Məhkəmə qərarları › İş №1(005)-381/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-381/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-381/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Naxçıvan MR, Kəngərli rayonu, Çalxanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Kəngərli rayonu, Çalxanqala ərazi dairəsi, Çalxanqala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq 13 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,655 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqla müəyyən olunmamış mənbədən eldə edib üzərində saxlayaraq daşımış, 13 aprel 2023-cü il tarixdə saat 09:40 radələrində ünvan 2 ünvanının qarşısında özünü şübhəli apardığına görə Nərimanov RPİnin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu 2 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,655 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bir aya yaxındır ki, narkotik maddələrdən istifadə edir. xx.xx.2023-ci il tarixdə saat 08:45 radələrində Bakı şəhəri, Nərimanov rayonu, "Ulduz” metrostansiyası yaxınlığında bir ədəd büküm tapmışdır. Həmin bükümü açanda içərisində narkotik maddə olan heroin olduğunu görmüşdür. Bundan sonra həmin narkotik maddədən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman ona iki polis əməkdaşı yaxınlaşmışdır. Daha sonra həmin polis əməkdaşları ondan şübhələndiklərini bildirib polis şöbəsinə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞyə getmişlər. Polis şöbəsində üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Sonda əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində ünvan 6 ünvanda yerləşən adsız zavodun qarşısında iş yoldaşı cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xidmətdə olduqları zaman bir nəfər kişi cinsli şəxsin davranışı və hərəkətləri narkotik maddə aludəçisinə bənzədiyindən həmin şəxsdən şübhələnib ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən şübhələndiklərini ona bildirərək onu inzibati ərazi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sol cibindən özünə məxsus qızılı rəngli “Samsung J3” markalı mobil telefonunu və həmin şalvarın sağ cibindən isə bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik maddə olan heroin olduğunu, ona məxsus olduğunu və həmin bükümü Nərimanov rayonu, “Ulduz” metrostansiyasının yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş heroin qablaşıdırılıb möhürlənmiş və bu barədə protokol tərtib olunaraq iştirakları ilə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 10:15-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 17-ci PŞ-yə gətirilmişdir. 17-ci PŞ-də ona üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı o, əynində olan tünd boz rəngli cins şalvarının sol cibindən özünə məxsus qızılı rəngli “Samsung J3” markalı mobil telefonu və həmin şalvarın sağ cibindən isə 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd qəhvəyi rəngli spesifik iyə malik bükümün narkotik maddə olan heroinin olmasını və həmin bükümün ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qəhvəyi rəngli spesifik iyə malik olan büküm özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2023-cü il tarixli, 6/2187 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..imza Məmmədzadə..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,655 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin qərar təqsirləndirilən şəxsə xx.xx.2023-cü il tarixdə saat 15:35-də elan edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnar İbrahimli tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən video kamera vasitəsi ilə qeydə alınan video görüntülərin əks olunduğu CD diskə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan tünd boz rəngli cins şalvarının sol cibindən özünə məxsus qızılı rəngli “Samsung J3” markalı mobil telefonu və həmin şalvarın sağ cibindən isə 1 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd qəhvəyi rəngli spesifik iyə malik bükümün narkotik maddə olan heroinin olmasını və həmin bükümün ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qəhvəyi rəngli spesifik iyə malik olan büküm özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyaraq 219 nömrəli möhürlə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 may 2023-cü-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 09 iyun 2023-cü tarixli, 3635 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,655 qram narkotik vasitə heroin və şəxsi axtarışın gedişatının videogörüntüləri ilə olan 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut kimi tanınan və tədqiqata sərf edildikdən sonra qalıq qalan çəkisi 0,605 qram narkotik vasitə olan heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş və 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-381/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 05 sentyabr 2023-cü il tarixli, 3-13-50/2-24595 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə saat 10:15 radələrində saxlanılmış və onun barəsində 14 aprel 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin qərar saat 15:35-də elan edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə azad olunsa da, onun azadlığının faktiki məhdudlaşdırılması 24 saatdan artıq olmuşdur. Bununla da məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 02 gün çıxılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli – 11 oktyabr 2023-cü il tarixdən hesablanmaldır. Bundan əlavə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının ümumi dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,605 qram çəkidə heroin məhv edilməli və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatına görə 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdən saat 10:15-dən 14 aprel 2023-cü il tarixədək saat 15:35-dək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,605 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar