Məhkəmə qərarları › İş №1(005)-393/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-393/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-393/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, deməsinə görə ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə ayrılıqda çəkiləri 3,049 qram və 2,792 qram olmaqla ümumilikdə 5,841 qram çəkidə psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 aprel 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 19:46-dan üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı iki ədəd bükümlərdə ayrılıqda çəkiləri 3,049 qram və 2,792 qram olmaqla ümumilikdə 5,841 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 aprel 2021-ci il tarixdə bazarlıq etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində fəaliyyət göstərən “Tovuz” marketə getmişdir. Alış-veriş etdikdən sonra marketdən çıxmış və evə yollanmışdır. Evə gedərkən marketin yanında olan ağacların birinin altında bir ədəd sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbanı götürmüş və içərisinə baxdıqda içərisində iki ədəd sellofan bükülünün və bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Mütəmadi olmasa da, bir neçə dəfə psixotrop maddə metamfetamindən istifadə etdiyi üçün bükümlərə baxdıqda içərisində psixotrop maddə metamfetaminin olmasını dərhal anlamışdır. İlk öncə həmin bükümləri heç kəsin əlinə keçməsin deyə atmaq istəmişdir. Lakin, sonradan düşünmüşdür ki, bükümləri götürsün və idman etdikdə ağrıları olarsa az-az istifadə etsin. Buna görə də həmin bükümləri əynindəki şalvarın cibinə qoymuşdur. Lakin, həmin bükümlərdən istifadə edə bilməmişdir. Ailə üzvlərinin onun psixotrop maddə metamfetamin istifadə etməsindən xəbərləri olmadığı üçün həmin bükümləri cibində saxlamışdır. 28 aprel 2021-ci il tarixdə saat 17-18 radələrində şəxsi işləri ilə əlaqədar ünvan 4 ünvanının yaxınlığına getmişdir. Orada olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət olunmuşdur. Daha sonra videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. İlk növbədə ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Həmin təklifdən sonra o, əynindəki şalvarın cibindəki mobil telefonu, pulu və iki ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra üzərinə əlavə baxış keçirilsə də, üzərindən başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. O, təqdim etdiyi bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu və onu yerdən tapdığını bildirmişdir. Bükümlərə baxış zamanı onların içərisində psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu məlum olmuş, həmin bükümlər qablaşdırılaraq möhürlənmişdir. Göstərilən hallarla bağlı protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Yekunda əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat raportla məruzə edildikdən sonra onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs ünvan 4 ünvanının yaxınlığında olması qeyd edilmişdir. Onlar 28 aprel 2021-ci il tarixdə saat 17-18 radələrində Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 4 ünvanının yaxınlığına gedərək əməliyyat mövqeyi seçib gözləməyə başlamışlar. Həmin gün saat 18:00 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət edilmiş və sonuncunun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd mobil telefonu, pulu və iki ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, sonuncunun üzərindən başqa hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu və onu bir gün əvvəl yaşadığı Böyükşor qəsəbəsi ərazisindən tapdığını bildirmişdir. Bükümlərə baxış zamanı onların içərisində psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs da digər iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığı üçün imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbər verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunarkən məlum oldu ki, o, iş üzrə digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” 28 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X3, əməliyyat müvəkkilləri Şahid1, Şahid2, müdafiəçi Bakı şəhəri “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. İdarəyə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması bildirilmişdir. Alınmış məlumat barədə BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 28 aprel 2021-ci il tarixli qərar çıxarılmış və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 18:00-da Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən ünvan 4 ünvanının yaxınlığında saxlanılmışdır. Saxlanıldığı zaman anket məlumatları soruşulduqda özünü təqdim etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarənin inzibati binasına dəvət edilmişdir. Səxsi axtarış və götürmə 28.04.2021-ci il tarixdə saat 19:46-da “Sony” markalı telefon aparatı vasitəsilə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanıldı. Saxlanılan şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla tanış edildi, onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirildi və ona paltarında, əşyalarında və ya bədənində olması qadağan edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində göy rəngli cins şalvarın sol cibindən 01 ədəd mobil telefon və pul vəsaiti, habelə əynində olan şalvarın sağ cibindən 02 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etdi, şəxsin üzərinə şəxsi axtarış keçirildi, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmadı. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və bükümlərə baxış keçirilməsinə başlandı. Şübhəli şəxs həmin bükülülərin içində psixotrop maddə olan metamfetamin olduğunu və onu 1 gün əvvəl Böyükşor qəsəbəsi ərazisindən tapdığını dedi. Bükümlərə baxış zamanı şəffaf sellofana bükülü halda olmaqla içində psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olduğu məlum oldu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim edilməsi üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qaşdırılaraq DİN-in 6 saylı möhürü ilə möhürləndi və Təqsirləndirilən şəxs iştirakçılarla həmin qablaşdırmanın üzərinə imza etdilər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 6/1715 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,049 qram və 2,792 qram; ümumi təmiz çəkiləri 5,841 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindır. 02 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 109,9 (yüz doqquz manat doxsan qəpik) manatdır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-423/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 may 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında 05 iyul 2021-ci il tarixli, 2175 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmiş və onun cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,761 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu “DVD” diskə məhkəmə istintaqı zamanı aparılan baxış zamanı müəyyən edildi ki, 28 aprel 2021-ci il tarixdə saat 19:46-da şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sol cibindən bir ədəd mobil telefonu və pul vəsaitini, habelə həmin şalvarın sağ cibindən iki ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Şübhəli şəxsin üzərinə baxış keçirilmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Şübhəli şəxs təqdim etdiyi bükülülərin içərisində psixotrop maddə metamfetamin olduğunu və onu bir gün əvvəl yaşadığı Böyükşor qəsəbəsi ərazisindən tapdığını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 5,841 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 132978 nömrəli doğum haqqında şəhadətnamənin surəti); yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Nərimanov rayonu MKTB 55 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14.08.2021-ci il tarixli xasiyyətnamə). İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş metamfetaminin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 5,761 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar