Məhkəmə qərarları › İş №1(005)-378/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-378/2025

25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-378/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Nümayəndə və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2002-ci ildə Yevlax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə; xx.xx.2009-cu ildə Yevlax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində hazırki iş üzrə “həbs” qətimkan tədbiri seçilməklə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “azadlıqdan məhrum etmə növündə” cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girib, 25 avqust 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən mənzilə qanunsuz daxil olaraq, mənzildən hər biri 20 manat dəyərində 05 ədəd işlənmiş pəncərə setkasının çərçivələrini, 500 manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru, 300 manat dəyərində 5 litr tutumlu mis materialdan hazırlanmış 01 ədəd od samovarını, 120 manat dəyərində 01 ədəd dəmir stulu, 100 manat dəyərində 01 ədəd ev telefonunu, 150 manat dəyərində 01 ədəd su gidraforunu və ümumi dəyəri 200 manat olan qaşıq, vilka, ət baltası, dovğa qarışdıran, qoz sındıran, qənd doğrayan mətbəx əşyalarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs qızma ümumilikdə 1470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girib 25 avqust 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs məxsus ünvan 5 ünvanında yerləşən mənzilə qanunsuz daxil olaraq, mənzildən hər biri 20 manat dəyərində 05 ədəd işlənmiş pəncərə setkasının çərçivələrini, 500 manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru, 300 manat dəyərində 5 litr tutumlu mis materialdan hazırlanmış 01 ədəd od samovarını, 120 manat dəyərində 01 ədəd dəmir stulu, 100 manat dəyərində 01 ədəd ev telefonunu, 150 manat dəyərində 01 ədəd su gidraforunu və ümumi dəyəri 200 manat olan qaşıq, vilka, ət baltası, dovğa qarışdıran, qoz sındıran, qənd doğrayan mətbəx əşyalarını gizli yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, qardaşı Yılmaz və qohumu Muradla birlikdə Bakı şəhərində küçələrdə araba ilə gəzib tullantı dəmir materiallarını yığıb satmaqla məşğul olmuşlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində gəzərkən beş mərtəbəli binanın söküldüyünü və hər hansı bir yaşayış olmadığını görüb yaxınlaşıb həmin binaya daxil olmuşlar. Binada hər yerin sökülüb dağıdılmış vəziyyətdə olduğunu, həmçinin binanın 5-ci mərtəbəsində blokdan həyətə baxan pəncərədən əvvəlcədən tanımadıqları, sonradan adını bildiyi Ülkər xanımın mənzilinin balkonuna keçmək üçün yer olduğunu görmüşlər. Bundan sonra blokun həyətə baxan pəncərəsindən keçib kənarda keçmək üçün olan yerdən Ülkər xanımın mənzilinin blokuna oradan da mənzilə keçmişlər. Həmin mənzilin içərisi tam sökülmədiyi üçün iki gün ərzində həmin mənzildə qalmışlar. xx.xx.2024-cü il tarixdə səhər radələrində pula ehtiyacları olduğu üçün həmin mənzildən 1 ədəd televizor, 1 ədəd mis samovar, 1 ədəd su gidraforu və 1 ədəd balaca ev telefonu götürüb Sabunçu rayonunda yerləşən bit bazarına aparmışlar. Həmin bazarda həmin əşyaların özlərinə məxsus olduğunu deyib tanımadıqları şəxslərə satıb ümumilikdə 43 manat pul əldə etmişlər. Həmin pulu özləri üçün ərzağa və siqaretə xərcləmişlər. Sonra günorta radələrində yenidən həmin oğurluq etdikləri binaya qayıtmışlar ki, oradakı mənzildə qalsınlar. Bu zaman tanımadıqları bir nəfər şəxs onları saxlayıb polisə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlib onları 17-ci PŞ- nə aparmışlar. Zərərçəkmiş şəxs mənzildinən yalnız 1 ədəd televizor, 1 ədəd mis samovar, 1 ədəd su gidraforu və 1 ədəd balaca ev telefonu götürmüşlər. Başqa hər hansı bir əşya oğurlamamışlar. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, qohumları Şahid və Təqsirləndirilən şəxs1 ilə birlikdə küçələrdə araba ilə gəzib tullantı dəmir materiallarını yığıb satmaqla məşğul olmuşlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində gəzərkən beş mərtəbəli binanın söküldüyünü və hər hansı bir yaşayış olmadığını görüb yaxınlaşıb həmin binaya daxil olmuşlar. Hər yerin sökülüb dağıdılmış vəziyyətdə olduğunu, lakin bir mənzilin içərisinin tam sökülmədiyini görüb balkondan həmin mənzilə girmişlər. İki gün ərzində həmin mənzildə qaldıqdan sonra xx.xx.2024-cü il tarixdə səhər radələrində pula ehtiyacları olduğu üçün həmin mənzildən 1 ədəd televizor, 1 ədəd mis samovar, 1 ədəd su gidraforu və 1 ədəd balaca ev telefonu götürüb Sabunçu rayonunda yerləşən bit bazarına aparmışlar. Həmin bazarda həmin əşyaların özlərinə məxsus olduğunu deyib tanımadığı şəxslərə satmışlar. Əldə etdikləri ümumilikdə 43 manat pulu özləri üçün ərzağa və siqaretə xərcləmişlər. Sonra həmin mənzildə qalmaq üçün günorta radələrində yenidən həmin oğurluq etdikləri binaya qayıtmışlar. Bu zaman tanımadığı bir nəfər şəxs onları saxlayıb polisə məlumat vermiş, bundan sonra polis əməkdaşları gəlib onları 17-ci PŞ-nə aparmışlar. Qeyd etdiyi kimi həmin mənzildən yalnız 1 ədəd televizor, 1 ədəd mis samovar, l ədəd su gidraforu və 1 ədəd balaca ev telefonu götürmüşlər. Pəncərə setkası, dəmir stul, qaşıq, vilka, ət baltası, dovğa qarışdıran, qoz sındıran, qənd doğrayan və s. əşyalar götürməmişlər. Həmçinin həmin mənzildəki lüstürü və giriş qapısını hər hansı bir üsulla zədələyib yararsız hala salmamışlar. Sonda əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 30-35 ildir ki, ünvan 6 ünvanda yaşayır. Təxminən 2023-cü ilin qış aylarından "xxxx" MMC tərəfindən yaşadığı bina da daxil olmaqla, yaxınlıqdakı bir neçə bina qanunsuz olaraq sökülməyə başlanmışdır ki, yerində yeni hündürmərtəbəli binalar tikilsin. Həmin şirkətin qanunsuz söküntüsü ilə bağlı məhkəməyə müraciət etmişlər və hazırda məhkəmə tərəfindən bina qanunsuz söküldüyü üçün söküntü dayandırılmışdır. Çünki şirkətin binanı sökməyə icazəsi, layihəsi və s. müvafiq sənədləri yox idi. Bakı şəhəri, F.Yusifov küçəsi ev 43, mənzil 28 ünvanında yerləşən yaşadığı mənzil beş mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Söküntü işləri aparılandan sonra hərdən həmin mənzilində, hərdən də, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR-da yerləşən mənzildə yaşamışlar. xx.xx.2024-cü il tarixdə saat 19:59 radələrində əvvəlcə qonşusu Zenfira kimi tanıdığı əsil adı X1, daha sonra isə "xxxx" MMC-nin əməkdaşı Rüstəm adlı şəxs ona zəng vurub bildirmişlər ki, Bakı şəhəri, F.Yusifov küçəsi ev 43, 28 saylı mənzilindən oğurluq edilən zaman Rüstəm adlı şəxs həmin uşaqları saxlayıb polisə təhvil veribdir. Bir neçə gün DİN-nin 102 xidmətinə çoxsaylı şikayətlərindən sonra xx.xx.2024-cü il tarixdə 17-ci PŞ-nin əməkdaşları ona yaxınlaşmış və polis əməkdaşları ilə birlikdə mənzilinə baxış keçirməyə getmişlər. Bundan sonra mənzilə daxil olanda görmüşlər ki, giriş dəmir seyf qapısı yararsız vəziyyətdədir, qapının girişində topa açarlar var. Mənzilindən hər biri 20 manat dəyərində 5 pəncərənin setkasının çərçivələrinin, təxminən 2018-ci il tarixdə təxminən 500 manata aldığı Samsung markalı 1 metr enində televizorun, 300 manat dəyərində 5 litr tutumlu mis materialdan hazırlanmış od samovarının, təxminən 2014-2105-ci illərdə 120 manata aldığı dəmir stulun, təxminən 200 manat dəyərində dəqiq sayını bilmədiyi, qaşıq, vilka, ət baltası, dovğa qarışdıran, qoz sındıran, qənd doğrayan əşyalarının, bir ədəd 100 manat dəyərində markasını bilmədiyi ev telefonunun və bir ədəd 150 manat dəyərində su gidralorunun oğurlandığını, eyni zamanda bir ədəd lüstürün yerindən sökülüb yararsız vəziyyətdə olmasını aşkar etmişdir. Bundan başqa giriş dəmir seyf qapının yararsız vəziyyətə salınması nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyalarının dəyəri 1.470 manat olmuşdur, dəmir giriş seyf qapısının oğurluq zamanı yararsız vəziyyətə salınması ilə bağlı isə ona 700 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərərin ödənilməsini tələb edir və buna görə də təqsirləndirilən şəxslərə qarşı şikayətçidir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 7 ünvandır. Hadisə yerinə baxış zamanı ərazidə binanın söküntü işlərinin aparılması və mənzildə zədələnmələr olması müəyyən olunmuşdur. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. “İfadənin yerində yoxlanılması haqqında” 16 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları eynilə göstərmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 02 avqust 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə AR CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək 05 il 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 02 avqust 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-465/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinərək 05 il 07 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli tərbiyyə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-378/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-465/2025 nömrəli hökmü ümumi rejimli tərbiyyə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların tam etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. İşin hüquqi məsələləri: “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir». Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlidən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun şəxsiyyətinə tam uyğun olmalıdır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 02 gün (bir sutkadan artıq olmuşdur) həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlidən səmimi peşman olmasını, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə cinayət əməlini Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin cəza çəkmə müddətinin 14 sentyabr 2024-cü il tarixdən hesablanmalı (Əsas: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli hökmü) və barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-465/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi əvvəlki 30 iş saatı üçün cəmi 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi əvvəlki 30 iş saatı üçün cəmi 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında saxlanıldığı 02 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-465/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 05 il 07 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 05 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın və onun Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-465/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar