Məhkəmə qərarları › İş №1(005)-39/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-39/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-39/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə nömrəsi silinmiş, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş AK-74 modelli Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan, texniki cəhətdən saz və atəş üçün yararlı 01 ədəd avtomatı, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı və 21 ədədi 1976-cı ildə, 06 ədədi isə 1972-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronu olan, atəş üçün yararlı və döyüş sursatı hesab olunan 27 ədəd patronları qanunsuz olaraq əldə edib istifadəsində olan “Vaz 2107” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında yerləşən “Sarvan” kafesinin qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə saat 23:00-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Vaz 2107” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə BMCMİ-yə gətirilmiş və orada xx.xx.2022-ci il tarixdə saat 01:18-dən etibarən avtomobilə baxış keçirilən zaman avtombilin arxa yük yerindən odlu silah hesab edilən 01 ədəd avtomat, odlu silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq və döyüş sursatı hesab edilən 27 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 10 gün əvvəl mart ayının sonlarında səhər vaxtı yaşadığı Qaradağ rayonu Müşfiq qəsəbəsi, Yeni yaşayış massivində olduğu zaman bina 15 tərəfə dönən məhəllədə yolun kənarında ağ rəngli kisə görmüş və həmin kisə onun diqqətini çəkmişdir. Həmin vaxtı o, istifadəsində olan “Vaz 2107” markalı avtomobildə hərəkət edirmiş. Avtomobili saxlayıb həmin kisəyə nəzər salmış və içərisində bir ədəd avtomatın olduğunu görmüşdür. Onu götürüb avtomobilə gətirmiş və avtomobildə silaha nəzər salmışdır. Müəyyən etmişdir ki, avtomatın üzərində daraq da var. Darağı avtomatdan ayırmış və darağın içərisində patronların da olduğunu görmüşdür. Patronları sayan zaman 27 ədəd olmasını müəyyən etmişdir. Patronları yenidən darağa yığmış və darağı avtomata birləşdirərək kisənin içərisinə qoymuşdur. Silahlara marağı olduğu üçün həmin silahı götürmək qərarına gəlmişdir. Lakin, evdə 3 azyaşlı övladı olduğu üçün silahı evə aparmamış və idarə etdiyi avtomobilin arxa yük yerində gizlədib saxlamışdır. 08 aprel 2022-ci il tarixdə saat 23 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında yerləşən “Sarvan” kafesinin qarşısında idarə etdiyi avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatlarının dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda idarə etdiyi avtomobildə odlu silah vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib əynində olan cins şalvarının arxa sağ cibində olan 15 manat pulu, sağ yan cibində olan 01 ədəd avtomobil açarını və şalvarının sol yan cibində olan “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşyalar aşkar olunmamışdır. Bundan sonra idarə etdiyi avtomobildə və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlamağı barədə soruşulmuş və o, hazırda Baş İdarənin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi "VAZ-2107" markalı **-KD-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlədib saxladığını və həmin predmeti təqdim edə biləcəyini bildirmişdir. O, avtomat tipli odlu silahı, daraq və patronları təxminən 10 gün əvvəl yaşadığı Qaradağ rayonu, Müşfiq qəsəbəsi, Yeni yaşayış massivi, ev 15 ünvanının yaxınlığında təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb idarə etdiyi avtomobilin arxa yük yerində gizlədib saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 15 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Samsung markalı mobil telefon isə götürülmüşdür. Bundan sonra şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra o, idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra o, idarə etdiyi avtomobilin arxa yük yerində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlədib saxladığını bildirib, özündə olan açarla idarə etdiyi avtomobilin arxa yük yerinin qapısını açıb yük yerində olan qara rəngli plastik örtüyün arxasında gizlətdiyi 01 ədəd ağ rəngli sintetik kisəni götürüb təqdim etmiş və həmin kisənin içində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar olduğunu bildirmişdir. Təqdim etdiyi sintetik kisə iştirakçıların şahidliyi ilə açıldıqda kisənin içərisindən 01 ədəd avtomat. 01 ədəd daraq və darağın içərisindən 27 ədəd patron aşkar olunmuşdur. Təqdim etdiyi predmetlərə baxış zamanı avtomat tipli predmetin üzərində hərf və rəqəmlərin, darağın üzərində rəqəmlərin qeyd olunduğu müəyyən edilmişdir. Təqdim etdiyi 01 ədəd avtomat, 01 ədəd daraq və 27 ədəd patron ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı təqdim etdiyi avtomat tipli odlu silahı, daraq və patronları təxminən 10 gün əvvəl yaşadığı Qaradağ rayonu, Müşfiq qəsəbəsi, Yeni yaşayış massivi, ev 15 ünvanının yaxınlığından təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb idarə etdiyi avtomobilin arxa yük yerində gizlədib saxladığını bildirmişdir. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı idarə etdiyi “VAZ-2107" markalı **-KD-*** qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu, pulunun bir hissəsini verdiyini, qalan hissəsini isə hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra baxışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə Qaradağ rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 08 aprel 2022-ci il tarixdə saat 22-23 radələrində Təqsirləndirilən şəxs Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Sulutəpə dairəsi yaxınlığında olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 23:00-da Sulutəpə dairəsinin yaxınlığında yerləşən “Sarvan” kafesinin qarşısında avtomobilin yanında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yanında durduğu avtomobilin onun istifadəsində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatlarının qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu idarə etdiyi avtomobillə birlikdə DİN-in BMCMİ-nə dəvət etmişlər. O da buna etiraz etməmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan cins şalvarın ciblərində olan 15 manat pulu, 01 ədəd avtomobil açarını və “Samsung" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq hazırda Baş İdarənin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “VAZ- 2107" markalı **-KD-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlədib saxladığını və həmin predmetləri təqdim edə biləcəyini bildrmişdir. Təqsirləndirilən şəxs avtomat tipli odlu silahı, daraq və patronları təxminən 10 gün əvvəl yaşadığı Qaradağ rayonu, Müşfiq qəsəbəsində təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb idarə etdiyi avtomobilin arxa yük yerində gizlədib saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 15 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizəni imzamış və onun, həmçinin müdafiəçisinin iştirakı ilə avtomobilə baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobilin arxa yük yerində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlədib saxladığını bildirib, özündə olan açarla idarə etdiyi avtomobilin arxa yük yerinin qapısını açıb yük yerində olan qara rəngli plastik örtüyün arxasında gizlətdiyi 01 ədəd ağ rəngli sintetik kisəni götürüb təqdim etmiş və həmin kisənin içində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sintetik kisə iştirakçıların şahidliyi ilə açıldıqda kisənin içərisindən 01 ədəd avtomat tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın içərisindən 27 ədəd tamlığı pozulmamış patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə baxış zamanı avtomat tipli predmetin üzərində müxtəlif hərf və rəqəmlərin, darağın üzərində müxtəlif rəqəmlərin qeyd olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd avtomat tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və 27 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan aşkar olunduğu ağ rəngli sintetik kisəyə qoyulub qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi avtomat tipli odlu silahı, daraq və patronları təxminən 10 gün əvvəl yaşadığı Qaradağ rayonu Müşfiq qəsəbəsində təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb idarə etdiyi avtomobilin arxa yük yerində gizlədib saxladığını bildirmişdir. Baxışın keçirilməsi davam etdirilərkən avtomobildən başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 08 aprel 2022-ci il tarixdən, saat 23:00-dan hesablanmışdır. Cinayət işinin 26-27-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan cins şalvarının arxa sağ cibində olan 15 manat pulu, sağ yan cibində olan 01 ədəd avtomobil açarını və şalvarının sol yan cibində olan “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşyalar aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşuldu, Təqsirləndirilən şəxs verilən suala cavab olaraq hazırda Baş İdarənin inzibati binasının həyətində saxlanılmış idarə etdiyi “VAZ-2107” markalı, **-KD-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində 01 ədəd avtomat tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlədib saxladığını və həmin predmeti təqdim edə biləcəyini bildirdi. Təqsirləndirilən şəxs avtomat tipli odlu silahı, daraq və patronları təxminən 10 gün əvvəl yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, Yeni yaşayış massivi, ev 15 ünvanının yaxınlığında təsadüfən tapdığını və silahlara marağı olduğu üçün aparıb idarə etdiyi “VAZ- 2107” markalı, **-KD-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində gizlədib saxladığını bildirdi. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd avtomobil açarı və 15 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağımda, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 09 aprel 2022-ci il tarixdə saat 00:43-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Cinayət işinin 50-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/292R nömrəli rəyindən görünür: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK- 74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edilmiş 27 ədəd patrondan 21 ədədi 1976-cı ildə, 06 ədədi 1972-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Həmin patronlar tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş AK-74 modelli avtomatın ştat patronu hesab edilmirlər. 3. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 27 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin 92-97-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-418/2022 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbetmənin əvvəlinin 08 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Kalaşnikov" konstruksiyalı avtomat silah, 01 ədəd daraq, eksperimental atəşdən sonra 24 ədəd qalmış döyüş sursatı olan patronların maddi sübut hesab edilməsi və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cərimə cəzasını tam şəkildə ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 147-154-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 1(060)-26/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməsi və 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2018-ci il tarixdən 09 oktyabr 2018-ci il tarixədək, 13 dekabr 2018-ci il tarixdən 09 aprel 2019-cu il tarixə qədər, ümumilikdə 10 (on) ay 07 (yeddi) gün ev dustaqlığında olduğu və həbsdə saxlanıldığı müddətin nəzərə alınması və ona təyin edilən cərimə cəzasının yüngülləşdirilərək üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzasının saxlanılması hökm edilmişdir. Cinayət işinin 171-184-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 31 may 2022-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə, həmçinin baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-132/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasın Təqsirləndirilən şəxs tutma altında olduğu 01 gün nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-1390/2022 nömrəli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən bəraət verilməsi barədə onun özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan 24 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 21- 1/3-1119 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin 1(002)-132/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbirinin seçildiyi üçün məhkum Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmadığına görə məhkumun çəkilməmiş cəzası 02 il 11 ay 28 gün təşkil edir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, xx.xx.2012-ci il tarixli, 820323 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 03 avqust 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası kimi X3, anası kimi X5 qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 3 saylı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, xx.xx.2020-ci il tarixli, 419898 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 21 yanvar 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 atası kimi X3, anası kimi X5 qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 3 saylı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, xx.xx.2020-ci il tarixli, 419899 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 21 yanvar 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 atası kimi X3, anası kimi X5 qeyd olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan və 2 (iki) azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs, əvvəllər məhkum olunsa da (Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-132/2022 nömrəli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-132/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah, 01 ədəd daraq, eksperimental atəşdən sonra 24 ədəd qalmış döyüş sursatı olan patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(002)-132/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) 5 (beş) 29 (iyimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 08 aprel 2022-ci-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - baxış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silah, 01 ədəd daraq, eksperimental atəşdən sonra 24 ədəd qalmış döyüş sursatı olan patronlar hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar