Məhkəmə qərarları › İş №1(005)-379/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-379/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-379/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Abşeron rayonu Şuraabad kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penıtensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda qanunsuz olaraq odlu silahı və döyüş sursatlarını əldə etmiş, saxlamış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2012-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş 11 il azadlıqdan məhrum etmə cəzası 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsinə, 23 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən zavod üsulu ilə 1918-ci ildə Rusiya dövlətində istehsal olunmuş, 30764 nömrəli, 7.62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Naqan sistemli revolver hesab edilən bir ədəd yivli odlu silahı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7.62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən iki ədəd patronu istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsul ilə 1918-ci ildə Rusiya dövlətində istehsal olunmuş, 30764 nömrəli, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Naqan sistemli revolver hesab edilən bir ədəd yivli odlu silah və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən iki ədəd patron çiynindən asılı olan qara rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, tutulduğu vaxtdan 1 gün əvvəl Xızı rayonu, Şuraabad qəsəbəsində dəniz kənarında gəzdiyi zaman həmin vaxt yerdə bir ədəd paketin olmasını, diqqətini cəlb etdiyi üçün açıb baxdıqda içərisində bir ədəd odlu silah olan tapançanın və 02 ədəd döyüş sursatı olan patronun olmasını görmüşdür. Silaha marağı olduğu üçün həmin silahı və onun patronlarını götürərək üzərində saxlamışdır. Lakin bu barədə nə ailə üzvlərinin, nə də digər şəxslərdən heç kimin məlumatı olmamışdır. Həmin gün rayondan yaşadığı Sumqayıt şəhərinə gəldiyi zaman həmin silahı və onun 02 ədəd patronlarını da götürərək özünə məxsus əl çantasının içərisinə qoyub özü ilə birlikdə Sumqayıt şəhərinə gətirmiş və həmin vaxtdan etibarən tapdığı silahı və onun patronlarını üzərində gəzdirmişdir. 05 aprel 2022-cı il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri, Bakı küçəsində idarə etdiyi “VAZ 2107” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında dayandığı zaman ona 3 nəfər daha əvvəllər tanımadığı şəxs yaxınlaşıb Baş Mütəşəkkil Cinayətkarlıqlar Mübarizə İdarəsinin əməkdaşları olmalarını qeyd etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu idarə etdiyi avtomobil ilə birlikdə polis idarəsinə dəvət etmişlər. Baş İdarədə üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı üzərində odlu silah olmasını etiraf edərək çiynindən asılı olan 01 ədəd qara rəngli əl çantasını, əynində olan qara rəngli gödəkcənın sol yan cibindən isə 01 ədəd avtomobil açarını çıxararaq masanın üzərinə qoymuşdur. Çiynindən asılı olan qara rəngli əl çantasının içərisinə baxış zamanı orada 01 ədəd “Samsung” markalı mobil telefonun, şəxsiyyət vəsiqəsinin, 40 manat nağd pulun və 01 ədəd tapançaya bənzər dəmir predmetin olması aşkar olunmuşdur. Baxış davam etdirilərkən aşkar olunmuş tapançaya bənzər dəmir predmetin içərisində 02 ədəd patrona bənzər dəmir predmetin olması aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd tapançaya bənzər dəmir predmet və 02 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirmişdir ki, 05 aprel 2022-ci il tarixdə “Aslan” adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Aslan” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun 28.04 1987-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Xızı rayonu, Şuraabad qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə tərəfindən raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, ünvan 4 ünvanın yaxınlığında olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:00-də yuxarıda qeyd edilən ünvanın yaxınlığında idarə etdiyi “VAZ 2107” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu, bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirdikdən sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisində odlu silah olmasını etiraf edərək çiynindən asılı olan 01 ədəd qara rəngli əl çantasını, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə 01 ədəd avtomobil açarını çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs çiynindən asılı olan qara rəngli əl çantasının içərisinə baxış zamanı orada 01 ədəd “Samsung” markalı mobil telefonun, 01 ədəd Təqsirləndirilən şəxs məxsus AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin, 40 manat nağd pulun və 01 ədəd üzərində “30764” qeydiyyat nömrəsi olan tapançaya bənzər dəmir predmetin olması aşkar olunmuşdur. Baxış davam etdirilərkən aşkar olunmuş tapançaya bənzər dəmir predmetin içərisində 02 ədəd patrona bənzər dəmir predmetin olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmetlərin tapança və ona aid patronlar olduğunu, tapançanın və patronların ona məxsus olduğunu tapançanı və ona aid patronları təxminən 2 ay öncə Xızı rayonu, Şuraabad qəsəbəsində dəniz kənarında tapdığını, tapdığı silahın və patronların paketin içərisində olduğunu, silaha marağı olduğu üçün həmin predmetləri götürərək üzərində gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, satışı ilə məşğul olmadığını, heç kəsin onda silah olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunmuş mobil telefonun özünə məxsus olmaqla istifadəsində olduğunu, idarə etdiyi avtomobildə qanunla qadağan edilən heç bır əşya və predmet olmadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd tapançaya bənzər dəmir predmet və 02 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 01 ədəd zərfin içərisində qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefonun iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalı nəzərə alınaraq götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə olunması məqsədilə götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 01 ədəd qara rəngli əl çantası, 40 manat nağd pul və avtomobil açarları iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmənin, həmçinin şəxsi axtarış və götürmənin keçirilməsinin nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan əl çantasının içərisində odlu silah olmasını etiraf edərək çiynindən asılı olan 01 ədəd qara rəngli əl çantasını, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən isə 01 ədəd avtomobil açarını çıxararaq masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs çiynindən asılı olan qara rəngli əl çantasının içərisinə baxış zamanı orada 01 ədəd “Samsung” markalı mobil telefonun, 01 ədəd Təqsirləndirilən şəxs məxsus AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin, 40 manat nağd pulun və 01 ədəd üzərində “30764” qeydiyyat nömrəsi olan tapançaya bənzər dəmir predmetin olması aşkar olundu. Baxış davam etdirilərkən aşkar olunmuş tapançaya bənzər dəmir predmetin içərisində 02 ədəd patrona bənzər dəmir predmetin olması aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmetlərin tapança və ona aid patronlar olduğunu, tapançanın və patronların ona məxsus olduğunu, tapançanı və ona aid patronları təxminən 2 ay öncə Xızı rayonu, Şuraabad qəsəbəsində dəniz kənarında tapdığını, tapdığı silahın və patronların paketin içərisində olduğunu, silaha marağı olduğu üçün həmin predmetləri götürərək üzərində gəzdirdiyini, həmin predmetlərdən istifadə etmədiyini, satışı ilə məşğul olmadığını, heç kəsin onda silah olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunmuş mobil telefonun özünə məxsus olmaqla istifadəsində olduğunu, idarə etdiyi avtomobildə qanunla qadağan edilən heç bir əşya və predmet olmadığını, avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd tapançaya bənzər dəmir predmet və 02 ədəd tamlığı pozulmamış patrona bənzər dəmir predmetlər 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefonun iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalı nəzərə alınaraq götürüldü. Eyni zamanda Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi iş materiallarına əlavə olunması məqsədilə götürüldü. Şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş 01 ədəd qara rəngli əl çantası, 40 manat nağd pul və avtomobil açarları iş üzrə sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədini bildirdikdən sonra onu baxış və götürmə aparılması haqqında qərarla tanış edərək idarə etdiyi avtomobildə olması ehtimal edilən oldu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş heç bir predmet olmadığını bildirərək avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs iştirakı ilə idarə etdiyi “VAZ 2107” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi və avtomobildə iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya və predmet aşkar edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 aprel 2022-ci il tarixli 22/286R nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim olunmuş 01 ədəd 30764 N-li silah, zavod üsulu ilə Rusiya dövlətində 1918-ci ildə istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. - Tədqiqata təqdim olunmuş 02 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7.62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. - Təqdim edilmiş silahdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Tədqiqata təqdim edilmiş 02 ədəd 7.62x38R mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 4(005)- 409/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzər məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 05 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. “Maddi sübut kimi tanıma haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd 30764 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində 1918-ci ildə istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Naqan sistemli yivli odlu revolver silah və tədqiqatlardan sonra 01 ədəd qalmış döyüş sursatı olan patron öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 09 aprel 2022-ci il tarixli, 011-4011-1222 nömrəli məktubdan görünür ki, 01 ədəd 7,62 mm kalibrli, 30764 nömrəli Naqan sistemli revolverdən eksperimental qaydada atılmış gülləgiliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 aprel 2022-ci il tarixli, 012-5677-1222 nömrəli məktubundan görünür ki, “Naqan” markalı, revolver tipli, 30764 №-li yivli odlu silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin 22 aprel 2022-ci il tarixli, 27/1074 nömrəli məktubdan görünür ki, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 30764 nömrəli Naqan sistemli revolver tipli yivli odlu silah Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin qeydiyyatından keçmir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 04 may 2022-ci il tarixli, 2/1791 nömrəli məktubundan görünür ki, 30764 zavod nömrəli 7,62 mm-lik “Naqan” revolveri markalı tapançası 04 may 2022-ci il tarixə olan məlumata əsasən Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəli uçotunda qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə aparılan cinayət təqibi Xızı RPŞ-nin xx.xx.2007-ci il tarixdə CPM 40.2.2-ci maddəsi tətbiq edilməklə rədd edilmişdir; Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək təyin edilmiş 11 il azadlıqdan məhrum etmə cəzası 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanan cinayət işi üzrə icraata xx.xx.2021-ci ildə CPM 40.3cü maddəsinə əsasən xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2012-ci il tarixli, 1(101)-799/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2012-ci il tarixdən hesablanmas, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 sentyabr 2013-cü il tarixli, 1(105)-35/2013 nömrəli qərarından görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkıməsinin 10 oktyabr 2012-ci il tarixli hökmünün dəyişdirilməsi, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, hökmün qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 7(003)-564/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. AZ-İİ № 345467 nömrəli, AZ-İV № 507036, AZ-İV № 721918 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 adlı 3 övladı vardır. “Sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürülmənin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması zamanı üzərindən aşkar edilərək götürülmüş 01 ədəd Naqan sistemli revolver odlu silahın və tədqiqatlardan sonra 01 ədəd qalmış döyüş sursatı olan patronun maddi sübut kimi tanınması haqqında 06 aprel 2022-ci il tarixli qərarın iş üzrə nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 06 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 05 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd 30764 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində 1918-ci ildə istehsal olunmuş, 7.62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Naqan sistemli yivlı odlu revolver silah və tədqiqatlardan sonra 01 ədəd qalmış döyüş sursatı olan patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd 30764 nömrəli, zavod üsulu ilə Rusiya dövlətində 1918-ci ildə istehsal olunmuş, 7.62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Naqan sistemli yivlı odlu revolver silah və tədqiqatlardan sonra 01 ədəd qalmış döyüş sursatı olan patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar