Məhkəmə qərarları › İş №1(005)-380/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-380/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-380/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,357 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və 20 mart 2023-cü il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 83A ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati binasına gətirilərək, həmin polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmaqla, təmiz çəkisi 0,357 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 mart 2023-cü il tarixdə, saat təxminən 12 radələrində “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm “kakos” adı ilə tanınan narkotik vasitə olan heroin almışdır. Həmin heroini əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra piyada hərəkət edərək həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanında olduğu zaman piyada hərəkətini davam etdirərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirdilər və ondan özünü təqdim etməyini xahiş etdilər. Onun üzərində narkotik vasitə olan heroin olduğundan həyəcanlanmış və özünü həyəcanlı apardığı səbəbindən polis əməkdaşları onu Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparmışlar. 16-cı Polis Bölməsində olarkən polis əməkdaşları ona bildirmişlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilinin iştirakı ilə onun üzərinə video şəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər vardırsa, həmin əşyaları könüllü təqdim etməyi təklif etmişdir. O da əynində olan boz rəngli şalvarının sağ yan cibində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan 01 ədəd büküm olduğundan həmin bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əlavə olaraq onun üzərinə şəxsi axtarış keçirilsə də, heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən baxış keçirildi. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroin aşkar edildi. O, sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi bükümün işərisindəki narkotik vasitə olan kokosdur. Həmin kakosu xx.xx.2023-cü il tarixdə, saat təxminən 12:00 radələrində “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri onun və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Onun üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol onun və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, 20 mart 2023-cü il tarixdə, saat təxminən 16:00 radələrində Nərimanov RPİ-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ilə xidmətdə olan zaman ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq getdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri-adi hərəkətləri ilə həmin yerdən uzaqlaşmağa çalışmağı səbəbindən şübhələrini daha da artırmışdır. Həmin şəxsin onlarla rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib buna görə həmin şəxsi Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişdilər. PB-də olarkən müəyyən oldu ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sonra o, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X9 təhvil verildi ki, barəsində araşdırma aparılması həyata keçirilsin. X12, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa, çıxarıb təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş qəhvəyi rəngli maddə olan bükümü təqdim etdi. Bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan “kakos” adı ilə tanınan heroin olduğunu və həmin bükümün ona məxsus olmasını bildirdi. Təqsirləndirilən şəxs həmin 01 ədəd büküm olan narkotik vasitəni 20 mart 2023-cü il tarixdə “Papanin” adlanan ərazidən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmadı. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 və Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X5 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 24-25-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 20 mart 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində saat 16:20 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Nərimanov RPİ-nin ƏÇPA-nın 1-ci Patrul Bölüyünün polis nəfərləri Şahid1 Səməd oğlunun və X4, Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Xəqani Qalabəylinin və müdafiəçi X6 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə olan bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki olan maddə "kakos" adı ilə tanınan narkotik vasitədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alaraq bükümü əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 149 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 mart 2023-cü il tarixli, 6/1689 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 218 nömrəli” möhür əksi, “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs..” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.357 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 69-70-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ayxan Səfərlinin 22 mart 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirnin seçilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 71-72-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 22 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X1 dair xx.xx.2023-cü il tarixli, 2471 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 111-112-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasənTəqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.357 qram narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0.307 qram çəkidə narkotik vasitə olan heroinin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərar alınmışdır. Cinayət işinin 140-148-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 iyul 2023-cü il tarixli qərardan görünür ki, 20 mart 2023-cü il tarixli qərarla “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında istintaq hərəkətinin video çəkilişi əks etdirilmiş 1 ədəd “CD” formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 679776 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2015-ci ildə Bakı şəhərində anadan olmuş X7 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X11 qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 may 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 933358 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş X3 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X11 qeyd olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində 20 mart 2023-cü il tarixdə aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindən narkotik vasitə heroinin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə müvafiq olaraq narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.357 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0.307 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar