Məhkəmə qərarları › İş №1(005)-376/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-376/2025

17.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-376/2025 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “PRESEDENT” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zəngilan rayonu V.Quliyev küçəsi ev 25-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs Təhsil Nazirliyindən işlədiyi “Caspian” təhsil mərkəzində texniki təhsil alınması istiqamətində lisenziya alınmasına köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq, sonuncudan 07 may 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ofisində 2000 manat, 11 may 2022ci il tarixdə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 20/19 ünvanında yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin qarşısında isə 1000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3000 manat pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid 3 ildir ki, tanıyır. Vüsalə Nərimanov metrostansiyası yaxınlığında işə düzəltmə ofisində işləmişdir. 2022-ci ilin may ayının əvvəllərində Vüsalə ona zəng vuraraq bir nəfər şəxsə Təhsil Nazirliyində texniki təhsil alınması üçün lisenziya almasına köməklik etmək lazım olduğunu bildirmişdir. O, Vüsaləyə onun təhsil nazirliyində tanışının olduğunu bildirərək bu istiqamətdə köməklik göstərə biləcəyini Vüsaləyə bildirmişdir. Vüsalə onu 07 may 2022-ci il tarixdə işlədiyi ofisə dəvət edərək həmin şəxsin də gəlməsini bildirmişdir. O, Vüsalənin işlədiyi ofisə gəlmiş və orada sonradan adını bildiyi Ömər adlı şəxslə tanış olmuşdur. Ömərlə söhbət zamanı Ömərə texniki təhsil alınması üçün lisenziya lazım olmasını və o da Ömərə tanışının olmasını və köməklik edə biləcəyini bildirmişdir. Onlar Vüsalənin ofisində Ömərlə həmin sənədin alınması üçün ümumi 3500 manata razılaşmışdılar. Ömər həmin pulun 2000 manatını həmin gün Vüsalənin ofisində vermiş 1000 manatını isə 11 may 2022-ci ildə Ziya Bünyadov prospektində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinin qarşısında vermişdir. Sonradan Ömərə lisenziya alınmasında heç bir köməklik göstərə bilməmişdir. Ömərlə 3500 manata razılaşsa da ondan ümumilikdə 3000 manat pul almışdır. Ömərdən Vüsalənin ofisində aldığı 2000 manat pulun 500 manatını Vüsaləyə vermişdir. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş zərərdən 1000 manat ödəmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş AR CM-nin 178.1-ci maddəsi ilə ittihamda özünü təqsirli bilib, yekunda ərizə təqdim edərək CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məsuliyyətdən azad olunmasını və cinayət iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə vermiş olduğu çıxışında AR CM-nin 178.1-ci maddəsi ilə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmasını xahiş etmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında Şahid və onun həyat yoldaşı Qismət Məmmədovla bir yerdə işlədiyi tədris mərkəzinə gəlmişlər və tədris mərkəzində təhsillərini artırmaq üçün iki qız uşağını biri 11-ci sinifdə təhsil almaq üçün o birisi isə 9-cu sinifdə təhsil almaq üçün gətirmişlər. O, hər iki uşağın sənədlərini yoxlamış və onların təhsil almaq üçün qəbul etmişdir. Onlarda həmin vaxtdan təhsil mərkəzində təhsil almağa başlamışdılar. 2022-ci ilin əvvələrində Qismət o, işlədiyi tədris mərkəzində kompüter kursuna yazılmış və həftədə 2 dəfə tədris mərkəzinə gəlib təhsil almışdır. Özünün və uşaqlarının tədris mərkəzində təhsil aldıqları üçün Qismətlə münasibəti qurulmuş və onunla söhbət edən zaman ona bildirmişdir ki, onun qohumu var tədris mərkəzinə əlavə təhsilin keçirilməsi istiqamətində lisenziya ala bilər və tədris mərkəzinin təhsil kurslarını artırmaq olar. O, əvvəl Qismətin bu təklifinə razılıq verməmiş və ona bildirmişdir ki, əgər lazım olarsa müraciət edər. 2022-ci ilin aprel ayının axırlarında Qismətə bildirmişdir ki, təhsil mərkəzində texniki təhsil alınması istiqamətində lisenziya alınması üçün göməklik etməyini xahiş etmişdir. Bu zaman Qismət ona bildirmişdir ki, heç bir problem yoxdur o, bu barədə qohumu ilə danışar və sənə nəticəsini deyər. O, Qismətlə razılaşmış və bildirmişdir ki, sənin razılıq alıb almamasını gözləyəcək. 2022-ci ilin may ayının əvvələrində Qismət ona bildirmişdir ki, onun həyat yoldaşı Vüsalə o şəxsə konum atacaq və o Vüsalənin işlədiyi ofisə gələcək və orada söhbət edərlər. 07 may 2022-ci il tarixdə, saat 13-14 radələrində Şahid ***-***-**-** mobil telefonla onun ***-***-**- ** mobil nömrəsinə zəng edib bildirmişdir ki, o adam gəlib o da gəlsin onun işlədiyi ofisə. Ona görə də o, Vüsalənin deməsinə görə sənədləri götürüb ora getmişdir. O, Vüsalənin iş otağına daxil olmuş, lakin orada heç kimi olmadığını gördüyü üçün Vüsalədən həmin şəxsi soruşmuşdur. Lakin, Vüsalə ona bildirmişdir ki, əyləşsin həmin şəxs yoldadır indilərdə gələcək. Sonra o, Vüsalədən onun əri Qisməti soruşmuş və Vüsalə ona bildirmişdir ki, onun səhhətində problem var o evdədir. Üstündən yarım saat keçmiş Vüsalənin iş otağına sonradan tanıdığı Təqsirləndirilən şəxs daxil olmuş və bu zaman Vüsalə ona bildirmişdir ki, həmin şəxs budur özüdə Təhsil Nazirliyinin məsul əməkdaşı işləyir. Tanışlıqdan sonra o, fikirini Təqsirləndirilən şəxs bildirmiş və Qamət ona bildirmişdir ki, ver sənədlərə baxsın. O, sənədləri Qamətə vermiş və o sənədlərə baxdıqdan sonra ona bildirmişdir ki, o, belə işləri 4.500-5.000 manata həll edir. Lakin, o, Qamətə bildirmişdir ki, onun o qədər pulu yoxdur və sonda 3.500 manata razılaşmış və pulu gətirmək adı ilə bayıra çıxmış və Qismətə zəng etmiş və bu barədə bildirmişdir. Lakin, Qismət ona bildirmişdir ki, problem yoxdur pulu o versin Qamətə o həll edəcək. Ona görə də o, öz avtomobili ilə evə getmiş və evdən 2.000 manat pul götürüb yenə də Vüsalənin işlədiyi ofisə qayıtmışdır. Vüsalənin iş otağında Vüsalə və Qamət onu gözləmişrlər. Ona görə də üstündə olan 2.000 manatı Vüsaləyə vermiş və Vüsalə pulu saydıqdan sonra onun yanında pulu Qamətə vermişdir. Bundan sonra Qamət ona bildirmişdir ki, qalan 1.500 manat pulu təcili çatdırmaq lazımdır ki, yeni tədris ilinə qədər sənədlər hazır olsun. 11 may 2022-ci il tarixdə saat təxminən 15- 16 radələrində Z.Bünyadov prospektində yerləşən «Sokar» YDM-nin yanında 1000 manat pulu Qaməti idarə etdiyi «Toyota Priyus» makalı avtomobildə Vüsaləyə vermiş və Vüsalə pulu saydıqdan sonra Qamətə vermişdir. Bundan sonra Qamət ona qalan 500 manatı istəmiş və o da Qamətə demişdir ki, bir-iki günə düzəldib verər. Səhərisi günü Vüsalə ona öz mobil telefonu ilə zəng edib bildirmişdir ki, Qismət təhsil nazirliyinə gedəcək təcili 500 manat pulu çatdır. Lakin, o, Vüsaləyə bildirmişdir ki, pulu yoxdur, sənədləri düzəldin o, 500 manatı verəcək. Vüsalə ona bildirmişdir ki, onların danışıqları belə olmamışdır. Sonradan Vüsalə bildikdə ki, o, 500 manatı sənədlərin düzəlməsindən sonra verəcək, ona görə də demək olar ki, hər gün ona zəng edib pulu istəmişdir. O, «Asan» xidmətdən öyrənmişdir ki, belə sənədlər 1.500 manata həll olunur. Bir dələ Vüsalə ona zəng etdikdə və 500 manatı tələb edəndə o, həmin şəxsə bildirmişdir ki, dövlət tərəfindən belə razılıqlar əldə edilməsi üçün 1.500 rüsum verməlidir, siz isə onu aldadaraq 3.000 manat pulu almısınız. Bu zaman Vüsalə ona Qamətin ***-***-**-** mobil nömrəsini vermiş və ona bildirmişdir ki, Qamətin özü ilə əlaqə saxlamışdır. Onda həmin nömrəyə zəng etmiş, Qamət telefonu açmış və bildirmişdir ki, pulu tam veməliyəm pulu çatdır, onda Qamətə bildirmişdir ki, o sənədləri təqdim etsin və o da pulu versin. Bundan sonra Qamət onunla razılaşmış və ona demişdir ki, pulu özündən verəcək sonra sən pulu verərsən. O da razılaşmışdır. 2022-ci ilin avqust ayında ona aydın olmuşdur ki, Qamət onun 3.000 manat pulunu mənimsəmişdir. O, Vüsalədən pulunu tələb etməyə başlamış, Vüsalə ona bildirmişdir ki, Qamət onun telefonunu açmır. Ona görə də 17-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs cəmi 3.000 manat pul vermişdir. Hazırda dəyən zərərdən 1000 manat ödənilmişdir. Qalan məbləğ iki min manatı tələb edir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, onun ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 03 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən gələn tələbnamədən görünür ki, İmanov X2 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 il 07 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 yanvar 2026-cı tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 500 manat ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyandan 500 manat ödənilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə cəlb etmə müddətləri keçdiyindən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin 15.2 və 15.3-cü bəndlərinə görə 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Cinayət Məcəlləsinin 75-ci maddəsinin 75.1.1. və 75.2. bəndlərinə görə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə törətmiş olduğu AR CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan hər bir cinayət üzrə müvafiq olaraq AR CM-nin 75-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət keçdiyindən və təqsirləndirilən şəxs göstərilən maddələr üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə xitam verilməsinə razılıq verdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə CM-in 178.1-ci maddəsi ilə bağlı qeyd edir ki, CM-in: 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cinayət əməlini 2022-ci ilin may aylarında törətmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. CPM-in: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 330 (üç yüz otuz) manat vəsait dövlət büdcəsi hesabından “PRESEDENT” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRESEDENT” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar