Məhkəmə qərarları › İş №1(005)-395/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-395/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-395/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 13D-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri «Papanin» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 0,237 qram olan narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 20 aprel 2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanın qarşısında olarkən Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən narkotik vasitə təsiri altında olmasında şübhəli bilindiyindən saxlanılaraq 16-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasının xidməti otaqlarının birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi - 0,237 qram olan narkotik vasitə heroin onun əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə səhər saatlarında o, özü üçün narkotik vasitə əldə etmək qərarına gəlmiş və buna görə əvvəllər bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə aldığı «Papanin» adlanan əraziyə gəlmiş və həmin vaxt bir nəfər üzdən tanıdığı, lakin hər hansı anket məlumatlarını bilmədiyi şəxsi görüb, ondan 10 manat müqabilində bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin heroinin bir hissəsini istifadə etdikdən sonra, qalan hissəni bir ədəd bükümdə əynində olan cins şalvarının sağ yan kiçik cibinə qoyub saxlamışdır ki, sonradan istifadə etsin. Bundan sonra, o, həmin gün saat 12 radələrində Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 43 saylı ünvanla hərəkətdə olduğu zaman onu mülki geyimdə olan 2 nəfər şəxs saxlayaraq, özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. O, isə həmin vaxt özü narkotik vasitə istifadəçisi olduğundan və həmçinin üzərində narkotik vasitə olduğuna görə polis əməkdaşlarının onu ifşa etməsindən qorxduğu üçün həyacanlanmış və onlara nə deyəcəyini bilməmişdir. Həmin zaman isə polis əməkdaşları onun bu kimi davranışından şübhə edərək, onu polis bölməsinə dəvət etmişlər. O da artıq etiraz etməmiş və polis əməkdaşları ilə 16-cı polis bölməsinə gəlmişdir. Polis bölməsində polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhəli olduğunu bildirib, hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər və üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona üzərində hər hansı narkotik vasitə və ya qeyri-qanuni əşyalar varsa təqdim etməsi təklif edilmiş və o, artıq ifşa olunduğunu başa düşərək, əynində olan boz rəngli cins şalvarının sağ yan tərəfdə kiçik cibində öz istifadəsi üçün saxladığı bir ədəd bükümdə olan narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və protokol ucadan oxunduqdan sonra, onun və digər iştirakçılar tərəfindən imza edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə saat təxminən 12 radələrində 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə gəzinti apararkən Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 43 saylı ünvanın qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını görüb, ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istədikdə həmin şəxs danışarkən suallardan yayınmağa və oradan getməyə çalışmışdır. Onlar həmin şəxsin rabitəsiz danışığından narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasında şübhələnib onu Nərimanov RPİ-nin 16-cı PB-nə dəvət elmişlər. Həmin şəxs də, etiraz etmədiyindən birlikdə 16-cı PB-nə gəldikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra, bununla bağlı bölmə rəhbərliyinə raportla məruzə edilmiş və daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlamasında şübhəli olduğu üçün hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs Müşllq oğlunun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Polis bölməsinin xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şəxsi axtarışa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins parçadan olan şalvarının sağ yan kiçik cibindən siqaretin boz rəngli kağızına bükülüdə 01 (bir) ədəd büküm təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxsla sorğu aparılarkən, o, təqdim etdiyi bükümün içindəki maddənin narkotik vasitə hesab olunan «kakos» adı ilə tanınan heroin olduğunu və həmin heroini xx.xx.2022-ci il tarixdə «Papanin» adlanan yerdən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və keçirilmiş şəxsi axtarış və götürmə ilə əlaqədar protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 21-22-ci vərəqələrində olan “Şübhəli şəxisn üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 20 aprel 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 43 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq saat 12:30 radələrində şübhəli şəxs qismində 16-cı PBnə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins parçadan olan şalvarının sağ yan kiçik cibindən içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə olan siqaretin boz rəngli kağızına bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Həmin narkotik maddəni əynindəki boz rəngli şalvarının sağ yan kiçik cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, N.Yusifbəyli küçəsi 43 saylı ünvanın qarşısına gəlmiş və saat 12:00 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 31-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2022-ci il tarixli, 6/2258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №218» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,237 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 69-71-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 22 aperl 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətinin əsassız olduğundan, vəsatətin müdafiə edilməsindən imtina olunması və onun dərhal saxlanıldığı Nərimanov RPİ-nin X6 azad edilməsi qərara alınmışdır. Cinayət işinin 72-73-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 78-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 25 aprel 2022-ci il tarixl qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,237 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması, tədqiqata sərf edildikdən sonra qalıq qalmış – 0,187 qram narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov RPİ-nin Saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 88-96-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-237/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 (iki) gün (03-05 mart 2021-ci il) Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 18 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və onun tutulub Nərimanov RPİ-nin MSY-yə təhvil verilməsi qərra alınmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan “Axtarışda olan şəxsin tutulmasına dair” 05 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gətirilmişdir. Cinayət işinin 111-ci vərəqində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə” 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxsun Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 114-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X2 dair xx.xx.2022-ci il tarixli, 2999 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 117-122-ci vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-395/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi, olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinn 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, xx/xx-4469 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin məkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(009)-116/2021 saylı qərarından görünür ki, təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının tətbiq edilməsi və ona Nərimanov Rayon Məhkəməsinin 1(005)-237/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin 01 (bir) il müddətinə azaldılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/3- 157453-22 nömrəli məktubundan görünür ki, məhkum Şükürov X4 Rayon Məhkəməsinin 1(005)-237/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və Səbaii Rayon Məhkəməsinin 7(009)-116/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs Nərimanov Rayon Məhkəməsinin 1(005)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilərək, olduğu yer müəyyən edildikdə həbs olunaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək cəzasının 09 ay 21 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 ay 06 gün təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,237 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun bu məhkumluğu (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-237/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 1(005)-237/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-116/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay 6 (altı) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi 27 (iyirmi yeddi) iş saatına görə 162 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 1(005)- 237/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 7(009)-116/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 01 il azaldılmış azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay 6 (altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 (bir) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs 9 (doqquz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,187 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 27 (iyirmi yeddi) iş saatına görə 162 (yüz altmış iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar