Məhkəmə qərarları › İş №1(005)-38/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-38/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-38/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 127, mənzil 109 ünvanında faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 3,363 qram "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:30da ünvan 3 ünvanında saxlanılıb həmin idarənin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı 3.363 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki boz rəngli cins şalvarın sol yan cibində olan "Kent" markalı siqaret qutusunun içərisindən ayrı-ayrılıqda 0,973 qram, 1,257 qram və 1,133 qram olmaqla üç ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, 2019-cu ilin noyabr ayının əvvəllərində axşam saatlarında yaşadığı evin yaxınlığında yerləşən Z.Əliyeva adına parkda gəzən zaman yerdə bir ədəd əzilmiş vəziyyətdə “Kent” markalı siqaret qutusunun olmasını görmüşdür. Həmin siqaret qutusu onda maraq oyatdığı üçün onu yerdən götürüb baxdıqda içərisində 03 ədəd bükümdə narkotik vasitə heroin olmasını görmüş və həmin siqaret siqaret qutusunu götürüb cibinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Alp İnn" otelinin qarşısında olan zaman polis əməkdaşları tərəfindən Baş X1 İdarəsinə aparılmışdır. Baş İdarədə olarkən ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif edilmişdir. Bundan sonra o, cins şalvarın cibində saxladığı içərisində 03 ədəd sellofan bükümdə heroin olan qutunu polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Baş X1 İdarəsinə etimad doğuran qərəzsiz mənbədən Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edərək, üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa ondan başqa əməliyyat müvəkkilləri polis mayoru Şahid1 və polis baş leytenantı Şahid3 daxil edilmişdir. Təqsirləndirilən şəxs Nərimanov rayonu, H. Əliyev küçəsində olması barədə məlumat daxil olduğundan xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində həmin küçəyə getmişlər. Saat 18:30-da ünvan 4 ünvanında yerləşən “Alp İnn” otelinin qarşısında dayanmış “BMW” markalı, Gürcüstan Respublikasına məxsus TT-003-ZZ dövlət qeydiyyat nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar şəxsi aşkar edib ona yaxınlaşmışlar. Özlərini təqdim edəndən sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Bundan sonra o əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmiş, nədə şübhəli olduğu izah edilərək Baş İdarəyə dəvət edilmişdir. Baş İdarədə ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Kent" markalı siqaret qutusunu çıxarıb təqdim edərək həmin qutunun içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunu açdıqda içərisində 3 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisinə nəzər saldıqda kəskin iyli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddələr olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 03 ədəd sellofan büküm sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış və bütün iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN Baş X1 İdarəsinin əməkdaşları Şahid1 və Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında" xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və saxta pulların qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında o, xx xxxxxx 2019-cu il tarixdə saat 18:30-da saxlanılaraq Baş X1 İdarəsinin inzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunu təqdim etmişdir. Təqdim olunan "Kent" markalı siqaret qutusunun içərisindən 03 ədəd sellofan büküm, həmin bükümlərin içərisindən isə qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş bükümlər iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Nəqliyyat vasitələrinə baxış keçirilməsi və götürülmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə Təqsirləndirilən şəxs satış məqsədi saxta pul əldə etməsi və satması, habelə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat 18:30-da ünvan 5 ünvanında yerləşən “Alp İnn” otelinin qarşısında idarə etdiyi “BMW” markalı “TT-003- ZZ” Gürcüstan Respublikasının qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılmış və nəqliyyat vasitəsi birlikdə Baş İdarəyə gətirilməklə onun idarə etdiyi avtomobilə və üzərinə Baş İdarənin inzibati 3 binasının həyətində “İphone X” markalı mobil telefon aparatı vasitəsilə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə saxta pul, narkotik vasitə, yaxud qanunla dövriyyəsi qadağan edilmiş digər əşya, predmetin olub-olmadığı soruşulmuş, müsbət halda həmin əşyaları təqdim etməsi təklif olunmuşdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin salonunda saxlanc yerində 7 ədəd 50 manatlıq saxta pul əskinasları saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsdan əskinasları təqdim etməsi təklif olunmuş, bundan sonra o, avtomobilin salonunda dirsəkaltı saxlanc yerdən 7 ədəd 50 manatlıq saxta pul əskinaslarını götürüb təqdim etmişdir. Həmin əskinaslara baxış zamanı rənginin aşkar solğun və kağızının keyfiyyətsiz olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin saxta pulları təxminən 10 gün əvvəl ona borclu olan Baba adlı şəxs tərəfindən borcunun əvəzində ona verildiyini, lakin saxta olduğunu bildikdən sonra Babanı tapıb özünə qaytarmaq üçün saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27873 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN "Zərflər üçün №6" möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” əl yazıları olan zərfdəki bir ədəd "Kent" markalı siqaret qutusunda 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.973 qram. 1.257 qram və 1,133 qram, ümumi təmiz çəkisi 3,363 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 03 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109.90 AZN-dir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2019-cu il tarixli 4(05)-1039/2019 nömrəli qərarından görünür ki, AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay müddətində seçilmiş, həbsetmənin əvvəli isə xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27941 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 7 (yeddi) ədəd Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il A seriyalı 02345670 nömrəli, A seriyalı 24270384 nömrəli, A seriyalı 49213437 nömrəli, A seriyalı 72445676 nömrəli, N seriyalı 93607915 nömrəli, F seriyalı 13607910 nömrəli və F seriyalı 09419051 nömrəli 50-lik Azərbaycan manatı əskinasına oxşar pul vahidləri (bax şək. 3) hər hansı texniki qurğusundan (skaner və s.) istifadə etməklə axınlı printer vasitəsilə çap olunaraq eyni üsulla hazırlanmışdılar və eyni növ pul əskinasları üçün qəbul olunmuş standarta uyğun deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 107.16 AZNdir. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 204.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 204.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Maddi sübut hesab edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 3.363 qram olan narkotik vasitə heroinin qalıq çəkisi 3,273 qram və 07 ədəd saxta 50 manatlıq pul əskinasları məhkəmənin qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün AR DİN-in BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-nin 144.2.3, 144.2.4, 62, 69.4-cü maddəsinə əsasən təqsirli bilinmiş və 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2014-cü ildə cəriməni tam şəkildə dövlət büdcəsinə ödəmişdir. xx.xx.2006-cı il tarixli AZE 11660699 nömrəli və xx.xx.2017-ci il tarixli AZE 11660700 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 olmaqla iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 18.12.219-cu il tarixli 2962 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisinin preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(005)-258/2020 nömrəli qərarından görünür ki, AR CM-nin 204.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 204.1ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-in 204.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş yeni məzmunlu ittiham elan edilmiş, sonuncunun üzərində şəxsi axtarış keçirilən zaman, həmçinin TT-003-ZZ dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobilinə baxış keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən CD disk maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 204.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə 07 ədəd 50 manatlıq saxta pul əsginaslarının əldə edilməsi saxlanması külli miqdarda 3.363 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsi saxlanması, daşınması və qanunsuz olaraq Təqsirləndirilən şəxs verilməsi barədə şəxsə görə AR CM-in 204.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-264/2020 nömrəli xx.xx.2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, M.Cəlal küçəsi 7 ünvanın yaxınlığında saxlanılaraq ƏN PX-nin 03 saylı İT-na təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0.15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Cavadov X6 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay müddət cəza müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6., CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 3.273 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri- 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixinədək keçirilmiş məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 3.273 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixinədək keçirilmiş məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar