Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-379/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Nəsibova Amail Mustafa qızının iştirakı ilə, Tanrıverdiyev Vasif Nəbi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nəsibova Amail Mustafa qızının xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında, açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nəsibova Amail Mustafa qızı xusüsi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Tanrıverdiyev Vasif Nəbi oğlunun CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gülməmmədova Qəribə Rövşən qızı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Tanrıverdiyev Vasif Nəbi oğlu arasında nikahın pozulması 2019-cu ilin oktyabr ayının 29-da, 333 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Onların arasında nikah pozulduqdan sonra barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Tanrıverdiyev Vasif Nəbi oğlu mütəmadi olaraq onu və qızını mobil telefonlarına zəng etməklə nalayiq söyüşlərlə təhqir edir və qızının barəsində həqiqətə uyğun olamayan əsassız olaraq onu yüngül həyat tərzi keçiməsi barədə məlumatlar yaymaqla məşğul olur. Tanrıverdiyev Vasif Nəbi oğlu qeyrihüquqi, hüquqa zidd hərəkətlərə yol verərək Bakı şəhəri ərazisində cəmiyyətdə, çoxsaylı insanlar dairəsində onun haqqında böhtan xarakterli, təhqir xarakterli nalayiq sözlər yayaraq şərəf və ləyaqətini ləkələyən, şərəf və ləyaqətinə qəsd edən həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqda davam edir. O, bu cür məlumatları həmçinin “whatsapp” vasitəsi ilə hətta özünə, ailə üzvlərinə də göndərmiş, onun ünvanına nalayiq sözlər yazmışdır. Tanrıverdiyev Vasif Nəbi oğlu bu hərəkətləri ilə ona qarşı CM-in 147 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ona görə də Tanrıverdiyev Vasif Nəbi oğlu CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalı və barəsində hər maddə ilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və cəzalar tam toplanmaqla ona qəti olaraq 1 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Nəsibova Amail Mustafa qızı şikayətin dəlillərinə uyğun çıxış etdi. Bildirdi ki, Tanrıverdiyev Vasif Nəbi oğlu Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Həmçinin, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Tanrıverdiyev Vasif Nəbi oğlu məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, hazırlıq iclasının qeyd edilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, Tanrıverdiyev Vasif Nəbi oğlunun CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nəsibova Amail Mustafa qızının xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı internet informasiya ehtiyatı olan “Whatsapp” sosial şəbəkəsinin qeydə alındığı ünvanı müəyyən etmək mümkün deyil. Buna görə də xüsusi ittiham qaydasında şikayət, bu şikayətin verilməsinə əsas olan məlumatları yayan şəxsin, yəni Tanrıverdiyev Vasif Nəbi oğlunun yaşadığı ünvan üzrə məhkəməyə verilməlidir. Həmin ünvan isə (Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi 9) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. CPM-in: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olmuş məlumatları yaymış şəxsin yaşayış ünvanı üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, Tanrıverdiyev Vasif Nəbi oğlunun CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nəsibova Amail Mustafa qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina olunmalı və şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tanrıverdiyev Vasif Nəbi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Nəsibova Amail Mustafa qızının xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №1(005)-379/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-379/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver