Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-38/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından «Toyota Prius» markalı avtomobil gətirib icarəyə verməklə qazanc əldə edəcəyinə vəd verib, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.Çəmənzəminli küçəsi, 104 saylı evin 55-ci mənzilində 16.000 manat pulu alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi olaraq 2019-cu ildən ölkəyə avtomobil gətirib satışı ilə məşğul olur və il ərzində təxminən 40-50 avtomobil gətirirdi. Zərərçəkmiş şəxs təxminən 5-6 ildir ki tanıyır və Pərvanə onun avtomobil satışı ilə məşğul olduğunu bilirdi. Pərvanə ona bildirmişdir ki, 16.000 manat pulu var, pulu «oborota» salmaq istəyir və təklif etmişdir ki, həmin pula ölkəyə maşın gətirib sataraq ona qazanc versin. 2023-cü ilin fevral ayında Pərvanədən 16.000 manat pul alıb, həmin pula ölkəyə 3 dəfə avtomobil gətirmiş, gətirdiyi avtomaşınlara görə ona təxminən 1.700 manat xeyir vermişdir.Təzədən maşın sifariş edib, tanımadığı adama, yəni xatırlamadığı tarixdə, bir nəfər «TİR» sürcüstinə 20.000 ABŞ dolları pul vermişdir ki, pulu Gürcüstanda Kamil adlı şəxsə versin. Həmin şəxslərin telefon nömrələrini soyadlarını və yaxud başqa məlumatlarını bilmir. Həmin Kamil adlı şəxslə Gürcüstan Respublikasında tanış olmuş və həmin şəxs barəsində başqa məlumatlar yoxdur. Lakin həmin şəxsə pul versədə sifariş verdiyi maşın gəlib çıxmamşdır. Hazırda Zərərçəkmiş şəxs ilə qızı ilə barışdığını, ona dəyən 16000 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Akif avtomobillərin alqı-satqısı ilə məşğul olurdu. Akif Gürcüstan Respublikasından avtomobillərin ölkəyə gətirilməsi və satışı ilə, həmçinin avtomaşınların icarəyə verilməsi ilə məşğul olurdu. Akif təklif etmişdir ki, 16.000 manat versə ölkəyə «Toyota Prius» marakalı avtomobil gətirib taksi kimi fəaliyyət göstərmək üçün icarəyə verməklə həmin maşından hər ay 600 manat pul verəcəkdir. Akifin təklifi ilə razılaşıb, 02 fevral 2023-cü ildə yaşadığı mənzildə ona 16.000 manat pul vermişdir. Təxminən 1 ay sonra Akif zəng vurub ölkəyə avtomobil gətirdiyini, gətirdiyi maşını guya onun qonşusunun bəyəndiyini və ona daha baha qiymətə satıb 1.200 manat xeyr verəcəyini vəd etmişdir. Akifin təklifi ilə razılaşmış, mart ayında Akif guya maşını satdığını bildirib kartına 500 manat pul atmış və guya qalan 700 manat, pulu əlbəəl verəcəyini bildirmişdir. Lakin o həmin pulu da verməmişdir. Bir ay sonra, yəni, aprel ayında guya yeni avtomaşın ölkəyə gətirib satdığını bildirib və guya həmin maşından xeyr olaraq 1.200 manat pul vermişdir. Bundan sonra Akif müxtəlif bəhanələr gətirərək, guya maşın gətirdiyini, həmin gətirdiyi avtomaşını satdığını, xeyrini verəcəyini bildirmişdir. 2023-cü sentyabr ayınadək müxtəlif bəhanələr gətirməyə başlamış, ondan sonra Akifdən 16.000 manat pulunu tələb etmiş, Akif yenə ondan aldığı pulun maşında olduğunu, qısa zamanda avtomobili satıb pulunu qaytaracağını vəd vermiş, lakin aldadaraq aldığı pulu qaytarmamışdır. Bundan sonra Akifin bacısı Zərəngizə və anası Bellaya Akifə pul verdiyini bildirmiş, onlar isə bildirmişlər ki, narhat olma pulu qaytaracaq. Ondan sonra məcbur qalıb onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin ADM Baş Ofis filialının xx.xx.2024-cü il tarixli, 15658 nömrəli və xx.xx.2024cü il tarixli, 16560 nömrəli və xx.xx.2025-ci il tarixli 15291 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 4000 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (16000 manat-25 faizi 4000 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-38/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-38/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver