Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-389/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X6 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi-Nümayəndə oglunun Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ev 12, mənzil 12-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilən, hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 dekabr 2022-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 104 ünvanda yerləşən «Nurgun Group” X1 məxsus «Kontinental Supermarket» mağazasına müştəri qismində daxil olub, mağazada spirtli içkilər bölməsindən bir ədəd 18 illik, «X8 X10 Whısky» markalı, 0,7 litr həcmli şüşədə spirtli içki olan viskini gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" X1 699 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,921 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 04 may 2023cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinin 18-ci PŞ-nin inzibati binasına gətirildikdən sonra, xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 1,921 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, araq və digər spirtli içkilər qəbul edir. Həmçinin təxminən 2 ildir ki, “kakos” kimi bildiyi narkotik vasitə olan heroindən istifadə edir. 21 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində olarkən spirtli içki almağa pulu olmadığına görə həmin prospektdə yerləşən «Kontinental Supermarket» mağazasından bir şüşə viski oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə bir neçə dəqiqə mağazanın yanında gəzişib ətrafı dolaşdıqdan sonra saat 17:50 radələrində müştəri kimi mağazaya daxil olmuşdur. Bir-iki dəqiqə mağazanın içərisində gəzişdikdən sonra spirti içkilər satılan bölməyə getmiş və həmin bölmədə başqa şəxslərin olmamasından istifadə edib cəld gizlincə bir ədəd «The Macallan» markalı 0,7 litrlik şüşə butulkada olan viskini götürüb ön tərəfdən gödəkcəsini qaldırıb gödəkcəsi ilə şalvarının içərisində gizlədərək mağazanı tərk etmişdir. Mağazanı tərk etdikdən sonra yaşadığı evə getmişdir. Oğurladığı viskini bir-iki gün ərzində evdə içmiş, butulkanı isə həmin ərəfələrdə hazırda yadında qalmayan yerdə zibil qabına atmışdır. Həmin viski butulkasından başqa mağazadan heç bir içki və ya digər qida məhsulu oğurlamamışdır. Bundan başqa təxminən 2 ildir ki, “kakos” kimi bildiyi narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 04 may 2023-cü il tarixdə səhər radələrində narkotik vasitə əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu “Kubinka” adlanan əraziyə getmişdir. Həmin ərazidə olarkən özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını, soyadını və ünvanını bilmədiyi şəxsdən 25 manata bir ədəd kağız bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni özü az-az istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin günü axşam saat 17 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, iki nəfər polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, həmçinin bir neçə sorğu-sual etmişlər. Həmin zaman üzərində narkotik vasitə olduğu üçün həyəcanlanmış və şübhəli hərəkətlərlə polis əməkdaşlarından yayınmaq istəmişdir. Lakin, polis əməkdaşları ondan şübhələndikləri üçün üzərində şəxsi axtarış aparılması məqsədilə Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmiklərində etiraz etməmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə videoçəkiliş aparılmaqla iki nəfər polis əməkdaşlarının və vəkilinin iştirakları ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdr. Həmin zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kağız bükümün içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Başqa üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, «Kontinental Supermarket» mağazalar şəbəkəsi "xxxx" X3 məxsusdur. Uzun müddətdir ki, "xxxx" X4 ilə müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 104 ünvanda yerləşən «Kontinental Supermarket» mağazalar şəbəkəsinə aid mağazanın müdiri vəzifəsində işləyir. 21 dekabr 2022-ci il tarixdə işlədiyi qeyd olunan mağazadan oğurluq edilməsi faktı ilə bağlı zərərçəkmiş şəxs "xxxx" MMM-nin nümayəndəsi qismində iştirak etməyi üçün ona etibarnamə verilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 104 ünvanında yerləşən «Kontinental Supermarket» mağazalar şəbəkəsinə aid mağaza hər gün səhər saat 09:00dan axşam saat 22:00-dək fəaliyyət göstərir. Mağaza təhlükəsizlik məqsədi ilə videomüşahidə sistemi ilə təchiz edilmişdir. 21 dekabr 2022-ci il tarixdə saat 17:50 radələrində mağazaya müştəri kimi daxil olan əvvəlcədən tanımadığı, sonradan adı məlum olan Təqsirləndirilən şəxs spirtli içkilər bölməsində vitrindən 699 (altı yüz doxsan doqquz) manat dəyərində 18 illik, 0,7 litirlik «X8 X10 Whısky» markalı bir ədəd viskini gizlincə götürüb paltarının altında gizlətməklə oğurlamışdır. Bu barədə 22 dekabr 2022-ci il tarixdə mağazada mövcud olan videomüşahidə sistemi vasitəsilə qeydə alınmış görüntüləri izləyən zaman xəbər tutmuş və 05 yanvar 2023-cü il tarixdə həmin şəxsin barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə şikayət etmişdir. Həmçinin hadisə ilə bağlı qeydə alınmış videogörüntüləri təqdim etmişdir. Qeyd olunan oğurluq hadisəsi nəticəsində maddi ziyan «Nurgun Group MMM-nə vurulmuşdur. Mağazadan bir ədəd qeyd olunan viskidən başqa heçnə oğurlanmamışdır. Ona dəyən zərər ödənilməmişdir.Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nərimanov RPİnin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 04 may 2023-cü il tarixdə saat 17 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru, polis mayoru Müşviq Süleymanov ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman ünvan 2 ünvanın qarşısında şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olmaları bildirilmiş və sorğu zamanı onun Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığı üçün onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər. 18-ci PŞ-də xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildikdən sonra video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər-hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz halında maddə olan bir ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin kağız bükümdə olan maddənin narkotik vasitə olduğunu, 04 may 2023cü il tarixdə adın bilmədiyi İran vətəndaşından 25 manata özü istifadə etmək məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan bir ədəd kağız büküm zərfə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 04 may 2023-cü il tarixli prokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “Kakos” olduğunu, xx.xx.2023-cü il tarixdə adını bilmədiyi İran vətəndaşından 25 manata aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2596 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №224” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,921 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 1,921 qram, tədqiqata sərf edilən ümumu miqdar- 0.1 qram, qalıq - 1,821 qram. Ekspertiza xərci 114 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli, 4(005)-650/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə narkoloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 3911 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/3881 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkli təqdim edilmiş 01 ədəd 18 illik 0,7 litrlik “X9 X11 Whisky” markalı viskinin 2022-ci ilin dekabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 699 manat müəyyən edilir. Ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş «Kontinental Supermarket» mağazasında olan videomüşahidə kameralarının qeydə aldığ video görüntü olan CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs «Nurgun Group” MMM-nə məxsxus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 104 ünvanında yerləşən «Kontinental Supermarket» mağazasının içərisində ətrafda heç kəs olmayan vaxt vitrindən bir ədəd viskini götürüb əynindəki gödəkcəsinin alt hissəsinə qoyub mağazadan çıxması müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür və cinayəşt işinə əlavə edilmiş hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş Bakı şəhər Nizami rayon Məhkəməsinin 1(007)- 228/2023 saylı, 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs xx.xx.20223-cü il tarixdən xx.xx.2023-cü il tarixıdık şübhəli şəxs qismində tutulduğu iki gün müddət, AR CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, 07 noyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,921 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla təmiz qalıq çəkisi 1,821 qram olan narkotik vasitə heroin saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 1 ədəd “CD” formatlı disk və “Kontinental Supermarket” maqazasından oğurluq hadisəsi ilə bağlı götürülmüş videogörüntü olan disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkən, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,921 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayəthüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-228/2023 nömrəli, 14 iyun 2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı, CM-nin 69.3 maddəsinə əsasən onun Nizami Rayon Məhkəməsində baxılmış iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd CD disk və “Kontinental Supermarket” maqazasından oğurluq hadisəsi ilə bağlı götürülmüş videogörüntü olan disk cinayət işinin materiallarında saxlanılmalı (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir(CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, CM-nin 234.1 maddəsi ilə ona 1 (bir) il 9(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.1 maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-228/2023 nömrəli, 14 iyun 2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsində baxılmış iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 1,821 qram olan heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk və “Kontinental Supermarket” maqazasından oğurluq hadisəsi ilə bağlı götürülmüş videogörüntü olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 164 (yün altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-389/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-389/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver