Məhkəmə qərarları › İş №1(005)-385/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-385/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-385/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin iyul ayı ərzində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evə hasardan aşmaqla yaşayış sahəsi olan binaya dəfələrlə qanunsuz daxil olmaqla, evdən hər metrinin dəyəri 2 manat olmaqla ümümi dəyəri 400 manat təşkil edən 200 metr ölçüdə 25 mm-lik su-kanalizasiya sisteminə aid plastik boruları, hər metrinin dəyəri 11 manat olmaqla 100 metr ölçüdə 100 mm-lik su-kanalizasiya sisteminə aid 1100 manat məbləğində dəmir boruları gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümümilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları X10, X2rdaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanda yerləşən yaşayış evinə hasardan aşmaqla qanunsuz daxil olaraq, binanın içərisində yerləşən otaqlardan hər metrinin dəyəri 6,20 manat olan, cəmi dəyəri 6200 manat təşkil edən 1000 metr ölçüdə 3/4 markalı elektrik kabelini, hər metrinin dəyəri 3,50 manat olan, cəmi dəyəri 2450 manat təşkil edən 700 metr ölçüdə 16 mm-lik plastik borunu, hər birinin dəyəri 500 manat, 10 ədəd istilik sisteminə aid 5000 manat məbləğində radiatoru gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs 13.650 manat məbləğində, 2022-ci ilin avqust ayının 15-dən həmin ayın 31-dək müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə cinayət əməlini davam etdirərək X10, X2rdaşları və X7 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək həmin evin darvaza qapısının kilitini özlərində olan açarla açıb, yaşayış sahəsi hesab edilən binaya qanunsuz daxil olmaqla, evin otaqlarından hər metrinin dəyəri 7,0 manat olan, cəmi dəyəri 3500 manat təşkil edən 500 metr ölçüdə 3/6 markalı elektrik kabelini, hər metrinin dəyəri 11,5 manat olan, cəmi dəyəri 8050 manat təşkil edən 700 metr ölçüdə 3/10 markalı elektrik kabelini, gizli olaraq talayaraq Zərərçəkmiş şəxs 11.500 manat ziyan vurmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 25.200 manat məbləğində, xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən iki ay müddədinə həbs edilmişdir. Cəzasını Binəqədi rayonunda yerləşən inzibati həbs yerində keçirtmişdir. Həmin yerdə olarkən o, orada inzibati qaydada həbs edilmiş əvvəllər tanımadığı X10 və onun qardaşı X3 tanış olmuşdur. Tanışlığından sonra aralarında normal münasibətlər yaranmışdır. İnzibati həbs yerindən azad edildikdən sonra o, bir neçə dəfə İbrahim və Rüfətlə birlikdə görüşüb az miqdarda narkotik vasitə qəbul etmişdir. O, tək olaraq 2022-ci ilin iyul ayı ərzində dəqiq günü bilmədiyi tarixdə sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus Nərimanov rayonu, Xan Şuşinski küçəsi 63A saylı ünvandan təsadüfən piyada keçərkən həmin yerdə bir villa diqqətini cəlb etmiş və o, həmin evə girib oradan dəmir məmulatları oğurlamaq qərarına gəlmiş, evə hasardan aşmaqla yaşayış sahəsi olan binaya plastik pəncərəni sıxıb itələməklə açıb girmişdir. Evin otağlarının birində olan plastik borulardan müəyyən qədər götürüb, evdən çıxıb onları hasardan küçəyə tərəf tullamış və sonra özü hasardan küçə tərəfə aşaraq, yoldan keçən taksi avtimobili saxladıb onun baqaj hissəsinə yığıb aparıb küçələrdə fərdi qaydada metal yığımı ilə məşğul olan tanımadığı şəxsə satmışdır. Bundan sonra həmin ayda xatırlamadığı tarixlərdə eyni üsulla həmin evə tək girmiş və oradan ümumilikdə təxminən 200 metr ölçüdə 25 mm-lik su-kanalizasiya sisteminə aid plastik boruları, təxminən 100 metr ölçüdə 100 mm-lik su-kanalizasiya sisteminə aid dəmir boruları oğurlayıb evdən çıxarıb Dəməgül tikinti malları bazarında səyyar metal yığan tanımadığı şəxslərə dəyər dəyməzinə satmışdır. Həmin malları alan şəxsə güya işlədiyi yerdə mallar artıq qalıb və onları satmasını bildirmişdir. Həmin şəxs onun oğurluq yolu ilə həmin əşyaları almasını bilməmişdir. Satışdan əldə etdiyi cəmi 100-200 manat pulu öz ehtiyacına sərf etmişdr. 2022-ci ilin iyul ayında oğurluğu həmin evədən tək etmiş və həmin evə təxminən 3-4 dəfə girmişdir. Bundan sonra, o, X10, X2rdaşları ilə onların evində, 2022-ci ilin təxminən avqust ayının əvvəllərində görüşüb onlara həmin evdən dəmir və plastik əşyalarını oğurladığını və satıb pul əldə etdiyini bildirmişdir. Bundan sonra onlar aralarında birlikdə oğurluq etməyi qərarlaşdırmış və avqust ayının əvvəllərindən təxminən 15 avqust 2022-ci il tarixədək olan müddət ərzində həmin evə hasardan aşmaqla birlikdə girmiş və otaqlardan təxminən 1000 metr ölçüdə 3/4 markalı elektrik kabelini, 700 metr ölçüdə 16 mm-lik plastik boru, 10 ədəd istilik sisteminə aid 5000 manat məbləğində radiatorları götürüb onları hasardan küçəyə yığdıqdan sonra taksi avtomobili sifariş verib onları avtomobilin baqajına yığıb aparmış və yolda avtomobildən düşmüşdür. Rüfət və İbrahim aparıb onları haradasa satmışlar. Əldə olunmuş puldan ona heç bir məbləğdə pul verilməmişdir. Daha sonra 2022-ci ilin avqust ayının 15-dən başlayaraq Rüfət və İbrahim qardaşları və onların tanışı olan X7 ilə tanış olduğunu və bundan sonra birlikdə oğurluğa getmişlər. Həmin evdən oğurluq edərkən təsadüfən evin içərisində evin həyətinin darvaza qapısının açarını tapmış və darvaza qapısının kilidini açarla açıb, həyətə və oradan da evə daxil olmaqla, evin otaqlarından 500 metr ölçüdə 3/6 markalı elektrik kabelini, 700 metr ölçüdə 3/10 markalı elektrik kabelini hissə-hissə olmaqla oğurlayıb taksi avtomobilinə yığıb aparmışlar və yolda o, İbrahim, İlqarla birlikdə avtomobildən düşüb evə getmiş, Rüfət isə onları satmağa aparmışdır. 2022-ci ilin avqust ayının sonundan sonra o, oğurluq əməlini dayandırmış və bir daha onlarla oğurluğa getməmişdir. Belə ki, o, nakomaniyadan ev şəraitində müalicə olunmağa başlmışdır. Bu səbəbdən oğurluq etdiyi evin açarlarını onlardan birinə vermişdir, dəqiq kimə verdiyini isə xatırlamır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənildiyini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanının kəsişməsində yerləşən Xan Şuşinski küçəsi 63A ünvanında fərdi yaşayış evi Zərərçəkmiş şəxs məxsusdur. Həmin ev tam tikilib başa çatmış, evin dörd tərəfi daş hasar divarla hasarlanmış və həyətə giriş dəmir darvaza qapısından olmuşdur. Evin tikintisi başa çatsa da, Zərərçəkmiş şəxs ara bir evə baş çəkib evə nəzarət edirmiş. Evdə və evin kənarlarında video kameralar hələ quraşdırılmamış, evin mühafizə xidməti və siqnalizasiya və video kamera sistemi hadisə vaxtı olmamışdır. Zərərçəkmiş şəxs sonuncu dəfə 2022-ci ilin təxminən iyun ayının sonunda həmin evdə olmuş, hər şeyin öz qaydasında olmuşdur. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs işləri ilə bağlı uzun müddət xarici ölkələrdə səfərlərdə olmuş və 2022-ci ilin dekabr ayının 31-də ona iş yoldaşı X8 mobil telefon vasitəsi ilə zəng edib məlumat verərək, naməlum şəxslər tərəfindən evə girildiyini və evdən çoxsayda elektrik naqilləri, su və istilik sistemləri, hovuzdan borular, elektrik şitləri və sair avadanlıqların talan edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs Nicat Axundova bu barədə polisə məlumat verilməsini xahiş etmiş və o, da onun xahişi ilə ərizə ilə polisə məlumat vermişdir. Sonra polis əməkdaşları evə gəlmiş və hadisə yerini müayinə etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs Bakı şəhərinə gəlmiş və gedib evinin vəziyyətinə baxanda həqiqətən evindən oğurluq hadisəsi baş verdiyini, evdən çoxsayda elektrik naqilləri, su və istilik sistemləri, hovuzdan borular, elektrik şitləri və sair avadanlıqların talan edildiyini görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs mühafizəçi Valeh adlı şəxs tərəfindən evin qarşısından AZ-**-AC-*** qeydiyyat nişanlı “Honda” markalı avtomobil getdiyinin gördüyünü və həmin avtomobildə olan şəxslərin evdən oğurluq etmələrindən şübhələndiyini demişlər. Bundan sonra polis əməkdaşları tərəfindən sonradan adlarını bildiyi X5, onun qardaşı X11, İlqar Qasımov, Təqsirləndirilən şəxs və Cahid adlı şəxslər müəyyən edilərək saxlanıldığı bildirilmişdir. X5, onun qardaşı X11, sürücü Dimitry Zuyenko və digər şəxsləri Zərərçəkmiş şəxs tanımamış və onlar həmin evdə fəhlə və yaxud usta kimi heç vaxtı işləməmişlər. Evin həyətində yerləşən dəmir darvaza qapısının kilidində heç bir zədə müşahidə edilməmiş, oğurluq edən şəxslər darvaza qapısını açarla açaraq həyətə daxil olmuşlar. Onların həmin evə hasardan aşmaqla daxil olması da istisna edilməmişdir. Həmin evin darvaza qapısının açarının oğruların əlinə necə keçməsini ev sahibi bilməmişdir. Oğurluq nəticəsində ümumilikdə Zərərçəkmiş şəxs 25.200 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxslə barışdıqlarını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayından etibarən Bakı şəhərində “X16” şəhərciyində təhlükəsizlik xidmətinin rəisi vəzifəsində işləmişdir. 31 dekabr 2022-ci il tarixdə saat 12 radələrində “Bakı Villası” yaşayış kompleksi ərzisində xidməti gəzintidə olarkən həmin kompleksin yaxınlığında yerləşən Nərimanov rayonu Azadlıq prospekti 149 ünvanında Zərərçəkmiş şəxs məxsus evin giriş darvazasının qarşısında “Honda” markalı avtomobil və həmin avtomobilə tikinti materialları yükləyən 3 nəfər şəxsi görmüş və həmin şəxslər onun diqqətini cəlb etdikləri üçün onların kim olmaları ilə maraqlanmaq məqsədi ilə onlara yaxınlaşmışdır. Onlardan biri avtomobilin sükan arxasında digər iki nəfər isə avtomobilin yanında olmuşdur. O, həmin şəxslərə yaxınlaşmış və onların kim olmaları ilə nə iş gördükəri ilə maraqlandıqda, əvvələr tanımadığı həmin iki şəxs bu evdə fəhlə işlədiklərini və prorab tərəfindən onlara materialların daşınması tapşırıldığının verildiyini bildirmişdir. Sonra o, xəlvəti olaraq mobil telefonu vasitəsi ilə onların və avtomobilin fotoşəkillərini çəkmiş, sonra onlardan biri avtomobilə əyləşmiş, sürücü ilə birlikdə çıxıb getmiş, biri isə orada qalmış və ona burada işlədiyini, darvazanın açarının onda olduğunu, açarı ona prorabın verdiyini bildirmiş və sonra o, heç nədən şübhələnməsə də hər ehtimala qarşı bunu aydınlaşdırmaq məqsədi ilə Etibar müəllimə zəng etmiş, ona evdən tikinti materiallarını özlərini fəhlə kimi təqdim edən şəxslər tərəfindən avtomobilə yükləyərək apardıqlarını bildirmiş və həmin şəxslərin şəkillərini telefon vasitəsi ilə ona göndərmişdir. Sonra həmin şəxslə Ehtibar müəllim telefonu ilə danışmış və həmin şəxs Ehtibar müəllimə də, bu evdə işlədiyini, açarın prorab tərəfindən verildiyini, lazımsız əşyaları isə götürdüyünü bildirmişdir. Sonra həmin şəxs ondan aralanaraq piyada çıxıb getmişdir. Sonra Etibar müəllim ona aydınlaşdırma aparacağını bildirmişdir. Bir az keçmiş həmin ünvana polislərin gəldiyini və artıq həmin şəxslərin orada olmadığını və evə polis əməkdaşları daxil olduqda evdən oğurluq hadisəsi baş verdiyini bilmişdir. Evdən çoxlu sayda elektrik naqilləri, elektrik şitləri, su müəhərikləri, istilik sistemləri, havalandırma sistemləri, kondisonerlər və sair çoxlu sayda digər əmlaklar oğurlanmışdır. Bundan sonra həmin şəxslərin ona yalandan, güya onlar bu evdə fəhlə işlədiklərini və açarı onlara güya prorab verdiyini və onlar evdən lazımsız əşyaları götürdüklərini demələrini bildirmişdir. Polis tərəfindən evə baxışla bağlı protokol tərtib olunmuş, konkret olaraq həmin şəxslər evdən nə qədər əmlak oğurlandığını deyə bilməmiş, ancaq o, onların əlindəki selofan torbalarda plastik su borularının olduğunu gördüyünü demişdir. Sonradan evə baxış zamanı əmlakın böyük məbləğdə oğurlandığını bilmiş və evin təmirinin dağıdıldığını görmüşdür. Sonradan araşdrma zamanı, həmin şəxslər ev sahibinin evdə olmamasından, eləcə də həmin evin mühafizə olunmamasından istifadə edərək uzun müddət ərzində həmin evdən oğurluqlar etdikləri məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş Şahid1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadələsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İİ cildinin 37-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İV cildinin 19-cu vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədiqat nəticəsində əl izlərindən 01 ədədi (Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankına Nərimanov MSY, Binəqədi MSY və Binəqədi 4PŞ-dən daxil olan) xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovucu (şüşədən) ilə eynilik təşkil etmişdir. Cinayət işinin İV cildinin 32-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2023-cü il tarixli, 10/2025- 9/2191 saylı rəyindən görünür ki, Bakı şəhəri Xan Şuşinski küçəsində yerləşən 63 saylı fərdi yaşayış evinə dəymiş ziyanın ümumi dəyəri təqribən 1136235,0 manat, o cümlədən fərdi yaşayış evindər talan edilmiş əmlakların 2022-ci ilin iyul ayının əvvəllərindən həmin ilin dekabr ayının 31-dək olan müddətdə orta bazar satış qiymətləri 725.300,0 manat, həmin işlərə tikinti üzrə sərf edilməli əmək haqqının tikinti materiallarının dəyəri isə 410.935,0 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan yaşayış evi üzrə sıradan çıxmış materialların sayı və konstruktiv elementlərin ölçüləri smetada ətraflı qeyd olunmuşdur. Cinayət işinin V cildinin 110-cu vərəqində olan “Axtarışda olan şəxsin tutulması haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PBnə gətirilmişdir. Cinayət işinin V cildinin 183-187-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-792/2023 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti istintaq müddətinin sonunadək, yəni 02 (iki) ay 05 gün müəyyən müəyyən edilməsi, həbsetmənin əvvəlinin 24 may 2023cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin V cildinin 214-217-ci vərəqələrində olan “İfadənin yerində yoxlanılması haqqında” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi evi göstərmklə yanaşı, həmin evdən dəmir, plastik turbaları necə oğurladıqlarını həyata keçirdiyini, həyətə və evə hansı şəraitdə girməsini tam dəqiqliyi ilə göstərmiş və bu barədə ətraflı izah vermişdir. İfadənin hadisə yerində yoxlanılmasına dair fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin V cildinin 221-229-cu vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən aşkar edilib götürülmüş əl-barmaq və ovuc izlərinin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı maddi tələbi yoxdur və cəza hissəsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsaitin tutulmasına dair hissədə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi Nərimanov Rayon Polis İdarəsinin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işindən ayrılmışdır və birinci cinayət işi üzrə müstəntiq tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarından o da aydın olur ki, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evdə 2022-ci ilin iyul ayının əvvəlindən həmin ilin dekabr ayının 31-dək olan müddətdə baş vermiş oğurluq hadisəsində Təqsirləndirilən şəxs, X7, X9, X10 və X6 iştirak etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, 100 manat məbləğində puldan Təqsirləndirilən şəxs payına 20 manat düşür. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs hadisə yerindən aşkar edilib götürülmüş əl-barmaq və ovuc izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs hadisə yerindən aşkar edilib götürülmüş əl-barmaq və ovuc izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğdən Təqsirləndirilən şəxs payına düşən 20 (iyirmi) manat ondan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar