Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-376/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi –Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,745 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 20 aprel 2021-ci il tarixdə saat 06:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,745 qram psixotrop maddə metamfetamin, içərisində metamfetaminin izləri olan bir ədəd avtomobil lampası və 1 manatlıq pul əskinası aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı evin yaxınlığından tapmışdır. Metamfetamindən istifadə etdiyi üçün yerdən tapdığı bükülünü gödəkçəsinin cibinə qoyaraq özündə saxlamışdır ki, arabir istifadə etsin. 20 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 95 ünvanında qarşısında dayanan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını və hansı ünvanda yaşadığını soruşmuşlar. Həmin vaxt üzərində narkotik vasitə olması səbəbindən narahat olaraq həmin şəxslərə adını, soyadını və yaşadığı ünvanı demək istəməmişdir. Lakin həmin şəxslər ondan adını, soyadını və yaşadığı ünvanı soruşmuş və onun bu hərəkətindən şübhələndiklərini deyərək onlarla birlikdə Nərimanov RPİ-nə getməsini bildirmişlər. Həmin şəxslərlə birlikdə Nərimanov RPİ-nə getmişdir. Polis İdarəsində ona bildirmişlər ki, üzərində narkotik vasitə olmasında şübhələndiklərinə görə üzərinə axtarış aparacaqlar. Daha sonra polis idarəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı o üzərində gəzdirdiyi metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq bildirmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, əməlindən səmimi peşmanlıq çəkir, himayəsində biri azyaşlı olmaqla iki qız övladı vardır. Odur ki, barəsində maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 20 aprel 2021-ci il tarixdə polis əməkdaşları ilə birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görərək ona yaxınlaşmışlar. Verilmiş suallara düzgün cavab verə bilmədiyinə görə onun narkotik vasitənin təsiri altında olduğunu düşünmüşlər. Bundan sonra ona onlarla birlikdə Polis İdarəsinə getmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Nərimanov RPİ-də Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması barədə məlumat vermişlər. Daha sonra ona üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyərək əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət, spesifik qoxuya malik maddəni və 01 ədəd ağ rəngli kapsul halında həbi və arxa hissəsinə pul əskinası birləşdirilərək üzərinə gümüşü rəngli lentlə bağlanmış 01 ədəd avtomobil lampasını könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışla əlaqədar protokol tərtib olunmuş, protokol üzərinə şəxsi axtarış və götürmə zamanı iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və Nərimanov RPİnə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid4 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcəsinin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd ağ rəngli kristallik hissəciklərdən ibarət, spesifik qoxuya malik maddəni və 01 ədəd ağ rəngli kapsul halında həbi və arxa hissəsinə pul əskinası birləşdirilərək üzərinə gümüşü rəngli lentlə bağlanmış 01 ədəd avtomobil lampasını könüllü olaraq təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 aprel 2021-ci il tarixli 6/1550 nömrəli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “R. Qarayev” yazısı olan zərfdəki -1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,745 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -1 ədəd avtomobil lampasının və 1 manatlıq pul əskinasın içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümdəki metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1 siyahısına daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114.00 təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 21.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Xəlil Allahverdiyevin 21.04.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Diskə baxış keçirilməsi haqqında 21 may 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə bir ədəd fayl var. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan bükümü, 1 ədəd kapsul halında olan həbi və arxa hissəsinə pul əskinası ilə birləşdirilərək üzərinə gümüşü rəngli lentlə bağlanılmış 1 ədəd avtomobil lampasını çıxarıb təqdim etmişdir. AZE seriyalı 11514234 nömrəli və AA0093078 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı olmaqla iki övladı vardır. (11.05.2008-ci il təvəllüdlü X1 və 14.05.2003-cü il təvəllüdlü X2) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 29.042021-ci il tarixli 1334 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.08.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Sübutların qiymətləndirilməsi haqqında 27 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılmasını, barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınmasını, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0.745 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində metamfetaminin izləri olan bir ədəd avtomobil lampası və 1 manatlıq pul əskinası maddi sübut hesab edilməsi, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.695 qram metamfetamin, həmçinin içərisində metamfetamin izləri olan bir ədəd avtomobil lampası və 1 manatlıq pul əskinası saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, 1 ədəd DVD diskin maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilməsi və s. qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində biri azyaşlı olmaqla iki övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 20.04.2021-ci il tarixdən 21.04.2021-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 20.04.2021-ci il tarixdən 21.04.2021-ci il tarixədək tutma altında olduğu 01 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı 0.695 qram çəkidə metamfetamin və metamfetamin izləri olan 1 ədəd avtomobil lampası məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı və maddi sübut kimi tanınaraq hazırda Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan 1 manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər eidlmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 5 (beş) iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdən 21.04.2021-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan psixotrop maddənin qalığı 0.695 qram çəkidə metamfetamin və metamfetamin izləri olan 01 ədəd avtomobil lampası məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan 1 manatlıq pul əskinası Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 114,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 5 (beş) iş saatına görə 06 (altı) manat hesab edilməklə, 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-376/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-376/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver