Məhkəmə qərarları › İş №1(005)-387/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-387/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-387/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərcüməçi X6 oglunun iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Lənkəran şəhəri, Nəsirli küçəsi, ev 19-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 83, mənzil 27-də yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd şüşə ampulada təmiz çəkisi 0,695 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamış və 18 aprel 2023-cü il tarixdə, saat 13:30 radələrində Nərimanov rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli cins şalvarının sağ cibindən kibrit qutusunun içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd şüşə ampulada təmiz çəkisi 0,695 qram kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin, həmçinin 3 (üç) ədəd 1 ml-lik zavod üsulu ilə hazırlanmış, tamlığı pozulmamış şpris aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 83, mənzil 27-də yaşayır. Heç bir yerdə işləmir. Bir ildən artıqdır ki, şprislə damarına yeritməklə narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroin qəbulu ilə məşğul olur. Saxlanılmazdan bir neçə gün əvvəl, 2023-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 (on) manat müqabilində kibrit qutusunun içərisində üzərində «Novokain» yazısı olan bir ədəd sınıq şüşə ampulada narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroini alıb ağrıları olanda istifadə etmək üçün şalvarının cibində gizlətmişdir. 18 aprel 2023-cü il tarixdə səhər saatlarında ağrıları olduğundan həmin heroini damarına yeridib rahatlanmaq üçün aptekə gedərək 3 (üç) ədəd 1 ml-lik şpris alıb yerdən tapdığı «Salbutamol» dərman preparatının qutusuna qoyaraq şalvarının cibində gizlətmişdir. Həmin gün saat 13 radələrində təxminən bir ay əvvəl Bakı şəhərində təsadüfən tanış olduğu X4 ona zəng edərək görüşüb birlikdə kafeyə getməyi təklif etmişdir. Etiraz etməyib razılaşmış və saat 13 radələrində Aysellə ünvan 3 ünvanının qarşısında görüşmüşlər. Aysellə hal-əhval tutub söhbət edən zaman iki nəfər mülki geyimli şəxsin onlara diqqətlə baxdıqlarını görmüşlər. Həmin vaxt onlara diqqətlə baxan şəxslərin polis əməkdaşı ola biləcəyini düşünüb cibində heroin olduğuna görə narahat olmuşdur. Bu zaman Aysel kafelərdən birinə gedib birlikdə çay içərək söhbət etməyi təklif etmişdir. Ərazidən uzaqlaşmaq istədiyi üçün Ayselin təklifi ilə razılaşmışdır. Bu zaman həmin şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onlardan adlarını və soyadlarını, həmçinin hansı ünvanda yaşadıqlarını soruşmuşlar. Cibində olan heroinə görə həbs olunacağını düşünüb həyəcanlanaraq özünü itirmiş və polis əməkdaşlarının suallarına konkret cavab verə bilməyərək oradan uzaqlaşmaq istəmişdir. Aysel də özünü itirib nə deyəcəyini bilməmiş və bunu görən polis əməkdaşları onlarla birlikdə Nərimanov rayon polis idarəsinə getməyi təklif etmişlər. Başqa çıxış yolu görməyib etiraz etməyərək Aysellə birlikdə polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon polis idarəsinə getmişdir. Nərimanov rayon polis idarəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməyi təklif etmişlər. O, əynindəki tünd göy rəngli cins şalvarının sol cibindən içərisində 3 (üç) ədəd təzə 1 ml-lik şpris olan «Salbutamol» dərman preparatının qutusunu, şalvarının sağ cibindən kibrit qutusunun içərisində bir ədəd «Novokain» şüşə ampulada narkomanlar arasında «kakos» kimi tanınan narkotik vasitə heroini, şalvarının arxa sağ cibindən isə «Nokia 200» markalı mobil telefonunu çıxarıb stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi «Novokain» şüşəsindəki maddə barədə ondan soruşduqda başqa çıxış yolu görməyib səmimi etiraf edərək həmin sınıq şüşə ampulada narkomanlar arasında «kakos» kimi tanınan heroin olduğunu demişdir. Polis əməkdaşları həmin şüşəyə və şprislərə baxış keçirib üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə apararaq protokol tərtib etmişlər və ondan aşkar olunmuş həmin şüşə ampula və şprisləri zərfə qoyub qablaşdırmışlar. Həmin protokolu və zərfi imzalamışdır. O, etdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 14 radələrində Nərimanov RPİ-də xidməti vəzifəsini icra edərkən bir neçə dəqiqə əvvəl Nərimanov RPİ-yə gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X2 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış aparılacağına dair növbətçi hissədən məlumat alıb rəhbərliyin göstərişinə əsasən əməliyyat-rabitə qrupunun operatoru qismində videoçəkiliş aparmaq üçün həmin prosesdə iştirak etmişdir. Təhqiqatçı tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmiş və onun tərəfindən videoçəkiliş aparılmaqla narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2, həmin bölmənin əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkil X3 iştirakları ilə Ruslan Abbasovun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Sərraf Cəfərov tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri-qanuni əşya varsa, stolun üzərinə qoyaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifə cavab olaraq əynindəki tünd göy rəngli cins şalvarının sol cibindən içərisində 3 (üç) ədəd təzə 1 ml-lik şpris olan «Salbutamol» dərman preparatının qutusunu, şalvarının sağ cibindən kibrit qutusunun içərisində 1 (bir) ədəd istifadə olunmuş «Novokain» şüşə ampulasını, şalvarının arxa sağ cibindən isə «Nokia 200» markalı mobil telefonu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi «Novokain» şüşə ampulasında spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təxminən bir ildir ki, narkotik vasitə qəbul etdiyini və təqdim etdiyi şüşə ampuladakı maddənin narkomanlar arasında «kakos» kimi tanınan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa heç bir qanunsuz maddə və əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 3 (üç) ədəd şpris və içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə olan «Novokain» şüşə ampulası Təqsirləndirilən şəxs, onun müdafiəçisi Cavid Abbasovun, axtarışda iştirak edə-ı digər şəxslərin və onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmaqla möhürlənərəm götürülmüşdür. Baş təhqiqatçı Sərraf Cəfərov tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və Təqsirləndirilən şəxs aşkar olunmuş 3 (üç) ədəd şpris və «Novokain» şüşəsinin qablaşdırıldığı zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, həmçinin Təqsirləndirilən şəxs imza etmişdir. O da həmin protokolu və zərfi imzalamışdır. Protokol tərtib edilərkən iştirakçılar, eləcə də üzərində şəxsi axtarış aparılan Ruslan Abbasovdan heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur; 18 aprel 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan və həmin şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişatı çəkilmiş videogörüntülərdən görünür ki, öncə Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir ki, o da Təqsirləndirilən şəxs olduğunu deyir, sonra ona üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilir və Təqsirləndirilən şəxs əynində olan tünd göy rənglı cins şalvarın sağ yan cibindən “Salbutamol” yazısı olan dərman qabını çıxardaraq içərisindən 3 ədəd bir dəfəlik istifadə olunan şprisi, sağ cibindən bir ədəd kibrit qutusu içərisindən yarı sındırılmış üzərində “Novokain” sözləri yazılan şüşə ampulasında və arxa sol cibindən ağ rəngli üzərində ***-***-**-** nömrə olan Nokia markalı mobil telefonu çıxardıb təqdim etdi. Təqsirləndirilən şəxs ineksiya yolu ilə bir ildən artıqdır ki, üzdən tanımadığı şəxslərdən narkotik vasitə (kakos) heroini almaqla qəbul edir.Təqdim etdiyi yarı sındırılmış üzərində “Novokain” sözləri yazılan şüşə ampulasmda narkotik vasitə heroinin olduğunu bildirmişdir. Həmin ampulaya baxış keçirdə içərisində toz qəhvəyi rəngli, spesifik qoxuya malik maddənin olması aşkar edilmişdir. Həmin vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildimişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə - heroin boş zərfə qoyub möhürlənir. Bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023cü il tarixli, 6/2308 №-li rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,695 qram rəngli toz şəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyhılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağın edilən narktik vasitələr»-in siyahısına (Siyahı 1) daxildir.Heroinin təmiz çəkisi-0,695 qram, tədqiqata sərf edildi -0,05 qr., qalıq - 0,645 qram. Ekspertiza tədqiqatının dəyəri 92 manat təşkil edir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 may 2023-cü il tarixli, 3155 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 23 iyun 2023-cü il tarixli, 1763 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. “sübutların qiymətləndirilməsi” haqqında 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş təmiz çəkisi 0,695 qram narkotik vasitəheroinin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd CD diskin cinayət işi üzrə maddi sübut hesab edilməsi, heroindən ekspertiza tədqiqatına 0,5 qram sərf edildikdən sonra qalan 0,645 qram hissəsinin və 3 ədəd 1 ml-lik zavod üsulu ilə hazırlanmış şpris məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilməsi, diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,695 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (18- 20 aprel 2023-cü il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi və 3 ədəd 1 ml-lik zavod üsulu ilə hazırlanmış şpris məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 0,645 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 3 ədəd 1 ml-lik zavod üsulu ilə hazırlanmış şpris məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar