Məhkəmə qərarları › İş №1(005)-38/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-38/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-38/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Abdurahmanlı Pınar Zakir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – X6 iştirakları ilə, xx.xx.1985-ci tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 2 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş və götürülmüş, Neftçala rayonu, Qaçaqkənd ərazi dairəsi, Ramazanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov Rayonu İslam Abışov küməsi fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay və 02 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonu, Aşıq Bayramlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu, nömrəsiz fərdi evdə yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyasında park “A”-da 1P rels dövrəsinin qidalandırıcı sonluğunda yerləşən bir ədəd “DT-0,2-500” markalı drossel-transformatorun içərisində olan 2 ədəd dolağı gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 oğurluq nəticəsində əldə edəcəyi gəliri aralarında böləcəklərini vəd edib, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində həmin ünvana gələrək, aralarında vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 relsin üzərində oturub ətrafı müşahidə etdiyi vaxt, Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə gətirdiyi 2 ədəd açar, 2 ədəd kəlbətin ilə “DT-0,2-500” markalı drossel-transformatorun içərisində olan 2 ədəd dolağı gizli olaraq kəsmə yolu ilə çıxardıqdan sonra gizlətmək üçün Təqsirləndirilən şəxs2 məxsus qara rəngli gödəkçəsinin içərisinə qoyub aparması üçün sonuncuya verib oğurlamaqla, rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaradaraq "xxxx" QSC-yə 2900,00 manat məbləğində maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Keşlə stansiyasında park “A”-da 1P rels dövrəsinin qidalandırıcı sonluğunda yerləşən bir ədəd “DT-0,2-500” markalı drossel-transformatorun içərisində olan 2 ədəd dolağı gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ona oğurluq nəticəsində əldə edəcəyi gəliri aralarında böləcəkləri vədi ilə razılaşıb, qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 noyabr 2022ci il tarixdə, saat 22 radələrində həmin ünvana gələrək, aralarında vəzifə bölgüsünə əsasən özü relsin üzərində oturub ətrafı müşahidə etdiyi vaxt, Təqsirləndirilən şəxs1 əvvəlcədən özü ilə gətirdiyi 2 ədəd açar, 2 ədəd kəlbətin ilə “DT-0,2-500” markalı drosseltransformatorun içərisində olan 2 ədəd dolağı gizli olaraq kəsmə yolu ilə çıxardıqdan sonra gizlətmək üçün həmin vaxt Təqsirləndirilən şəxs2 verib oğurlamaqla rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaradaraq "xxxx" QSC-yə 2900,00 manat məbləğində maddi ziyan vurmaqla dəmir yolu xətlərinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 özünü qeyd olunan cinayət əməlini törətməkdə təqsirli bilməsə də məhkəmə baxışında zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham olunduğu cinayət əməli ilə onun heç bir əlaqəsi yoxdur. "xxxx" QSC-yə məxsus “A”-da 1P rels dövrəsinin qidalandırıcı sonluğunda yerləşən bir ədəd “DT-0,2-500” markalı drossel-transformatorun içərisində olan 2 ədəd dolağı oğurlamamışdır. Qeyd edilən tarixdə o evdən marketə getmək məqsədi ilə çıxmış, bu zaman Azərbaycan Dəmiryolları QSC-nin Keşlə Dəmiryolu stansiyası ərazisində mühafizəçi onu uzun müddətdir tanışı olan Şəfanı saxladığını görmüş, səbəbini öyrənmək üçün ona yaxınlaşmış, bu zaman mühafizəçi Şəfanın oğurluq etdiyini bu səbəblə onu saxladığını bildirişdir. Tural köməklik təklifi etsə də Şəfa bu cinayəti özünün etdiyini Turaldan getməsini istəmişdir. Bundan sonra qeyd edilən ərazidən uzaqlaşmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o Şəfanı uzun illərdir tanıyır. Onun yoldaşı Şəfa və qızlarına maddi yardım etmişdir. Əvvəllər məhkum olunmuşdur, dəmir yolları soküldüyü zaman oradan dəmirlər satmaq üçün dəmirlər yığmış və həmin dəmirlərin içindən köhnə durasel də çıxmışdır. Buna görə də məhkum olunmuşdur. Hazırki cinayət şi üzrə heç bir oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeyd edilən cinayət əməlini, yəni "xxxx" QSC-yə məxsus “A”-da 1P rels dövrəsinin qidalandırıcı sonluğunda yerləşən bir ədəd “DT-0,2-500” markalı drossel-transformatorun içərisində olan 2 ədəd dolağı o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə tək oğurlamışdır. Qeyd edilən cinayət əməlinin törədilməsində Turalın heç bir şəkildə köməyi və iştirakı olmamışdır. Tural, o mühafizəçi tərəfindən saxlanıldıqdan sonra onu görmüş yaxınlaşaraq nə üçün saxlanıldığını soruşmuş daha sonra hadisə yerindən uzaqlaşmışdır. O, əməlindən səmimi peşman olmasını, himayəsində 02 azyaşlı övladının olmasını nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş hüquqi şəxsə vurmuş ziyanı ödəyə bilmir, özü dəmir yığıb satmaqla məşğul olmuşdur. Dəmir yolunun kənarlarında da dəmirlər olmuş, adətən onları yığaraq satmışdır. Doresseli müxtəlif açarlarla açmış və gizlədərək qaçmağa çalışmışdır və bu zaman da saxlanılmışdır. Məhkəmədə dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2018-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsində hüquqşünas vəzifəsində işləyir. 27 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhər, Nərimanov rayonu, X24 stansiyası park “A”-da 1P rels dövrəsinin qidalandırıcı sonluğunda "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 3 nömrəli İşarəvermə və Rabitə Sahəsinin balansında olan 7 nömrəli keçid işıqforuna xidmət edən 01 ədəd DT-0,2-500 markalı drossel-transformatorunun üzərindəki dəmir barmaqlıqlar sındırılmaqla içərisindəki mis sarğı gizli yolla oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" QSC-yə 2900 (iki min doqquz yüz) manat maddi ziyan dəymişdir. Belə ki, ədəd DT-0,2-500 markalı drossel-transformatorunun bazar qiyməti 2900 (iki min doqquz yüz manat təşkil edir. Məhkəmənin sualına cavab olaraq o bildirmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş maddi ziyan tam şəkildə ödənilmmiş, onlardan şikayətçidir. Mülki idddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən X13 Polis İdarəsinin Biləcəri stansiyasında X18 X23 Məntəqəsinin PPX-nin polis nəfəri vəzifəsində işləyir. 27 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Keşlə XPM-nin polis nəfəri Şahid2 ilə birlikdə xidməti ərazinin dislokasiya boyu gəzintisini həyata keçirdiyimiz zaman Keşlə Yüklərin və X4 iki əməkdaşının biri qadın və digəri oğlan olmaqla iki nəfəri saxladıqlarını görmüşdür. Onlara yaxınlaşan zaman həmin oğlan bizi görən kimi oradan qaçmışdır. Mühafizə komandasının əməkdaşları qaçan oğlan ilə saxladıqları qadının Keşlə X14 “A” parkından drossel-transformatorunun mis sarğısını oğurladıqlarını bildirmiş, həmin qadını maddi sübut olan mis sarğı, içərisində iki ədəd kəlbətin və iki ədəd açar olan bir ədəd sellofan torba ilə birlikdə onlara təqdim etmişlər. Qadının həmin vaxtı ürəyi keçərək yıxılmışdır, hadisə barədə Biləcəri stansiyası X18 növbətçi hissəsinə məlumat vermişlər və onu maddi sübutlarla birlikdə Biləcəri stansiyası X19 təhvil vermişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən fakları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Mühafizə Departamentinin Keşlə Yüklərin və X2 satıcı vəzifəsində işləyir. Vəzifəsi Keşlə stansiyasiyası “A” parkında xidmətdə olduğu vaxt stansiyada olan vaqonları və dəmir yollarında olan obyektlərin mühafizəsini təşkil etməkdir. Belə ki, xidməti 09:00-da başlayır və 24 saat davam edir. 27 noyabr 2022-ci il tarixdə saat 09:00-da digər iş yoldaşı Şahid3 ilə birlikdə xidmətə çıxmışdır. Həmin tarixdə saat 22 radələrində Hacıbaba ilə ximətdə olarkən biri qız digəri oğlan olmaqla iki nəfərin stansiya ərazisində olduğunu, qızın dəmir yolu relsinin üzərində oturub ətrafı müşahidə etdiyini oğlanın isə drossel-transformatorunu açmağa çalışdığını görmüşdür. Onları təxminən 45-50 metr məsafədən müşahidə edirmişlər. Onları müşahidə edən zaman onların yaxınlığından adam keçdikdə oğlanın drosselin yanından qalxaraq qızın oturduğu yerə doğru getdiyini, adam keçib getdikdən sonra isə oğlanın yenidən drosseli açmaq üçün oraya yaxınlaşdığını görmüşdür. Həmin vaxt qatar tərtibatçıları vaqonları çeşidləməyə başladıqlarından onlar həmin yerdə görsənməmişlər. Onları orada görmədiklərindən onların yerini müəyyən edib tutmaq üçün Həmdulla ilə birlikdə drosseli açdıqları yerə doğru getmişdir. Lakin onlar orada olmamışlar. Onların orada olmadığını görmüş və onların “Çermet körpü”sü adlanan körpünün yaxınlığından keçəcəklərini nəzərə alıb həmin körpüyə doğru hərəkət etmişdir. Onları körpünün altında saxlamaq üçün Həmdulla ilə öz aralarında razılaşmışlar ki, körpünün bir tərəfində o, digər tərəfinə isə o getsin. Həmdulla körpünün yaxınlığındakı yolun kənarında həmin oğlanla qızın gəlməsini gözləməyə başlamışdır. O, isə körpünün digər tərəfinə doğru getmişdir. Bir müddət sonra Həmdulla ona zəng edərək həmin oğlanın Tural olduğunu, qız ilə birlikdə ona tərəf gəldiyini və onları saxlamaq lazım olduğunu bildirmişdir. Bundan sonra onların qarşısını kəsib Turalı saxlamışdır. Turalın əlindəki sellofan torba yerə düşmüş və içərisində olan əşyalar yerə dağılmışdır. Həmin vaxt qız qucağında daşıdığı bükülünü yerə qoymaq istəyərkən Həmdulla qızın qolundan tutmuşdur. Qızın qucağında saxladığı bükülü vəziyyətdə olan əşya da yerə düşmüşdür. Həmin əşyanın drossel transformatoruna aid mis sarğı olduğunu görmüşdür. Qız “Tural” deyə qışqırmağa başlamış və Hacıbaba qızı sakitləşdirmək üçün Turalı tanıdıqlarını və narahat olmamasını bildirmişdir. Lakin qız huşunu itirib yerə yıxılmışdır. Qız yerə yıxıldıqdan sonra Turalı buraxmış və Tural onlarla birlikdə qızı ayıltmışdır. Sonradan adını Təqsirləndirilən şəxs2 kimi bildikləri qızı dəmir yolu ərazisindən kənarlaşdırıb körpünün altında otuzdurmuşdur. Həmin vaxt iki nəfər polis əməkdaşının onlara doğru gəldiyini görmüşdür. Turalda polislərin gəldiyini görüb yanlarından qaçaraq uzaqlaşmışdır. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşıdır. Hadisə olan gün oğlunun ad günü imiş Tural evdə olmuş, axşam üstü siqaret almaq üçün mağaza getmiş və gecikdiyi üçün Təqsirləndirilən şəxs1 zəng edərək harda olduğunu öyrənmiş və Təqsirləndirilən şəxs1 yarım saat ərzində evə qayıtmışdır və hadisə barədə həmin vaxt məlumatı olmuşdur. əhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli "xxxx" QSC tərəfindən Biləcəri stansiyası X19 ünvanlanmış məktubdan görünür ki, müəssisəyə məxsus 1P rels dövrəsinin qidalandırıcı sonluğunda DT-0, 2-500 tipli drossel-transformatorun içində olan 02 ədəd dolaqları çıxardaraq oğurlamaları barədə müraciət olunmuşdur. Məhkəmədə tədqiq edilən xx.xx.2022-ci il tarixli "xxxx" QSC tərəfindən Biləcəri stansiyası X19 ünvanlanmış məktubdan görünür ki, 1P rels dövrəsinin qidalandırıcı sonluğunda DT-0, 2-500 tipli drossel-transformatorun içində olan 02 ədəd dolaqların oğurlanması nəticəsində müəssisəyə 2900 manat məbləğində ziyan dəymişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonununda yerləşən Azərbaycan Dəmiryolları QSC-nin Keşlə Dəmiryolu stansiyası ərazisində baş vermişdir. Məhkəmədə tədqiq edilən “İfadənin yerində yoxlanılması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cəvdəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonununda yerləşən Azərbaycan Dəmiryolları QSC-nin Keşlə Dəmiryolu stansiyasında oğurluq etdiyi yeri göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəşünaslıq ekspertizası, ərzaq və sənayə mallarının əmtəəşünalıq tədqiqi ilə bağlı xx.xx.2023-cü il tarixli, 9/1405 rəyindən görünür ki, ekspertiza təyini haqqənda qərarda və məktubda qeyd edilən malların 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1616,20 manat müəyyən edilir. O cümlədən, isitfadə olunmuş 01 ədəd DT-02-500 markalı drossel transformator-1500,00 manat, trasfotmatora məxsus 8,30 kq mis sarğı metal qırıntı kimi-116,20 (8,3kq x 14 man) manat müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilən 16 yanvar 2023-cü il tarixli “İstintaq eksperimenti aparılması haqqında” Protokoldan və DVD diskdə əks olunan görüntüdə aydın olur ki, Təqsirləndirilən şəxs2 drossel-transformatoru aça bilməmişdir. Məhkəmədə tədqiq edilən “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi” haqqında 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli hadisə yerindən götürülmüş 01 ədəd drossel-transformatoruna aid olan mis sarğı, iki ədəd kəlbətin və iki ədəd açar əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün Biləcəri st. XPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 Mart 2023-cü il tarixli 9/1405 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, hadisə yerinə və predmetlərə baxış keçirilməsi haqqında 28 noyabr 2023-cü il tarixli protokol, həmçinin onlara əlavə edilmiş fotoşəkillər,üzləşdirmə dindirmə protokolları, istintaq eksperimenti protokolu, istintaq eksperimnetini əks etdirən “CD” disk, maddi sübutun saxlanc anbarına təhvil verilməsi barədə raport və digər istintaq sənədləri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbiri seçilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bağlı materiala CM-nin 73-cü maddəsi tətbiq edilərək xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək barısində 3000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzası dəyişdirilərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 01 il, 11 ay, 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 177.1-ci maddəsi ilə təqsirli bilinərək barısində 01 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(005)-492/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il, 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini çəkməkdən dərhal azad edilmiş, “8-Noyabr-Zəfər Günü münasibətli ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən məhkumluq götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya əsasən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən xəstəxanada müalicədə olmamışdırlar. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Qaçaqkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təqdim etmiş olduğu arayışdan görünür ki, Əliyev X9 rayonu, Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Ramazanlı kəndində qeydiyyatda olmasına baxmayaraq halhazırda qeyd edilə ərazidə yaşamır. Onun ailə tərkibi xx.xx.2008-ci il təvəllüdlü Müqəddəs Əliyev və xx.xx.2011-ci il təvəllüdlü İsmayıl Əliyev adlı 02 (iki) oğlu və həyat yoldaşından ibarətdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qubaxəlilli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təqdim etmiş olduğu arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı Rayonu, Qubaxəlilli kənd inzibati ərazi dairəsində qeydiyyatda olsa da, hal-hazırda qeyd edilə ərazidə yaşamır. Onun ailə tərkibi anası X3, qardaşı X5 və xx.xx.2018-ci il təvəllüdlü Mələk Qurbanova və xx.xx.2019-cu il təvəllüdlü Mədinə Qurbanova adlı 02 (iki) qızından ibarətdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-406/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqından yayındığı üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ X13 Polis İdarəsinin Biləcəri stansiyası X22 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-38/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından yayındığı üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ X13 Polis İdarəsinin Biləcəri stansiyası X22 tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılaraq Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia ilə bağlı ərizədən görünür ki, cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduqları maddi ziyana görə 2900 (iki min doqquz yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 49 (qırx doqquz) manat, ümumilikdə 2949 (iki min doqquz yüz qırx doqquz) manat müştərək qaydada alınıb iddiaçı "xxxx" QSC-yə ödənilməsi tələb olummuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə tövsif etdiyindən onlar, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 qeyd edilən oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsinin olmaması, Şəfanı əvvəlcədən tanıdığı üçün mühafizəçi tərəfindən saxlanıldığı zaman səbəbini öyrənmək üçün hadisə yerinə yaxınlaşması ilə bağlı verdiyi ifadəsini məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Həmçinin digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 qeyd edilən oğurluq hadisəsini tək etdiyini, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi ilə bağlı heç bir köməyinin və iştirakının olmaması ilə bağlı verdiyi ifadəsini məhkəmə əsassız hesab edir. Belə ki, cinayət işində olan materiallara əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 saxlanılarkən ilkin verdiyi izahatında cinayət əməlini Təqsirləndirilən şəxs1lə birlikdə törətdiyini, ibtidai istintaq zamanı şahid qismində dindirilərək oğurluq cinayətini tək törətdiyini, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində cinayət əməlini Təqsirləndirilən şəxs1lə birlikdə törətdiyini bildirmişdir. İstintaq eksperimenti aparılması haqqında protokoldan və video görüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs2 drosseltransformatoru aça bilməmişdir. Məhkəmədə dindirilmiş şahid ifadələrindən aydın olur ki, X14 mühafizəsini həyata keçirən mühafizəçilər tərəfindən uzaqdan iki şəxs müşahidə edilmiş və biri ətrafa nəzarət etməklə digəri isə avadanlığı açmışdır. Nəticədə hər iki şəxs mühafizəçilər tərəfindən saxlanılsa da Təqsirləndirilən şəxs1 daha sonra oradaq qaça bilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsinin olmaması ilə bağlı verdiyi ifadəsi özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirilir və məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür. Təqsirləndirilən şəxs1 ifadəsi, eləcə də Təqsirləndirilən şəxs2 hadisəni tək törətməsi ilə bağlı verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əvvəllər də eyni xarakterli cinayət əməli törətməsi, yəni X1rluq cinayəti törətməsinə görə məhkum olunmasına baxmayaraq, yenidən cinayət əməli törətməsi, həmçinin zərərçəkmiş hüquqi şəxsə vurmuş olduğu maddi ziyanı ödəməməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilir və şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 02 (iki) azyaşlı övladının olmasını, ailəsinə tək gəlir gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2, əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və himayəsində 02 (iki) azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı zərərçəkmiş hüquqi şəxsə vurmuş maddi ziyanı ödəməməsi şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.2.3-2 və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 CM-in 177.2.3-2 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 21 yanvar 2024-cü il tarixdən – 07 iyun 2024-cü il tarixədək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad olumalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba keçirilsin. İş üzrə sübut hesab edilmiş - saxlanılması üçün Biləcəri stansiyası X18 saxlanc yerinə təhvil verilmiş xx.xx.2022-ci il tarixli hadisə yerindən götürülmüş 01 ədəd drosseltransformatoruna aid olan mis sarğı, iki ədəd kəlbətin və iki ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut hesab edilmiş – istintaq eksperimentinin aparılmasını əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddilar tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə “X15” QSC-yə 2949 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçılara vurduğu maddi ziyan onlar tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, mülki iddiada qeyd olunmuş maddi ziyana görə zərərçəkmiş hüquqi şəxsə 2900 (iki min doqquz yüz) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləğində pul təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 177.2.1-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 21 yanvar 2024-cü il tarixdən – 07 iyun 2024-cü il tarixədək olan müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 08 (səkkiz) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İsmayıllı rayon hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclas zalından azad olunsun, onun barəsində seçilmiş həbs qətimkan tədbiri “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İsmayıllı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - saxlanılması üçün Biləcəri stansiyası X18 saxlanc yerinə təhvil verilmiş xx.xx.2022-ci il tarixli hadisə yerindən götürülmüş 01 ədəd drosseltransformatoruna aid olan mis sarğı, iki ədəd kəlbətin və iki ədəd açar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, istintaq eksperimentinin aparılmasını əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinin hesaba keçirilsin. İş üzrə mülki iddia tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" QSC-yə 2900 (iki min doqquz yüz) manat, həmçinin dövlət rüsumu üçün ödənilmiş 49 (qırx doqquz) manat məbləği təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilsin. Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar