Məhkəmə qərarları › İş №1(005)-378/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-378/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-378/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xulliqanlıq etməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2023-cü il tarixdə saat 10 radələrində ünvan 2 ünvanında yerləşən “Su Sonası” restoranının qarşısında idarə etdiyi “Toyota Prius” markalı **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan “Toyota Prius” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə bir-birilərinin idarə etdikləri avtomobillərə yol verməklə bağlı aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Nicat Hüseynov idarə etdiyi avtomobildə saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan xüsusi təyinatlı, soyuq silah hesab edilməyən ov bıçağı ilə Zərərçəkmiş şəxs sol qol nahiyyəsinə iki dəfə zərbə vuraraq sonuncuya sol bazunun 02 ədəd kəsilmiş deşilmiş yaralarından ibarət ümumilikdə, eləcə də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağmlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərə yol verərək xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, “Toyota Prius” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir neçə aydır ki, Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında sifariş qəbul edərək həmin avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət edən zaman “Su Sonası” restoranının qarşısında qarşıdan gələn “Toyota Prius" markalı avtomobil yolun hərəkət hissəsində dayanaraq onun hərəkətinə maneçilik törədərək yolu kəsmişdir. O, həmin sürücüdən ona yol verməsini istəmişdir. Həmin sürücü isə ona kobud və aqressiv formada cavab vermiş, avtomobili yoldan çıxarmamış və bu səbəbdən aralarında sözlü mübahisə baş vermişdir. Sözlü mübahisə zamanı o, da avtomobildən düşmüş, həmin sürücü də avtomobildən düşərək onun üstünə gəlmiş və yumruqla sinəsinə vurmuş, onu uca səslə söyərək təhqir etmişdir. Mübahisə zamanı həmin sürücü onun ölmüş anasını təhqir etmiş və artıq o, buna dözə bilməmiş, o da həmin şəxsin təhqir etməsindən əsəbiləşmiş avtomobilinin salonunda olan bıçağı götürüb həmin şəxsin üstünə getmişidr. Həmin şəxs fiziki cəhətdən ondan güclü olduğu üçün o da həmin şəxsi qorxutmaq üçün bıçaqla hədələmək istəmiş, istəmədən əlində olan bıçaq həmin şəxsin qolundan dəymişdir. Ətrafda olan insanlar onları ayırmışlar. O qorxduğundan avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Əməlindən peşmandır. O, Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş, hal-hazırda Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobili təxminən bir il olar ki, idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 20 noyabr 2023-cü il tarixdə saat 09:52 dəqiqədə Nərimanov rayonu, A.M.Cümə küçəsindən sifariş qəbul etmiş və həmin sifariş verən şəxsi 09:54 dəqiqədə Ankara liseyinin qarşısında düşürtmüşdür. Həmin şəxsi avtomobildən düşürdükdən sonra yeni sifariş qəbul etmişdir. Sifariş edən şəxsi götürməyə gedən zaman Təbriz küçəsində əks istiqamətdən də “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmişdir. Həmin avtomobil yolu kəsmiş və digər avtomobillərin hərəkətinə maneçilik törətmişdir. Ondan qarşıda hərəkətdə olan digər avtomobillərin sürücüləri yolu bağlamış “Toyota Prius” markalı avtomobilin sürücüsünə irad bildiriblər ki, yolu bağlamasın, lakin “Toyota Prius” markalı avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs həmin şəxslərə kobud cavab vermiş, həmin şəxslər də mübahisə etməmək üçün yollarına davam etmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanından keçən zaman iki avtomobil arasında məsafə az olması səbəbindən o da Nicata yolu bağlamasını, hərəkətini davam etdirməsini bildirmiş, lakin Nicat ona da kobud cavab verərək avtomobilini sürüb getməsini bildirmişdir. O, Nicata məhəl qoymayaraq yolunu davam etdirən zaman idarə etdiyi avtomobilin nəyəsə toxunduğunu hiss etmiş və idarə etdiyi avtomobili saxlayaraq yerə düşmüşdür. Bu zaman Nicat da öz idarə etdiyi avtomobildən yerə düşmüşdür. O, avtomobilin qarşısına nəyə toxunduğunu baxmaq istəyən zaman Nicatın kobud tərzdə deyindiyini görmüşdür. Nicata yaxınlaşan zaman Nicat onu əli ilə itələmişdir. Bu zaman o da Nicata deyinməməsini, yoluna davam etməsini demiş və əli ilə Nicatı itələmişdir. Anidən Nicat əlində olan bıçaqla onun sol qol nahiyəsinə iki dəfə zərbə endirmişdir. Zərbənin təsirindən onun sol qolundan qan gəlməyə başlamışdır. Nicat qolundan qan gəlməsini görüb qorxuduğundan heç nə deməyərək cəld şəkildə idarə etdiyi avtomobilə əyləşmiş və avtomobili idarə edərək çıxıb getmişdir. O da idarə etdiyi avtomobilə əyləşərək xəstəxanaya getmiş və orada ona ilkin tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs Cəfərov X2 Nicat Yusif oğlu ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən “Su Sonası" restoranının qarşısında X6 Cəfərovun qol nahiyəsindən bıçaqla vuraraq sonuncuya xəsarət yetirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2024-cü il tarixli, 3-16-16/2-3/2208 nömrəli ekspert rəyinə əsasən Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Tədqiqata təqdim edilmiş, predmet zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X5 22 yanvar 2024-cü il tarixli, N 02/1529 saylı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol bazunun 2 (iki) ədəd kəsilmiş deşilmiş yaraları iti mkənara malik alətin (alətlərin), ola bilsin bıçağın tiyəsinin təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə ümumilikdə, eləcə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X7 tərəfindən verilmiş № 1190, 29 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. “Axtarışda olan şəxsin tutulmasına dair” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Nərimanov RPİ-nin İŞ-si tərəfindən AR CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi ilə əlaqədar, xx.xx.2024-cü il tarixdə 61554/24 saylı axtarış işi üzrə axtarışda olan, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan yaşayan Hüseynli X3 rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində müəyyən olunaraq 18-ci PŞ-nə gətirilmiş və araşdırılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-853/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, AR CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 01 ay 26 gün həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyun 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və işdə olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbayacan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.5 və 69.3 maddələrinə əsasən ona qəti olaraq hər ay qazancından 20 faiz pul dövlət nəfinə pul tutulmaqla 01 il 09 ay 12 gün müddətinə islah işləri cəzası və 3000 manat cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin №21-1/318967-16 saylı, 18 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 il 09 ay 12 gün müddətinə islah işi və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixədək 3000 manat cərimənin 1000 manatını ödəmiş, ödənilməmiş 2000 manat cərimə cəzası və çəkilməmiş 01 il 09 ay 12 gün müddətinə islah işləri cəzası qalmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülümüş bir ədəd bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanmasıl üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan və notarial qaydada təsdiqlənmiş 21 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Cəfərov X2 Nicat Yusif oğlu ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, əməlindən peşman olmasını və zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və hazırda çəkilməmiş qalan 01 il 09 ay 12 gün islah işləri cəzası azadlıqdan məhrum etmənin bir gününə dörd gün hesabı ilə hesablanmaqla CM-nin 67.1-ci maddəsinə əsasən qismən və üzərində olan ödənilməmiş qalan 2.000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və hazırda çəkilməmiş qalan 01 il 09 ay 12 gün islah işləri cəzası azadlıqdan məhrum etmənin bir gününə dörd gün hesabı ilə hesablanmaqla CM-nin 67.1-ci maddəsinə əsasən qismən və üzərində olan ödənilməmiş qalan 2.000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməli (CM- 67.1, 68.1.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş 01 ədəd bıçaq məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və hazırda çəkilməmiş qalan 01 il 09 ay 12 gün islah işləri cəzası azadlıqdan məhrum etmənin bir gününə dörd gün hesabı ilə hesablanmaqla CM-nin 67.1-ci maddəsinə əsasən qismən və üzərində olan ödənilməmiş qalan 2.000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 03 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası və 2.000 (iki min) manat cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut- Nərimanov RPİ-nin saxlancına verilmiş 01 ədəd bıçaq məhv edilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar