Məhkəmə qərarları › İş №1(005)-391/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-391/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-391/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X7 küçəsi, dalan 3-də yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu halında 03 aprel 2025-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanında yerləşən “Bazar Store” super marketin qarşısından X2 mülkiyyətində olan faktiki olaraq baş etibarnamə əsasında Zərərçəkmiş şəxs sahibliyində olmaqla, sonuncuya məxsus “VAZ-2121” Niva markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Ağa çayçı” adlı kafedə oturub yemək yeyərək spirtli içki olan 200-250 qram araq içdiyini, həmin gün saat təxminən 18-30 radələrində o, kafedən çıxıb Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “BazarStore” adlı marketin arxa hissəsindən keçən zaman orada ağ rəngli “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yan şüşəsinin aşağı vəziyyətdə olduğunu görüb avtomobilə yaxınlaşmış və avtomobilin açığ olduğunu görmüşdür.Buna görə də, ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısını ehmalca olaraq açaraq, sükanın arxasına əyləşib mühərriki işə salaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən polis postdan keçən zaman polis əməkdarı ona idarə etdiyi “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlama işarəsi vermişlər. Buna görə də, o, avtomobili yolun kənarına verib saxlamış və orada polis əməkdaşları onun “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığını müəyyən etdikləri üçün onu ərazi üzrə Sabunçu RPİ-nin 42-ci PB-nə təhvil vermişlər. Orada onu həkim müayinəsindən keçirmişlər və əvvəllər narkotik vasitə istifadə etdiyi üçün o, Sabunçu rayon məhkəməsinin qərarı ilə 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün azadlığa buraxılmışdır. O, Zərərçəkmiş şəxs əvvəllər çay evində görüb tanısa da, qaçırmış olduğu “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu bilməmiş, sadəcə onu uzdən gördüyünü, onunla heç bir münasibətinin, ünsiyyətinin, ədavətinin, düşmənçiliyinin olmadığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Niva” markalı, 06- BG-193 dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs xəbərsiz götürüb idarə etməkdə məqsədi yaşadığı ünvana getmək istəməsi olduğunu, bundan başqa onun heç bir niyyətinin olmadığını, yəni avtomobili oğurlamaq, onun ehtiyyat hissələrini talamaq, kiməsə vermək və sair məqsədi və niyyətinin olmadığını bildirmişdir. Onun sürücülük vəsiqəsi olsa da, “Niva” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək icazəsi olmadığını, avtomobili qaçırdıqdan sonra onu asfalt üzərində sürdüyünü, avtomobilin yan güzgüləri, qabaq qənəd hissə, qabaq sol tərəfin əzilməsi, ehtiyyatsızlqdan harasa toxunduğunu xatırlamadığı şəraitdə olduğunu demişdir. Hazırda, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəyən ziyanı tam olaraq ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2 il bundan əvvəl VAZ-2121 markalı **-BG-*** dövlət nömrə nişanlı ağ rəngli avtomobili tanıdığı X1 5000 manat pul müqabilində, onlayn notariat qaydasında baş etibarnamə əsasında aldığını və avtomobili özü idarə etmişdir. 03 aprel 2025-ci il tarixdə 19 radələrində Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən “Bazar Store” super marketin sol tərəfində “Niva” markalı avtomobilini saxladığını və avtomobilin qapılarını bağlamadan, qabaq qapısının şüşəsini aşağıya endirilmiş vəziyyətdə qoyub marketə yollandığını, siqaret alıb qayıdıb avtomobili sürüb gedəcəyini demişdir. Avtomobildə o, tək olduğunu, təxminən 5 dəqiqə sonra marketdən bayıra çıxdığını, avtomobilinə əyləşib sürüb getmək istədiyini, lakin avtomobilinin marketin solunda olmadığını və kənara baxanda təxminən 10-15 metr aralıda avtomobilinin kiminsə sürüb apardığını və yolun hərəkət hissəsinə girib qoşa xətti keçərək Montin istiqamətinə tərəf istiqamətləndiyini demişdir. O, dərhal bu barədə 102 xidmətinə məlumat verdiyini, sonra o, Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedib təhqiqatçıva ərizə və izahat verdiyini demişdir. Həmin günün axşamı saat 21 radələrində 17-ci PŞ-dən avtomobilinin Sabunçu rayonu Nardaran ərazisində 42-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı və maşının polis şöbəsinin həyətində olduğu barədə məlumat verildiyini demişdir. O, səhəri günü Sabunşu RPİ-nin 42-ci PŞ-nə getdiyini və orada avtomobilini görüb tanıdığını, avtomobilə baxanda, avtomobilin qabaq sol tərəfinin əzildiyini, sağ tərəfdən isə qabaq hissənin qənədinin və qapısının əzildiyini, iki yan güzgülərin əzildiyini, avtomobilin hissələrini yoxladıqda isə, avtomobilin körpü hissəsinin sıradan çıxdığını, avtomobilin içərisində heç bir qiymətli əşyası olmadığını və heç nəyin oğurlanmadığını bildirmişdir. Avtomobili qaçırmış şəxsində də orada olduğunu və o, onu ilk dəfə orada gördüyünü və orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğnun məlum olduğunu, onun sərxoş halda avtomobilini “Bazar Storc" sübermarketin qarşısından qaçırdığını və yolda Yol Polisi tərəfindən saxlanılaraq polis şöbəsinə gətrildiyini bildiyini demişdir. O, həmin şəxsi əvvəllər tanımadığını, onunla heç bir əlaqəsi və ünsiyyətinin olmadığını demişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını, iş üzrə icraata xitam verilməsi barədə bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 və Şahid2 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 03 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Bazar Store” mağazasının qarşısıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. 12 may 2025-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokol”dan görünür ki, nəqliyyat vasitəsinə baxış keçirilmiş, fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş və avtomobil saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 21 iyun 2025-ci il tarixli, 2844 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir. Onun əməli AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsin 04 iyun 2025-ci il tarixli, 3338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 07 iyul 2025-ci il tarixli, 31-361/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, “VAZ 2121” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2025-ci ilin 03 aprel tarixə dəyəri 3000 manat, eləcə də avtomobilin sıradan çıxmış və əzilmiş ehtiyat hissələrinin pərakəndə satış qiyməti təmir xərcləri ilə birgə 550 manat təşkil edir. “İfadənin yerində yoxlanılması haqqında” 08 iyul 2025-ci il tarixi protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əyani olaraq hadisə yerində də göstərərək təsdiq etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 28 avqust 2025-ci il tarixli qərardan görünür ki, “VAZ 2121” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1 maddəsinə əsasən –bu məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73-1.2. Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut “VAZ 2121” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasına əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub "xxxx" MMC-nin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçilərə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən Bakı şəhəri «De Fendo» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut “VAZ 2121” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub "xxxx" MMC-nin (VÖEN: **********, hesab №AZN: AZ77AİİB400600C**********218, X6 ASC Bravo 3 filialı, VÖEN **********, müxbir hesabı AZ37NABZ******************** filialın kodu 201296 SWİFT kod AİİBAZ2XXXX) hesabına ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar