Məhkəmə qərarları › İş №1(005)-39/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-39/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-39/2024 06.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən 35 nömrəli binanın qarşısında dayanmış vəziyyətdə Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “VAZ-21013” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda quraşdırılmış 1 ədəd 200 manat dəyərində “Delfin” markalı maqnitafonu, 1 ədədinin qiyməti 75 manat olan 4 ədəd ümumi dəyəri 300 manat təşkil edən “Pioner” markalı səs gücləndiriciləri, avtomobilin salonunda olan 1 ədəd 20 manat dəyərində qara rəngli dəri gödəkçəni və həmin gödəkçənin cibində olan 35 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 555 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda yerləşən piyadalar üçün nəzərdə tutulmuş yer altı girişin sağ tərəfindəki dəmir boruya tros kilidlə bağlanmış vəziyyətdə Zərərçəkmiş şəxs2 məxsus üzərində 1 ədəd 65 manat dəyərində kuryerlik çanta olan 1 ədəd 420 manat dəyərində “Aster-26” markalı velosipedin tros kilidini üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir kəsən mişar aləti ilə kəsməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 485 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən ev alqı-satqısı ofisin divarına quraşdırılmış kondisionerin elektrik kabelinə tros kilidlə bağlanmış vəziyyətdə Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 500 manat dəyərində velosipedin tros kilidini üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir kəsən mişar aləti ilə kəsməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 500 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanın yaxınlığında saxlanılmış vəziyyətdə Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 200 manat dəyərində “Formula” markalı, 26 ölçülü velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 200 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 79 ünvanında yerləşən avtobus dayanacağının qarşısında saxlanılmış vəziyyətdə Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 170 manat dəyərində “Saft” markalı, 29 ölçülü velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 170 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində “Nərimanov Metrostansiyası”nın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki çıxışının yanında yerə bərkidilmiş dəmir boruya tros kilidlə bağlanmış vəziyyətdə Zərərçəkmiş şəxs6 məxsus üzərində 1 ədəd 50 manat dəyərində kuryerlik çanta olan 1 ədəd 250 manat dəyərində qara-qızılı rəngli markası olmayan velosipedin tros kilidini üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir kəsən mişar aləti ilə kəsməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 300 manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 03 radələrində ünvan 5 ünvanda yerləşən “McDonalds” restoranın arxasında, “Oksigen” Klinikasının qarşısında dəmir borulara tros kilidlə bağlanmış vəziyyətdə Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 650 manat dəyərində “Aist Rocky 1.0” markalı, təzə və saz vəziyyətdə olan velosipedin tros kilidini üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir kəsən mişar aləti ilə kəsməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 650 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində, Gənclik metrostansiyasının çıxışında yerləşən zibil qutusuna tros kilidlə bağlanmış vəziyyətdə Zərərçəkmiş şəxs8 məxsus üzərində elektrik motor quraşdırılmış 1 ədəd 850 manat dəyərində “İsma” markalı 26 ölçülü, velosipedin tros kilidini üzərində gəzdirdiyi istintaqa məlum olmayan dəmir kəsən mişar aləti ilə kəsməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 850 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 6 ünvanda yerləşən “Qədir-Xum” restoranının girişində saxlanılmış vəziyyətdə Zərərçəkmiş şəxs9 məxsus 1 ədəd 250 manat dəyərində “Toba 206” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 250 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin əvvəllərinə kimi “Bolt” şirklətində kuryerlik edib gündəlik qazandığı pulla öz ehtiyaclarını, eləcə də narkotik vasitələrə olan ehtiyacını ödəyirmiş. Lakin, borcu olduğu üçün öz velosipedini satmaq məcburiyyətində qalmışdır. Buna görə də gündəlik tələbatını ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər Nərimanov ərazisində kuryerlik etdiyi üçün buraları yaxşı tanıyırmış və bəzi kuryerlərin velosipedlərini sahibsiz saxlayıb restoranlara sifariş dalınca getdiklərini bilirmiş. Buna görə də qərara gəlmişdir ki, Nərimanov və Gənclik metrostansiyası ətrafında gözləsin, həmin ətraflarda yerləşən restoranlara sifariş götürməyə gələn kuryerlərin velosipedlərini oğurlasın. O, əlavə olaraq qeyd etmişdir ki, bəzi kuryerlər velosipedlərini tros kilidlə bağlayıb gedirmiş, buna görə də tros kilidləri kəsmək üçün dəmir kəsən mişar alıb sellofan torbada özü ilə gəzdirirmiş ki, uyğun yerdə bağlı velosiped görsə kəsib oğurlaya bilsin. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən piyadalar üçün nəzərdə tutulmuş yeraltı girişdən çıxan zaman girişin sağ tərəfindəki dəmir boruya tros kilidlə bağlanmış vəziyyətdə 1 ədəd Aster markalı velosipedi görmüş, əlində tutduğu sellofan torbadan dəmir kəsən mişar alətini çıxarıb velosipedin tros kilidini kəsmiş və velosipedi sürərək oradan uzaqlaşmışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə oğurladığı Aster markalı velosipedi Nizami rayonu ərazisində yerləşən “8-ci km” adlanan bazarda tanımadığı şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə piyada hərəkət edən zaman ev alqı-satqısı ofisin divarına quraşdırılmış kondisionerin elektrik kabelinə tros kilidinə bağlanmış 1 ədəd velosiped görmüş, əlində tutduğu sellofan torbadan dəmir kəsən mişar alətini çıxarıb velosipedin tros kilidini kəsmiş və velosipedi sürərək oradan uzaqlaşmışdır. Həmin gün oğurladığı markası olmayan velosipedi Nizami rayonu ərazisində yerləşən “8-ci km” adlanan bazarda tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə Gənclik metrostansiyası yaxınlığında dayanıb velosiped sürən kuryerlərin gəlməsini gözləyirmiş. Təxminən saat 16 radələrində bir nəfər kuryerin velosipedini McDonalds restoranı ilə üzbəüz yolun digər tərəfində, avtobus dayanacağının yanında saxlayıb piyada McDonalds restoranına getdiyini görmüşdür. Həmin kuryer restorana girib gözdən itdikdən sonra kuryerin “Formula” markalı velosipedinə minib tez sürərək oradan uzaqlaşmışdır. Daha sonra həmin velosipedi 8-ci km bazarında tanımadığı şəxsə 27 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa yenədə düşünmüşdür ki, velosiped oğurlayıb sataraq qazanc əldə edər. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə yenə də Gənclik metrostansiyası yaxınlığında dayanıb velosiped sürən kuryerlərin gəlməsini gözləyirmiş. Təxminən saat 18:30 radələrində bir nəfər kuryerin velosipedini McDonalds restoranı ilə üzbəüz yolun digər tərəfində sahibsiz yerdə saxlayıb piyada McDonalds restoranına getdiyini görmüşdür. Həmin şəxs restorana girib gözdən itdikdən sonra o, həmin kuryerin velosipedinə minib tez sürərək oradan uzaqlaşmışdır. Daha sonra həmin velosipedi də 8-ci km bazarına aparmış və tanımadığı şəxsə 105 manata satmışdır. Həmin velosiped Saft markalı velosiped olmuşdur. Əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində “Nərimanov Metrostansiyası”nın yeraltı girişindən çıxırmış. Həmin zaman yeraltı çıxışın yanında yerə bərkidilmiş dəmir boruya tros kilidlə bağlanmış markasız 1 ədəd velosiped görmüşdür. Əlində tutduğu sellofan torbadan dəmir kəsən mişar alətini çıxarıb velosipedin tros kilidini kəsmiş və velosipedi sürərək oradan uzaqlaşmışdır. Həmin gün oğurladığı markası olmayan velosipedi “8-ci km” adlanan bazarda tanımadığı şəxsə 40 manata satmışdır. Əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə gecə saat 03 radələrində Nərimanov metrostansiyası yaxınlığında yerləşən McDonalds restoranın arxasında, “Oksigen” Klinikasının qarşısına gəlib orada olan velosipedlərə baxmış, orada bir neçə velosiped dəmir borulara bərkidilmiş, onların içərisində sarı rəngli velosiped xoşuna gəlmişdir. Əlində tutduğu sellofan torbadan dəmir kəsən mişar alətini çıxarıb velosipedin tros kilidini kəsmiş və velosipedi sürərək oradan uzaqlaşmışdır. Həmin velosiped Aist Rocky markalı velosiped olmuşdur. Sabahı gün həmin velosipedi 8-ci km bazarında tanımadığı şəxsə 200 manata satmışdır. Əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində yenə də Gənclik metrostansiyasının F.X.Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən çıxışında olarkən qeyd etdiyi kuryerin motorlu velosipedlə gəlib velosipedi zibil qutusuna bağlayaraq piyada keçidə daxil olduğunu görmüş, bu vaxt sellofan torbada gəzdirdiyi dəmir kəsən mişarla həmin velosipedin tros kilidini kəsmiş və tez velosipedi sürüb oradan uzaqlaşmışdır. Nərimanov rayonu, Montin qəsəbəsinə gedib velosipedi satmaq istəsə də velosipedi sata bilməmişdir. O, da həmin velosipedi sürüb Nərimanov rayonu, A.Nemətulla küçəsinə gəlmiş və orada Qədir-Xum restoranının yanında açıq vəziyyətdə yaşıl rəngdə olan velosiped olduğunu görmüşdür. Buna görə də oğurladığı motorlu velosipedi orada ağaca söykəyib həmin yaşıl rəngli, üzərində “Toba” yazısı olan velosipedi oğurlayaraq sürüb uzaqlaşmışdır. Daha sonra tanışı Eynurla əlaqə saxlamış və Eynur ona telefonda demişdir ki, yaşadığı evdədir. O, oğurladığı Toba markalı velosipedlə Eynurun yaşadığı Bakıxanov qəsəbəsinə gedib həmin yaşıl rəngli velosipedi 35 manata Eynura satmışdır. Əldə etdiyi pulu isə yenə də öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən 35 nömrəli binanın qarşısında Zərərçəkmiş şəxs1 mülkiyyətində olan “VAZ-21013” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər hansı bir oğurluq etməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (videokonfrans vasitəsilə) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “VAZ-21013” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun şəxsi mülkiyyətindədir. Hər gün işlədiyi yerdən evə gələndə avtomobili Sabunçu rayonu, ünvan 7 ünvanının qarşısında olan dayanacaqda saxlayıb evə gedir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində avtomobili həmin ünvanda saxlayıb ev getmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində avtomobilin yanına gələrək görmüşdür ki, avtomobilin qabaq sol qapısı açıq vəziyyətdədir. Avtomobilin salonuna nəzər saldıqda görmüşdür ki, avtomobilinə quraşdırdığı 1 ədəd 200 manat dəyərində “Delfin” markalı maqnitafon, hər biri 75 manat olmaqla 4 ədəd ümumi dəyəri 300 manat təşkil edən “Pioner” markalı səsgücləndiricilər, 1 ədəd 20 manat dəyərində qara rəngli gödəkçə və həmin gödəkçənin cibində 35 manat nağd pulu naməlum şəxs tərəfindən oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 555 manat ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisədən təxminən 2 il əvvəl “Bolt Food” şirkətində kurver kimi çalışmağa başlamış, bunun üçün təxminən aylıq 45 manat ödəmək şərti ilə 420 manata 26 ölçülü, “Aster” markalı velosiped almışdır. Velosipedlə sifarişləri çatdırıb qazandığı pul ilə həm evə köməklik edir, həm də velosipedin pulunu ödəyirmiş. Hər axşam işdən sonra velosipedini və çantasını Nərimanov metrostansiyasının Ə.Rəcəbli küçəsində yerləşən çıxışında tros kilidlə işıq dirəyinə bağlayıb evə gedirmiş. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində işdən çıxıb velosipedini və kuryerlik çantasını tros kilidlə qeyd etdiyi yerdə işıq dirəyinə bağlayıb kirayə yaşadığı Nərimanov rayonu, Arif Heydərov küçəsində yerləşən evinə getmiş, səhər saat 12 radələrində işə gedərkən velosipedinin və çantasının Nərimanov metrosunun qarşısında olmadığını görmüşdür. O, dərhal 102 xidməti-zəng mərkəzinə şikayət etmiş və hadisə barədə məlumat vermişdir. Daha sonra 18-ci PŞ-yə gedib hadisə barədə izahat vermişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hər gün işə özünə məxsus olan 1000 manata aldığı, hazırda markasını xatırlamadığı velosipedlə gedirmiş və velosipedi ofisin divarına quraşdırılmış kondisionerin elektrik kabelinə tros kilidlə bağlayırmış. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində velosipedlə işə gəlmiş və velosipedi ofisin divarına quraşdırılmış kondisionerin elektrik kabelinə tros kilidlə bağlamışdır. Təxminən saat 14 radələrində piyada nahar yeməyinə getmişdir. Saat 15 radələrində geri qayıdarkən görmüşdür ki, velosipedinin tros kilidi kəsilmiş və velosipedi oğurlanmışdır. O, dərhal DİN-in 102 xidmətinə məlumat vermiş, daha sonra isə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə gedərək hadisə barədə ərizə yazmışdır. Velosipedinin oğurlanması nəticəsində ona 500 manat maddi ziyan dəydiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs3 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Tap.Az” saytından 170 manata “Saft” markalı velosiped almış və mart ayından etibarən “Wolt” şirkətində kuryer kimi çalışmağa başlamışdır. Belə ki, Nərimanov və Gənclik metrostansiyası ətrafında olan sifarişləri qəbul edib ünvanlara çatdırırmış. xx.xx.2023-cü il tarixdə saat 18:25 radələrində McDonalds restoranından sifariş daxil olmuş və Gənclik metrostansiyası yaxınlığında olduğundan sifarişi qəbul edib həmin McDonaldsa yaxınlaşmışdır. İdarə etdiyi velosipedi McDonaldsla üzbəüz yolun digər tərəfində saxlayıb piyada yolu keçərək McDonalds restoranına girmiş, restorandan sifarişi götürüb geri qayıtdıqda velosipedinin yerində olmadığını, oğurlanmış olduğunu aşkar etmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş və daha sonra Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə gedib hadisə barədə ərizə və izahat yazmışdır. Velosipedinin oğurlanması nəticəsində ona 170 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2019-cu ildə “İsma” velosiped mağazasından 300 manata “İsma” markalı velosiped almış və 2020-ci ilin mart ayında həmin velosipedə 700 manata elektrik motoru qoşdurmaqla “Volt” şirkətində kuryer kimi çalışmağa başlamışdır. Kuryer kimi gün ərzində 40-50 manat pul qazanıb ailəsini dolandırırmış. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Gənclik Mail Ticarət mərkəzində yerləşən “Friday” adlı restorandan yemək sifarişi daxil olmuşdur, ö, həmin sifarişi qəbul etmiş və idarə etdiyi velosipedlə “Gənclik Mall”la üzbəüz Gənclik metrostansiyasının çıxışına gəlib velosipedini orada quraşdırılmış zibil qutusuna tros kilidlə bağlamış və qəbul etdiyi sifarişi götürmək üçün “Gənclik Mall”a getmişdir. Sifarişini götürüb təxminən saat 20:30 radələrində geri qayıtdıqda velosipedin yerində olmadığını, tros kilidin kəsildiyini və velosipedinin oğurlanmış olduğunu aşkar etmişdir. Buna görə də yaxınlıqda yerləşən Nərimanov RPİ-nin 16-cı Polis bölməsinə gedib hadisə barədə ərizə və izahat yazmışdır. Velosipedinin oğurlanması nəticəsində ona ümumilikdə 850 manat maddi ziyan dəydiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs8 ona vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Qalib oğlu, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Qalib oğlunun, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, 8-ci km bazarında meyvə-tərəvəzdə satıcı işləyir. Təxminən 2 həftə əvvəl günorta saat 13 radələrində bazarda polkanın arxasında dayanıb meyvə-tərəvəz satırmış. Bu vaxt bir nəfərin polkanın qarşısından keçərkən velosiped satdığını eşitmişdir. Həmin şəxsi əvvəllər tanımasa da, sonradan adının Babək olduğunu öyrənmişdir. Söhbət zamanı Babək əlindəki qara-qızılı rəngli velosipedi 50 manata satdığını demişdir. Daha sonra 40 manata razılaşmış və ondan velosipedin oğurluq olub-olmadığını soruşmuş, Babək isə ona velosipedin oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Babəkin özünü sərbəst aparmasına və sərbəst danışmağına inanıb velosipedi ondan almışdır. xx.xx.2023cü il tarixdə polis əməkdaşları ona zəng edərək velosipedin oğurluq olduğunu bildirmişlər və o, da könüllü olaraq həmin velosipedi polisə gətirərək təhvil vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 7-8-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən “Kiosk” məntəqəsinin sol tərəfində yerləşən dəmirdən olan zibil qutusunun yanıdır. Cinayət işinin İ cildinin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Könüllü təqdim etmə və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində oğurladığı 01 ədəd “İsma” markalı velosipedi təqdim etdiyindən həmin velosipedə baxış keçirilib şəkillər çəkildikdən sonra bu barədə protokol tərtib edilib materiala əlavə olundu. Cinayət işinin İ cildinin 19-20-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanıdır. Yaxınlıqda avtobus dayanacağı, iaşə obyektləri, restoran və aptek fəaliyyət göstərir. Cinayət işinin İ cildinin 31-32 vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanın qarşısıdır. Cinayət işinin İ cildinin 99-100-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 126-127-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 10 ünvanında yerləşən “Oxsigen” adlı klinikanın qarşısındakı dayanacaqdır. Cinayət işinin İ cildinin 150-151-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvandır. Cinayət işinin İ cildinin 196-200-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2023-cü il tarixli, 4(005)-607/2023 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 27 aprel 2023-cü il tarixdən saat 16:30-dan hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 204-cü vərəqində olan Zərərçəkmiş şəxs8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ona məxsus olan oğurlanmış “İsma” markalı velosipedi saz, işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin İ cildinin 215-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Əşyanın götürülməsi barədə” protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ona satmış olduğu Zərərçəkmiş şəxs9 məxsus 01 ədəd “Toba 209” markalı velosipedi istintaqa təqdim etmiş və müstəntiq tərəfindən götürülmüşdür. Cinayət işinin İ cildinin 218-ci vərəqində olan Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ona məxsus 01 ədəd “Toba 209” markalı velosipedi saz, işlək vəziyyətdə təhvil almışdır. Cinayət işinin İ cildinin 220-222-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin İ cildinin 231-232-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 13 ünvanında yerləşən ev alqı-satqı ofisinin qarşısıdır. Cinayət işinin İİ cildinin 8-9-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3 ünvanının qarşısıdır. Cinayət işinin İİ cildinin 50-54-cü vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müdətinin əvvəlinin 06 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 67-70-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 16 ünvanının qarşısıdır. Cinayət işinin İİ cildinin 103-cü vərəqində olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 113-cü vərəqində olan “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində göstərə biləcəyini bildirmiş və həmin əraziyə getmək lazım olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə Nizami rayonu, Qara Qarayev prospektinə getmişlər. Həmin ərazidə yerləşən “TECH CENTER” elektronika mağazasına yaxınlaşıb maqnitafon və səs gücləndiricini həmin yerdə işləyən sonradan adı ona məlum olan Emin adlı şəxsə 25 manata səs gücləndiricini, 5 manata isə maqnitafonu satdığını demişdir. Cinayət işinin İİ cildinin 131-ci vərəqində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 133-134-cü vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 154-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 9/4125 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəllərdə göstərilən velosipedlərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: -bir ədəd xx.xx.2023-cü il tarixdə işlənmiş vəziyyətdə alınmış, “Formula” markalı, 26 ölçülü velosiped - 140,00 manat; -bir ədəd xx.xx.2023-cü il tarixdə işlənmiş vəziyyətdə alınmış, “Saft” markalı, 29 ölçülü velosiped (fotocədvələ əsasən) - 120,00 manat; -bir ədəd xx.xx.2023-cü il tarixdə təzə, saz vəziyyətdə alınmış “Aist Rocky 1.0” markalı velosiped -400,00 manat; -bir ədəd 2019-cu il avqust ayında təzə vəziyyətdə alınmış “İsma” markalı, üzərində elektrikli motor quraşdırlmış velosiped (fotocədvələ əsasən) - 180,00 manat, həmin velosipedin üzərində olan motorun markası, modeli, istehsal yeri barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır; -bir ədəd xx.xx.2023-cü il tarixdə işlənmiş vəziyyətdə alınmış, saz vəziyyətdə “Toba” markalı velosiped (fotocədvələ əsasən) – 170,00 manat. Cinayət işinin İİ cildinin 162-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 27 may 2023-cü il tarixli, 1486 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Cinayət işinin İİ cildinin 190-208-ci vərəqələrində olan “Sübutların qiymətləndiriləsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 məxsus 1 ədəd “Toba” markalı, Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd elektrik motorlu “İsma” markalı və Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd markası olmayan velosipedlərin iş üzrə cinayət hadisəsinin predmeti hesab edildiyindən maddi sübut kimi tanınması və həmin velosipedlərin sahiblərinə geri qaytarılmalarının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs8 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmşdır. Ona vurulmuş ziyan ödənilmişdir. Ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmşdır. Ona vurulmuş ziyan ödənilmişdir. Ona qarşı heç bir iddiası, şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs bir epizod üzrə törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CMnin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun cəzadan azad edildiyi gündən, yəni 06 noyabr 2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində törətmiş və həmin əməlləri törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsnin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin əvvəlinin 27 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs9 məxsus 1 ədəd “Toba” markalı, Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd elektrik motorlu “İsma” markalı və Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd markası olmayan velosipedlərin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs9 məxsus 1 ədəd “Toba” markalı, Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd elektrik motorlu “İsma” markalı və Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd markası olmayan velosipedlərin sahiblərinə geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 65 (altmış beş) iş saatına görə 390 (üç yüz doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar