Məhkəmə qərarları › İş №1(005)-375/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-375/2022

29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-375/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 0,396 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:53-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0,396 qram narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla əynindəki qara rəngli dəri gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirmişdir ki, 30 mart 2022-ci il tarixdə “Papanin” adlanan yerdə “Zaur” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün 20 manata bir bükümdə narkotik vasitə heroin almışdır ki, istifadə etsin. 31 mart 2022-ci il tarixdə saat 15:53 radələrində Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 14 ünvanının yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən 6 manat pul aşkar edilmişdir. Təqdim etdiyi gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. 01 ədəd gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması məlum olmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon götürülməklə pul vəsaiti özünə qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan ərazidə “Zaur” adlı şəxsdən aldığını, şəxsi istifadə etmək məqəsdi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. O, üzərindən narkotik vasitə heroinin aşkar edilməsini səmimi olaraq etiraf edərək törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Həmçinin, bildirmişdir ki, narkotik vasitələrin satışında özünü təqsirli bilmir. O, narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmiş, satışı ilə məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 31 mart 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə, saat 15:53-də Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 14 ünvanının yaxınlığında saxlanılmış, saxlanılarkən üzərində şəxsi axtarış və baxış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü əməkdaşların müşayiəti altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2022-ci il tarixli qərara əsasən həmin günü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək o, vəkilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən 6 manat pul aşkar edilmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmişdir. 01 ədəd gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan ərazidə “Zaur” adlı şəxsdən aldığını, şəxsi istifadə etmək məqəsdi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 31-32-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, gödəkçənin sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən 6 manat pul aşkar edildi. Bundan sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirildi. 01 ədəd gümüşü rəngli kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız bükümdən olan narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə “Zaur” adlı şəxsdən aldığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirdi. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1746 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 82-85-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb ediliş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəmyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 31 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 96-cı vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş 0,396 qram çəkidə narkotik vasitə heroinin iş üzrə maddi sübut hesab edilməsi və tədqiqatdan sonra qalıq qalan bir ədəd kağız zərfdə qablaşdırılan 0,346 qram çəkidə narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azəərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işinin 103-cü vərəqində olan Azərbaycan Vətən Müharibəsi X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 64113 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Vətən Müharibəsi X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 995 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Birlik tərəfindən “Milli Ordu – 100” medalı ilə təltif edilmişdir. Cinayət işinin 105-ci vərəqində olan Azərbaycan Vətən Müharibəsi X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1153 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Birlik tərəfindən “Müharibə veteranı” medalı ilə təltif edilmişdir. Cinayət işinin 106-cı vərəqində olan Füzuli RHK tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 051367 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin 107-ci vərəqində olan Azərbaycan Vətən Müharibəsi X9 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 612 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Birlik tərəfindən “AVMİB-25 il” medalı ilə təltif edilmişdir. Cinayət işinin 110-cu vərəqində olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 480651 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X5 göstərilmişdir. Cinayət işinin 112-ci vərəqində olan Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ seriyalı 789395 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X5 göstərilmişdir. Cinayət işinin 113-cü vərəqində olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı 216135 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X5 göstərilmişdir. Cinayət işinin 114-cü vərəqində olan Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İİ seriyalı 134620 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 atası kimi Təqsirləndirilən şəxs, anası kimi isə X5 göstərilmişdir. Cinayət işinin 135-ci vərəqində olan Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri X16 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 996 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 139-cu vərəqində olan “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 10 may 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 10 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının xidməti otağında "xxxx" MMC-dən 10 may 2022-ci il tarixli 9032/22 saylı məktubla daxil olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ********* saylı mobil telefon nömrəsini istifadə etmişdir. Telefon məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsinin iştirakçısı olmasını sübut edən çoxlu sayda yazışmalar müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs telefon nömrəsinə daxil olan smslərin bəziləri: “...Qağa aç hə yox dedə məndə bilim 20 manadlq şüşə lazmdlır birdənədə bütöv yeşik lazmdır düzələr düzəlsə nə vaxda düzələr...”, “...Qaqa salam rayonnan gelirdım indi çatdım bırdene kola beşdiy patı alınar gelim hara deysen vezyet pısdı...”, “..Emi duzub 05 k qowmag olar..”, “...40 gonderim 20 ver ona 20 yarim goturde. Oluremeee qaqamsan...” və sair. Baxış zamanı bəzi çıxarışlar edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 150-167-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 1(101)-254/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 25 yanvar 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 168-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsinin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 1938 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomanya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 170-177-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,346 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar