Məhkəmə qərarları › İş №1(005)-382/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-382/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-382/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğlunun iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ali təhsilli, evli, işləməyən, məhkum olunmayan, Ağdam şəhəri, Muradbəli sahəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə ayrı-ayılıqda təmiz çəkisi 0,156 qram və 0,228 qram, ümumi təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşımış və 07 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-yə dəvət olunmuş, polis idarəsinin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı ağ rəngli şalvarının sağ yan cibindən iki bükümdə təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 07.07.2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən yerdə bir-birinin yanında, siqaretin gümüşü rəngli kağızına bükülmüş iki büküm diqqətini çəkmişdir. O, həmin bükümləri götürüb açdıqda, hər birinin içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Özü heroin istifadə etdiyinə görə həmin bükümləri götürüb özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün saat 17:30 radolərində ünvan 4 ünvanın yaxınlında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrdən istifadə etməyindən şübhələndiklərini deyərək onlarla birlikdə Nərimanov RPİ-yə getməyini xahiş etmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-yə getmiş və idarədə ona bildirmişlər ki, onda narkotik vasitə olmasında şübhələndiklərinə görə üzərində şəxsi axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. Daha sonra vəkil gəldikdən sonra onu Nərimanov RPİ-yə gətirmiş əməkdaşların iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başlanmışlar. İlk növbədə ona təklif olunmuşdur ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O da yerdən tapmış olduğu, şəxsi istifadəsi üçün üzərində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində heroin olan iki ədəd bükümü və üzərində olan digər əşyaları könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi iki ədəd bükümü zərfə qoyaraq qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkilli Şahid2 ifadəsində göstərdi ki, 07 iyul 2021-ci il tarixdə, saat 17:30 radələrində xidməti zərurətlə əlaqədar ünvan 5 ünvanın yaxınlığında olarkən bir nəfər şəxsin yerişində və hərəkətlərində özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsə özünü təqdim etməsi bildirilmiş və o, Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-yə dəvət etmiş və sonuncu da razılaşaraq onlarla birlikdə Polis İdarəsinə gəlmiş, idarənin xidməti otaqlarının birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üstündə hər hansı qeyri-qanuni və ya qanuni olan nə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifə əsasən əynindəki şalvarının cibindən 01 ədəd "xxxx" ASC tərəfindən adına verilmiş plastik kartı, şəxsiyyət vəsiqəsini, pul əskinaslarını və 02 ədəd bükümü çıxarıb könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin heroini 07 iyul 2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş maddə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş pul əskinasları isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilərkən məlum oldu ki, o, iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 07 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 07 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparmışdır. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl 07.07.2021-ci il tarixdə, saat 17:30 radələrində ünvan 4 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının arxa sağ cibindən 01 (bir) ədəd "xxxx" tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 6768 6771 7697 9494 nömrəli plastik kartı, 01 (bir) ədəd Təqsirləndirilən şəxs adına verilmiş AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, 01 (bir) ədəd F67361684 nömrəli 01 (bir) manatlıq, 01 (bir) ədəd F91247963 nömrəli 01 (bir) manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan həmin ağ rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 (iki) ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümlərə baxdıqda, hər birinin içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 02 (iki) ədəd bükümün içərisində narkotik vasitə olan heroindir. O, həmin narkotik vasitəni həmin gün, yəni 07.07.2021-ci il tarixdə səhər saatlarında, yaşadığı ünvanın yaxınlığında taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, 02 (iki) ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək tərəflərindən qablaşdırılmış və DİN-nin “44” nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) manat nağd pul vəsaiti cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bununla da şəxsi axtarış və götürmə başa çatmış və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2021-ci il tarixli, 6/2729 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №44” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,156 qram, 0,228 qram, ümumi təmiz çəkisi 0,384 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış tədqiqatın dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manatdır; “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5 icraatında olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nərimanov RPİ-nin inzibati binasında yerləşən xidməti otaqda cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Nərimanov RPİ-də həmin fakt üzrə toplanmış materiallarla birlikdə daxil olmuş 01 ədəd disk məlumatlarına baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1 ədəd disk “HP” markalı kompyuterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd 07.07.2021-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edilir. Həmin video fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Nərimanov RPİnin inzibati binasında təhqiqatçı, polis kapitanı Orxan Məmmədovun xidməti otağında müdafiəçi X7, Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli şalvarının arxa sağ cibindən 01 ədəd "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 6768 6771 7697 9494 nömrəli plastik kartı, 01 ədəd Təqsirləndirilən şəxs adına verilmiş AA ******* nösrəli şəxsiyyət vəsiqəsini, 01 ədəd F67361684 nömrəli 1 manatlıq və 01 ədəd F91247963 nömrəli 1 manatlıq pul əskinasını, daha sonra əynində olan həmin ağ rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 02 ədəd bükümü çıxarıb könüllü təqdim edərək, 02 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 07 iyul 2021-ci il tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığından taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. 02 ədəd 1 manatlıq pul əskinası isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir; “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 09 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbiri seçilməsi haqqında” 09 iyul 2021-ci il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 iyul 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 05 avqust 2021-ci il tarixli, 2678 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; “Toplanmış sübutların qiymətləndirilməsinə dair” 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,304 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,384 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nərimanov rayon 18 saylı MKİS-in rəisi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli arayış). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (07-09 iyul 2021-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Tofik oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi Tofik oğlu tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi Tofik oğluna məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,304 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi Tofik oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar