Məhkəmə qərarları › İş №1(005)-387/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-387/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-387/2022 14.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış və 11 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində ünvan 2 ünvanın qarşısında olarkən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 0,205 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitənin istifadəçisidir. 11 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 44 ünvanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirərək ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O da polis əməkdaşlarına öz adını və soyadını demişdir. Polis əməkdaşları da onun narkotik maddə istifadə etməsindən şübhələndiklərini bildirib, onlarla birlikdə Nərimanov RPİ-nə dəvət etmişlər. O polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə polis idarəsinə getmişdir. Polis idarəsinə gətirildikdən sonra həmin idarənin xidməti otaqlarından birinə keçmişlər və burada hüquqlarını müdafiə etmək üçün idarəyə vəkil dəvət olunmuşdur. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil idarəyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdir. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Həmin maddəni ona polislər vermiş və ona vidoeçəkiliş zamanı cibindən çıxarmasını demişlər.O polislər tərəfindən döyüləcəyindən qorxub buna razılaşmışdır. Bundan sonra ona video çəkiliş ilə ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, 01 ədəd ağ rəngli sellofan bükümünü, 01 ədəd kent markalı siqaret qutusunu, 01 ədəd çəhrayı rəngli alışqanı, 12 (on iki) manat məbləğində pulu, özünə məxsus sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda, o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş bir büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı saymır və özünümüdafiə xarakteri daşımasını və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış və hal-hazırda heç bir yerdə işləmir, üzərindən narkotik vasitə hesab olunan heroinin aşkar olunması ilə əlaqədar göstərmişdir ki, təxminən 5 ay müddətdir ki, narkotik vasitə hesab edilən heroindən könüllü olaraq qəbul edir. 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman yerdə bir (01) ədəd ağ rəngli sellofan bükümü olduğunu görmüşdür. Həmin sellofan bükümü onun diqqətini cəlb eləmiş və o, həmin bükümü yerdən götürmüşdür. O, həmin ağ rəngli sellofan bükümünün içinə baxan zaman içərisində qəhvəyi rəngli heroin olduğunu görmüş və özü heroindən istifadə etdiyi üçün həmin bükümü əynində olan qara rəngli “Puma” yazısı olan idman gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni 11 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 44 ünvanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirərək ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O da polis əməkdaşlarına öz adını və soyadını demək istəməmişdir. Polis əməkdaşları da onun narkotik maddə istifadə etməsindən şübhələndiklərini bildirib, onlarla birlikdə Nərimanov RPİ-nə dəvət etmişlər. O polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə polis idarəsinə getmişdir. Polis idarəsinə gətirildikdən sonra həmin idarənin xidməti otaqlarından birinə keçmişlər və burada hüquqlarını müdafiə etmək üçün idarəyə vəkil dəvət olunmuşdur. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil idarəyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdir. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümünü, 01 ədəd kent markalı siqaret qutusunu, 01 ədəd çəhrayı rəngli alışqanı, 12 (on iki) manat məbləğində pulu, özünə məxsus sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə olaraq həmin heroini yerdən tapdığını bildirmişdir. Daha sonra 12 (on iki) manat məbləğində pulu özünə geri qaytarılaraq onun üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş bir büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru vəzifəsində işləyir. O, 11 aprel 2022-ci il tarixdə saat təxminən 03 radələrində xidmətdə olan zaman ünvan 2 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. O, dərhal kömək məqsədi ilə Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 ilə əlaqə saxlamış və Rahibi olduğu yerə çağırmışdır. Şahid2 gəldikdən sonra onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri adi hərəkətləri ilə onların şübhələrini daha da artırmışdır. Buna görə də həmin şəxsi Nərimanov RPİnin inzibati binasına dəvət etmişlər. Həmin şəxs də buna etiraz etmədikdən sonra həmin şəxsi RPİnə apararaq barəsində araşdırma aparılması üçün X3-zadəyə təhvil vermişlər. İdarədə olan zaman həmin şəxsin xx.xx.1983-cü ildə Rusiya Federasiyası, Dağısatan Respublikasında anadan olmuş, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3-zadə, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Rəhmanı şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rəhmana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Rəhman da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümünü, həmin gödəkçənin sol yan cibindən siqaret qutusu və alışqanı, həmçinin əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus olan sənədləri və 12 manat məbləğində pulu çıxarıb masanın üzərinə qoymuşdur. Rəhmandan 01 ədəd sellofan bükümünün içərisində nə olduğunu soruşduqda Rəhman həmin 01 ədəd sellofan bükümünün içərisində heroin olduğunu və həmin heroini xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Sonra Rəhmanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra Rəhmanın üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rəhman tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq və təsir olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin cinayət ax:arış üzrə kiçik inspektoru vəzifəsində işləyir və polis serjantı rütbəsini daşıyır. 11 aprel 2022-ci il tarixdə saat təxminən 03 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid1 onunla əlaqə saxlayaraq ünvan 2 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını deyib onu da kömək üçün həmin ünvana çağırmışdır. O, həmin ünvana gəldikdən sonra onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri adi hərəkətləri ilə onların şübhələrini daha da artırmışdır. Buna görə də həmin şəxsi Nərimanov RPİ-nə dəvət etmişlər. Həmin şəxs də buna etiraz etmədikdən sonra onu RPİ-nə apararaq barəsində araşdırma aparılması üçün X3-zadəyə təhvil vermişlər. İdarədə olan zaman həmin şəxsin xx.xx.1983-cü ildə anadan olmuş, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X3-zadə, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Rəhmanı şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Rəhmana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Rəhman da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümünü, həmin gödəkçənin sol yan cibindən siqaret qutusu və alışqanı, həmçinin əynində olan qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus olan sənədləri və 12 manat məbləğində pulu çıxarıb masanın üzərinə qoymuşdur. Rəhmandan 01 ədəd sellofan bükümünün içərisində nə olduğunu soruşduqda Rəhman həmin 01 ədəd sellofan bükümünün içərisində heroin olduğunu və həmin heroini xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Sonra Rəhmanın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə 12 manat məbləğində pul Rəhmanın özünə qaytarılmış və Rəhmanın üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar torofindən imzalanmışdır. Ru barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Rəhman tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:35-də şübhəli şəxs qismində tutulmuşdur; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2018 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs: Təqsirləndirilən şəxs... " yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 0,205 qram, tədqiqata sərf edildi - 0,050 qr, qalıq 0,155 qram. Ekspertiza tədqiqatının dəyəri 92 manatdır. Maddi sübut tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkan olunub gətürülmüş qalıq çəkisi 0.155 qram olan narkotik vasitə olan heroin maddi sübur kimi tanınmış və saxlanc üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 19 aprel 2022-ci il tarixli, 1924 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 11 aprül 2022-ci il tarixli «Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında» protokoldan görünür ki, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümünün içərisində qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürümüşdür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD-R formatlı diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Qeyd olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə X4 Məhkəməsinin “narkotik maddənin ticarəti və ya saxlaması” ilə 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,205 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti qismən etiraf etməsi yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 1 (bir) gün (11- 12 aprel 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay, 28 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq çəkisi 0,155 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar