Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-390/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Nəcəfzadə Samirə Yusif qızının, müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nəbiyev Xalid Həmdi oğlunun, təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Hümbətəliyev Orxan Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hümbətəliyev Orxan Şahin oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 8,582 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 29 aprel 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Hümbətəliyev həmin gün saat 19:50-də Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 7/23 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2da yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 8,582 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 3,899 qram və 4,683 qram olmaqla iki ədəd bükümdə əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Hümbətəliyev Orxan Şahin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 28 aprel 2022-ci il tarixdə yaşadığı ünvana yaxın ərazidə yerdən 02 ədəd bükümdə narkotik vasitə olan heroin tapıb cibinə qoyub üzərində gəzdirməyə başlamışdır. 29 aprel 2022-ci il tarixdə saat 19:50 radələrində Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 7/23 ünvanının yaxınlığında olduğu zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, sol yan cibindən “İphone” markalı mobil telefonu və 45 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd bükümə baxış keçirilmiş, 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Sonda təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlu əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Yaqubov Tərlan Əlibaba oğlu ifadəsində göstərmişdir ki, 29 aprel 2022-ci il tarixdə Baş İdarəyə Hümbətəliyev Orxan Şahin oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Orxan Hümbətəliyevin cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən Orxan Hümbətəliyev 29 aprel 2022-ci il tarixdə, 19:50-də Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 7/23 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Orxan Hümbətəliyevə hüquq və vəzifələri izah edilərək o vəkillə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Orxan Hümbətəliyevi bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlsri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Orxan Hümbətəliyev üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 45 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Orxan Hümbətəliyevin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Orxan Hümbətəliyev təqdim etdiyi sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Orxan Hümbətəliyevin üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümə baxış keçirilmiş, bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Orxan Hümbətəliyevin üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə daşıdığından bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, aşkar edilmiş 45 manat pul saxlanılan şəxsin özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Orxan Hümbətəliyev üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini bu gün səhər saatlarında yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Əliyev Şamil Sultan oğlu digər şahid Yaqubov Tərlan Əlibaba oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Hümbətəliyev Orxan Şahin oğlu 29 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 29-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Hümbətəliyev Orxan Şahin oğluna paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Orxan Hümbətəliyev üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu və 45 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Orxan Hümbətəliyevin üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Orxan Hümbətəliyev təqdim etdiyi sellofan bükümlərdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Orxan Hümbətəliyevin üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümə baxış keçirilmişdir. 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesfik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Orxan Hümbətəliyevin üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Aşkar edilmiş 45 manat pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Orxan Hümbətəliyev üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini bu gün səhər saatlarında yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxlayıb daşıdığını bildirdi. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2022-ci il tarixli, 6/2491 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər №6”-li dairəvi möhür əksi və “Hümbətəliyev Orxan Şahin oğlundan aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,899 qr və 4,683 qr, ümumi təmiz çəkisi 8,582 qram tünd qəhvəyi rəngli maddələr əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 61-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsinin Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamaya dair xx.xx.2022-ci il tarixli, 2193 nömrəli rəyindən görünür ki, müayinə zamanı Hümbətəliyev Orxan Şahin oğlunda opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-85-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-506/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hümbətəliyev Orxan Şahin oğlunun barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Hümbətəliyev Orxan Şahin oğlunun cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 4 (dörd) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 29 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 86-87-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş 8,582 qram çəkidə narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və tədqiqatdan sonra qalıq qalan bir ədəd kağız paketdə 8,482 qram çəkilərdə narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatlı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 103-105-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hümbətəliyev Orxan Şahin oğlu əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizmai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 ay 09 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2017-ci il tarixdə sınaq müddəti başa çatmışdır. Cinayət işinin 106-111-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 1(005)-71/2016 saylı hökmündən görünür ki, Hümbətəliyev Orxan Şahin oğlunun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzaçəkməsinin əvvəlinin 18 yanvar 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 112a-ci vərəqində olan Rusiya Federasiyası 24 saylı Moskva VVAQ orqanı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, X-МЮ 769146 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Hümbətəliyev Şahin Orxanoviçin atası kimi Hümbətəliyev Orxan Şahin oğlu, anası kimi isə Rəhimova Günay Şəmsəddin qızı göstərilmişdir. Cinayət işinin 113-120-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, cinayət işinin materiallarına əlavə olunmuş Hümbətəliyev Orxan Şahin oğlunun üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Hümbətəliyev Orxan Şahin oğlunun üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Hümbətəliyev Orxan Şahin oğlunun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 8,582 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Hümbətəliyev Orxan Şahin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlu barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Hümbətəliyev Orxan Şahin oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Hümbətəliyev Orxan Şahin oğluna Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan - Hümbətəliyev Orxan Şahin oğlunun üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Hümbətəliyev Orxan Şahin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nəbiyev Xalid Həmdi oğluna məhkəmədə iştirak etdiyi 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Hümbətəliyev Orxan Şahin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hümbətəliyev Orxan Şahin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 aprel 2022-ci il tarixdən hesablansın. Hümbətəliyev Orxan Şahin oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hümbətəliyev Orxan Şahin oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 8,482 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Hümbətəliyev Orxan Şahin oğlunun üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 114 (yüz on dörd) manat Hümbətəliyev Orxan Şahin oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Nəbiyev Xalid Həmdi oğlu tərəfindən təqsirləndirilən şəxs Hümbətəliyev Orxan Şahin oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 12 (on iki) iş saatına görə 72 (yetmiş iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-390/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-390/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver