Məhkəmə qərarları › İş №1(005)-39/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-39/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-39/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Gürcüstan Respublikasından avtomobil gətirmək imkanının olmasına dair həqiqətə uyğun olmayan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs "Opel Astra" markalı avtomobil gətirəcəyinə dair yalan vədlər verib, O.Əmiraslaııovun etibarından sui-istifadə edərək, bu məqsədlə 2023-cü ilin mart ayında ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qarşısında 5000 manat və yenidən 2023-cü ilin mart ayında ünvan 4 ünvanında yerləşən ’‘Ulduz" metrostansiyasının qarşısında 1300 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6300 (altı min üç yüz) manat pulunu alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən 6300 (altı min üç yiiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, təxminən 2 ildir ki tanıyır. Onlar "Ulduz'' m/s-nın yaxınlığında yerləşən kafelərin birində digər taksi sürücüləri ilə birlikdə əyləşdiyi zaman tanış olmuşlar. 2023-cü ilin mart ayında Əsəd ona müraciət edərək özü üçün Gürcüstan Respublikasından "Opel Astra" markalı avtomobil gətirmək istədiyini bildirmiş, o da sonuncuya oradan 15-20 gün ərzində avtomobil gətirə biləcəyini deyərək bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. Bundan sonra onlar avtomobil bazarına getmişlər və Əsəd orada özünə məxsus “Chevrolet Aveo" markalı avtomobili 5400 manat satmış, bundan sonra onlar Nərimanov rayonu “Ulduz" m/s qarşısına gəlmişlər və orada sonuncu ona taksi avtomobilində əyləşdikləri zaman 5000 manat pul vermişdir. Bir neçə gün sonra ona məxsus avtomobilin mühərriki nasaz olduğundan o, Əsəddən maddi köməklik istəmiş, sonuncu da köməklik edərək ona avtomobilinin təmiri üçün 1300 manat pul vermişdir. Həmin pulu Əsəd ünvan 5 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Omlak Xidmətləri Məkanının binasında yerləşən bankomatdan çıxararaq həmin binanın qarşısında ona vermiş və bildirmişdir ki. həmin pulu kredit kartı hesabından götürdüyünə görə üstünə faiz gələcəkdir. O da sonuncuya bildirmişdir ki narahat olmasın, pulu faizi ilə birlikdə qaytaracaq, Həmin ərəfədə onun digər ölkədən Gürcüstan Respublikasına gətirdiyi avtomobillər 2 aydan artıq Gürcüstanda qaldıqlarına görə cərimə ödəməli olmuş və Əsədin verdiyi puldan təxminən 1600 manat pul ilə cərimə ödəmişdir. Bundan sonrakı vaxtlarda da onun müxtəlif şəxsi problemləri olmuş, Əsədin verdiyi pulun qalan hissəsini də həmin problemlərin həllinə xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən 6300 manat ziyanı tam, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Ceyhun adlı şəxsi o 2021ci ildə tanımışdır. Sonuncu ilə o, taksi sürücüsü olaraq dayanıb müştəri gözlədiyi yer olan “Ulduz" m/s-nın yaxınlığında yerləşən kafelərin birində digər taksi sürücüləri ilə birlikdə əyləşdiyi zaman tanış olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, Ceyhun bəzi taksi sürücüləri üçün Gürcüstan Respublikasından avtomobil gətirilməsində köməklik etmişdir. 2023-cü ilin mart ayında o da özü üçün Gürcüstan Respublikasından avtomobil gətirmək fikrinə gəlmiş və bununla bağlı Ceyhuna müraciət etmiş, sonuncu da ona oradan 10 gün ərzində avtomobil gətirə biləcəyini bildirərək bunun üçün 5000 manat pul lazım olduğunu demişdir. Bundan sonra onlar avtomobil bazarına getmişlər və o, orada özünə məxsus avtomobili 5400 manata satmışdır, bundan sonra onlar Nərimanov rayonu "Ulduz" m/s qarşısına gəlmişlər və burada o, sonuncuya 5000 manat pul vermişdir. Bir neçə gün sonra Ceyhun bildirmişdir ki, avtomobil üçün əlavə olaraq 2000 manat pul lazımdır, lakin o sonuncuya özünə məxsus “Kapital Bank" ASC-nin “Birbank" kredit kartı hesabından cəmi 1300 manat pul çıxara biləcəyini dedikdən sonra Ceyhun həmin pulun kifayət edəcəyini bildirmiş və onlar birlikdə ünvan 6 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının inzibati binasının qarşısına gəlmişlər, orada Ceyhun avtomobilini yolun kənar hissəsində saxlayaraq avtomobildə onu gözləmiş və o qeyd etdiyi binaya daxil olaraq orada olan bankomat vasitəsi ilə öz kart hesabından 1300 manat pulu nağdlaşdırıb geri qayıtmışdır. O, avtomobilə əyləşdikdən sonra 1300 manat pulu Ceyhuna vermiş, sonuncu da həmin pulu orada yerindəcə sayıb cibinə qoymuşdur. Bundan 10 gün sonra o, Ceyhundan məsələnin nə yerdə olduğunu soruşduqda sonuncu əvvəlcə yaxın qohumunun yas mərasimi olduğundan biraz gözləməsini xahiş etmişdir. Bundan sonra isə, hazırkı vaxtadək həmin şəxs müxtəlif bəhanələrlə avtomobilin gətirilməsi məsələsini uzatmağa davam etmişdir. Sonda o, sonuncunun hərəkətsizliyini görüb sonuncudan verdiyi pulu geri tələb etməyə başlamış, sonuncu isə hər dəfə pulunu qaytaracağını deməklə pulun qaytarılması məsələsini də uzatmağa başlamışdır. O da həmin şəxsin onu aldatdığını başa düşərək polisə müraciət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, ona dəyən ziyanı ödəyərək sonuncunun ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş: İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq; "xxxx" ASC-nin ADM Baş Ofis filialının xx.xx.2024-cü il tarixli, 14634 nömrəli, xx.xx.2025-ci il tarixli, 15549 nömrəli və xx.xx.2025-ci il tarixli, 27376 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 dəymiş zərərin 25 faizi, yəni 1.575 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona vurulmuş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini (6300 manat-25 faizi 1.575 manat), prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. CPM-in 175.5-ci maddəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar