli sellofana bükülmüş, içərilərində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 05 (beş) büküm və hər biri şəffaf rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 02 (iki) ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 05 (beş) ədəd bükümün içərisində olan maddələrin metamfetamin, 02 (iki) ədəd bükümün içərisində olan maddələrin isə heroin olduğunu bildirmişdir. O, həmin maddələri xx.xx.2022-ci il tarixdə, pulunu onlayn ödəmək üsulu ilə Mikayıl adlı İran islam Respublikasının vətəndaşından 200 manat pulun müqabilində alaraq, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. “Maddi sübut kimi tanıma haqqında” 04 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1,542 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,046 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 1,442 qram çəkidə olan narkotik vasitə heroin, 1,896 qram çəkidə olan psixotrop maddə metamfetamin Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. “Bank məlumatlarına baxış keçirilməsi barədə” 12 may 2022-ci il tarixli protokoldan görünür ki, “LeoBank”ın mobil proqram vasitəsi ilə əldə edilmiş məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı aparılan əməliyyatların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmaması müəyyən edilmişdir. "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ********* saylı nömrənin SMS mətnləri aşkar edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AZ – İİİ seriyalı, 638982 nömrəli və AZ – İV seriyalı, 654859 nömrəli doğum haqqında şəhadətnamələrin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət cəza müddətinə hesablanmalı, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 30 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmçinin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 110,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində saxlanılan psixotrop maddənin qalığı – 1,896 qram çəkidə metamfetamin və narkotik vasitənin qalığı 1,442 qram çəkidə heroin məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-də saxlanılan psixotrop maddənin qalığı – 1,896 qram çəkidə metamfetamin və narkotik vasitənin qalığı 1,442 qram çəkidə heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 110,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-373/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-373/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver