Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-384/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, Xüsusi ittihamçının nümayəndəsi və vəkili Nümayəndə1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 şikayətini onunla əsaslandırmışdır ki, şikayətçinin əri Babaşov Bəxtiyar Baxış oğlu 09 mart 2023-cü ildə tutulub. CM-nin 234.4.3cü maddəsi ilə ittiham edilib. 2023-cü ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli qərarı ilə cəza müddəti 3 ilə endirilib. Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. 08 iyun 2025-ci ildə sosial şəbəkələrdə yayılıb ki, X8 (Tolik ləqəbli) “Tiktok” sosial şəbəkəsində özünə məxsus 428.600 izləyicisi olan, ümumi videolarına baxış sayı 460000 olan Tarix Əliyev adlı profili ilə “Alirahimov03” və “Adil Black” adlı şəxslərin olduğu canlı yayıma qoşulub. Həmin canlı yayımda söhbət zamanı məhbus ailələrini nalayiq formada təhqir edib və söyüb. Sözü gedən canlı yayıma minlərlə insan baxıb. Bugünə kimi həmin videolar bütün sosial şəbəkələrdə mövcuddur. X2 TV-də işləyir və kifayət qədər tanınmış, şəxsdir. T.Əliyevin məhbus ailələrini nalayiq ifadə işlətməklə təhqir etməsi onu hiddətləndirmişdir. Onun əri də məhbusdur və o, hər həftə onunla görüşür. Söyüş olduqca nalayiq idi. Şikayətçi düşünür ki. tanınmış şəxsin cəmiyyətin bu üzvlərinə qarşı açıq şəkildə söyüşü əslində daha ağır cinayət əməlidir. Şikayətçi düşünür ki, Tarix Əliyevin əməlində sosial ədavətin salınması və təhqir cinayətlərinin tərkib hissəsi vardır. Bu səbəbdən X6 (xx.xx.1979-cu ildə anadan olmuş, Bakı şəhər, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində qeydiyyatda olan, Space TV-də aparıcı işləyən) AR Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 və vəkili Nümayəndə1 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd etmişlər ki, ittiham tərəfinin sübutu iş materiallarına əlavə edilmiş videogörüntüdür. Həmin videogörüntüdən görünür ki, Tarix Əliyev “Tiktok” sosial şəbəkəsində 08 iyun 2025-ci il tarixdə edilən canlı yayımda bütün məhbus ailələrinə qarşı təhqir işlətmişdir. X3 da yoldaşı hazırda cəza çəkdiyindən, bu onun ləyaqətinə toxunmuş, bu səbəbdən xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, məhbuslar müəyyən bir sosial qrupu təmsil etdiyindən, Avropa Məhkəməsinin presedent hüququna uyğun bu ifadə azadlığı çərçivəsində qiymətləndirilə bilməz və “hate speech” hesab edilərək, hüquqi qiymət verilməlidir. Tarix Əliyev öz əməllərinin ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu edərək birbaşa qəsdlə cinayəti törətmişdir. Qeyd olunanların nəzərə alınaraq, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq, Arzu Hacıyevanın ərinin heç vaxt prezidentliyə namizədliyini irəli sürmədiyini bildirmişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 vəkili Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclasında çıxış edərək, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs video görüntülərdən də görünür ki, xüsusi ittihamçının ünvanına təhqiramiz ifadələr işlətməmişdir, ümumi ifadələr işlətmişdir. Həmçinin şikayətdə qeyd edilən məlumatların qeydə alınma tarixi göstərilməmişdir. Hesab edir ki, qarşı tərəf vəkil sorğusu ilə bu məlumatları “Tiktok” sosial şəbəkəsindən əldə etməli idi. Eyni zamanda, bu videolar Tarix Əliyev tərəfindən paylaşılmamış, kənar şəxslər tərəfindən paylaşılmışdır. Bu da cinayət tərkibi yaratmamaqdadır. Əlavə olaraq, Tarix Əliyevin ailəsində məhbusların olmadığını, məhbuslarla bağlı heç bir ədavətinin olmadığını, bu cinayəti törətməkdə hər hansı qəsdinin olmadığını, özünün mütəmadi məhbus ailələrinə yardım etdiyini qeyd etmişdir. Eyni zamanda, həmin videonun müəyyən hissəsinin kəsildiyini, söhbətin prezidentliyə namizəd olan məhbuslarla bağlı olduğunu, Arzu Hacıyevanın ərinin isə heç vaxt prezidentliyə namizədliyini irəli sürmədiyini bildirmişdir. Bu səbəbdən şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş edir. X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və ona əlavə edilmiş sənədlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(101)-1449/2023 saylı hökmünün surətindən görünür ki, şikayətçinin əri Babaşov Bəxtiyar Baxış oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, şikayətçi X7 ilə məhkum Babaşov Bəxtiyar Baxış oğlu rəsmi nikahda olmuşlar. 01 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, həmin diskdə olan iki ədəd videogörüntünün eyni məzmunlu olması, “Tiktok” sosial şəbəkəsində edilən canlı yayımda Tarix Əliyev olması ehtimal edilən bir nəfər şəxsin prezidentliyə namizədlər ilə bağlı edilən söhbət zamanı “soxum o türmədəkilərin evdəkilərinin ağzına” mən deyə ifadə səsləndirməsindən sonra, “Yaqublunu deyirsən?” deyə məzmunda ifadə səsləndirməsi eşidilir. Şikayətçi tərəfindən sübut kimi təqdim edilmiş ekran görüntüsündən müəyyən edilir ki, "Google" axtarış portalında "tolik söydü" sorğusu üzrə axtarış aparılmış və nəticələr tapılmışdır. "Realpress.az" saytından əldə edilmiş 28 iyun 2019-cu il tarixli "Tolik efirdə söyüş söydü - VİDEO" başlıqlı məqalənin ekran görüntüsündən görünür ki, məqalədə aparıcı Tarix Əliyevin "Hər şey daxil" verilişində xoşagəlməz ifadələr səsləndirdiyi iddia edilir. "Publik.az" adlı "İnstagram" səhifəsindən əldə edilmiş "Tolikdən 78 ailə şikayət edib" başlıqlı paylaşımın ekran görüntüsü iş materiallarına əlavə edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası). 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda və 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları, tərəflərin hazırlıq iclasındakı çıxışlarını hərtərəfli tədqiq edərək, şikayətin məhkəmə icraatına qəbulundan imtina edilməsinin zəruriliyi qənaətinə gəlir. Məhkəmə bu qənaətini aşağıdakı əsaslarla izah edir: Cinayət tərkibinin zəruri elementinin olmaması: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başlanılır. Məhkəmənin hazırlıq iclasının əsas vəzifələrindən biri, CPM-in 299-cu maddəsinə uyğun olaraq, şikayətdə göstərilən əməldə cinayət tərkibinin əlamətlərinin mövcudluğunu ilkin hüquqi təhlil etməkdir. CM-in 3-cü maddəsinin imperativ tələbinə görə, cinayət məsuliyyəti yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsinə görə yaranır. Əgər tərkibin zəruri elementlərindən biri yoxdursa, cinayət təqibi başlanıla bilməz CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş təhqir cinayətinin tərkibi aşağıdakı zəruri elementləri ehtiva edir: a) əməlin kütləvi yayılması; b) şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada alçaldılması; c) birbaşa qəsdin olması; və d) əməlin konkret şəxsin (cinayətin obyektinin) şərəf və ləyaqətini hədəf alması. Məhkəmə, şikayətdə göstərilən ifadənin ictimai əxlaq normalarına zidd, kobud və qəbuledilməz olmasını qeyd etməklə yanaşı bildirir ki, hər hansı bir ifadənin əxlaqi cəhətdən pislənməsi onun avtomatik olaraq konkret cinayət tərkibini yaratması üçün kifayət deyil. Bunun üçün əməlin bütün hüquqi elementlərinin mövcudluğu sübuta yetirilməlidir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir. Cinayətin bilavasitə obyekti, təhqirin subyekti və ünvanlılığı: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarına əsasən, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Bu o deməkdir ki, təhqir konkret şəxsə və ya kifayət qədər müəyyən edilə bilən şəxslər qrupuna yönəlməlidir ki, həmin qrupun hər bir üzvü özünü fərdi olaraq təhqirin hədəfi hesab edə bilsin. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, barəsində iddia olunan ifadə (“........... türmədəkilərin evdəkilərinin ağzına”) konkret olaraq X5 və ya onun əri Babaşov Bəxtiyar Baxış oğluna ünvanlanmamışdır. İfadə mücərrəd, qeyri-müəyyən və ümumiləşdirilmiş bir qrupa yönəldilmişdir. Video materialdan görünür ki, iddia olunan təhqiramiz ifadə, “cəzaçəkmə müəssisəsindən (“türmədən”) prezidentliyə namizəd tapmaq” kimi spesifik və siyasi məzmunlu bir müzakirənin gedişatında səsləndirilmişdir. Bu xüsusat həlledici əhəmiyyət daşıyır. Məhkəmə məhbusları müəyyən bir qrupa aid olmasını qəbul edir. Lakin, “türmədən bir iki nəfər tapmaq olar (namizəd kimi)” ifadəsi, sözügedən ifadənin hədəf aldığı qrupun dairəsini kəskin şəkildə məhdudlaşdırır. Bu halda söhbətin bütün məhbuslardan və onların ailələrindən deyil, sırf həmin müzakirənin predmeti olan, ictimaiyyət tərəfindən potensial prezidentliyə namizəd kimi qəbul edilə bilən çox məhdud bir dairədən getdiyi ehtimal olunur. Şikayətçinin özü də Tarix Əliyevin əməlində sosial ədavətin (CM-nin 283-cü maddəsi) olduğunu iddia etməklə, faktiki olaraq təhqirin fərdi deyil, qrup xarakterli olduğunu dolayı yolla etiraf etmiş olur ki, bu da CM-nin 148-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmə qeyd edir ki, şikayətçi Arzu Hacıyevanın əri Bəxtiyar Babaşov CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilmişdir. Təqdim edilmiş materiallarda onun və ya ailəsinin yuxarıda qeyd olunan spesifik müzakirənin hədəfi olduğunu təsdiq edən heç bir sübut yoxdur. Şikayətçi özü də məhkəmə iclasında ərinin heç vaxt namizədliyini irəli sürmədiyini bildirmişdir. Beləliklə, təhqiramiz ifadə ilə şikayətçinin fərdi şərəf və ləyaqəti arasında cinayət-prosessual qanunvericiliyin tələb etdiyi birbaşa səbəbli əlaqə müəyyən edilmir. Təhqirin konkret ünvanı olmadığı üçün CM-nin 148-ci maddəsinin tətbiqi üçün zəruri olan cinayət tərkibinin əsas elementi – cinayətin konkret obyekti mövcud deyildir. Subyektiv cəhətin müəyyən edilməsinin mümkün olmaması: Cinayət Məcəlləsinin 148-ci maddəsi təhqir cinayətinin yalnız birbaşa qəsdlə törədilməsini nəzərdə tutur. Bu o deməkdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin niyyətinin konkret olaraq zərər çəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmağa yönəldiyini sübut etməlidir. Hazırkı işdə, Tarix Əliyevin niyyətinin məhz narkotik maddələrə görə məhkum edilmiş şəxslərin ailələrini və o cümlədən şikayətçini və ya bütün məhbusları təhqir etməyə yönəldiyini təsdiq edən heç bir sübut yoxdur. Müdafiə tərəfi məhkəmənin sualına cavab olaraq, Tarix Əliyevin sonradan üzrə istəmə videosunun olmasını onun birbaşa qəsdlə cinayət törətməsinə əsas kimi istinad etsə də, məhkəmə həmin mövqe ilə razılaşmır. Əksinə, onun sonradan ifadəsini “Yaqublunu deyirsən?” deyə başqa bir şəxsə yönləndirməyə cəhd etməsi, onun niyyətinin ümumilikdə bütün məhbus ailələrinə şamil edilmədiyi barədə ciddi şübhələr yaradır. Təsadüfi deyildir ki, həmin videogörüntünün sosial şəbəkələrdə olan davamında, prezidentliyə iddiaları olan digər şəxslərin də adları çəkilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə görə, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayətkar niyyətin konkret ünvanlılığı ilə bağlı mövcud olan əsaslı şübhələr, cinayət təqibinin başlanmasını istisna edir. İfadə azadlığına qoyulan məhdudiyyətlər: Konstitusiya Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, Konstitusiyanın 47-ci maddəsi ilə təminat verilən ifadə azadlığı mütləq hüquq deyil və Konstitusiyanın 71-ci maddəsinə uyğun olaraq digər şəxslərin hüquq və azadlıqlarının, o cümlədən şərəf və ləyaqətinin müdafiəsi məqsədilə məhdudlaşdırıla bilər. Lakin bu məhdudiyyət mütənasib olmalı və demokratik cəmiyyətdə zərurətdən irəli gəlməlidir. Cinayət məsuliyyəti hüquqa ən sərt müdaxilə formasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, ifadə azadlığına cinayət-hüquqi müdaxilə yalnız “ciddi ictimai tələbat” olduqda və əməlin cinayət tərkibinin bütün elementləri heç bir şübhəyə yer qoymadan sübuta yetirildikdə haqlı sayıla bilər. Məhkəmə hesab edir ki, bu işdə ifadənin konkret bir fərdin şəxsi həyatına və nüfuzuna birbaşa zərbə vurduğunu sübut etmək çətin olduğundan, cinayət məsuliyyətinin tətbiqi ifadə azadlığına qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilə bilər. Beynəlxalq təcrübənin təhlili (Avropa Məhkəməsinin presedent hüququ) Lingens Avstriaya qarşı (1986) işində məhkəmə siyasi müzakirələr və ictimai maraq doğuran məsələlər çərçivəsində tənqidin sərhədlərinin daha geniş olduğunu vurğulamışdır. Hazırkı işdəki söhbətin konteksti siyasi xarakter daşıdığından (prezidentliyə namizəd), məhkəmə hesab edir ki, ifadə bu çərçivədə qiymətləndirilməlidir. Bu prinsip, ümumi məntiqlə, ictimai müzakirələrdə səslənən emosional və hətta kobud ifadələrə cinayəthüquqi müdaxilənin məhdud olmasını tələb edir.. X1rşı (1976) işində isə məhkəmənin mövqeyinə görə, ifadə azadlığı təkcə müsbət qarşılanan informasiya və ideyalara deyil, həm də "dövləti və ya əhalinin hər hansı bir hissəsini təhqir edən və ya narahat edən" fikirlərə də şamil olunur. Tarix Əliyevin ifadəsi, şübhəsiz ki, ictimaiyyətin bir hissəsini narahat edən bir ifadədir. Lakin onun sırf bu xarakterinə görə cinayət kimi tövsif edilməsi üçün ifadənin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində göstərilən məhdudiyyət əsaslarından birinə aydın şəkildə zidd olması sübut edilməlidir. Məhkəmə hesab edir ki, təhqirin konkret ünvanlılığı sübuta yetirilmədiyi təqdirdə, bu ifadənin cinayət kimi tövsifi ifadə azadlığına qeyri-mütənasib müdaxilə riski yaradır. Məhkəmə hesab edir ki, bu işdə ifadənin konkret bir fərdin, o cümlədən Arzu Hacıyevanın şəxsi həyatına və nüfuzuna birbaşa zərbə vurduğunu sübut etmək çətin olduğundan, cinayət məsuliyyətinin tətbiqi ifadə azadlığına qeyri-mütənasib müdaxilə kimi qiymətləndirilə bilər. Məhkəmə, vəkilin etirazında qeyd etdiyi “nifrət nitqi” (hate speech) məsələsinə də toxunaraq bildirir ki, Vejdeland v. Sweden və Féret v. Belgium işlərində Avropa Məhkəməsi irqi, etnik və ya cinsi azlıqlar kimi konkret və həssas qruplara qarşı yönəlmiş sistematik və təhlükəli çağırışları nəzərdə tutmuşdur. "Məhbus ailələri" qrupunun bu kontekstdə eyni statusa malik olduğunu iddia etmək üçün əlavə və ciddi əsaslandırma tələb olunur ki, bu da şikayət materiallarında mövcud deyildir. Şikayətin prosessual tələblərə uyğunsuzluğu: Məhkəmə həmçinin xüsusi ittiham qaydasında təqdim olunmuş şikayətin özünün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin tələblərinə cavab verib-verməməsini yoxlamağı da zəruri hesab edir. Belə ki, məhkəmənin hazırlıq iclasının əsas təyinatı, işin məhkəmə baxışına verilməsi üçün kifayət qədər formal və maddi əsasların mövcudluğunu müəyyən etməkdən ibarətdir. Müdafiə tərəfinin etirazında qaldırdığı prosessual iradları əsaslı hesab edən məhkəmə, şikayətin bir neçə fundamental prosessual qüsurla tərtib olunduğu qənaətindədir ki, bu da onun icraata qəbul edilməsini mümkünsüz edir. CPM-in 293.3.2-ci maddəsi tələb edir ki, xüsusi ittiham şikayətində törədilmiş cinayət barədə məlumatlar, o cümlədən onun “nə vaxt” törədilməsi dəqiq göstərilsin. Şikayətdə hadisənin 08 iyun 2025-ci il tarixində baş verdiyi qeyd olunsa da, müdafiə tərəfinin də haqlı olaraq vurğuladığı kimi, bu, yalnız məlumatın kənar şəxslər tərəfindən sosial şəbəkədə paylaşılma tarixidir və videogörüntülər də həmin sosial şəbəkələrdən çıxarılmışdır. Canlı yayımın özünün hansı tarixdə və saatda baş verməsi, onun ilkin mənbəyi şikayətdə konkret və mötəbər sübutlarla təsdiq edilməmişdir. Cinayət-prosessual qanunvericiliyi sübutların toplanması və təqdim edilməsinə dair sərt tələblər müəyyən edir. Sübutlar yolverilən və mötəbər olmalıdır. Xüsusi ittiham qaydasında icraatda sübutetmə vəzifəsi tamamilə xüsusi ittihamçının üzərinə düşür. Müdafiə tərəfinin etirazı ilə razılaşaraq məhkəmə müəyyən edir ki, işə əlavə edilmiş video materiallar CPM-in sübutlara dair tələblərinə də cavab vermir. Belə ki, məhkəmənin qeyd etdiyi kimi, təqdim edilmiş videolar, sosial şəbəkələrdə üçüncü şəxslər tərəfindən yayımlanmış fraqmentlərdir. Bunlar ilkin deyil, törəmə sübutlardır. Məhkəmə həmçinin müəyyən edir ki, təqdim edilmiş şikayət CPM-in 293-cü maddəsinin digər, yəni “şikayətin verildiyi tarix” və “şikayətin verildiyi yer” kimi digər tələblərinə də tam cavab vermir. Bu kimi formal qüsurlar da məcmu halında şikayətin icraata qəbulundan imtina üçün əlavə əsas yaradır. Yuxarıda göstərilənləri ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 xüsusi ittiham qaydasında verdiyi şikayət həm Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prosessual normalarının pozulması ilə tərtib edilmiş, həm də maddi-hüquqi baxımdan əsassızdır. Çünki iddia olunan əməldə təhqir cinayətinin tərkibi yoxdur və ən əsası, cinayət hadisəsinin baş verməsi faktı hər hansı mötəbər və yolverilən sübutla təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verilmiş və icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-384/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-384/2025
29.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver