Məhkəmə qərarları › İş №1(005)-378/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-378/2020

07.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-378/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında, açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun bacısı qızı Gülməmmədova Qəribə Rövşən qızı ilə barəsində xüsusi icraat qaydasında şikayət verilən şəxs X3 arasında nikahın pozulması 2019-cu ilin oktyabr ayının 29-da, 333 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Onların arasında nikah pozulduqdan sonra barəsində xüsusi icraat qaydasında şikayət verilən şəxs X3 mütəmadi olaraq onun və bacısı qızının mobil telefonlarına zəng etməklə onu nalayiq söyüşlərlə təhqir edir və bacısı qızının barəsində həqiqətə uyğun olmayan əsassız olaraq onu yüngül həyat tərzi keçirməsi barədə məlumatlar yaymaqla məşğul olur. Qeyd edir ki, X3 qeyri-hüquqi, hüquqa zidd hərəkətlərə yol verərək Bakı şəhəri ərazisində cəmiyyətdə, çoxsaylı insanlar dairəsində onun haqqında böhtan xarakterli, təhqir xarakterli, nalayiq sözlər yayaraq şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətinə qəsd edən həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqda davam edir. O, bu cür məlumatları həmçinin VATCAP vasitəsi ilə hətta onun özünə, ailə üzvlərinə də göndərmiş, onun ünvanına nalayiq sözlər yazmışdır. Ərizədə göstərilənləri şahidlər Gülməmmədov Rövşən Xəlil oğlu, X2 və X6 təsdiq edə bilərlər. Qeyd etdiklərini nəzərə alaraq X1 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsinə hər maddə ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərək cəzaları tam toplamaqla ona qəti olaraq 1 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edib icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 şikayəti qəbul etmədi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığından, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinin məhkəmə aidiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid deyildir. Belə ki, ASAN 2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilən AZE seriyalı 15512012 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 9, mənzil 97 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı internet informasiya ehtiyatı olan “Whatsapp” sosial şəbəkəsinin qeydə alındığı ünvanı müəyyən etmək mümkün deyil. Buna görə də xüsusi ittiham qaydasında şikayət, bu şikayətin verilməsinə əsas olan məlumatları yayan şəxsin, yəni X1 yaşadığı ünvan üzrə məhkəməyə verilməlidir. Həmin ünvan isə (Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 9) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2, 302.2.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Hazırkı halda müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 9, mənzil 97 ünvanıdır. Həmin ünvan isə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləlilklə, hazırkı xüsusi ittiham qaydasında şikayətə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin qeydiyyatda olduğu ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1, 75.1. 299.1. 299.3.1, 300.1.3, 300.1.4, 300.5, 302.1.1 və 302.2.1, 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar